Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-243/2025 24.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “01 iyul 2023-cü il tarixdən dayandırılmış əmək pensiyasının bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 26 iyul 2023-cü il tarixdən dayandırılmış əmək pensiyasının bərpa olunması öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1983-cü ilin mart ayının 1-dən etibarən Naxçıvan şəhərində yerləşən M.Seyidov adına 39 saylı Dəmiryol orta məktəbində makinaçı-katibə kimi əmək fəaliyyətinə başlamışdır. 1983-cü ilin aprel ayından 2003-cü il tarixədək əmək təlimi fənnini tədris etmişdir. 2003-cü ildə əmək fəaliyyətinin 20 ilinin tamam olması ilə əlaqədar ona əmək pensiyası təyin edilmişdir. 2023-cü ilin iyun ayınadək həmin pensiyanı almışdır. 2023-cü ilin iyul ayında Naxçıvan MR Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən onunla əlaqə yaradılaraq əmrin olmaması əsas gətirilərək pensiyanın dayandırıldığı bildirilmişdir. Səbəb kimi isə M.Seyidov adına 39 saylı Dəmiryol orta məktəbində makinaçı-katibə vəzifəsinə qəbul edilməyi və daha sonra müəllim keçirilməyi barədə hər hansı əmrə rast gəlinmədiyi göstərilmişdir. O, bununla bağlı Azərbaycan Dəmir yolları QSC-nə müraciət etsə də, Naxçıvan dəmiryolu 39 saylı məktəbinin 1993-1999-cu illərə dair əməkhaqqı cədvəllərinin Cəmiyyətin arxivinə təhvil verilmədiyi bildirildi. X8 şəhər şöbəsi tərəfindən 2003-2023-cü illlər ərzində ona 28621.04 manat əsassız ödəniş olunması və onun həmin məbləği büdcəyə geri qaytarmağı bildirilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Saatlı Rayon Dövlət Arxivi NMR Dövlət Arxivinin arayışına əsasən ümumilikdə 10 il 11 ay stajının olması və buna əsasən əmək pensiyası hüququnun olmaması bildirilir. Həmin illərə dair sənədlərin hazırda mövcud olmaması və 20 il ərzində aidiyyatı qurumun səhlənkarlıq edərək düzgün sənədləşdirməmə aparmasının nəticəsi bugünkü gün onun yeganə dolanacaq mənbəyi olan pensiyanın kəsilməsi ilə nəticələnmişdir. O, həmin pensiya ilə özündən əlavə 3 nəfər ailə fərdinin ehtiyacını ödəyir, hazırda dərmanlarını almağa belə çətinlik çəkir, maddi vəziyyəti olduqca ağırdır. İddiaçı göstərilənlərə əsasən 26 iyul 2023-cü il tarixdən dayandırılmış əmək pensiyasının bərpa olunması öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair məhkəməyə ünvanlanan 09 aprel 2024-cü il tarixli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxx 1964-cü ildə anadan olmuş, ünvan 1 ünvanında yaşayan İddiaçı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə əsasən, “Təqdimat” vərəqəsində və iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasında qeyd edilən xx.xx.1983-cü il tarixdən xx.xx.2003-cü il tarixədək (20 il 5 ay 14 gün) M.Seyıdov adına Naxçıvan 39 saylı Dəmir yol tam orta məktəbində müəllim vəzifəsində işləməyi ilə əlaqədar xidmət illərinə görə əmək pensiyası təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş arayışda iddiaçının xx.xx.1983-cü il tarixli, 38 nömrəli əmrlə M.Seyidov adına Naxçıvan 39 saylı Dəmir yol tam orta məktəbinə “makinaçı-katibə” vəzifəsinə qəbul edilməsi, lakin müəllim vəzifəsinə keçməsi barədə məlumata rast gəlinmədiyi, 2003-cü ilin əmr kitablarının Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən işdən azad olunması olunmasına dair məlumatların yoxlanılması mümkün olmadığı qeyd edilmişdir. Bu səbəbdən də, Fondun Naxçıvan şəhər şöbəsi tərəfindən iddiaçıya təyin edilmiş xidmət illərinə görə əmək pensiyası ləğv edilmişdir. Pensiya işinin dayandırılması ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsi tərəfindən vətəndaşın ünvanına xx.xx.2023-cü il tarixli, 14 nömrəli bildiriş göndərilmişdir. 08 dekabr 2023-cü il tarixdə İddiaçı tərəfindən Fonda Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Saatlı rayon Dövlət Arxivi və 07 dekabr 2023-cü il tarixli, 13/2107 nömrəli Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin arayışlarına əsasən mövcud olan ümumilikdə 10 il 11 ay sığorta stajına uyğun olaraq əvvəlki dövr üçün xidmət illərinə görə əmək pensiyası hüququ yoxdur. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 07 dekabr 2023-cü il tarixli, 13/2107 nömrəli və Azərbaycan Respublikası Milli Arxiv idarəsinin Saatlı rayon Dövlət Arxivi tərəfindən İddiaçı 08 dekabr 2023-cü il tarixdə verilmiş arayışlarda onun 10 il 11 ay sığorta stajı olduğuna baxmayaraq, əvvəlki dövr üçün xidmət illərinə görə ona əmək pensiyası hüququnun olmadığı bildirilmişdir. “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış 14 fevral 2024-cü il tarixli, 13-1 /2-R-478/1-42/2024 nömrəli məktubda adına Naxçıvan 39 saylı məktəbin 1993-1999-cu illərə dair əməkhaqqı cədvəllərinin Cəmiyyətin arxiv bölməsinə təhvil verilmədiyi göstərilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “26 iyul 2023-cü il tarixdən dayandırılmış əmək pensiyasının bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. 05 dekabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini dəqiqləşdirirərək “01 iyul 2023-cü il tarixdən dayandırılmış əmək pensiyasının bərpa olunması öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” olduğunu bildirib, həmin tələb üzrə işə baxılaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə iddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 24 fevral 2025-ci il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Şahid ifadəsi: 05 dekabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında şahid qismində iştirak edən X4 ona ünvanlanmış suallları cavablandıraraq 1974-cü ildə institutu bitirəndən sonra Şərur rayon Xok kəndində müəllim olaraq işlədiyini, 1980-ci ildən 39 nömrəli məktəbdə işləməyə başladığını, sonra məktəbin adının dəyişərək 15 №-li məktəb olduğunu, iddiaçını tanıdığını, o, 39 №-li məktəbdə işləməyə başlayandan 2-3 il sonra iddiaçının da 39 №-li məktəbdə müəllim kimi işləməyə başladığını, özünün 1980-ci illərdən sonra Naxçıvan 39 nömrəli məktəbdə müəllim və sonradan dərs hissə müdiri olaraq işlədiyini, işlədiyi dövrdə də Solmaz xanımın həmin məktəbdə əmək müəllimi kimi işlədiyini, dərs dediyini, iddiaçının həmin məktəbdə neçənci ilə qədər işlədiyini dəqiq xatırlamadığını, iddiaçının hansı tarixdən əmək dərsi deməyinin dəqiq yadında qalmadığını, məktəbin o vaxtkı direktoru X2 təxminən 2010-cu ilə qədər işlədiyini, direktorluqdan çıxaraq sonradan müəllim olaraq işlədiyini və artıq rəhmətə getdiyini bildirdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Naxçıvan şəhəri, 6-cı məhəllə, ev 16 ünvanında yaşayan İddiaçı ünvanlanmış 01 mart 2024-cü il tarixli, 3-17-9-1/2-R-1835/2024 nömrəli məktubdan aydın olur ki, Fondun Naxçıvan şəhər şöbəsi tərəfindən 2003-cü il 19 sentyabr tarixdə 2006-cı il 1 yanvar tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə (Təhsil və uşaq tərbiyə müəssisələrində pedaqoji fəaliyyət göstərənlərin pensiya hüququnun müəyyən edilməsi şərtləri) müvafiq olaraq 070835 nömrəli pensiya işində mövcud olan “Təqdimat” vərəqəsində və ******* nömrəli “Əmək kitabçanda” qeydiyyatı aparılmış 1983cü il 1 aprel tarixdən 2003-cü il 15 sentyabr tarixədək M.Seyidov adına Naxçıvan 39 saylı Dəmir yol orta məktəbində müəllim işləməyi əsasında xidmət illərinə görə əmək pensiyası təyin olunmuşdur. Lakin, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində araşdırma zamanı məlum olmuşdur ki, o, 1983-cü il 1 mart tarixli, 38 nömrəli əmrlə M.Seyidov adına Naxçıvan 39 saylı Dəmir yol orta məktəbinə “makinaçı-katibə” vəzifəsinə qəbul edilmiş və daha sonra müəllim keçirilməyi barədə hər hansı bir əmrə rast gəlinməmişdir. Həmçinin, 2003-cü ilin əmr kitabları Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən işdən azad olmağına dair məlumatları yoxlamaq mümkün olmamışdır. Fondun Naxçıvan şəhər şöbəsi tərəfindən 2003-cü il 16 sentyabr tarixdə təyin olunmuş xidmət illərinə görə əmək pensiyası ləğv edilmiş və 2003-cü il 16 sentyabr tarixdən 2023cü il 30 iyun tarixədək 28621.04 manat əsassız ödəniş edildiyi məlum olmuşdur. Eyni zamanda 2023-cü il 8 dekabr tarixdə təqdim edilən 2023-cü il 17 iyul tarixli Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Saatlı rayon Dövlət Arxivi və 2023-cü il 7 dekabr tarixli, 13/2107 nömrəli Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin arayışlarına əsasən mövcud olan ümumilikdə 10 il 11 ay sığorta stajına uyğun olaraq da əvvəlki dövr üçün xidmət ilinə görə əmək pensiyası hüququ yoxdur. Məlumat üçün bildirilir ki, ona qanunvericiliyə zidd olaraq ödənilmiş pul vəsaiti qısa müddətdə Fondun hesabına geri qaytarılmalıdır. Əks təqdirdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.4-cü maddəsinə (Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır) müvafiq olaraq məhkəmə qarşısında iddia qaldıralacaqdır. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiyaların təyinatı şöbəsi tərəfindən Naxçıvan şəhəri, 6-cı məhəllə, ev 16 ünvanında yaşayan İddiaçı ünvanlanmış 16 noyabr 2023-cü il tarixli, 14 nömrəli əsassız ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması barədə bildirişdən aydın olur ki, xx.xx.2003-cü il tarixdə Fondun Naxçıvan şəhər şöbəsi tərəfindən təyin olunmuş yaşa görə əmək pensiyası əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı” haqqında Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə zidd olaraq aparılmışdır. Nəticədə onun pensiya ödənişi xx.xx.2023-cü il tarixdən Fondun Naxçıvan şəhər şöbəsi tərəfindən dayandırılmışdır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.4-cü maddəsinə əsasən borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi Qanunla müəyyən edilmiş hallarda dayandırılsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qeyd olunanlara əsasən, ona xx.xx.2003-cü il tarixdən xx.xx.2023cü il tarixədək ümumilikdə 28621.04 manat (iyirmi səkkiz min altı yüz iyirmi bir manat dörd qəpik) artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Bununla əlaqədar olaraq ona artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağı tələb olunur. Artıq ödənilmiş vəsaitin könüllü şəkildə büdcəyə qaytarılması təmin olunmadığı halda müvafiq məhkəməyə müraciət olunacağı bildirilmişdir. - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 14 fevral 2024-cü il tarixli arayışdan aydın olur ki, X11 39 saylı məktəbinin 1993-1999-cü illərə dair əmək haqqları cədvəlləri Cəmiyyətin arxiv bölməsinə təhvil verilməmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Saatlı Rayon Dövlət Arxivi tərəfindən verilmiş 17 iyul 2023-cü il tarixli arayışdan məlum olur ki, İddiaçı Naxçıvan 39 №-li məktəbdə işləməsi və 1983-1992-ci illər ərzində aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 3 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 29 fevral 2024-cü il tarixli, 691 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən ünvan 1 ünvanında qeydiyyatdadır. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx xxxx 1964-cü il tarixdə doğulmuşdur. - ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixli, 38 №-li əmrlə M.Seyidov adına Naxçıvan 39 saylı Dəmir yol orta məktəbinə əmək müəllimi təyin edilmiş, xx.xx.2003-cü il tarixli, 43 №-li əmrlə müəllimlər sırasından azad edilmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Saatlı Rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 30 may 2024-cü il tarixli, 3-48-33.R A/20 nömrəli məktubla Saatlı rayon Dövlət Arxiv idarəsində qorunan Fond № 78 Saatlı rayon Dəmiryol uşaq bağçası fondundan Naxçıvan 39 №-li məktəb kitablarından İddiaçı aid əmək haqqı cədvəllərini məhkəməyə göndərilmişdir. Məktubun qeyd hissəsində İddiaçı 1983-2003-cü illər ərzində Naxçıvan 39 №-li dəmiryol orta məktəbində işlədiyi dövrə aid işə qəbul edilməsi və işdən azad olunması barədə əmrlərin Saatlı Rayon Dövlət Arxiv İdarəsində qorunmadığından təqdim edə bilmədikləri göstərilmişdir. - Naxçıvan səhər Təhsil şöbəsi Naxçıvan şəhər 15 saylı orta məktəb tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı, həqiqətən, xx.xx.1983-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Naxçıvan şəhər Azərbaycan Respublikasının Milli Qəhrəmanı M.Seyidov adına 15 №-li tam orta məktəbində əmək müəllimi işləmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 31 may 2024-cü il tarixli, 13/816 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı Azərbaycan Dəmir yolu Naxçıvan hissəsi-Dəmir yolu 39 №-li orta məktəbinə xx.xx.1983-cü il tarixli, 38 №-li əmrlə “makinaçı-katibə” təyin olunması, xx.xx.1985-ci il tarixli, 86 №-li əmrlə məzuniyyətdən qayıtması əmr kitablarında göstərilmişdir. Arayışın qeyd hissəsində 1986-cı il aprel ayından sonrakı dövrlərə dair əmr kitablarının, 1983-cü il və sonrakı dövrlərə dair əməkhaqqı kitablarının Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyi, Naxçıvan səhər Təhsil şöbəsi Naxçıvan şəhər 15 saylı orta məktəbin əməkhaqqı kitabları 2000-ci ilin iyun ayından başladığı və həmin kitablarda 2000-ci ilin iyun ayından 2003-cü ilin may ayına qədər əməkhaqqı almasının göstərilmədiyi, Naxçıvan Şəhər Təhsil şöbəsinin 2003-cü ilə dair əmr kitablarında işdən azad olunması haqqında məlumata rast gəlinmədiyi qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 31 may 2024-cü il tarixli, 13/816 nömrəli digər arxiv arayışından məlum olur ki, İddiaçı Naxçıvan səhər Təhsil şöbəsi Naxçıvan şəhər 15 №-li orta məktəbdə işləməsi faktı və 2000-2003-cü illər ərzində aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. Arayışın qeyd hissəsində 2003-cü ilin iyun ayından 2006-cı ilə qədər əmək haqqı cədvəllərində adına rast gəlinmədiyi qeyd edilmişdir. - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 24 iyul 2024-cü il tarixli, 13-1/2-6528/2024 nömrəli məktubundan məlum olur ki, araşdırılmış arxiv sənədlərində 39 №-li Naxçıvan dəmiryol orta məktəbində 1983-2003-cü illərdə işləyən İddiaçı əmək fəaliyyəti barədə heç bir məlumat aşkarlanmamışdır. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 07 avqust 2024-cü il tarixli, 3-17-9-1/2-7421/2024 məktub ilə Fondun arxivində saxlanılan İddiaçı aid 070835 nömrəli pensiya işində olan müvafiq sənəd, akt məhkəməyə göndərilmişdir. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 18 dekabr 2024-cü il tarixli, 3-17-9-1/2-13661/2024 nömrəli məktubdan məlum olur ki, İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra- Fond) Naxçıvan şəhər şöbəsi tərəfindən 2003-cü il 19 sentyabr tarixdə 2006-cı il 1 yanvar tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə (Təhsil və uşaq tərbiyə müəssisələrində pedaqoji fəaliyyət göstərənlərin pensiya hüququnun müəyyən edilməsi şərtləri) müvafiq olaraq 070835 nömrəli pensiya işində mövcud olan “Təqdimat” vərəqəsində və ******* nömrəli əmək kitabçasında qeydiyyatı aparılmış 1983-cü il 1 aprel tarixdən 2003-cü il 15 sentyabr tarixədək M.Seyidov adına Naxçıvan 39 saylı Dəmir yol orta məktəbində müəllim işləməyi əsasında xidmət illərinə görə əmək pensiyası təyin olunmuşdur. Daha sonra, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2021-ci il 1 yanvar tarixindən 2023-cü il 1 aprel tarixinədək məcburi dövlət sosial sığortası vəsaitlərinin xərclənməsinin icrası vəziyyətinin auditi zamanı tərtib olunmuş 2023-cü il 14 iyun tarixli akta əsasən İddiaçı 1983-cü il 1 mart tarixli 38 nömrəli əmrlə M.Seyidov adına Naxçıvan 39 saylı Dəmir yol orta məktəbinə “makinaçı-katibə” vəzifəsinə qəbul edilmiş və daha sonra müəllim keçirilməyi barədə hər hansı bir əmrə rast gəlinməmişdir. Həmçinin, 2003-cü ilin əmr kitabları Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə təhvil verilmədiyindən işdən azad olmağına dair məlumatları yoxlamaq mümkün olmamışdır. Nəticədə, S.X6 şəhər şöbəsi tərəfindən 2003-cü il 16 sentyabr tarixdə təyin olunmuş xidmət illərinə görə əmək pensiyası ləğv edilmiş və 2003-cü il 16 sentyabr tarixindən 2023-cü il 30 iyun tarixinədək 28621.04 manat (iyirmi səkkiz min altı yüz iyirmi bir manat dörd qəpik) əsassız ödəniş edildiyi məlum olmuşdur. Artıq ödəmənin əks olunduğu əvvəlki “Fox Pro” proqramından çıxarılmış 1 (bir) vərəq reyestr cədvəli və yoxlama aktı məktuba əlavə olunur. Məlumat üçün bildirilir ki, İddiaçı yaşa görə (xidmət ili) əmək pensiyası hüququnun yenidən araşdırılması məqsədilə 2024-cü ilin noyabr ayı müvafiq icraat aparılmış və yekun qərarın verilməsi üçün 2024-cü ilin 9 dekabr tarixində vətəndaşa Fonda dəvət olunması haqqında məktub ünvanlanmışdır. Fond tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı 070835 nömrəli pensiya işinin materiallarında olan Babək rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin xx.xx.2003-cü il tarixli, 482 nömrəli qərarından məlum olur ki, İddiaçı “Vətəndaşların pensiya təminatı” haqqında Azərbaycan Respublikası Qanununun 60-61-ci maddələrinə əsasən xx.xx.2003cü il tarixdən ömürlük pensiya təyin edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən hər bir dövlət bu Paktda nəzərdə tutulan hüquqların tam şəkildə həyata keçirilməsini mümkün ehtiyatların maksimum səviyyəsində təmin etmək üçün addımlar atmalıdır. Hər kəs heç bir ayrı-seçkiliyə yol verilmədən eyni hüquqlara malikdir. 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. - 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. - 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 64-cü maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 68.1-ci maddəsinə əsasən qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. - 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: - 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; - 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; - 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; - 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. - 68.3-cü maddəsinə əsasən qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun (01 yanvar 2006-cı ilədək qüvvədə olmuşdur) - 60-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə təhsil və uşaq tərbiyə müəssisələrində kişilər azı 25 il, qadınlar 20 il pedaqoji fəaliyyət göstərdikdə onlara xidmət illərinə görə pensiya almaq hüququ verilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” yə görə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı 01 iyul 2023-cü il tarixdən dayandırılmış əmək pensiyasının bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İş materiallarında olan Babək rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin xx.xx.2003cü il tarixli, 482 nömrəli qərarından məlum olur ki, İddiaçı “Vətəndaşların pensiya təminatı” haqqında Azərbaycan Respublikası Qanununun 60-61-ci maddələrinə əsasən xx.xx.2003cü il tarixdən ömürlük xidməti pensiya təyin edilmişdir. İddiaçı təyin olunmuş pensiyanı təxminən 20 il aldıqdan sonra pensiya ödənişi xx.xx.2023-cü il tarixdən Fondun Naxçıvan şəhər şöbəsi tərəfindən dayandırılmış və bu barədə iddiaçıya pensiyanın ödənişinin dayandırıldığı vaxtdan 4 (dörd) ay keçdikdən sonra 16 noyabr 2023-cü il tarixli, 14 nömrəli bildiriş ünvanlanaraq xx.xx.2003-cü il tarixdə pensiya təyinatının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 60-cı maddəsinə zidd olaraq təyin edildiyi və əsassız ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması barədə məlumat verilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus 070835 nömrəli pensiya işinin materiallarından görünür ki, iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.2003-cü il tarixədək yəni 20 il 5 aydan artıq Naxçıvan 39 saylı dəmir yol orta məktəbində əmək təlimi müəllimi işləmişdir. Əlavə olaraq məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Saatlı rayon Dövlət Arxivindən məhkəmənin sorğusuna cavab olaraq təqdim olunmuş sənədlərdə iddiaçının Naxçıvan 39 nömrəli məktəbdə işlədiyi 1983-1992-ci illərə dair, eyni zamanda Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsindən təqdim olunmuş arayışda 2000-2003-cü illərə dair əmək haqqı cədvəllərində iddiaçının əmək haqqı alması göstərilmişdir. Məhkəmə icraatı zamanı şahid qismində dindirilmiş X3 ünvanlanan suallara verilən cavablardan aydın olmuşdur ki, şahid X4 xx.xx.1980-ci il tarixindən xx.xx.2017-ci tarixədək Naxçıvan 39 nömrəli məktəbdə müəllim, direktor müavini vəzifələrində işləmişdir. O, İddiaçı ondan iki-üç il sonra həmin məktəbədə işə başladığını və müəllim kimi işlədiyini bildirmişdir. İddiaçı hansı tarixdən hansı tarixədək işlədiyini dəqiq deyə bilmədiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, təqdim olunmuş arxiv arayışları və digər sübutlarla iddiaçının Naxçıvan 39 nömrəli məktəbdə 1983-2003-cü illərdə işləməsi öz təsdiqini tapmışdır. Cavabdeh orqanın pensiyanın dayandırılmasının əsası kimi iddiaçının əmək təlimi müəllimi keçirilməsi barədə arxiv arayışının olmamasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının verdiyi izahatdan məlum olur ki, o, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək 1 ay makinaçı işləmiş və xx.xx.1983-cü il tarixdən əmək təlimi müəlliməsi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən də görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixli, 38 №-li əmrlə M.Seyidov adına Naxçıvan 39 saylı Dəmir yol orta məktəbinə əmək müəllimi təyin edilmiş, xx.xx.2003-cü il tarixli, 43 №-li əmrlə müəllimlər sırasından çıxarılmışdır. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Əks təqdirdə əmək kitabçası institutu öz mahiyyətini itirmiş olardı. Əlavə olaraq məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı X5 pensiya təyin edilməsi barədə sözügedən inzibati aktın hüquqi qüvvəsini itirməsi və ya etibarsız sayılması ilə bağlı məhkəməyə hər hansı dəlil təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, iddiaçıya pensiya təyin edilməsi barədə cavabdehin qərarı qüvvədə olmuşdur. Bundan başqa, qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh isə “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələb etdiyi qaydada iddiaçıya pensiya təyin edilməsi barədə inzibati aktın ləğv olunması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Qeyd olunmalıdır ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul edə bilər. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Cavabdeh inzibati orqan qanunun yuxarıda göstərilən tələblərinə əməl etmədən iddiaçıya əmək pensiyasının təyin olunması barədə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi barədə heç bir icraat aparmamış, yalnız əsassız olaraq inzibati akt tərtib etmədən pensiyanın verilməsini dayandırdıqdan 4 (dörd) ay sonra bu barədə iddiaçıya bildiriş göndərməklə kifayətlənmişdir. Bu baxımdan, qanunda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz. Məhz bu səbəbdən cavabdeh tərəfindən iddiaçının pensiya ödənişinin dayandırılması qanunsuz olmaqla iddiaçının konstitusion sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "01 iyul 2023-cü il tarixdən dayandırılmış əmək pensiyasının bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
İddia təmin edilsin. İddiaçı 01 iyul 2023-cü il tarixdən dayandırılmış əmək pensiyasının bərpa olunması öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Tural Əliyev