Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-247/2022 29.11.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsinə qarşı "onun doğulması barədə "doğum akt qeydləri kitabında" aparılmış yanlışlığın düzəldilməsi, doğum tarixi kimi qeyd olunmuş xx.xx.2000-ci il tarixinin (gün, ay və il qrafasının) düzəldilərək xx.xx.1999-cu il (gün ay və il qrafasının) kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun doğulması barədə "doğum akt qeydləri kitabında" aparılmış yanlışlığın düzəldilməsi, doğum tarixi kimi qeyd olunmuş xx.xx.2000-ci il tarixinin (gün, ay və il qrafasının) düzəldilərək xx.xx.1999-cu il (gün ay və il qrafasının) kimi yazılması öhdəliyinin cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1999-cu ildə Şahbuz rayonu, Aşağı Qışlaq kəndində anadan olmuşdur. Qanuna müvafiq olaraq həmin vaxt valideynləri tərəfindən müvafiq qeydiyyat üzrə inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə müraciət olunmuş və doğum dövlət qurumu tərəfindən qeydə alınmışdır. Lakin müəyyən olunmayan səbəblərdən həmin vaxt onun soyadı doğum haqqında şəhadətnamədə qeyd olunmamışdır. Həmin halın (səhvin) aradan qaldırılması üçün Şahbuz Rayon Qeydiyyat Şöbəsinə müraciət etdikdə məlum olmuşdur ki, ona məxsus doğum haqqında şəhadətnamədə olan doğum tarixi ilə "doğum akt qeydləri kitabında" olan doğum tarixi fərqlidir, buna görə də "soyad" ilə bağlı aparılacaq düzəlişin (soyadın qeydə alınmasının) bu yanlışlıq düzəldikdən sonra mümkün olacağı məlum olmuşdur. Məlum olmuşdur ki, "doğum haqqında şəhadətnamə"də doğum tarixi xx.xx.1999-cu il qeyd olunsa da, "doğum akt qeydləri kitabında" doğum tarixi xx.xx.2000-ci il olaraq qeyd olunmuşdur. Buna görə də bu yanlışlıq düzəldilməlidir. Qeyd edildiyi kimi bu ona "soyad" məsələsində lazımdır və bu yanlışlıq düzəlməsə "soyad" məsələsinin həlli hüquqi baxımdan mümkün deyildir. Yuxarıda qeyd olunan məsələ ilə bağlı Şahbuz Rayon Qeydiyyat Şöbəsinə ərizə ilə yazılı surətdə müraciət etsə də, həmin orqan yazılı surətdə ərizəyə cavab verərək ərizənin icrasından imtina etmiş və məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Buna görə də məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 45 və 46-cı maddələrini rəhbər tutaraq məhkəmədən onun doğulması barədə "doğum akt qeydləri kitabında" aparılmış yanlışlığın düzəldilməsi, doğum tarixi kimi qeyd olunmuş xx.xx.2000-ci il tarixinin (gün, ay və il qrafasının) düzəldilərək xx.xx.1999-cu il (gün ay və il qrafasının) kimi yazılması öhdəliyinin cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibət (etiraz) olaraq doğum akt qeydinin surətini məhkəməyə göndərmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 05 noyabr 2022-ci il tarixli, 2-1(122)-247/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 29 noyabr 2022-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməsinə baxmayaq iş üzrə cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə 28 noyabr 2022-ci il tarixli, 275 nömrəli məktub göndərərək, 29 noyabr 2022-ci il tarixə, saat 10:00-a təyin olunmuş məhkəmə iclasında xidməti işlərin çoxluğu ilə əlaqədar iştirak edə bilmədiklərindən iştirakları olmadan işə baxılmasını və müvafiq qərar verilməsini xahiş etmişdir. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdeh inzibati orqanın imtina məktubunu, arxiv sənədlərini və məktublarını, doğum haqqında şəhadətnamənin surətini, qeydiyyatla bağlı arayışı, şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətini, ərizənin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarında olan: - Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən Şahbuz rayonu, Aşağı Qışlaq kəndində qeydiyyatda olan İddiaçı verilmiş 26 avqust 2022-ci il tarixli, 178 nömrəli məktubdan görünür ki, Şahbuz rayonu, A.Qışlaq kənd inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2000-ci il tarixli, 31 nömrəli doğum akt qeydi tərtib olunarkən doğum tarixi "xx.xx.2000"-ci il olaraq yazılmışdır. Ərizədə göstərilən xüsusatlar araşdırılmış və müəyyən olunmuşdur ki, həqiqətən də kitabda göstərilən doğum akt qeydindəki doğum tarixi doğum şəhadətnaməsi ilə fərqlidir. Şəhadətnamədə doğum tarixi 28.04 1999-cu il olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a əsasən doğum haqqında akt qeydində doğum tarixinə qeydiyyat şöbəsi tərəfindən düzəliş edilməsi qanuna zidd olduğundan mümkün deyil. Doğum haqqında akt qeydinə düzəliş olunması üçün aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 26 avqust 2022-ci il tarixli, 02/133 nömrəli məktubdan görünür ki, İddiaçı doğumu barəsində Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində hər hansı bir məlumat yoxdur. - Şahbuz Rayon Dövlət Arxivi tərəfindən verilmiş 29 sentyabr 2022-ci il tarixli, 06/08 nömrəli məktubdan görünür ki, Şahbuz Rayon Dövlət Arxivində mühafizə olunan Şahbuz Rayon Aşağı Qışlaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin təsərrüfatbaşına kitablarına baxdıqda İddiaçı ilə bağlı aşkar olunan məlumatların surətləri çıxarılaraq sorğu verənə göndərilmişdir. Şahbuz Rayon Mərkəzi Xəstəxanasının doğum haqqında hər hansı bir qeydiyyat kitabı Şahbuz Rayon Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı doğumu barədə başqa məlumata rast gəlinməmişdir. Həmin məktubla göndərilmiş 1996-2000, 2001-2005-ci illərə dair təsərrüfatbaşına kitablardan təsdiq edilmiş çıxarışlardan görünür ki, İddiaçı xx xxxxx 1999-cu ildə doğulmuşdur. - İ-AZ 114105 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxx 1999-cu ildə Şahbuz rayonu, Aşağı Qışlaq kəndində doğulmuşdur. X1, anası X2, valideynlərinin milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. - Şahbuz Rayon İcra Hakimiyyətinin Aşağı Qışlaq Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 16 avqust 2022-ci il tarixli, 158 nömrəli arayışdan görünür ki, İddiaçı Şahbuz rayonu, Aşağı Qışlaq kəndində qeydiyyatdadır. - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxx 1999-cu ildə Şahbuz rayonu, Aşağı Qışlaq kəndində doğulmuş İddiaçı Şahbuz rayonu, Aşağı Qışlaq kəndində yaşayır. - İddiaçı tərəfindən Şahbuz Rayon Qeydiyyat Şöbəsinə ünvanlanmış 19 avqust 2022-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı onun doğulması barədə "doğum akt qeydləri kitabında" aparılmış yanlışlığın düzəldilməsi, doğum tarixi kimi qeyd olunmuş xx.xx.2000-ci il tarixinin (gün, ay və il qrafasının) düzəldilərək xx.xx.1999-cu il (gün ay və il qrafasının) kimi yazılmasına köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən 26 oktyabr 2022-ci il tarixli, 246 nömrəli məktubla məhkəməyə göndərilmiş doğum akt qeydindən təsdiq edilmiş çıxarışdan görünür ki, İddiaçı 28 mart 2000-ci ildə Şahbuz rayonu, Aşağı Qışlaq kəndində doğulmuşdur. X1, anası X2, valideynlərinin milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. - 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. Həmin Müddəaların 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Qaydanın 1.7-ci bəndinə görə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan hesab olunur. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı doğum haqqında akt qeydində onun doğum tarixi 28 mart 2000-ci il olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş və iddiaçının şəxsiyyətini müəyyən edən sənədlərdən də görünür ki, iddiaçı xx xxxxx 1999-cu ildə Şahbuz rayonu, Aşağı Qışlaq kəndində doğulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbindən imtina edilməsi əsassızdır. Cavabdehin öz imtinasını hər hansı bir faktla əsaslandırmayaraq yanlışlığın düzəldilməsi ilə bağlı məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan bununla da iddiaçının hüquqlarını və qanunla qorunan maraqlarını pozmuşdur. Belə ki, məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı toplanmış və təqdim edilmiş sübutlar qanuni və əsaslı olduğundan iddiaçının tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud olmuşdur. Qeyd edilənlər belə qənaətə gəlməyə imkan verir ki, İddiaçı doğum haqqında akt qeydindəki bu cür yanlışlıq aradan qaldırılmalı və doğum akt qeydində doğum tarixi qrafasına düzəliş olunaraq xx xxxxx 1999-cu il yazılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və İddiaçı doğulması barədə "doğum akt qeydləri kitabında" aparılmış yanlışlıq düzəldilməli, doğum tarixi kimi qeyd olunmuş xx.xx.2000-ci il tarixinin (gün, ay və il qrafasının) düzəldilərək xx.xx.1999-cu il (gün ay və il qrafasının) kimi yazılması öhdəliyi cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənləri və İPM-in 4.1, 52, 58, 68-69, 75, 78 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı doğulması barədə "doğum akt qeydləri kitabında" aparılmış yanlışlıq düzəldilir, doğum tarixi kimi qeyd olunmuş xx.xx.2000-ci il tarixinin (gün, ay və il qrafasının) düzəldilərək xx.xx.1999-cu il (gün ay və il qrafasının) kimi yazılması öhdəliyi cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-247/2022
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-247/2022
29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver