Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-244/2022 05.12.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Culfa Rayon Polis Şöbəsinə qarşı "X3 və X5 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 və X5 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ilk öncə eyni tələblə Culfa Rayon Polis Şöbəsinə müraciət edərək X3 və X5 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. Cavabdeh inzibati orqanın İddiaçı ünvanladığı 19 sentyabr 2022-ci il tarixli, 7/1193- Q 106 nömrəli məktubdan görünür ki, X3 və X5 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslara uyğun olmadığından vətəndaşın ərizəsinin icra edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı 03 oktyabr 2022-ci il tarixdə daxil olmuş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 və X5 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmaları cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilərək mümkünlük iclası 19 oktyabr 2022-ci il tarixə təyin edilərək iddiaçıya yardım məktubu göndərilərək iddia ərizəsində cavabdeh inzibati orqan qismində Culfa Rayon Polis Şöbəsi qeyd edilsə də, iddia tələbində müvafiq öhdəliyin Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulmasının xahiş olunduğu, həmçinin iş materiallarına əlavə edilmiş sənədlərə baxış keçirərkən məlum olmuşdur ki, Culfa Rayon Polis Şöbəsi tərəfindən ünvanına 19 sentyabr 2022-ci il tarixli, 7/1193 Q-106 nömrəli məktub göndərilərək ərizənin icra edilməsindən imtina edildiyini, bununla da hüquqlarının və qanunla qorunan maraqlarının hansı inzibati orqan tərəfindən pozulduğunu müəyyən etmək mümkün olmadığı bildirilərək, iddia tələbindəki yanlışlığın aradan qaldırılması üçün 17 oktyabr 2022-ci il tarixədək müddət təyin edilmişdir. 19 oktyabr 2022-ci il tarixə təyin edilmiş mümkünlük iclasında İddiaçı iddia tələbindəki yanlışlığın aradan qaldırılması məqsədi ilə 13 oktyabr 2022-ci il tarixli iddia ərizəsini məhkəməyə təqdim edərək nəzərə alınmasını xahiş etmişdir. Bundan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan iddiaya dair 26 oktyabr 2022-ci il tarixli, 7/1372 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, X3 və X5 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslara uyğun olmadığından İddiaçı ərizəsi icra edilə bilməz. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2- 1(122)-244/2022 nömrəli qərardadı ilə X10 və X13 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 21 noyabr 2022ci il tarixli, 2-1(122)-244/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 05 dekabr 2022-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməsinə baxmayaq, iş üzrə cavabdeh Culfa Rayon Polis Şöbəsinin nümayəndəsi, üçüncü şəxslər X10 və X13 məhkəmə iclasında iştirak etməmişlər, lakin cavabdeh Culfa Rayon Polis Şöbəsi məhkəməyə 29 noyabr 2022-ci il tarixli, 7/1512 nömrəli məktub göndərərək xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirakları olmadan işə baxıb müvafiq qərar verilməsini xahiş etmişdir. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. 21 noyabr 2022-ci il tarixə təyin edilmiş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X10 əvvəllər ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən onların yaşayış və istifadə hüquqlarının olduğunu, iddiaçının məhkəmədə həmin evdən yaşayış və istifadə hüquqlarına xitam verilməsi barədə iddia qaldırdığını, kompensasiya ödənilməklə onların həmin evdən yaşayış və istifadə hüquqlarına xitam verilməsi barədə məhkəmə qətnaməsinin qəbul edildiyini, hazırda həmin evdə yaşamadığını, ailəsi ilə birlikdə kirayədə yaşadığını, kirayədə yaşadığı evin ünvanını bilmədiyini, qeydiyyata düşmək üçün evi olmadığına görə həmin evin pasport qeydiyyatında qaldığını, ünvan 1 ünvanının pasport qeydiyyatından çıxarılmağıma heç bir etirazının olmadığını bildirərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. 21 noyabr 2022-ci il tarixə təyin edilmiş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X13 ailəli olduğunu, ailəsi ilə birlikdə qayınatasına məxsus olan evdə yaşadığını, evin tam hazır olmadığını, evin sənədlərini ala bilmədiklərinə görə yaşadığı evin pasport qeydiyyatına düşə bilmədiyini, ünvan 1 ünvanının pasport qeydiyyatından çıxarılmasına heç bir etirazının olmadığını bildirərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, ünvan 4 ünvanında yerləşən evin mülkiyyət hüququ ilə ona məxsus olduğunu, həmin evdə X3 və X5 pasport qeydiyyatında olduqlarını, qeyd olunan şəxslərin onun mənzilinin qeydiyyatında olması onun bugünədək yaşadığı, bütün kommunal xidmət haqlarını ödədiyi ev ilə mülkiyyət hüquqlarını həyata keçirməsinə maneəçilik törətdiyini, qeyd olunan şəxslərin onun mənzilinin pasport qeydiyyatından çıxarılması ilə bağlı Culfa Rayon Polis Şöbəsinə müraciət etdiyini, Culfa Rayon Polis Şöbəsinin 19 sentyabr 2022-ci il tarixli, 7/1193-Q-106 nömrəli məktubunda qeydiyyatdan çıxarılma ilə bağlı ərizənin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olmadığından icra edilmədiyini, buna görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdehin imtina məktubunu, mənzilin Çıxarışının təsdiq edilmiş surətini, şəxsiyyət vəsiqəsinin, təhvil-təslim aktının və qətnamənin surətlərini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın elektron imza ilə təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0754 ha torpaq sahəsi və 106.6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 20/6 nömrəli reyestr kitabının 996 nömrəli nömrəli vərəqində İddiaçı adına qeydiyyata alınmışdır (reyestr nömrəsi-**********60-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022). - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1970-ci il tarixdə doğulmuşdur. - 15 aprel 2022-ci il tarixli, 07 nömrəli Culfa Rayon Məhkəməsi üzrə təhvil-təslim aktının surətindən görünür ki, Culfa Rayon Məhkəməsinin böyük məsləhətçi X1 və hakim köməkçisi X8, arxiv müdiri X14, İddiaçı və cavabdeh X17 2(089)-02/2022 nömrəli mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli qətnaməsində X11 Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evindən yaşayış və istifadə hüququna xitam verilməsi üçün ona verilməli olan 1800 manat məbləğində kompensasiyanın X15 təqdim edildiyini və aktın düzgünlüyünü öz imzaları ilə təsdiq etmişdirlər. - Culfa Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(089)-02/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, X12 hüquqi varisi İddiaçı X17, X10, X13, X9 və X6 qarşı Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evindən yaşayış və istifadə hüququna xitam verilməsi barədə iddiasının təmin edilməsi, X15 1800 manat məbləğində kompensasiya verilməklə Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evindən yaşayış və istifadə hüququna xitam verilməsi, X10, X13, X9 və X4 Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yeriəşən 22 nömrəli fərdi yaşayış evindən yaşayış və istifadə hüquqlarına verilməsi, X11 yaşayış və istifadə hüququna kompensasiya ödənildiyi gündən, X10, X13, X9 və X4 yaşayış və istifadə hüquqlarına qətnamə qanuni qüvvəyə mindiyi gündən xitam verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Culfa Rayon İcra Hakimiyyətinin Culfa Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 19 oktyabr 2022-ci il tarixli, 799 və 800 nömrəli arayışlardan görünür ki, X10 və X2 şəhəri, Əsgəroğlu küçəsi, ev 22 ünvanında qeydiyyatdadırlar. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM-in 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. - 9-cu maddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda - müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli, 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə araşdırması zamanı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusluğu, üçüncü şəxslərin hazırda həmin yaşayış sahəsinə dair hər hansı əmlak hüquqlarının olmaması, faktiki olaraq onların orada yaşamaması müəyyən edilmişdir. İş materiallarında olan Culfa Rayon Məhkəməsinin müvafiq qətnaməsindən də görünür ki, üçüncü şəxslərin həmin fərdi yaşayış evi üzərindəki yaşayış və istifadə hüquqlarına xitam verilmişdir. Göründüyü kimi, üçüncü şəxslərin iddiaçıya məxsus olan mənzildə yaşamamaları və qeydiyyatlarının formal xarakter daşıması İddiaçı mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, üçüncü şəxslərin sözügedən ev üzərində hər hansı hüquqa malik olmadıqları və yaşamadıqları halda qeyd edilən ünvanda qeydiyyatda qalmaları İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından və qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxslərin yeni yaşayış yeri üzrə qeydiyyata alınması nəzərdə tutulduğundan iddiaçı üçüncü şəxslərin sözügedən mənzildən pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuşdur. Fiziki şəxslərin mülkiyyət hüquqlarının müdafiəsi qüvvədə olan qanunvericilikdə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Üçüncü şəxslərin mülkiyyətçiyə məxsus mənzildən qeydiyyatdan çıxarılmaları tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Buna görə də X3 və X5 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmalarından cavabdeh Culfa Rayon Polis Şöbəsi tərəfindən imtina edilməsi əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli və X3 və X5 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Culfa Rayon Polis Şöbəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənləri və İPM-in 4.1, 34, 68, 69, 75 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. X3 və X5 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Culfa Rayon Polis Şöbəsinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-244/2022
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-244/2022
05.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver