Məhkəmə qərarları › İş №2-1(122)-239/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-239/2023

23.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-239/2023 23.06.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X6 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı və cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinə qarşı “cavabdehin 07 fevral 2023-cü il tarixli, 02/166 saylı məktubunun ləğv edilməsi, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Naxçıvan Muxtar Respublikası Silahlı Qüvvələrində müddətdən artıq hərbi qulluqçu kimi işlədiyi 10 ayın əmək stajına əlavə olunması və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin 07 fevral 2023-cü il tarixli, 02/166 saylı məktubunun ləğv edilməsi, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Naxçıvan Muxtar Respublikası Silahlı Qüvvələrində müddətdən artıq hərbi qulluqçu kimi işlədiyi 10 ayın əmək stajına əlavə olunması və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1958-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, haliyədə ünvan 1 ünvanında yaşayır. İddiaçı xx.xx.1987-ci il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində N saylı uşaq bağçasında əmək fəaliyyətinə başlamış, xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində olan idarə və müəssisələrdə müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.1997-ci il tarixdə öz ərizəsi əsasında N saylı hərbi hissənin nəzdindəki yataqxananın rəisi vəzifəsindən azad edilmiş, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq hərbi xidmət edən qulluqçu qismində xidmət etmişdir. Naxçıvan MR DSMF publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin 02/166 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda fərdi hesabının sığorta hissəsində tələb olunan pensiya kapitalının və azı 25 il sığorta stajının olmaması və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Naxçıvan Şəhər Hərbi Komissarlığı tərəfindən verilmiş arayışda xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək müddətdən artıq hərbi qulluqçu kimi xidmət etməyinin göstərilməsinə baxmayaraq, xx.xx.2006-cı il tarixdən sonrakı aylarda X2 Sistemində adına heç bir məlumatın olmaması əsas gətirilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sistemində xx.xx.2006-cı il tarixdən sonra adına heç bir məlumat olmadığından, həmin aylar əmək stajına əlavə olunmadığından ona yaşa görə əmək pensiyasının verilməsindən imtina edilmişdir. İddiaçı yuxarıda göstərilənlərə əsasən “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin 07 fevral 2023-cü il tarixli, 02/166 saylı məktubunun ləğv edilməsi, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Naxçıvan Muxtar Respublikası Silahlı Qüvvələrində müddətdən artıq hərbi qulluqçu kimi işlədiyi 10 ayın əmək stajına əlavə olunması və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsi iddiaya dair məhkəməyə ünvanlanan 14 mart 2023cü il tarixli, 02/293 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasının təsdiq olunmuş surətində olan məlumatlara əsasən o, xx.xx.1987-ci il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin N saylı uşaq bağçasında əmək fəaliyyətinə başlamış, xx.xx.1997-ci il tarixədək həmin nazirliyin nəzdində olan müəssisələrdə işləmiş və xx.xx.1997-ci il tarixdə öz ərizəsi əsasında işdən azad edilmişdir. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin 28 fevral 2023cü il tarixli, 159 nömrəli arayışına əsasən iddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək (2 il 4 ay 9 gün) Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmişdir. Lakin xx.xx.2006-cı il tarixdən X2 sistemində iddiaçının işlədiyi sonuncu illərə dair hər hansı bir məlumata rast gəlinməmişdir. Beləliklə iddiaçının əmək kitabçasında olan məlumatlara və təqdim edilmiş arayışa əsasən onun 12 il 7 ay 3 gün ümumi iş stajı müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçının tələb olunan 25 il sığorta stajı olmadığı üçün ona yaşa görə əmək pensiya təyin edilməsi mümkünsüz hesab edilmişdir. Beləliklə, İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinə qarşı qaldırdığı iddia qanunazidd olduğundan iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 23 iyun 2023-cü il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin 07 fevral 2023-cü il tarixli, 02/166 nömrəli məktubundan məlum olur ki, İddiaçı əmək kitabçasında olan qeydlərə əsasən xx.xx.2006-cı il tarixədək 10 il 2 ay 24 gün sığorta stajı vardır. Əlavə olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Naxçıvan Şəhər Hərbi Komissarlığından verilən arayışda xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək onun müddətdən artıq hərbi qulluqçu kimi xidmət etdiyi göstərilmişdir. Lakin X2 Sistemində xx.xx.2006-cı il tarixdən sonra onun adına heç bir məlumata rast gəlinməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsinin qanun xaricində olduğu bildirilmişdir. - ЭT-İ seriyalı, ******* nömrəli əmək kitabçasındakı qeydlərə əsasən İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin N saylı uşaq bağçasında işləmiş, xx.xx.1993-cü il tarixdən 23641 №-li rus ordusunun 754 №-li Azərbaycan Milli Ordusunda yataqxana müdiri vəzifəsinə keçirilmişdir. xx.xx.1997-ci il tarixdə öz ərizəsi əsasında N saylı hərbi hissənin nəzdindəki yataqxananın rəisi vəzifəsindən azad edilmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş 08 fevral 2023-cü il tarixli, 159 nömrəli arayışdan aydın olur ki, xx.xx.1958-ci il təvəllüdlü, istefada olan əsgər İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində hərbi xidmət keçmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 1 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 06 fevral 2023-cü il tarixli, 606 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. - Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən 26 mart 2011-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1958-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuş İddiaçı ünvan 5 ünvanında pasport qeydiyyatındadır. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 29 mart 2023-cü il tarixli, 3-43-75/2-568/2023 nömrəli məktubdan məlum olur ki, İddiaçı 2004-2006-cı illərdə Naxçıvan Muxtar Respublikasının keçmiş Hərbi Komissarlığında xidmət etməmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 28 mart 2023-cü il tarixli, 01/303 nömrəli məktubdan aydın olur ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin xx.xx.2007ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən (“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 28 noyabr 2006-cı il tarixli, 183-İİİQD nömrəli Qanunu) hərbi qulluqçular və xüsusi rütbəli şəxslər xx.xx.2007-ci il tarixdən məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Bu səbəbdən “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Aparatının Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsində uçotda olan sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqqı ödənilən bütün işçilər haqqında məlumatlar (Forma B3) tələb olunan formada xx.xx.2007-ci il tarixdən Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsinə təqdim olunmuşdur. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 01 may 2023-cü il tarixli, 2074 nömrəli məktubdan məlum olur ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2004-cü il tarixli, 150 nömrəli əmri ilə qadın hərbi qulluqçu kimi xidmətə qəbul edilərək baş aşpaz vəzifəsinə təyin edilmiş və xx.xx.2006-cı il tarixli, 247 nömrəli əmri ilə yaşa görə ehtiyata buraxılmışdır. Məktuba İddiaçı N nömrəli hərbi hissədə xidməti zamanı ona hesablanmış pul təminatının ödənişi üzrə paylama cədvəllərindən çıxarış əlavə edilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 02 may 2023-cü il tarixli, 3- 43-70/2-455/2023 nömrəli məktubdan məlum olur ki, xx.xx.1958-ci il təvəllüdlü, istefada olan əsgər İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qadın hərbi qulluqçusu qismində hərbi xidmət keçmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. - 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. - 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 21.1-ci maddəsinə əsasənqanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsində Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti daxil edilir. - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.6-cı maddəsinə əsasən sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. 1.1.7-ci maddəsinə əsasən sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. 1.1.8-ci maddəsinə əsasən sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslərdir. 4-cü maddəsinə əsasən pensiya yaşına çatmaq sosial sığorta hadisəsinə daxildir. 9-cu maddəsinə əsasən sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin və sığortaolunanların uçotunu aparmaq; “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2-ci maddəsinə əsasən əmək pensiyası təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi fərdi uçotun məqsədlərinə aid edilmişdir. 10.2-ci maddəsinə əsasən sığortaçın vəzifələri aşağıdakılardır: 10.2.1. Sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək; 10.2.1-1. Sığortaedən tərəfindən təqdim edilmiş siyahıya uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqqını sığortaolunanlar üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqına münasibətdə proporsional bölüşdürərək fərdi şəxsi hesablarda qeydə almaq. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı, həqiqətən, iddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək N nömrəli hərbi hissədə xidmət keçmişdir. İş üzrə mübahisəli məsələ iddiaçının 2006-cı ilə dair aldığı əmək haqqı məbləğlərinin X2 Sistemində (MEİS) öz əksini tapmaması ilə bağlıdır. Belə ki, cavabdeh inzibati orqan bu arqumentləri əsas gətirərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Halbuki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsində qeyd olunur ki, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (buraya həmçinin aiddir məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının 2006-cı ilə dair aldığı əmək haqqı məbləğlərinin elektron sistemdə öz əksini tapmaması iddiaçının məsuliyyət sferasına daxil edilə bilməz və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsinin məhdudlaşdırılmasına əsas verən hal kimi təsbit edilməmişdir. Qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Həmçinin iddiaçı tərəfindən ödənilən məbləğin qəbul edilməməsi, geri qaytarılması, iddiaçının məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmasından imtina edilməsi, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi və s. hallar aşkar edilməmişdir. Odur ki, məhkəmə cavabdeh inzibati orqanın etirazında iddiaçının 25 il sığorta stajının olmaması barədə gətirdiyi dəlilini məqbul saymır. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinə qarşı “cavabdehin 07 fevral 2023-cü il tarixli, 02/166 saylı məktubunun ləğv edilməsi, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Naxçıvan Muxtar Respublikası Silahlı Qüvvələrində müddətdən artıq hərbi qulluqçu kimi işlədiyi 10 ayın əmək stajına əlavə olunması və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 14.3, 33, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin 07 fevral 2023-cü il tarixli, 02/166 saylı məktubu ləğv edilməklə xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Naxçıvan Muxtar Respublikası Silahlı Qüvvələrində müddətdən artıq hərbi qulluqçu kimi işlədiyi 10 ayın əmək stajına əlavə olunması və İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar