Məhkəmə qərarları › İş №2-1(122)-25/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-25/2024

13.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-25/2024 13.05.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 984.1 kv.m. olan qeyri-yaşayış sahəsinin (ticarət obyektinin) sökülməsi ilə bağlı ona vurulmuş 200000.00 (iki yüz min) manat zərərin cavabdeh tərəfindən ona ödənilməsi tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olmuş Culfa şəhəri, Təbriz küçəsi 11 ünvanında yerləşən, ümumi sahəsi 984.1 kv.m. olan qeyri-yaşayış sahəsinin (ticarət obyektinin) sökülməsi ilə bağlı ona vurulmuş 200000.00 (iki yüz min) manat zərərin cavabdeh Culfa Rayon İcra Hakimiyyəti tərəfindən ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və iş üzrə şifahi icraat qaydasında hazırlıq icraatı iclası 13 may 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh Culfa Rayon İcra Hakimiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil İddiaçı Culfa Rayon İcra Hakimiyyətinə qarşı 2019-cu ildə irəli sürdüyü iddianın öhdəliyin icrası haqqında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia (öhdəliyin icrası haqqında iddia İPM-2.2.3-cü maddəsi) olduğunu, İddiaçı hazırki məhkəmə icraatındakı tələbi isə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsində təsbit edilən iddia (inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialar) növündən çıxış etməklə irəli sürüldüyünü, iddiaçının 2019-cu ildə Culfa Rayon İcra Hakimiyyətinə qarşı tələbinin predmetini mülkiyyətində olmuş ünvan 2ünvanında yerləşən, ümumi sahəsi 984.1 kv.m. olan qeyri-yaşayış sahəsinin (ticarət obyekti) sökülməsi ilə bağlı Culfa Rayon İcra Hakimiyyəti tərəfindən ödənilməsi öhdəliyə götürülmüş, lakin ödənilməmiş 22000.00 manat təşkil etdiyini, hüquqi marağa uyğun olaraq seçilmiş iddianın növünün, eyni zamanda, həmin mübahisənin predmetinə uyğun sübutların təqdim edilməsini və hüquqi dəyərləndirmənin iddianın tərkibinə münasibətdə aparılmasını tələb etdiyini, bu mənada iddiaçının hazırki məhkəmə icraatında cavabdehə qarşı irəli sürdüyü maddi hüquqi tələblə 2019-cu ildə Culfa Rayon İcra Hakimiyyətinə qarşı irəli sürülmüş iddianın növü və predmeti arasında hər hansı eyniləşdirmənin aparılmasının mümkün olmadığını, İddiaçı hazırki iddia tələbinin mümkünsüz hesab edilməsi üçün prosessual əsasın müəyyən edilmədiyini nəzərə alaraq, iddia tələbinə mahiyəti üzrə baxılmasının davam etdirilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və iddiaçının vəkilinin izahatlarını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası İnzibati- İqtisadi Məhkəməsinin 20 may 2019-cu il tarixli, 2-1(087)-29/2019 nömrəli qərarının əsaslandırıcı və nəticə hissəsindən görünür ki, İddiaçı məxsus olan Culfa şəhəri, Təbriz küçəsi 11 ünvanında yerləşən, ümumi sahəsi 984.1 kv.m. olan qeyri-yaşayış sahəsinin (ticarət obyektinin) cavabdeh Culfa Rayon İcra Hakimiyyəti tərəfindən 2013-cü ildə sökülməsi, sökülməsi nəticəsində 22000 (iyirmi iki min) manat öhdəliyin cavabdeh inzibati orqan tərəfindən götürülməsi sübuta yetirilmədiyindən İddiaçı cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 984.1 kv.m. olan qeyri-yaşayış sahəsinin (ticarət obyektinin) sökülməsi ilə bağlı öhdəliyin-22000 (iyirmi iki min) manat pulun Culfa Rayon İcra Hakimiyyəti tərəfindən ona ödənilməsi tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab edir ki, hazırki iş üzrə eyni tərəflər arasında eyni predmet barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan iddia tələbi mümkün sayılaraq mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparıla bilməz. Belə ki, iddiaçının tələbinin məzmunu konkret olaraq Culfa şəhəri, Təbriz küçəsi 11 ünvanında yerləşən, ümumi sahəsi 984.1 kv.m. olan qeyri-yaşayış sahəsinin (ticarət obyektinin) sökülməsi ilə bağlı ona vurulmuş zərərə görə kompensasiya ödənilməsi ilə bağlıdır. Eyni tələbə - “mülkiyyətində olmuş Culfa şəhəri, Təbriz küçəsi 11 ünvanında yerləşən, ümumi sahəsi 984.1 kv.m. olan qeyri-yaşayış sahəsinin (ticarət obyektinin) sökülməsi ilə bağlı öhdəliyin-22000 (iyirmi iki min) manat pulun Culfa Rayon İcra Hakimiyyəti tərəfindən ona ödənilməsi tələbi”nə Naxçıvan Muxtar Respublikası İnzibati- İqtisadi Məhkəməsi tərəfindən baxılmış və 20 may 2019-cu il tarixli, 2-1(087)-29/2019 nömrəli qərar ilə iddia təmin edilməmişdir. Həmin qərar iddiaçı tərəfə təqdim edilmiş, iddiaçı tərəf qərar ilə razılaşmış, qərarı yuxarı instansiya məhkəmələrində mübahisələndirməmişlər. Bu isə onu deməyə əsas verir ki, iddiaçı tərəf Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 20 may 2019-cu il tarixli, 2-1(087)-29/2019 nömrəli qərarının doğuracağı hüquqi nəticələr ilə barışmışlar. İddiaçının vəkili 2019-cu ildə məhkəmədə qaldırılan iddia ilə hazırki iddianın eyni predmeti ifadə etmədiklərini iddianın növü baxımından əsaslandırır. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İPM-nin 2.2.7-ci maddəsinə əsasən kompensasiya ödənilməsinə dair iddia İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddianın bir növü hesab edilir. Yalnız iddia tələbindəki müvafiq dəyişikliklər iddia növünün dəyişilməsinə səbəb olmur və iddia növünün dəyişilməsi belə eyni tərəflər arasında eyni predmet barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan mübahisənin yenidən məhkəmə qaydasında mübahisələndirməsinə yol vermir. Həmçinin həmin qərarın əsaslandırıcı hissəsində İddiaçı məxsus olan Culfa şəhəri, Təbriz küçəsi 11 ünvanında yerləşən, ümumi sahəsi 984.1 kv.m. olan qeyri-yaşayış sahəsinin (ticarət obyektinin) cavabdeh Culfa Rayon İcra Hakimiyyəti tərəfindən 2013-cü ildə sökülməsinin, sökülməsi nəticəsində 22000 (iyirmi iki min) manat öhdəliyin cavabdeh inzibati orqan tərəfindən götürülməsinin sübuta yetirilmədiyi qeyd edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı baxımından qərarın mətnində qeyd olunan bu hal isə öz-özlüyündə cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının hansı qaydada pozulduğunu şübhə altına salır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdan əvvəl, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. Məhkəmənin qənaətinə görə hazırki mübahisə predmeti ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarı olduğundan, eyni tərəflər arasında, eyni predmet barəsində mübahisəyə təkrarən baxılmasına yol verilmədiyindən iddia mümkün sayılmamalıdır. Eyni zamanda, qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, məhkəmə iclaslarında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil yardım göstərilərək mübahisə ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğu bildirilmiş, buna görə də iddianın mümkün sayılmaması kimi gözlənilən hüquqi nəticə barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 984.1 kv.m. olan qeyri-yaşayış sahəsinin (ticarət obyektinin) sökülməsi ilə bağlı ona vurulmuş 200000.00 (iki yüz min) manat zərərin cavabdeh tərəfindən ona ödənilməsi tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 984.1 kv.m. olan qeyri-yaşayış sahəsinin (ticarət obyektinin) sökülməsi ilə bağlı ona vurulmuş 200000.00 (iki yüz min) manat zərərin cavabdeh tərəfindən ona ödənilməsi tələbi”nə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar