Məhkəmə qərarları › İş №2-1(122)-245/2021

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-245/2021

23.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-245/2021 23.12.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər Qeydiyyat Şöbəsinə qarşı “Naxçıvan Şəhər Qeydiyyat Şöbəsinin 25.10.2021-ci il tarixli, 02/635 saylı imtina məktubunun əsassız sayılması, X5 barəsində aparılmış 01.07.1989-cu il tarixli, 18 saylı ölüm haqqında akt qeydləri kitabında ata adı qrafasında yanlışlığın düzəldilməsi, "Hüseyn" adının "Tağı" olaraq qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Qeydiyyat Şöbəsinin 25.10.2021-ci il tarixli, 02/635 saylı imtina məktubunun əsassız sayılması, X5 barəsində aparılmış 01.07.1989-cu il tarixli, 18 saylı ölüm haqqında akt qeydləri kitabında ata adı qrafasında yanlışlığın düzəldilməsi, "Hüseyn" adının "Tağı" olaraq qeyd edilməsi öhdəliyinin Naxçıvan Şəhər Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum X7 01.07.1989-cu il tarixdə Babək rayon, Qaraxanbəyli kəndində rəhmətə getmişdir. Mərhum atasından qalan miras əmlakın taleyini həll etmək üçün müvafiq notariat orqanına müraciət edilmişdir. Həmin zaman məlum olmuşdur ki, atasının ölüm haqqında qeydlər kitabında ata adı “Tağı” əvəzinə “Hüseyn” olaraq qeyd edilmişdir. Buna görə də notariusda notariat əməliyyatlarının aparılması mümkün olmamışdır. Bununla bağlı Naxçıvan Şəhər Qeydiyyat Şöbəsinə müraciət etsələr də, həmin inzibati orqanın 25.10.2021-ci il tarixli, 02/635 saylı imtina məktubu ilə ərizənin icasından imtina olunmuş və məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. 01 oktyabr 2021-ci il tarixdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində edilmiş dəyişikliyə əsasən həmin Məcəllədən 305.1.7, 339-341ci maddələr ləğv edilmişdir ki, həmin maddələrə əsasən məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər sırasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsindən bəhs olunur. Həmin tarixə qədər qeyd edilən işlərə ümumi məhkəmələrdə mülki məhkəmə icraatı qaydasında baxılırdı. Hal-hazırda isə qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən bu mümkün deyildir və həmin səlahiyyətlər inzibati məhkəmələrə aid edilmişdir. Buna görə də müvafiq inzibati orqanın üzərinə müvafiq öhdəliyin qoyulması ilə bağlı məhkəməyə müraciət edilmişdir. Yuxarıda qeyd edildiyi kimi İddiaçı mərhum X7nun ölüm akt qeydləri kitabında və ölüm haqqında şəhadətnaməsində ata adı səhvən “Hüseyn” olaraq qeyd edilmişdir. Əlavə olaraq İddiaçı soyadı nikah qeydinə düşən zaman ərinin soyadını götürdüyü üçün “Əsgərova”dan “Məmmədova” olaraq dəyişdirilmişdir. İddiaçı yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2 və 33-cü maddələrini əsasən məhkəmədən Naxçıvan Şəhər Qeydiyyat Şöbəsinin 25.10.2021-ci il tarixli, 02/635 saylı imtina məktubunun əsassız sayılması, X5 barəsində aparılmış 01.07.1989-cu il tarixli, 18 saylı ölüm haqqında akt qeydləri kitabında ata adı qrafasında yanlışlığın düzəldilməsi, "Hüseyn" adının "Tağı" olaraq qeyd edilməsi öhdəliyinin Naxçıvan Şəhər Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 08 dekabr 2021ci il tarixli, 2-1(122)-245/2021 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 23 dekabr 2021-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməsinə baxmayaq iş üzrə İddiaçı və cavabdeh Naxçıvan Şəhər Qeydiyyat Şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdeh inzibati orqanın imtina məktubunu, arayışları, ölüm və nikah haqqında akt qeydləri kitabından çıxarışları, nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətini, şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarında olan: - Naxçıvan Şəhər Qeydiyyat Şöbəsinin Naxçıvan şəhər, Tumbul kəndində yaşayan İddiaçı ünvanlanan 25 oktyabr 2021-ci il tarixli, 02/635 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydində düzəliş edilməsi üçün kifayət qədər əsas olmadığından Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən akt qeydinə düzəliş olunması tələbindən imtina edilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin Tumbul Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 11 noyabr 2021-ci il tarixli, 1289 nömrəli arayışdan görünür ki, İddiaçı Naxçıvan şəhər, Tumbul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində qeydiyyatda durur. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qaraxanbəyli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 24 may 2010-cu il tarixli, 671 nömrəli arayışdan görünür ki, Naxçıvan şəhər, Qaraxanbəyli ərazisində qeydiyyatda olan X5 öhdəsində aşağıdakı ailə üzvləri vardır: 1. Ələsgərova Mətanət A.-qızı (1956), 2. Ələsgərov Famil A.-oğlu (1960), 3. Ələsgərova Məlahət A.-qızı (1965), 4. Ələsgərova Məhəbbət A.-qızı (1966), 5. Ələsgərov Ramil A.-oğlu (1971), 6. Ələsgərova Səriyyə A.-qızı (1981). - 25 oktyabr 2021-ci il tarixli, 494072 nömrəli ölüm haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, X6 rayonu, Qaraxanbəyli kəndində 01.07.1989-cu ildə ölmüşdür. Bu barədə ölüm kitabının 01.07.1989-cu il, səh-18 qeydiyyatı aparılmışdır. Ölüm səbəbi kimi bronxal asma göstərilmişdir. - Babək rayonu, Qaraxanbəyli K.İ.N 23.12.1955-ci il tarixli “nikah” kitabının 22-ci səhifəsindən 25 oktyabr 2021-ci il tarixli, 016225 nömrəli çıxarışdan görünür ki, X22 ilə X8 nikahları bağlanmışdır. Nikah bağlandıqdan sonra kişi “Ələsgərov”, qadın “Ələsgərova” soyadını qəbul etmişdir. - 18 iyul 1985-ci il tarixli, İİİ- ЖГ 364797 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 17 mart 1964-cü ildə Naxçıvan rayonu, Tumbul kəndində doğulmuş X25 ilə xx xxxxxxxx 1966-cı ildə Naxçıvan rayonu, Qaraxanbəyli kəndində doğulmuş X9 18 iyul 1985-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1985-ci ilin iyul ayının 18-ci günündə 18 nömrə ilə qeyd edilmişdir. - AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1966-cı ildə Naxçıvan rayonu, Qaraxanbəyli kəndində doğulmuş və Naxçıvan şəhər, Tumbul kəndində yaşayır. İş materiallarına əlavə edilmiş: - 01 dekabr 2021-ci il tarixli, 174072 nömrəli doğum haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, X1 rayonu, Qaraxanbəyli kəndində 02.09.1966-cı ildə anadan olmuşdur. Bu barədə doğum kitabında 21.09.1966-cı il, səh-90 qeydiyyatı aparılmışdır. X7, anası X18, valideynlərinin milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. - 01 dekabr 2021-ci il tarixli, 694254 nömrəli doğum haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, X2 rayonu, Qaraxanbəyli kəndində 14.01.1965-ci ildə anadan olmuşdur. Bu barədə doğum kitabında 20.02.1966-cı il, səh-33 qeydiyyatı aparılmışdır. X7, anası X14, valideynlərinin milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. - 01 dekabr 2021-ci il tarixli, 423758 nömrəli doğum haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, X3 rayonu, Qaraxanbəyli kəndində 27.10.1956-cı ildə anadan olmuşdur. X7, anası X18, valideynlərinin milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. - 01 dekabr 2021-ci il tarixli, 168209 nömrəli doğum haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, X4 rayonu, Qaraxanbəyli kəndində 15.11.1971-ci ildə anadan olmuşdur. Bu barədə doğum kitabında 20.12.1971-ci il, səh-101 qeydiyyatı aparılmışdır. X7, anası X14, valideynlərinin milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. Beləliklə, məhkəmə iş materiallarının araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. - 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. Həmin Müddəaların 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Qaydanın 1.7-ci bəndinə görə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. Həmin Qaydaların 8.1-ci bəndinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan hesab olunur. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, 01.07.1989-cu il tarixdə tərtib olunmuş 18 saylı ölüm haqqında akt qeydində İddiaçı atası X5 ata adı qrafasında yanlışlıqla “Tağı” əvəzinə “Hüseyn” yazılmışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, iddiaçının mərhum atasının ata adı “Tağı” olmuşdur. Mərhumun öhdəsində olan ailə üzvlərinə aid sənədlərin hər birində onun ata adının “Tağı” olaraq qeyd edilməsi bunu bir daha sübut edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən iddiaçının tələbindən imtina edilməsi əsassızdır. Cavabdehin öz imtinasını əsaslandırdığı əsas faktor ölüm haqqında akt qeydinə dəyişiklik olunması üçün kifayət qədər əsasın mövcud olmamasıdır. Lakin məhkəmə araşdırması zamanı toplanmış və təqdim edilmiş sübutlar qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı mərhum X7nun ölüm haqqında akt qeydindəki bu cür yanlışlıq aradan qaldırılmalı və 01.07.1989-cu il tarixli, 18 saylı ölüm haqqında akt qeydləri kitabında ata adı qrafasındakı yanlışlıq düzəldilməli və "Hüseyn" adı "Tağı" olaraq qeyd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunan əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Naxçıvan Şəhər Qeydiyyat Şöbəsinin 25.10.2021-ci il tarixli, 02/635 saylı imtina məktubu əsassız sayılmalı, X5 barəsində aparılmış 01.07.1989-cu il tarixli, 18 saylı ölüm haqqında akt qeydləri kitabında ata adı qrafasında yanlışlıq düzəldilməli və "Hüseyn" adının "Tağı" olaraq qeyd edilməsi öhdəliyi Naxçıvan Şəhər Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 52, 58, 68-69, 75, 78 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. Naxçıvan Şəhər Qeydiyyat Şöbəsinin 25.10.2021-ci il tarixli, 02/635 saylı imtina məktubu əsassız sayılır. X5 barəsində aparılmış 01.07.1989-cu il tarixli, 18 saylı ölüm haqqında akt qeydləri kitabında ata adı qrafasında yanlışlığın düzəldilməsi və "Hüseyn" adının "Tağı" olaraq qeyd edilməsi öhdəliyi Naxçıvan Şəhər Qeydiyyat Şöbəsinə həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar