Məhkəmə qərarları › İş №2-1(122)-25/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-25/2022

17.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-25/2022 17.06.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “onun xx.xx.2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, hazırda N nömrəli hərbi hissədə kapitan rütbəsində 4-cü taborun qərargah rəisinin artilleriya üzrə köməkçisi vəzifəsində xidmət edir. xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin adına raport yazaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaq üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Belə ki, o artıq 11 il 5 aydır ki, zabit kimi xidmət edir. Lakin raportu hərbi hissə komandanlığı tərəfindən cavablandırılmamışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissə komandirinə (AR Müdafiə Nazirinin müavini-X15 Komandanına) şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin bu dəfə də ona N nömrəli hissədən 4628 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla rəsmi imtina cavabı verilmişdir. İmtina cavabı onunla əsaslandırılmışdır ki, “Vətən müharibəsi”ndən sonra ixtisaslı kadrlara olan ehtiyacı nəzərə alaraq onun ehtiyata buraxılması məqsədəuyğun sayılmır. İddiaçı imtina məktubunu əsassız və qanunsuz hesab etmişdir. Belə ki, bugün Müdafiə Nazirliyinin hərbi hissələrindən, həmçinin X11 Ordunun hərbi hissələrindən zabitlərin ehtiyata buraxılması həyata keçirilir, hətta yüksək rütbəli ixtisaslı zabitlər də buna daxildir. İddiaçı hesab edir ki, onun Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş həqiqi hərbi xidmətdən ehtiyata buraxılması hüququ kobud şəkildə pozulmuşdur. İddiaçı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun normalarına istinad edərək yuxarıda göstərilənlərə əsasən məhkəmədən onun xx.xx.2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin Cavabdehnə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş, İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh N nömrəli hərbi hissəsi tərəfindən məhkəməyə ünvanlanan 08 fevral 2022-ci il tarixli, 588 nömrəli etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində N nömrəli hərbi hissədə kapitan hərbi rütbəsində taborun qərargah rəisinin artilleriya üzrə köməkçisi vəzifəsində xidmət edərkən N sentyabr 2021-ci ildə hərbi hissə komandirinə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" (öz arzusu ilə) bəndinə əsasən Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaq üçün müraciət etdiyini, lakin müraciətinin cavablandırılmadığını bildirmişdir. N nömrəli hərbi hissədə onun müraciətinə hərbi hissə komandanlığı tərəfindən baxılmış, tabeliyində olduğu komandanlıq onun müraciətini şifahi qaydada cavablandıraraq müharibədən sonra Azərbaycan ordusunda zabit heyətinə tələbatı nəzərə alıb onun ehtiyata buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını məqsədəuyğun hesab etmədiyini bildirmişdir. Nəticədə, İddiaçı müraciətinə baxılmış, lakin yazılı qaydada yox, şifahi qaydada cavablandırılmışdır. Eynilə, X15 Komandanına etdiyi yazılı müraciətinə də baxılmış, Şəxsi Heyət idarəsinin Kadrlar şöbəsinin rəisi tərəfindən müraciəti yazılı qaydada cavablandırılmışdır. Komandanlıq İddiaçı zabit kimi xidmətini, "Vətən müharibəsi"ndən sonra ixtisaslı kadrlara olan ehtiyacı nəzərə alaraq onun ehtiyata buraxılmasını məqsədəuyğun hesab etməmişdir. Yuxarıda qeyd olunanları və hazırda Azərbaycan Ordusunda kadr zabit heyətinə olan tələbatı nəzərə alaraq, məhkəmədən iddianın əsassız hesab edilərək rədd edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 05 may 2022-ci il tarixli, 2-1(122)-25/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilmişdir. Şifahi məhkəmə baxışı iclası 17 iyun 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə 16 iyun 2022-ci il tarixli ərizə göndərərək 17 iyun 2022-ci il tarixə, saat 15:00-a təyin olunmuş məhkəmə prosesində iştirak edə bilməyəcəyini nəzərə alaraq işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək 10 ildən artıqdır ki, zabit kimi xidmət etdiyini, artıq xidmətini davam etdirmək istəmədiyini, qanunvericiliyə əsasən ehtiyata buraxılmaq hüququnun olduğunu, hazırda hüququndan istifadə etmək istədiyini, inzibati orqan tərəfindən tələbindən imtina edildiyini, ona görə də məcbur qalıb məhkəməyə müraciət etməli olduğunu bildirərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına raportu, hərbi hissənin cavab məktubunu, şikayət ərizəsini, qəbzi, xəbərnaməni, şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - N nömrəli hərbi hissənin 4-cü taborun qərargah rəisinin artilleriya üzrə köməkçisi kapitan İddiaçı tərəfindən N nömrəli hərbi hissənin komandirinə ünvanlanan 17 sentyabr 2021-ci il tarixli raportdan görünür ki, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılması haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən kapitan İddiaçı ünvanlanan 17 noyabr 2021-ci il tarixli, 4628 nömrəli məktubdan görünür ki, 44 günlük "Vətən müharibəsi"ndən sonra kadr zabitlərinə ehtiyac yarandığından, komandanlıq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını deyil, xidmətə davam edib gələcək perspektivinin artırılmasını məqsədəuyğun hesab etmişdir. - N nömrəli hərbi hissənin 4-cü taborun qərargah rəisinin artilleriya üzrə köməkçisi kapitan İddiaçı tərəfindən Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənova və Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - X15 Komandanı general-polkovnik Kərəm Mustafayevə ünvanlanmış 01 noyabr 2021-ci il tarixli şikayət ərizəsindən görünür ki, o, xx.xx.2021-ci il tarixdə komanda üzrə raport yazaraq “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaq üçün vəsatət qaldırılmasını xahiş etmişdir. Belə ki, artıq 10 ildən artıqdır ki, zabit kimi həqiqi hərbi xidmət keçir. Raportu rəsmi qaydada cavablandırılmamış və nəticəsiz qalmışdır. Baxmayaraq ki, poçt xəbərnaməsinə əsasən onun raportu xx.xx.2021ci il tarixdə N nömrəli hərbi hissəyə çatdırılmışdır. İddiaçı yuxarıda göstərilənlərə əsasən onun xx.xx.2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün köməklik göstərilməsini xahiş etmişdir. - AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxx 1989-cu ildə Əli Bayramlı şəhərində doğulmuş və ünvan 1 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş: - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsi tərəfindən məhkəməyə ünvanlanmış 10 dekabr 2021-ci il tarixli, 1046 nömrəli məktubdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı Əiihüseyn oğlu həqiqi hərbi xidmətdə olduğuna görə, həmin vətəndaşın sənədləri (şəxsi işi) Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsində mövcud deyil. - N nömrəli hərbi hissə tərəfindən məhkəməyə göndərilmiş: - 08 aprel 2020-ci il tarixli iltizamnamədən görünür ki, İddiaçı vəzifəyə təyin edilərkən öz xidməti fəaliyyətinə və vəzifə borcuna görə dövlət sirri ilə işləməyə buraxılacağı haqda məlumatlandırılmış və dövlət sirri ilə işləməyə buraxılışın rəsmiləşdirilməsi (mövcudluğu) ilə əlaqədar olaraq dövlət sirrinin mühafizəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş şərtlərlə könüllü öhdəlik götürmüşdür. - 16 iyul 2012-ci il tarixli, AZ-İ 762098 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X7 16 iyul 2012-ci il tarixdə nikahlarını bağlamışlar. - 25 iyun 2010-cu il tarixli, B 169215 nömrəli diplomun surətindən görünür ki, Dövlət Attestasiya Komissiyasının 21 iyun 2010-cu il tarixli qərarı ilə İddiaçı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin inzibati idarəetmə ixtisası üzrə idarəetmə mühəndisliyi ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. - 13 sentyabr 2006-cı il tarixli hərbi andın surətindən görünür ki, kursant rütbəli İddiaçı Azərbaycan Silahlı Qüvvələri sıralarına daxil olarkən Vətəni Azərbaycana və onun xalqına sadiq olacağına and içmişdir. - 08 yanvar 2010-cu il tarixli, 77 nömrəli arayışdan görünür ki, İddiaçı Şirvan şəhəri, Neftçilər, döngə 7/5 ünvanında yaşayır və aşağıdakı ailə üzvləri vardır: 1. X5-atası-1951;

2. X1-anası-1956; 3. X4-bacısı-1989. - 19 iyun 2006-cı il tarixli, 246380 nömrəli attestatın surətindən görünür ki, İddiaçı 2006-cı ildə C.Naxçıvanski adına Hərbi Liseyi bitirmişdir. - 03 may 1989-cu il tarixli, XİV-ЖГ 383438 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxx 1989-cu ildə Əli Bayramlı şəhərində doğulmuşdur. - 06 yanvar 2015-ci il tarixli, AZ-İİİ 434556 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 03 dekabr 2014-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. - 19 dekabr 2018-ci il tarixli, AZ-İV 198N nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 10 dekabr 2018-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. İddia ərizəsinin məznmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı qanunvericiliyin normalarına istinad edərək, 10 ildən artıqdır ki, hərbi xidmət etdiyini əsas gətirməklə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini tələb edir. Cavabdeh inzibati orqan isə iddiaçının tələbindən imtina edərək İddiaçı ixtisaslı kadr olduğunu, hazırda kadrlara ehtiyac olduğunu əsas gətirərək, iddiaçının ehtiyata buraxılmasını məqsədəuyğun hesab etmir. Məhkəmə iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, hazırki mübahisə məcburetmə haqqında iddia növünə aid olduğundan ilkin sübutetmə yükü qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçının üzərinə düşür. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılması tələbi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirir. Həmçinin bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlər mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” 10 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.3-cü maddəsinə əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. - 18.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir - 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. - 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. - 41.0.9-cu maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarından biri də öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmələridir. - 43.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən buraxılmış hərbi qulluqçular (bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla), habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş vətəndaşlar (xəstəliyə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilənlər istisna olmaqla) ehtiyata keçirilirlər. Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Azərbaycan Respublikası İntizam Nizamnaməsinin: - 118-ci maddəsinə əsasən hərbi qulluqçunun təklifləri (ərizə və şikayətləri) birləşmələrdə, Silahlı Qüvvələr növlərinin və müvafiq icra hakimiyyəti orqanının idarələrində — daxil olduğu vaxtdan N gün ərzində; hərbi hissələrdə və idarələrdə (müəssisələrdə) — təxirə salınmadan, lakin daxil olduğu vaxtdan 7 gündən gec olmayaraq, baxılıb həll edilməlidir. - 121-ci maddəsinə əsasən komandir (rəis) tabeliyində olan hərbi qulluqçunun verdiyi şikayətinə (ərizəsinə) görə ona qarşı ədalətsizlik və ya qeyri-qanuni hərəkət edərsə, ciddi məsuliyyət daşımalıdır. - 122-ci maddəsinə əsasən verilən bütün təkliflər (ərizələr, şikayətlər) hər bir hərbi hissədə (gəmidə, idarədə, müəssisədə) olan xüsusi kitaba yazılmalıdır. - 123-cü maddəsinə təkliflər, ərizələr və şikayətlər kitabında hər bir təklif, ərizə və şikayətə dair qəbul olunmuş qərarlar barəsində qeydlər edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. - 52.5-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. - 66-cı maddəsinə əsasən maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər. Beləliklə, işin hallarına əsasən müəyyən edilir ki, iddiaçı 10 ildən artıqdır ki, zabit kimi həqiqi hərbi xidmətdədir. Qeyd olunan hal cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir və işin mübahisəsiz hallarına aiddir. Cavabdeh inzibati orqan öz imtinasını məhz onunla əsaslandırır ki, “Vətən müharibəsi”ndən sonra peşəkar kadrlara yaranan ehtiyacı nəzərə alaraq İddiaçı ehtiyata buraxılması məqsədəuyğun deyil. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən etirazın əsası kimi göstərilən hala hüquqi qiymət verərək hesab edir ki, iddiaçının ehtiyata buraxılmasından imtina edilməsi üçün cavabdeh inzibati orqan tərəfindən gətirilən arqumentlər əsassız olduğundan iddiaçının hüququnu pozan hal kimi qiymətləndirilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 10 ildən artıq müddətdə xidmət etdiyindən onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmaq hüququ vardır. Qanunvericilikdə yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş şəxslərin öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması hüququ və bu hüququn məhdudlaşdırılması halları nəzərdə tutulmuşdur. İşin hallarına hüquqi qiymət verilərkən hazırki vəziyyətdə qanunvericiliklə bu hüququn məhdudlaşdırılması üçün əsas olan halların hər hansı birinin mövcud olmadığı müəyyən edilmişdir. Məhkəmə İddiaçı xidmət dövründə əldə etdiyi bilik və bacarığı, perspektivli peşəkar zabitlərə ehtiyac yaranması ilə bağlı cavabdeh orqan tərəfindən etirazda irəli sürülən arqumentlərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, sadalanan hallara əsasən iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasından imtina edilməsinin heç bir hüquqi əsası mövcud deyildir. Belə olan təqdirdə cavabdehin əsas gətirdiyi dəlillər iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılması hüququnun həyata keçirilməsinə maneə ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və İddiaçı xx.xx.2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsi Cavabdehnə həvalə edilməlidir.

Nəticəvi hissə:

Şərh edilənlərə əsasən və İPM-in 2, 14, 33, 58, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia tələbi təmin edilir. İddiaçı xx.xx.2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsi Cavabdehnə həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar