Məhkəmə qərarları › İş №2-1(122)-240/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-240/2023

27.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-240/2023 27.03.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, cavabdehlər Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Şahbuz Rayon İcra Hakimiyyətinə və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ona dəymiş maddi və mənəvi ziyana görə 1 (bir) milyon manat məbləğində təzminat ödənilməsi tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Şahbuz Rayon İcra Hakimiyyətinə və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona dəymiş maddi və mənəvi ziyana görə 1 (bir) milyon manat məbləğində təzminat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilərək şifahi icraat qaydasında mümkünlük iclası 01 mart 2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Həmçinin İddiaçı 14 fevral 2023-cü il tarixli yardım məktubu göndərilərək qaldırılan iddianın mahiyyət etibarilə İPM-nin 2.2.7-ci maddəsinə əsasən kompensasiyanın ödənilməsi haqqında iddia hesab olunduğu, həmin iddia növü öhdəliklərin icrası haqqında iddianın xüsusi növü hesab edildiyindən bu iddia növü üzrə ilkin zəruri mümkünlük şərti iddiaçının eyni tələb ilə ilk öncə cavabdeh inzibati orqana müraciət etməsi, cavabdeh inzibati orqan tərəfindən hərəkətsizlik nümayiş etdirildikdə və ya tələbin icrasından imtina edildikdə məhkəmədə iddia qaldırmaq hüququnun yaranmış olduğunu, hazırkı iş üzrə iş materiallarına baxış keçirərkən cavabdeh qismində Şahbuz Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulsa da, hər iki inzibati orqana müraciət və müraciətdən imtina edilməsini sübut edən hər hansı sənədin iş materiallarında mövcud olmadığı, bununla da cavabdeh inzibati orqanlar tərəfindən hüquqlarının və qanunla qorunan maraqlarının hansı qaydada pozulduğunu müəyyən etməyin mümkün olmadığı bildirilərək, iddia ərizəsinə görə cavabdehlər Şahbuz Rayon İcra Hakimiyyətinə və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət, həmin müraciətdən imtina edilməsini təsdiq edən sübutların, həmçinin hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqanlar tərəfindən hansı qaydada pozulduğunu müəyyən etməyə imkan verən müvafiq sübutların məhkəməyə təqdim edilməsi üçün 10 (on) gün müddət (məktubu aldıqdan sonra) təyin edilmiş, əks halda iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı 01 mart 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak etməyərək, məhkəməyə 21 fevral 2023-cü il tarixli ərizə göndərərək müəyyən edilmiş müddət ərzində tələb olunan hüquqi prosedurları icra etmək imkanı olmadığı üçün iddiadan imtina etmişdir. Bundan sonra iş üzrə mümkünlük iclası 27 mart 2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmiş və İddiaçı yenidən yardım məktubu ünvanlanaraq cavabdehlər Şahbuz Rayon İcra Hakimiyyətinə və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciəti, həmin müraciətdən imtina edilməsi barədə mövcud olan sənədlərin məhkəməyə təqdim edilməsi, həmçinin hansı cavabdeh inzibati orqan tərəfindən hüquqlarının pozulmasının müəyyənləşdirilməsi məqsədilə cavabdehin dəqiqləşdirilməsi üçün 27 mart 2023-cü il tarixədək müddət təyin edilmiş, əks halda iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı məhkəmənin yardım məktubunu 09 mart 2023-cü il tarixdə almasına baxmayaraq yardım məktubunda qeyd olunanlarla bağlı hər hansı bir münasibət bildirməmiş və 27 mart 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Odur ki, məhkəmə İddiaçı iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 İddiaçı icarəsinə verilmiş obyektin sökülməsi ilə bağlı Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən heç bir sərəncam verilmədiyini, iddiaçının sökülmüş obyektlə bağlı kompensasiyanın verilməsi tələbi ilə əlaqədar Şahbuz Rayon İcra Hakimiyyətinə müraciət etmədiyini bildirərək, məhkəmədən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X5 iddiaçının mövcud tələb ilə bağlı hər hansı müaciətinin olmadığını, onun hüquqlarının nazirlik tərəfindən hansı qaydada pozulduğunun onlara da məlum olmadığını bildirərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmaqla bərabər, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını da əsaslandırmalıdır. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı müvafiq qanunsuz hərəkətlər nəticəsində ona dəymiş maddi və mənəvi ziyana görə 1 (bir) milyon manat məbləğində təzminat ödənilməsini tələb edir. Lakin iddiaçı tərəfindən qeyd olunan məsələ ilə bağlı cavabdeh inzibati orqanlara hər hansı müraciət edilməsini sübut edən sənədlər iş materiallarına əlavə edilməmişdir. Bununla da iddia ərizəsində cavabdeh qismində göstərilmiş inzibati orqanlar tərəfindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının hansı qaydada pozulduğunu müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin iddiaçıya cavabdehlər Şahbuz Rayon İcra Hakimiyyətinə və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciəti, həmin müraciətdən imtina edilməsi barədə mövcud olan sənədlərin məhkəməyə təqdim edilməsi, həmçinin hansı cavabdeh inzibati orqan tərəfindən hüquqlarının pozulmasının müəyyənləşdirilməsi məqsədilə cavabdehin dəqiqləşdirilməsi üçün müddət təyin edilərək 14 fevral və 02 mart tarixli yardım məktubları göndərilməsinə baxmayaraq, iddiaçı tərəfindən məhkəmənin yardımlarına məhəl qoyulmayaraq hər hansı tədbir görülməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırkı tələb üzrə cavabdehlər Şahbuz Rayon İcra Hakimiyyətinə və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciəti, həmin müraciətdən imtina edilməsi barədə sənədlər mövcud olmadığından, bununla da, hansı cavabdeh inzibati orqan tərəfindən onun hüquqlarının pozulduğunu müəyyənləşdirmək mümkün olmadığından və bu istiqamətdə iddiaçıya edilmiş yardımlar hər hansı nəticə vermədiyindən iddia tələbi mümkün sayılmamalıdır. Eyni zamanda, qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. İnzibati məhkəmə icraatında məhkəmənin əsas vəzifəsi iddiaçının tələbinin konkret olaraq nədən ibarət olduğunu, onun hüquqlarının cavabdeh tərəfindən hansı qaydada pozulduğunu müəyyənləşdirməkdən ibarətdir. Bununla bağlı İddiaçı yardım məktubu ünvanlanaraq müvafiq sübutların məhkəməyə təqdim edilməsi və cavabdehin dəqiqləşdirilməsi təklif edilmişdir. Lakin iddiaçı tərəfindən məhkəmənin yardım məktubunda göstərilən məsələlərlə bağlı hər hansı tədbir görülməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İddiaçıya hazırkı tələb ilə bağlı cavabdeh inzibati orqanı dəqiqləşdirməklə, həmin inzibati orqana müraciət etdikdən sonra hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını əsaslandırmaqla, yenidən məhkəmədə iddia qaldırmaq hüququ izah edilir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Şahbuz Rayon İcra Hakimiyyətinə və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ona dəymiş maddi və mənəvi ziyana görə 1 (bir) milyon manat məbləğində təzminat ödənilməsi tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı cavabdehlər Şahbuz Rayon İcra Hakimiyyətinə və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ona dəymiş maddi və mənəvi ziyana görə 1 (bir) milyon manat məbləğində təzminat ödənilməsi tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar