Məhkəmə qərarları › İş №2-1(122)-242/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-242/2023

10.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-242/2023 10.10.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndələri X3, X1,X4 və şahid X11 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “əvəzçilik üzrə işlədiyi 10 avqust 2018-ci il tarixdən 2020-ci ilin avqust ayınadək ödənilməmiş əmək haqqının və 10 noyabr 2018-ci il tarixdən 2020-ci ilin avqust ayınadək dəniz səviyyəsindən 1500-2000 metr yüksəkliyə görə 20% (113.50 manat) pulun hesablanaraq ona ödənilməsi və həmin məlumatın məlumat vərəqində göstərilərək “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2013-cü ildən 2017-ci il tarixədək verilməmiş müavinətlərin, əvəzçilik üzrə işlədiyi 10 avqust 2018-ci il tarixdən 2020-ci ilin avqust ayınadək ödənilməmiş əmək haqqının və 10 noyabr 2018-ci il tarixdən 2020-ci ilin avqust ayınadək dəniz səviyyəsindən 1500-2000 metr yüksəkliyə görə 20% (113.50 qəpik) pulun hesablanaraq ona verilməsi, o cümlədən də əmək pensiyasına əlavə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 15 dekabr 2001-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin DYT şöbəsinin Babək rayon X5 Xidmətində yanğın söndürən vəzifəsinə təyin olunmuşdur. 2006-cı il tarixdən 2013-cü il tarixədək Fövqəladə Hallar Nazirliyində xidmət etmişdir. 2013-cü il tarixdən 2020-ci ilin avqust ayınadək Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Ordubad rayon Polis Şöbəsində İTB-də polis sahə inspektoru vəzifəsində xidmət etmişdir. Ordubad rayon Polis şöbəsinin 10 avqust 2018-ci il tarixli, 136 №-li əmri ilə 2 №-li inzibati sahənin 2 №-li polis sahə məntəqəsi (Ordubad rayon Aşağı və Yuxarı Əndəmic kənd İƏD-ləri) ona sahə müvəkkili olaraq təhkim olunmuşdur. Eyni zamanda Ordubad rayon Polis şöbəsinin 10 avqust 2018-ci il tarixli, 137 nömrəli əmri ilə 06 avqust 2020-ci ilədək 2 nömrəli inzibati sahənin 1 nömrəli polis sahə məntəqəsi (Nüsnüs kənd İƏD-si) ona sahə müvəkkili olaraq həvalə olunmuşdur. Bunun üçün ona 2018-ci ilin avqust ayından 2020-ci ilin avqust ayınadək həvalə olunan vəzifə maaşının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli, 73 nömrəli qərarına uyğun olaraq dəniz səviyyəsindən 1500-2000 metr yüksəkliyə görə 20 % (113 manat 50 qəpik) məbləğində üç ay ərzində pul ödənilmişdir. Ordubad rayon Polis şöbəsində xidmət etdiyi 2018-ci ilin avqust ayından, 2020-ci ilin avqust ayınadək 2 nömrəli inzibati sahənin 1 nömrəli polis sahə məntəqəsinin (Nüsnüs kənd İƏD-si) baş polis sahə inspektoruna aid bütün vəzifələrini və sənədlərini o icra etmişdir. “Azərbaycan Respublikasının Daxili İşlər orqanlarında xidmət keçmə haqqında” Qanunun 38-ci maddəsində bildirilir ki, daxili işlər orqanlarının əməkdaşına eyni zamanda müvəqqəti olaraq üç aydan artıq olmayan müddətə digər vəzifənin icrası həvalə edilə bilər. 10 avqust 2018-ci il tarixdən 10 noyabr 2018-ci il tarixədək üç ay müddət bitdikdən sonra da həmin vəzifənin icrasını 2020-ci ilin avqust ayınadək o icra etmişdir. Lakin həmin vəzifəni üç aydan artıq müddət bitdikdən sonra da o icra etməyinə baxmayaraq, həmin vəzifənin vəzifə maaşı və yüksəkliyə görə 20% məvacibi ona ödənilməmişdir. Ordubad rayon Polis Şöbəsinin rəisi X16 rayon Polis Şöbəsinin 2 nömrəli inzibati sahənin 1 nömrəli polis sahə məntəqəsini (Nüsnüs kənd İƏD-si) o, razılıq vermədiyi halda üç aydan artıq müddətə ona həvalə etmişdir. Ordubad rayon Polis Şöbəsinin 2 nömrəli inzibati sahənin 1 nömrəli polis sahə məntəqəsinin (Nüsnüs kənd İƏD-si) vəzifəsi baş polis sahə inspektoru, həmin vəzifənin xüsusi rütbəsi isə mayor rütbəsidir. İddiaçı bildirmişdir ki, iki il müddətinə həmin vəzifə ona həvalə olunmasına baxmayaraq mayor rütbəsi alma vaxtından 8 ay müddət keçmiş və ona mayor xüsusi rütbəsi verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli, 137 nömrəli qərarının 1 nömrəli əlavəsində bildirilir ki, “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Qanuna görə Ordubad rayon Nüsnüs kəndi dəniz səviyyəsindən 1500-2000 metr yüksəklikdə yerləşir. İki il müddətində Ordubad rayon Polis Şöbəsinin 2 nömrəli inzibati sahənin 1 nömrəli polis sahə məntəqəsinin (Nüsnüs kənd İƏD-si) baş polis sahə inspektoru vəzifəsi ona həvalə olunub və yüksəkliyə görə ona üç ay ərzində 20 % (113 manat 50 qəpik) məbləğində pul ödənilmişdir. Ondan sonrakı vaxtlarda həmin həvalə pulu dayandırılmışdır. Bundan başqa polis əməkdaşına hər il ən azı bir aylıq vəzifə maaşları həcmində maddi yardım və ən azı bir aylıq vəzifə maaşları həcmində mükafat verilməli olduğu halda, 2013-cü ildən 2017-ci il tarixədək müavinətlər ona verilməmişdir. İddiaçı qeyd olunanları nəzərə alaraq, 2013-cü ildən 2017-ci il tarixədək verilməmiş müavinətlərin, əvəzçilik üzrə işlədiyi 10 avqust 2018-ci il tarixdən 2020-ci ilin avqust ayınadək ödənilməmiş əmək haqqının və 10 noyabr 2018-ci il tarixdən 2020-ci ilin avqust ayınadək dəniz səviyyəsindən 1500-2000 metr yüksəkliyə görə 20% (113.50 qəpik) pulun hesablanaraq ona verilməsi, o cümlədən də əmək pensiyasına əlavə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir 15 mart 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında İddiaçı iddia tələbini dəqiqləşdirərək, hazırkı tələbinin “əvəzçilik üzrə işlədiyi 10 avqust 2018-ci il tarixdən 2020-ci ilin avqust ayınadək ödənilməmiş əmək haqqının və 10 noyabr 2018-ci il tarixdən 2020-ci ilin avqust ayınadək dəniz səviyyəsindən 1500-2000 metr yüksəkliyə görə 20% (113.50 qəpik) pulun hesablanaraq ona ödənilməsi və həmin məlumatın məlumat vərəqində göstərilərək “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi olduğunu bildirərək, həmin tələb üzrə işin davam etdirilməsini xahiş etmiş və qeyd olunanlarla bağlı yazdığı 15 mart 2023-cü il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2-1(122)- 242/2023 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş, İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin nümayəndəsi iddiaya qarşı yazdığı yazılı etirazı məhkəməyə təqdim etmişdir. Cavabdeh inzibati orqanın nümayəndəsi iddiaya qarşı yazdığı yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı 10 avqust 2022-ci il tarixdə Ordubad rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə inspektoru vəzifəsinə təyin edilmişdir. 10 avqust 2018-ci il tarixdən Ordubad rayon Polis Şöbəsinin 136 nömrəli əmri ilə 2 nömrəli inzibati sahənin 2 nömrəli polis sahə məntəqəsinə (Yuxarı və Aşağı Əndəmic kənd İƏD) təhkim edilmişdir. 10 avqust 2018-ci il tarixdə 2 nömrəli sahənin 1 nömrəli polis sahə məntəqəsinin (Nüsnüs kənd İƏD) vakant olduğunu nəzərə alaraq Ordubad rayon Polis Şöbəsinin 137 nömrəli əmri ilə İddiaçı həvalə edilmişdir. Yüksəkliyə görə 10% əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli, 73 nömrəli qərarına uyğun şəkildə aparılmış və hər ay mövcud vəzifəyə uyğun olaraq 56.75 (əlli altı yetmiş beş) manat məbləğində ödənilməsi təmin edilmişdir. Eyni zamanda Ordubad RPŞ-in 10 avqust 2018-ci il tarixli, 137 nömrəli əmri ilə 2 nömrəli inzibati sahənin 1 nömrəli polis sahə məntəqəsi Nüsnüs kənd İƏD-si həvalə edildiyindən yüksəkliyə görə 20 % 113.50 (yüz on üç əlli) manat məbləğində ödənişin İddiaçı 3 ay müddətində ödənilməsi təmin edilmişdir. İddiaçı Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə qarşı Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə ünvanladığı iddia ərizəsində 2013-cü ildən 2017-ci il tarixədək olan müddətdə ona müavinət verilmədiyini bildirməsinə münasibət ondan ibarətdir ki, qeyd olunan dövr ərzində DİN-in əməkdaşı olmuş Əbdülrəhmanovun müavinət tələb etməsi ilə bağlı raportu qeydiyyata alınmadığından müavinət verilməmişdir. İddiaçı Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə qarşı Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə ünvanladığı iddia ərizəsində əvəzçilik üzrə işlədiyi 10 avqust 2018-ci il tarixdən 2020-ci ilin avqust ayınadək ödənilməmiş əmək haqqının ödənilməsinə münasibət ondan ibarətdir ki, o, 10 avqust 2018-ci il tarixdə 2 nömrəli sahənin 1 nömrəli polis sahə məntəqəsinin (Nüsnüs kənd İƏD) vakant olduğunu nəzərə alaraq Ordubad rayon Polis Şöbəsinin 137 nömrəli əmri ilə İddiaçı həvalə edilmişdir. 1 nömrəli polis sahə inspektorunun vəzifələri ona həvalə edilməmiş, əmrdə 1 nömrəli polis sahə məntəqəsi V.Əbdürrəhmanova həvalə edilmişdir. 10 avqust 2018-ci il tarixdə 2 nömrəli sahənin 1 nömrəli polis sahə məntəqəsinin (Nüsnüs kənd İƏD) vakant olduğundan Ordubad rayon Polis Şöbəsinin 137 nömrəli əmri ilə İddiaçı həvalə edilən zaman qüvvədə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Daxili İşlər orqanlarında vəzifələrin komplektləşdirilməsi qaydaları haqqında təlimatın təsdiq edilməsinə dair” 225 nömrəli əmrin 3.13-cü bəndində qeyd olunmuşdur ki, “Xidməti zərurətlə əlaqədar daxili işlər orqanlarının əməkdaşlarına müvəqqəti olaraq üç aydan artıq olmayan müddətdə digər vəzifənin icrası həvalə edilə bilər”. Ona görə də İddiaçı 3 ay müddətində məntəqənin həvalə olunmasına əlavə yüksəkliyə görə 20 % 113.50 (yüz on üç əlli) manat məbləğində ödənişin ödənilməsi təmin edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin müvafiq sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilmişdir. Şifahi məhkəmə baxışı iclası 10 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bütün sübutları məhkəməyə təqdim etdiyini, əvəzçilik üzrə işlədiyi 10 avqust 2018-ci il tarixdən 2020-ci ilin avqust ayınadək ödənilməmiş əmək haqqının və 10 noyabr 2018-ci il tarixdən 2020-ci ilin avqust ayınadək dəniz səviyyəsindən 1500-2000 metr yüksəkliyə görə 20% (113.50 manat) pulun hesablanaraq ona ödənilməsi və həmin məlumatın məlumat vərəqində göstərilərək “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə göndərilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin nümayəndələri X7, X2 və X8 iddiaçının iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən, şahid qismində çağırılan X13 2017-ci ildən 2023-cü ilin fevral ayınadək Ordubad Rayon Polis Şöbəsinin rəisi vəzifəsində işlədiyini, polis polkovniki olduğunu, işin hallarına görə boş qalan yaxın polis sahə məntəqələrinin polis əməkdaşlarına həvalə edildiyini, onun da əmrlə 2 nömrəli sahənin 1 nömrəli polis sahə məntəqəsini (Nüsnüs kənd ƏİD) İddiaçı həvalə etdiyini, iddiaçının rütbə məsələsi olduğundan onun özünün həmin məntəqənin ona həvalə edilməsinə can atdığını, lakin iddiaçıya vəzifə yox, məntəqə həvalə edildiyi üçün istəyinin alınmadığını bildirmiş və qeyd etmişdir ki, əgər iddiaçıya həmin məntəqə üzrə sahə müvəkkili vəzifəsi həvalə edilsə idi, o, rütbə almış olacaqdı. Həmçinin, şahid qismində çağırılan X13 daha sonra iddiaçının daxili problemləri olduğunu və pensiyaya çıxdığını bildirmişdir. İddiaçı iş materiallarına cavabdehin xx.xx.2023-cü il tarixli, 8/385-Ə557 məktubunu, ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətini, qeydiyyatla bağlı arayışı, AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddianın mümkünlük şərtlərinə əməl edilsə də, iddia mahiyyəti baxımdan əsaslı deyildir. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək rayonu, Qahab kəndində yaşayan İddiaçı ünvanladığı 14 yanvar 2023-cü il tarixli, 8/385-Ə557 nömrəli məktubundan görünür ki, Ordubad RPŞ-nin 10 avqust 2018-ci il tarixli, 136 nömrəli əmri ilə 2 nömrəli inzibati sahənin 2 nömrəli polis sahə məntəqəsi (Yuxarı və Aşağı Əndəmic kənd İƏD-ləri) İddiaçı təhkim edilmişdir. Yüksəkliyə görə 10% əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli, 73 nömrəli qərarına uyğun şəkildə aparılmış və hər ay mövcud vəzifəyə uyğun olaraq 56.75 (əlli altı manat yetmiş beş qəpik) manat məbləğində ödənilməsi təmin edilmişdir. Eyni zamanda İddiaçı Ordubad RPŞ-nin 10 avqust 2018-ci il tarixli, 137 nömrəli əmri ilə 2 nömrəli inzibati sahənin 1 nömrəli polis sahə məntəqəsi, Nüsnüs kənd İƏD-si həvalə edilmişdir. Bunun üçün isə yüksəkliyə görə 20%-113.50 (bir yüz on üç manat əlli qəpik) manat məbləğində hesablanaraq üç ay ərzində ödənilməsi təmin edilmişdir. - ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 15 dekabr 2001-ci il tarixdən daxili işlər orqanlarında xidmətə qəbul edilib, xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixədək Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində xidmət edib. “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 1-ci bəndinə (öz arzusu ilə) əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmiş və 06 avqust 2020-ci il tarixə daxili işlər orqanlarında xidmət müddəti təqvim hesabı ilə 20 il, 1 ay, 21 gün (iyirmi il, bir ay, iyirmi bir gün), imtiyazlı hesablama ilə 25 il, 09 ay, 21 gün (iyirmi beş il, doqquz ay, iyirmi bir gün) təşkil etmişdir. - Babək Rayon İcra Hakimiyyətinin Qahab kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 10 fevral 2023-cü il tarixli, 303 nömrəli arayışından görünür ki, İddiaçı Babək rayonu, Qahab kəndində qeydiyyatdadır və yaşayır. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxx 1980-ci il tarixdə doğulmuşdur. İş materiallarına əlavə edilmiş: - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Ordubad Rayon Şöbəsinin Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə ünvanladığı 20 iyun 2023-cü il tarixli, 3-13-43-8/2- 2254/2023 nömrəli məktubundan görünür ki, Ordubad Rayon Polis Şöbəsinin 2 nömrəli inzibati sahənin 1 nömrəli polis sahə məntəqəsi (Nüsnüs kənd İƏD) üzrə ərazinin 2018-2020-ci illərə aid olan sənədləri Ordubad Rayon Polis Şöbəsinin arxivində aşkar edilməmişdir. Məktubun qeyd hissəsində isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli, Q36-001-15 №-li və xx.xx.2018-ci il tarixli, Q5-001-18 №-li qərarlarına, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli, Q-9 №-li qərarına əsasən elmi, texniki, tarixi və s. dəyərini itirmiş sənədlər məhv edildiyi üçün 2018-2020-ci illərə aid 2 nömrəli inzibati sahənin 1 nömrəli polis sahə məntəqəsi (Nüsnüs kənd İƏD) üzrə ərazinin vətəndaş qəbulu jurnalı, iş dəftəri, cəzaçəkmə müəssisəsindən gələn şəxslərlə aparılmış profilaktiki söhbətlərlə bağlı arayış və raportları Ordubad Rayon Polis Şöbəsinin arxivində olmadığı bildirilmişdir. - Ordubad Rayon Polis Şöbəsinin 10 avqust 2018-ci il tarixli, 136 nömrəli əmrinin surətindən görünür ki, Ordubad Rayon Polis Şöbəsinin 2 nömrəli inzibati sahənin 2 nömrəli polis sahə məntəqəsi, (Yuxarı və Aşağı Əndəmic kənd İƏD-ləri) 10 avqust 2018-ci il tarixdən Ordubad Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə inspektoru, polis kapitanı İddiaçı təhkim edilmişdir. - Ordubad Rayon Polis Şöbəsinin 10 avqust 2018-ci il tarixli, 137 nömrəli əmrinin surətindən görünür ki, Ordubad Rayon Polis Şöbəsinin 2 nömrəli inzibati sahənin 1 nömrəli polis sahə məntəqəsi, Nüsnüs kənd İƏD 10 avqust 2018-ci il tarixdən Ordubad Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə inspektoru, polis kapitanı İddiaçı həvalə edilmişdir. İddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı qanunvericiliyin normalarına istinad edərək, əvəzçilik üzrə işlədiyi 10 avqust 2018-ci il tarixdən 2020-ci ilin avqust ayınadək ödənilməmiş əmək haqqının və 10 noyabr 2018-ci il tarixdən 2020-ci ilin avqust ayınadək dəniz səviyyəsindən 1500-2000 metr yüksəkliyə görə 20% (113.50 manat) pulun hesablanaraq ona ödənilməsi və həmin məlumatın məlumat vərəqində göstərilərək “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə göndərilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulmasını tələb edir. Cavabdeh inzibati orqan tərəfindən İddiaçı Ordubad RPŞ-nin 10 avqust 2018-ci il tarixli ,137 nömrəli əmri ilə 2 nömrəli inzibati sahənin 1 nömrəli polis sahə məntəqəsi, Nüsnüs kənd İƏD-sinin həvalə edildiyi, 1 nömrəli polis sahə inspektorunun vəzifələri ona həvalə edilmədiyi, əmrdə 1 nömrəli polis sahə məntəqəsinin V.Əbdürrəhmanova həvalə edildiyi, yüksəkliyə görə 20%-113.50 (bir yüz on üç manat 50 qəpik) manat məbləğində hesablanaraq üç ay ərzində ödənilməsinin təmin edildiyi bildirilmişdir. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı onun tələb etdiyi öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” 10 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. “Polis haqqında” Azərbaycan Respublikasının Qanunun: 1-ci maddəsinə əsasən polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. 35-ci maddəsinin İ hissəsinə əsasən polis əməkdaşının əmək haqqı onun vəzifəsi, xüsusi rütbəsi, xidmət illəri nəzərə alınmaqla müəyyənləşdirilən əsas maaşdan, habelə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, gecə vaxtı və əsas iş vaxtından əlavə işləməyə görə qanunvericiliyə müvafiq surətdə müəyyənləşdirilən əlavə haqqlardan ibarətdir. Polis əməkdaşına xidmət şəraitinə görə əlavə haqqlar, birdəfəlik müavinətlər və başqa ödənişlər verilir. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli, 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında” Əsasnamənin: 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli, 168-İİQ Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin: 38-ci maddəsinə əsasən daxili işlər orqanlarının əməkdaşına eyni zamanda müvəqqəti olaraq üç aydan artıq olmayan müddətə digər vəzifənin icrası həvalə edilə bilər. Bu halda daxili işlər orqanları əməkdaşının vəzifə maaşına Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əlavə müəyyən edilib ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi” Qaydalarının: 14-cü bəndinə əsasən yüksəkliyə görə əlavə qanunvericiliklə müəyyən olunmuş məbləğdə vəzifə, xüsusi rütbə maaşlarından, fasiləsiz xidmət illərinə və məharət dərəcəsinə görə əlavə haqlardan hesablanır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İlk öncə, qeyd olunmalıdır ki, iddiaçının tələbi iki hissədən ibarətdir:

1. Əvəzçilik üzrə işlədiyi 10 avqust 2018-ci il tarixdən 2020-ci ilin avqust ayınadək ödənilməmiş əmək haqqının və 10 noyabr 2018-ci il tarixdən 2020-ci ilin avqust ayınadək dəniz səviyyəsindən 1500-2000 metr yüksəkliyə görə 20% (113.50 manat) pulun hesablanaraq ona ödənilməsi;

2. Həmin məlumatın məlumat vərəqində göstərilərək “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması. Cavabdeh inzibati orqan öz imtinasını məhz onunla əsaslandırır ki, 1 nömrəli polis sahə inspektorunun vəzifələri iddiaçıya həvalə edilməmiş, əmrdə 1 nömrəli polis sahə məntəqəsi V.Əbdürrəhmanova həvalə edilmişdir. 10 avqust 2018-ci il tarixdə 2 nömrəli sahənin 1 nömrəli polis sahə məntəqəsinin (Nüsnüs kənd İƏD) vakant olduğundan Ordubad rayon Polis Şöbəsinin 137 nömrəli əmri ilə İddiaçı həvalə edilən zaman qüvvədə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Daxili İşlər orqanlarında vəzifələrin komplektləşdirilməsi qaydaları haqqında təlimatın təsdiq edilməsinə dair” 225 nömrəli əmrin 3.13-cü bəndində qeyd olunmuşdur ki, “Xidməti zərurətlə əlaqədar daxili işlər orqanlarının əməkdaşlarına müvəqqəti olaraq üç aydan artıq olmayan müddətdə digər vəzifənin icrası həvalə edilə bilər”. Cavabdeh inzibati orqan tərəfindən İddiaçı 3 ay müddətində məntəqənin həvalə olunmasına əlavə yüksəkliyə görə 20 % 113.50 (yüz on üç əlli) manat məbləğində ödənişin ödənilməsi təmin edildiyi bildirilmişdir. Məhkəmə qeyd edir ki, Ordubad Rayon Polis Şöbəsinin 10 avqust 2018-ci il tarixli, 137 nömrəli əmri ilə Ordubad Rayon Polis Şöbəsinin 2 nömrəli inzibati sahənin 1 nömrəli polis sahə məntəqəsi, Nüsnüs kənd İƏD 10 avqust 2018-ci il tarixdən Ordubad Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə inspektoru, polis kapitanı İddiaçı həvalə edilmişdir. Belə olan təqdirdə məhkəmə belə qənaətə gəlir ki, müvafiq əmrlə İddiaçı Ordubad Rayon Polis Şöbəsinin 2 nömrəli inzibati sahənin 1 nömrəli polis sahə məntəqəsinin baş polis sahə inspektorunun vəzifələrinin icrası deyil, yalnız Ordubad Rayon Polis Şöbəsinin 2 nömrəli inzibati sahənin 1 nömrəli polis sahə məntəqəsi həvalə edilmişdir. Həmçinin iş materiallarından aydın olur ki, İddiaçı 3 ay müddətində məntəqənin həvalə olunmasına əlavə yüksəkliyə görə 20 %, 113.50 (yüz on üç əlli) manat məbləğində ödənişin ödənilməsi təmin edilmişdir. Beləliklə, İddiaçı 3 ay müddətində daxili işlər orqanları əməkdaşının vəzifə maaşına Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əlavə ödənilmişdir. İddiaçının Ordubad rayon Polis Şöbəsinin 2 nömrəli inzibati sahənin 1 nömrəli polis sahə məntəqəsini (Nüsnüs kənd İƏD-si) onun razılıq vermədiyi halda üç aydan artıq müddətə ona həvalə edilməsi ilə bağlı arqumentinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı Ordubad Rayon Polis Şöbəsinin 2 nömrəli inzibati sahənin 1 nömrəli polis sahə məntəqəsinin ona həvalə edilməsindən, həmçinin 3 aydan artıq müddətə heç bir ödəniş edilmədən baş polis sahə inspektorunun vəzifələrinin icra etməkdən imtina etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İşin hallarına hüquqi qiymət verilərkən hazırki vəziyyətdə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliklə bu hüququnun məhdudlaşdırılması üçün əsas olan halların hər hansı birinin mövcud olmadığı müəyyən edilmişdir. İddia tələbinin “Həmin məlumatın məlumat vərəqində göstərilərək “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbinin bu hissəsinin hüquqi müqəddəratı “əvəzçilik üzrə işlədiyi 10 avqust 2018-ci il tarixdən 2020-ci ilin avqust ayınadək ödənilməmiş əmək haqqının və 10 noyabr 2018-ci il tarixdən 2020-ci ilin avqust ayınadək dəniz səviyyəsindən 1500-2000 metr yüksəkliyə görə 20% (113.50 manat) pulun hesablanaraq ona ödənilməsi” hissəsinin asılı olduğundan iddia tələbi həmin hissədə də rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “əvəzçilik üzrə işlədiyi 10 avqust 2018-ci il tarixdən 2020-ci ilin avqust ayınadək ödənilməmiş əmək haqqının və 10 noyabr 2018-ci il tarixdən 2020-ci ilin avqust ayınadək dəniz səviyyəsindən 1500-2000 metr yüksəkliyə görə 20% (113.50 manat) pulun hesablanaraq ona ödənilməsi və həmin məlumatın məlumat vərəqində göstərilərək “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası əsassız olduğundan rədd edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “əvəzçilik üzrə işlədiyi 10 avqust 2018-ci il tarixdən 2020-ci ilin avqust ayınadək ödənilməmiş əmək haqqının və 10 noyabr 2018-ci il tarixdən 2020-ci ilin avqust ayınadək dəniz səviyyəsindən 1500-2000 metr yüksəkliyə görə 20% (113.50 manat) pulun hesablanaraq ona ödənilməsi və həmin məlumatın məlumat vərəqində göstərilərək “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası rədd edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar