Məhkəmə qərarları › İş №2-1(122)-25/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-25/2023

16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-25/2023 16.02.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X6 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “İddiaçı 29 yanvar 2021-ci il tarixdən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 15 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 29 yanvar 2021-ci il tarixdən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 15 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində ona 29 yanvar 2021-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edildiyini, 2022-ci ilin yanvar ayı üçün ona təyin edilmiş pensiya məbləğinin ödənilmədiyini, bununla bağlı "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə müraciət etdiyini, müraciətinə cavab olaraq pensiyanın "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 15 nömrəli qərarına əsasən ləğv edildiyinin bildirilməsini, həmin qərarda ona təyin edilmiş pensiyanın kəsilməsinə səbəb olaraq xx.xx.2006-cı il tarixədək sığorta stajına əsasən fərdi hesabının sığorta hissəsində formalaşan pensiya kapitalının cəminin əmək pensiyasının minimum məbləğinə çatmadığının göstərildiyini, cavabdeh orqanın təyin edilmiş pensiyanın kəsilməsini xx.xx.2006-cı il tarixədək sığorta stajına əsasən fərdi hesabının sığorta hissəsində formalaşan pensiya kapitalının cəminin əmək pensiyasının minimum məbləğinə çatmaması ilə əsaslandırdığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazlı etirazının qısa xülasəsi: Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi iddiaya dair məhkəməyə ünvanlanan 25 noyabr 2022-ci il tarixli, 06/396 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1963-cü il tarixdə anadan olmuş, Culfa şəhəri, C.Cabbarlı küçəsi, ev 4, mənzil 6 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin pensiya təyin edən komissiyanın 29 yanvar 2021-ci il tarixli, 01 nömrəli qərarına əsasən 57 yaşı tamam olduğu 05 fevral 2020-ci il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin müddəlarına müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 200,00 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı xx xxxxxx 1963-cü il təvəllüdlü olmaqla 57 yaşını 05 fevral 2020-ci il tarixdə tamamlamışdır. Deməli, iddiaçıya münasibətdə "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinin 2017-ci 01 iyul tarixdən sonra qüvvədə olan redaksiyasının tələbləri tətbiq edilməlidir. Həmin tələblərdən biri də pensiya kapitalıdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa 01 iyul 2017-ci ildə edilən əlavə və dəyişikliklərdən sonra vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsini də nəzərə almaq lazımdır. Həmin şərtə əməl olunmadığı halda Qanunun 9.8-ci maddəsinə əsasən yaşa görə pensiya təyin olunmasına yolverilmir. Beləliklə, İddiaçı əmək kitabçasındakı qeydlərə və təqdim edilmiş arayışlara əsasən, onun 01 yanvar 2006-cı il tarixədək 27 il 15 gün, 01 yanvar 2006-cı il tarixdən 15 fevral 2020-ci il tarixədək isə 14 il 1 ay olmaqla cəmi 41 il 1 ay ümumi iş stajı vardır. İddiaçının 2006-cı il yanvar ayının 1-dək 27 il 15 gün ümumi, 22 il 1 ay xüsusi iş stajı vardır, lakin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməkdədir. Beləliklə də, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq iddiaçının 01 yanvar 2006-cı il tarixədək sığorta stajına əsasən formalaşan pensiya kapitalı ilə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləğindən az olmuşdur. Buna görə də, İddiaçı pensiya işi Fondun Culfa rayon şöbəsinin 08 fevral 2022ci il tarixli, 15 nömrəli qərarına əsasən ləğv edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 16 fevral 2023-cü il tarixə təyin olunmuşdur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi X4 cavabdeh tərəfindən məhkəməyə ünvanlanan məktublara uyğun izahat verərək məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 08 fevral 2022-ci il tarixli, 15 nömrəli qərarından məlum olur ki, komissiya xx.xx.1963-cü il tarixdə anadan olmuş, Culfa şəhəri, C.Cabbarlı küçəsi, ev 4, mənzil 6 ünvanında yaşayan İddiaçı 29 yanvar 2021-ci il tarixli, 01 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə, qanunsuz olaraq təyin edilmiş əmək pensiyasının ləğv edilməsi və 29 yanvar 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək ödənilmiş 4889 manat 92 qəpik məbləğində pul vəsaitinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılmasını qərara almışdır. - ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən aydın olur ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək X7 Lokomotivində maşinist köməkçisi işləmiş, xx.xx.1984-cü il tarixdən xx.xx.2006-cı il tarixədək X7 Lokomotivində maşinist köməkçisi daha sonra maşinist olaraq işləmişdir. - Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin Culfa Şəhər Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 04 noyabr 2022-ci il tarixli, 7183 nömrəli arayışdan məlum olur ki, İddiaçı ünvan 4 ünvanda qeydiyyatdadır. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1963-cü ildə doğulmuşdur. - “Naxçıvan Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa Rayon Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 25 noyabr 2022-ci il tarixli, 06/398 nömrəli məktubdan məlum olur ki, xx xxxxxx 1963-cü il tarixdə anadan olmuş, Culfa şəhəri, C.Cabbarlı küçəsi, ev 4, mənzil 6 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 29 yanvar 2021-ci il tarixli, 01 nömrəli qərarına əsasən 05 fevral 2020-ci il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 200,00 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı əmək kitabçasındakı qeydlərə və təqdim edilən arayışlara əsasən, onun 2006-cı il yanvar ayının 1-dək 27 il 15 gün ümumi, 22 il 1 ay 12 gün xüsusi iş stajı vardır. Həmçinin məktubda İddiaçı iş stajını əks etdirən cədvəl göstərilmişdir. - “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin 17 yanvar 2023-cü il tarixli, D/28 nömrəli məktubundan məlum olur ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Azərbaycan Dəmir Yolu X2 teplovoz maşinist köməkçisi, xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək Azərbaycan Dəmir Yolu X2 teplovoz maşinist köməkçisi, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Azərbaycan Dəmir Yolu X2 teplovoz maşinist köməkçisi, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək Azərbaycan Dəmir Yolu X2 elektrovoz maşinist köməkçisi, xx.xx.1989-cu il tarixdən xx.xx.2010-cu il tarixədək Azərbaycan Dəmir Yolu X2 elektrovoz maşinisti, xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixədək "X5" MMC-nin Yük və Sərnişin Daşımaları İdarəsinin Culfa Lokomotiv briqadalarında sərnişin hərəkəti üzrə maşinist vəzifəsində (kod 23001000- 14241) işləyərək, ümumilikdə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verən 37 il 2 ay 26 gün staja sahibdir. Bu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarının 21.4-cü bəndinə uyğundur. Fondun Culfa rayon şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş pensiya işinin materiallarında olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 29 yanvar 2021-ci il tarixli, 1 nömrəli qərarına əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq yaşa görə 05 fevral 2020-ci il tarixdən müddətsiz pensiya təyin edilmişdir. - İddiaçı tərəfindən “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinə ünvanlanan 29 yanvar 2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş və ərizədə hazırda işlədiyini qeyd etmişdir. - 15 iyul 1981-ci il tarixli, B seriyalı, 814443 nömrəli diplomun surətindən aydın olur ki, İddiaçı teplovozun maşinist köməkçisi peşəsi üzrə Bakı şəhəri 2 nömrəli orta texniki peşə məktəbini tam kurs bitirərək ümumi orta təhsil almışdır. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa rayon şöbəsi tərəfindən verilmiş 14 yanvar 2021-ci il tarixli, 27 nömrəli arayışdan görünür ki, 1963-cü il təvəllüdlü İddiaçı 08 may 1982-ci il tarixdən 11 iyun 1984cü il tarixədək ordu sıralarında həqiqi hərbi xidmət keçmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 22 yanvar 2021-ci il tarixli, 13/71 nömrəli arayışda İddiaçı Dəmir Yolu X2 18 sentyabr 1981-ci il tarixli, 321 №-li əmrlə maşinist köməkçisi olaraq işə qəbul edilməsinin əmr kitablarında göstərildiyi qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 22 yanvar 2021-ci il tarixli, 13/71 nömrəli arayışda İddiaçı X8 hissəsi-X2 işləməsi faktı və aylar üzrə aldığı əmək haqqı cədvəli göstərilmişdir. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən verilmiş 09 sentyabr 2022-ci il tarixli, 430 nömrəli sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışdan görünür ki, İddiaçı (ssn **********136) DSMF Culfa rayon şöbəsində 01 fevral 2020-ci il tarixdən 01 sentyabr 2021-ci il tarixədək 1 il, 7 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 2042,32 manat pensiya kapitalı vardır. - Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən verilmiş 19 avqust 2021-ci il tarixli, 307 nömrəli əmək müqaviləsinin dayandırılması haqqında əmrdən məlum olur ki, İddiaçı 20 avqust 2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. Pensiya işinə həmçinin İddiaçı işlədiyi dövr ərzində aylar üzrə aldığı əmək haqqı cədvəllərini əks etdirən arxiv arayışları və illər üzrə infilyasiya faizləri əlavə olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasəndiskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasəndiskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.1-ci maddəsinə əsasənqanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur): 13-cü maddəsinin b)bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4.1. bəndində qeyd edilmişdir ki, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli, 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırki iş üzrə İddiaçı 29 yanvar 2021-ci il tarixli, 01 nömrəli qərara əsasən 05 fevral 2020-ci il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. İddiaçıya yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilərkən onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır. Belə ki, iddiaçının 01 yanvar 2006-cı il tarixədək 27 il 15 gün ümumi iş stajı, 22 il 1 ay 12 gün xüsusi iş stajı mövcud olmuşdur. İnzibati orqan tərəfindən aparılmış yoxlama zamanı iddiaçının 57 yaşının 2017-ci ilin iyul ayından sonra tamam olması və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində edilmiş müvafiq əlavə və dəyişikliyin tətbiq edilməsi zərurətinin yarandığı əsas gətirilərək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğundan təyin olunmuş pensiya inzibati orqanın 08 fevral 2022-ci il tarixli, 15 nömrəli qərarı ilə ləğv edilmişdir. İddia tələbinin “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 15 nömrəli qərarının ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, mübahisə 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş qanunvericiliklə nəzərdə tutulmuş dispozisiya şərtlərinin həmin tarixədək iddiaçıya münasibətdə mövcudluğu baxımından həll edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Başqa sözlə, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün zəruri şərt qanunun qüvvəyə mindiyi 01 yanvar 2006-cı il tarixədək şəxsin əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan tam əmək stajı, yəni ümumi və xüsusi stajı qazanmış olmasıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinin tələbinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır:

1. Kişilərə münasibətdə - iddiaçının 57 yaşına çatması;

2. İddiaçının 01 yanvar 2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

3. İddiaçının 01 yanvar 2006-cı ilə qədər azı 12 il, 6 ay güzəştli iş stajının mövcud olması. İddiaçıya münasibətdə hər iki hal cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmiş, həmçinin məhkəmə araşdırması zamanı iddiaçının xüsusi iş stajının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında “23001000-14241- teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” vəzifəsinə uyğun gəldiyi aşkarlanmışdır. Nəticədə iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş iş stajına dair qanunun zəruri tələbləri ödənilmiş, onun əmək kitabçasına və arxiv arayışlarına əsasən 01 yanvar 2006-cı ilə qədər 27 il ümumi iş stajının, 22 il 1 ay 12 gün xüsusi iş stajının mövcudluğu məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmışdır. Məhkəməyə təqdim edilmiş etirazda cavabdeh orqan “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi Qaydalarının 3.2.6-cı maddəsinə istinad edərək sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlərin təqdim edilməməsini əsas gətirmişdir. Halbuki həmin sənəd vətəndaşdan tələb edilməmiş və məhkəmənin sorğusuna müvafiq olaraq vətəndaşın işlədiyi təşkilat tərəfindən ümumi və xüsusi iş stajını təsdiq edən izahlı arayış məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən pensiyanın ləğv edilməsinə səbəb kimi göstərilən əsas arqument iddiaçının minimum pensiya təminatına imkan verən pensiya kapitalına malik olmamasıdır. Məhkəmə qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə müvafiq olaraq 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən təyin edilməlidir. Həmin Qanunda isə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı tələb nəzərdə tutulmamışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b bəndinə müvafiq olaraq pensiya təyin edilmiş, lakin hesablama 2017-ci il 01 iyul ayından sonrakı dəyişikliyə uyğun aparılaraq onun pensiya hüququ Fond tərəfindən itirilmişdir. Qeyd olunmalıdır ki, iddiaçı 27 il ümumi və 22 il 1 ay 12 gün xüsusi iş stajını 2006-cı il yanvar ayının 01-dək topladığından hesablama da xx.xx.2017-ci ildən qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsi nəzərə alınmadan, həmin Qanunun 9.8-ci maddəsinin tələbi əsas götürülərək “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun aparılmalıdır. Başqa sözlə xx.xx.2017-ci il tarixli dəyişikliyə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququnu nəzərdə tutan “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi” şərti nəzərə alınmadan vətəndaşa pensiya təyin olunmalıdır. Həmçinin mübahisələndirilən qərarda 29 yanvar 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək ödənilmiş 4889 manat 92 qəpik məbləğində pul vəsaitinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırki halda, əmək pensiyaçısının artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin cavabdeh tərəfindən qanunun bu tələbinə də əməl olunmamış, mübahisələndirilən qərarda artıq ödənilmiş pensiya məbləğinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılması nəzərdə tutulmuşdur. İddia tələbinin təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsinə münasibətdə qeyd edilməlidir ki, bu hissənin həlli birinci hissənin həllindən asılı olduğundan iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, iddiaçının pensiyasının ləğv edilməsinə səbəb olan “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 15 nömrəli qərarının ləğv edilməsi iddiaçının pensiyasının bərpa edilməsinə səbəb olur. Həmçinin məhkəmə onu da qeyd etməyi vacib hesab edir ki, iddiaçıya əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh pensiyanı ləğv etməyə haqlıdır. Lakin bu haqqından istifadə edərək pensiyanın ləğvi barədə məsələni həll edən zaman, cavabdeh eyni zamanda həm pensiya təminatı haqqında qanunvericiliyin əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilərlə bağlı normalarının, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bununla bağlı məhkəmə xüsusilə vurğulayır ki, “İnzibati icraat haqqında” Qanunun yuxarıda göstərilmiş normalarında nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq “Əmək pensiyaları haqqında” Qanunun 9.8 və hazırkı işə aidiyyəti olmayan 31.2-1-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə təyin edilmiş pensiyanı ləğv etməkdə cavabdeh inzibati orqan haqlı olmamışdır. Odur ki, şərh edilənlərə əsasən İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

İddia təmin edilsin. İddiaçı 29 yanvar 2021-ci il tarixdən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 15 nömrəli qərarı ləğv edilsin. Təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyi cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar