Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-251/2025 17.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı və cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "dövlət qulluğu vəzifəsində xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixədək Culfa Rayon İcra Hakimiyyətinin Xanağa, Xoşkeşin, Əlincə kəndləri üzrə İcra Hakimiyyəti Nümayəndəliyində mühasib kimi işlədiyi dövrün dövlət qulluğu stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının (dövlət qulluqçusu kimi) yenidən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dövlət qulluğunda olma stajı hesablanarkən əmək kitabçasında qeyd olunan xx.xx.1999-xx.xx.2003-cü illər ərzində Xanağa, Xoşkeşin, Əlincə kəndləri üzrə İcra Hakimiyyəti Nümayəndəliyinə mühasib kimi işlədiyi dövrün dövlət qulluğu stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının (dövlət qulluqçusu kimi) yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona 30 dekabr 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat şöbəsi tərəfindən 18 dekabr 2023-cü il tarixli, 180 nömrəli qərarla 740.15 (yeddi yüz qırx manat on beş qəpik) yaşa görə əmək pensiyası (dövlət qulluqçusu kimi) təyin olunmuşdur. Pensiyası hesablanarkən dövlət qulluğunda olma stajı 19 il 11 ay hesablanmış və pensiya hesablanma faizi 64.75% olmuşdur. Lakin dövlət qulluğunda olma stajı hesablanarkən əmək kitabçasında qeyd olunan xx.xx.1999-xx.xx.2003-cü illər aralığındakı dövr dövlət qulluğu stajına daxil edilməmişdir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna etdiyi müraciətə cavab olaraq göndərilmiş xx.xx.2024-cü il tarixli məktubda bildirmişdir ki, xx.xx.1999 - xx.xx.2003-cü illər aralığındakı dövr əmək kitabçasında olan xx.xx.1999-cu il tarixli işə daxilolma əmrində qaralama halının mövcud olması səbəbindən dövlət qulluğu stajına daxil edilməmişdir. Həmçinin məktubda həmin dövrün dövlət qulluğu stajına daxil edilməsinin mümkünlüyü ilə bağlı xx.xx.2023-cü il tarixdə Culfa Rayon Dövlət Arxivinə göndərilən sorğuya cavab olaraq 1999-2004-cü illərə dair işə daxilolma və əməkhaqqı barədə məlumatın olmadığı, xx.xx.2024-cü il tarixdə isə Xanəgah kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə göndərilən sorğuya cavab olaraq əməkhaqqı barədə məlumat olmadığı və Culfa Rayon İcra Hakimiyyətinə göndərilən sorğuya cavab olaraq isə maliyyə və kargüzarlıq sənədlərinin son 5 il saxlanılmaqla Culfa Rayon Dövlət Arxivinə təhvil verildiyi barədə məlumatlar qeyd olunmuşdur. Həmin məktubda 1998, 1999, 2000, 2001-ci illərə aid əmr kitabı ilə əmək kitabçası arasında uyğunsuzluqların olması baxımından xx.xx.1999xx.xx.2003-cü illər aralığındakı dövr dövlət qulluğu stajına daxil edilməmişdir. Lakin qeyd edilir ki, əmək kitabçasında xx.xx.2004-cü il tarixli işə daxilolma əmrində qaralama halının olmasına baxmayaraq, əmək kitabçasının tarix qeyd olunan hissəsində həmin əmrin tarixi aşkar şəkildə göstərilmişdir. xx.xx.1999-xx.xx.2003-cü illər aralığındakı dövr Xanağa, Xoşkeşin, Əlincə kəndləri üzrə icra hakimiyyəti nümayəndəliyində mühasib işlədiyi dövr əmrlər kitabından verilmiş çıxarışda xx.xx.1999-cu il tarixli, 45a nömrəli əmrdə göstərilmişdir. Bununla yanaşı 2 yanvar 2004-cü il tarixdən etibarən Xanəgah inzibati ərazi dairəsi üzrə icra hakimiyyəti nümayəndəliyində baş mühasib təyin edilməyi Culfa RayonDövlət Arxivi tərəfindən verilmiş əmrlər kitabının arxiv arayışında (xx.xx.2004-cü il tarixli 2 nömrəli əmr) öz əksini tapmışdır. Habelə Culfa Rayon Dövlət Arxivi tərəfindən 1992-1999-cu illər üzrə Əlincə qoyunçuluq Sovxozda, 2004-2005-ci illər Xanəgah kənd İcra Nümayəndəliyində işləməyi ilə bağlı 1992-2005-ci illəri əhatə edən əmək haqqı cədvəli verilmişdir. İddiaçı göstərilənlərə əsasən dövlət qulluğunda olma stajı hesablanarkən əmək kitabçasında qeyd olunan xx.xx.1999-xx.xx.2003-cü illər ərzində Xanağa, Xoşkeşin, Əlincə kəndləri üzrə İcra Hakimiyyəti Nümayəndəliyinə mühasib kimi işlədiyi dövrün dövlət qulluğu stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının (dövlət qulluqçusu kimi) yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan 12 dekabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı dövlət qulluğunda olma stajı hesablanarkən əmək kitabçasında qeyd olunan xx.xx.1999-xx.xx.2003-cü illər ərzində Xanağa, Xoşkeşin, Əlincə kəndləri üzrə İcra Hakimiyyəti Nümayəndəliyinə mühasib kimi işlədiyi dövrün dövlət qulluğu stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının (dövlət qulluqçusu kimi) yenidən hesablanmasının cavabdeh orqanın üzərinə qoyulması tələbi barədə iddia qaldırdığını bildirib, iddia tələbini dəqiqləşdirərək "dövlət qulluğu vəzifəsində xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixədək Culfa Rayon İcra Hakimiyyətinin Xanağa, Xoşkeşin, Əlincə kəndləri üzrə İcra Hakimiyyəti Nümayəndəliyində baş mühasib kimi işlədiyi dövrün dövlət qulluğu stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının (dövlət qulluqçusu kimi) yenidən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbi kimi oxunmasını və həmin tələb üzrə qərar qəbul edilməsini xahiş edərək bu barədə yazdığı 12 dekabr 2024-cü il tarixli ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmənin 12 dekabr 2024-cü il tarixli, 2-1(122)-948/2024 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair məhkəməyə ünvanlanan 20 may 2024-cü il tarixli yazılı münasibətini (etirazını) onunla əsaslandırmışdır ki, xx xxxxxxx 1958-ci il tarixdə anadan olmuş, Culfa rayonu, Xanəgah kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat şöbəsinin 18 dekabr 2023-cü il tarixli, 180 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci və 20.11-ci maddələrinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 09 avqust 1976-cı il tarixli, HT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək (7 ay 19 gün) Sumqayıt Sintezkauçuk zavodunda nəqliyyat üzrə 3-cü dərəcəli çilingər vəzifəsində işləmişdir. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa Rayon Şöbəsinin 28 sentyabr 2023-cü il tarixli, 484 saylı arayışına əsasən iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək (2 il 07 gün) müddətli həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1979-cu il tarixdən xx.xx.1981 -ci il tarixədək (2 il 23 gün) 50 nömrəli Tikinti İdarəsində fəhlə, xx.xx.1981 -ci il tarixdən xx.xx.1994-cü il tarixədək (12 il 7 ay 10 gün) “Əlincə” qoyunçuluq sovxozunda çilingər, daha sonra anbardar, xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək (5 il 8 ay 19 gün) həmin sovxozda baş mühasib vəzifələrində işləmişdir. Beləliklə, İddiaçı hərbi xidmətdə olduğu və işlədiyi müddətləri cəmlədikdə onun 1976-cı il tarixdən 1999-cu il tarixədək 23 il 18 gün iş stajı olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 02 yanvar 2000-ci il tarixli, ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək (4 il 7 ay) Xanağa, Xoşkeşin və Əlincə kəndləri üzrə icra nümayəndəliyində baş mühasib, xx.xx.2004-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (19 il 10 ay 29 gün) Xanəgah inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyində baş mühasib vəzifəsində işləmişdir. Beləliklə, əmək kitabçası üzrə İddiaçı Xanağa, Xoşkeşin, Əlincə və Xanəgah inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyində baş mühasib vəzifəsində işlədiyi 1999-2023-cü illər üzrə 24 il 6 ay iş stajının olduğu müəyyən edilmişdir. İddiaçı pensiya hesablanarkən dövlət qullluğunda olma stajı 19 il 11 ay hesablanmış və pensiya hesablanma faizi 19 il 11 ay əsasında 64.75% olmuşdur. İddiaçının dövlət qulluğunda olma stajı hesablanarkən, onun təqdim etdiyi əmək kitabçasında qeyd olunan xx.xx.1999-cu il tarixdə Xanağa, Xoşkeşin və Əlincə kəndləri üzrə icra nümayəndəliyinə baş mühasib vəzifəsinə daxilolma əmrində qaralama halının mövcud olması səbəbindən xx.xx.1999-xx.xx.2003-cü illər aralığındaki dövr dövlət qulluğu stajına daxil edilməmişdir. Qeyd olunan dövrün dövlət qulluğu stajına daxil edilməsinin mümkünlüyü ilə bağlı xx.xx.2023-cü il tarixində Culfa Rayon Dövlət Arxivinə, xx.xx.2024-cü il tarixində isə Xanəgah kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə və Culfa Rayon icra Hakimiyyətinə müraciət olunmuşdur. Culfa Rayon Xanəgah kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 07/04 saylı cavab məktubunda Fond tərəfindən göndərilmiş əmək kitabçasına baxış zamanı İddiaçı Xanağa, Xoşkeşin və Əlincə kəndləri üzrə icra nümayəndəliyində xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək mühasib vəzifəsində işlədiyinin məlum olduğu göstərilmişdir. Əmək haqqı barədə məlumatın olmadığı bildirilmişdir. Göründüyü kimi sonuncu yalnız əmək kitabçasında olan məlumatlara istinad etmişdir. Culfa Rayon Dövlət Arxivinin 27 dekabr 2023-cü il tarixli, 30 saylı məktubunda Culfa Rayon Xanəgah kənd İcra Nümayəndəliyinin sənədlərinə baxıldıqda 1999-2004-cü illər əməkhaqqı və əmr kitabları Culfa Rayon Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı yuxarıda qeyd edilən illərdə işə girmə və əməkhaqqı alma barədə məlumatın olmadığı göstərilmişdir. Culfa Rayon İcra Hakimiyyətinin 19 yanvar 2024-cü il tarixli, 5-23/2-45/2024 saylı məktubunda Culfa Rayon İcra Hakimiyyətində maliyyə və kargüzarlıq sənədlərinin son 5 il saxlanılmaqla Culfa Rayon Dövlət Arxivinə təhvil verildiyi qeyd edilmişdir. İddiaçı tərəfindən Fonda təqdim edilmiş əmr kitabının surəti Fondun əməkdaşları tərəfindən araşdırılmış və Xanəgah kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində yoxlanılaraq aktlaşdırılmışdır. Aparılmış araşdırma zamanı iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1999-cu il tarixli, 45a nömrəli əmr 1998-ci, 1999-cu, 2000-ci və 2001-ci illərə aid əmr kitabında öz təstiqini tapsa da, əmrin verilmə tarixinin əmr kitabında olmaması, xx.xx.1999-cu il tarixində verilən əmrin nömrəsinin 29 olması və əmrin X1 analıq məznuniyyətinə buraxılması ilə bağlı olması, əmr kitabında əmr nömrələrinin ardıcıl olması (məsələn, əmr № 1, əmr № 2 ,əmr № 3 və s), lakin 45a nömrəli əmrin 45 və 46 nömrəli əmrlərin arasına girməsi və 45a nömrəli əmrə oxşar əmr nömrələrinin olmaması (məsələn əmr № 45b, əmr № 45c, əmr № 45d) həmçinin, əmək kitabçasında xx.xx.1999-cu il tarixli, 45a nömrəli əmrin latın qrafikalı Azərbaycan əlifbası ilə yazılması və vurulmuş möhürün mürəkkəbinin göy rəngdə olması, əmr kitabında isə eyni əmrin kiril qrafikalı Azərbaycan əlifbası ilə yazılması və vurulmuş möhürün mürəkkəbinin qara rəngdə olması məlum olmuşdur. Beləliklə, 1998-ci, 1999-cu, 2000-ci və 2001-cı illərə aid əmr kitablarına baxış zamanı əmr kitabı ilə İddiaçı əmək kitabçasında qeyd olunmuş məlumatlar arasında uyğunsuzluq mövcud olduğundan onun xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrü Xanağa, Xoşkeşin və Əlincə kəndləri üzrə icra nümayəndəliyində baş mühasib vəzifəsində işlədiyi illərin dövlət qulluğu stajına daxil edilməsi mümkünsüz hesab edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “dövlət qulluğunda olma stajı hesablanarkən əmək kitabçasında qeyd olunan xx.xx.1999-xx.xx.2003-cü illər ərzində Xanağa, Xoşkeşin, Əlincə kəndləri üzrə İcra Hakimiyyəti Nümayəndəliyinə mühasib kimi işlədiyi dövrün dövlət qulluğu stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının (dövlət qulluqçusu kimi) yenidən hesablanması tələbi"nin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 17 aprel 2025-ci il tarixə təyin edilmişdir. 17 aprel 2025-ci il tarixə təyin edilmiş şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini dəqiqləşdirirərək “dövlət qulluğu vəzifəsində xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixədək Culfa Rayon İcra Hakimiyyətinin Xanağa, Xoşkeşin, Əlincə kəndləri üzrə İcra Hakimiyyəti Nümayəndəliyində mühasib kimi işlədiyi dövrün dövlət qulluğu stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının (dövlət qulluqçusu kimi) yenidən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi” kimi işə baxılaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə iddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Şahid ifadəsi: 12 dekabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında şahid qismində iştirak edən X5 ona ünvanlanmış suallları cavablandıraraq iddiaçını tanıdığını, iddiaçı ilə iş yoldaşı olduqlarını, hal-hazırda dövlət qulluqçusu kimi pensiyada olduğunu, universiteti bitirəndən sonra 1993-cü ilə qədər müəllim, direktor, direktor müavini olaraq işlədiyini, 1993-cü ilin may ayından 2013-cü ilə qədər 3 kəndin-Xanağa, Xoşkeşin və Əlincə kəndlərinin İcra Hakimiyyətinin nümayəndəsi vəzifəsində işlədiyini, sonra həmin kəndlərin ayrıldığını, ayrılmanın dəqiq tarixini xatırlamadığını, lakin ayrılandan sonra Xanəgah icra nümayəndəliyinin ayrı, Xoşkeşin və Əlincə icra nümayəndəliyinin ayrı olduğunu, əvvəl inzibati binanın Əlincə kəndində yerləşdiyini, sonra müvəqqəti olaraq Xanəgah kəndində bir binaya yerləşdirildiyini, İddiaçı əvvəl mühasibin X2 olduğunu, həmin vaxtlar məktəblərdən başqa digər idarələrin səhiyyə, maarif, mədəniyyət və.s əmrlərini onların verdiyini, X2 ailə həyatı qurduğuna görə işdən ayrıldıqdan sonra İddiaçı mühasib olaraq işə götürdüyünü, İddiaçı əmrini onun tərəfindən verildiyini, ozünün əmrini isə icra başçısının verdiyini, digər işçilərin əmrini isə özünün verdiyini, İddiaçı mühasib olaraq işə 1999-cu ildə götürdüyünü, iddiaçının əmək kitabçasını özünün doldurduğunu, iddiaçının əmək kitabçasındakı imzanın ona aid olduğunu, idarənin adının Xanəgah İnzibati Ərazi Dairəsi üzrə İcra Hakimiyyətinin nümayəndəliyi olduğunu, kəndlər ayrılandan sonra da iddiaçının onunla birlikdə Xanəgah İnzibati Ərazi Dairəsi üzrə İcra Hakimiyyətinin nümayəndəliyində mühasib vəzifəsində işləməyə davam etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 ona ünvanlanmış sualları cavablandıraraq iddiaçının işlədiyi vaxt tanıdığını, özünün təxminən 9 il icarə nümayəndəlikdə mühasib vəzifəsində işlədiyini, ailə qurduğu üçün Şurud kəndinə köçdüyündən işdən çıxmalı olduğunu, 1999-cu ilədək həmin vəzifədə işlədiyi illər nəzərə alınmaqla hazırda dövlət qulluqçusu kimi pensiya aldığını, 1999-cu ilin sentyabr ayında sənədləri X3 təhvil verərək işdən ayrıldığını, həmin vaxt icra nümayəndəsinin X6 olduğunu və iddiaçının barəsində olan əmrləri əmr kitabına özünün yazdığını bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Culfa rayonu Xanəgah kəndində yaşayan İddiaçı ünvanlanmış 22 fevral 2024-cü il tarixli, 3-17-9-1/2-M-1584/2024 nömrəli məktubdan aydın olur ki, Fondun Xüsusi şərtlərlə təyinat şöbəsi tərəfindən 18 dekabr 2023-cü il tarixli, 180 nömrəli qərarla 740.15 (yeddi yüz qırx manat on beş qəpik) yaşa görə əmək pensiyası (dövlət qulluqçusu kimi) təyin edilmişdir. Ona pensiya hesablanarkən dövlət qullluğunda olma stajı 19 il 11 ay hesablanmış və pensiya hesablanma faizi 19 il 11 ay əsasında 64,75% olmuşdur. Dövlət qulluğunda olma stajı hesablanarkən təqdim edilən əmək kitabçasında qeyd olunan xx.xx.1999-cu il tarixli işə daxilolma əmrində qaralama halının mövcud olması səbəbindən xx.xx.1999- xx.xx.2003-cü illər aralığındakı dövr dövlət qulluğu stajına daxil edilməmişdir. Qeyd olunan dövrün dövlət qulluğu stajına daxil edilməsinin mümkünlüyü ilə bağlı xx.xx.2023-cü il tarixində Culfa Rayon Dövlət Arxivinə, xx.xx.2024-cü il tarixində isə Xanəgah kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyə və Culfa Rayon İcra Hakimiyyətinə məktub (sorğu) göndərilmişdir. Culfa Rayon Dövlət Arxivi tərəfindən göndərilən cavab məktubunda 1999-2004-cü illərə dair işə daxilolma və əməkhaqqı barədə məlumatın müəyyən olunmadığı, Xanəgah kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin cavab məktubunda əməkhaqqı barədə məlumat olmadığı, Culfa Rayon İcra Hakimiyyətinin cavab məktubunda isə maliyyə və kargüzarlıq sənədlərinin son 5 il saxlanılmaqla Culfa Rayon Dövlət Arxivinə təhvil verildiyi qeyd edilmişdir. Daha sonra Fondda məsul şəxslər tərəfindən dinlənilən zaman təqdim edilən əmr kitabının surəti Fondun əməkdaşları tərəfindən araşdırılmış və əmr kitabının əsli olduğu yerdə - Xanəgah kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin binasında yoxlanılaraq aktlaşdırılmışdır. 1998, 1999, 2000, 2001-ci illərə aid əmr kitabına yerində baxış zamanı aşağıdakılar aşkarlanmışdır: 1) Əmək kitabçasında qeyd olunan xx.xx.1999-cu il tarixli, 45a nömrəli əmr 1998, 1999, 2000, 2001-ci illərə aid əmr kitabında öz təsdiqini tapsa da, əmrin verilmə tarixinin əmr kitabında olmaması; 2) xx.xx.1999-cu il tarixində verilən əmrin nömrəsinin 29 olması və əmrin X1 analıq məznuniyyətinə buraxılması ilə bağlı olması; 3) Əmr kitabında əmr nömrələrinin ardıcıl olması (məsələn, Əmr № 1, Əmr № 2, Əmr № 3 və s), 45a nömrəli əmrin 45 və 46 nömrəli əmrlərin arasına girməsi və 45a nömrəli əmrə oxşar əmr nömrələrinin olmaması (məsələn, Əmr № 45b, Əmr № 47c, Əmr № 47d); 4) Əmək kitabçasında xx.xx.1999-cu il tarixli, 45a nömrəli əmrin Latın qrafikalı Azərbaycan əlifbası ilə yazılması və mürəkkəbi göy rəngdə olan möhür vurulması, əmr kitabında isə eyni əmrin kiril qrafikalı Azərbaycan əlifbası ilə yazılması və mürəkkəbi qara rəngdə olan möhür vurulması; 1995, 1999, 2000, 2001-ci illərə aid əmr kitabına baxış zamanı əmr kitabı ilə əmək kitabçası arasında uyğunsuzluqlar mövcud olduğundan xx.xx.1999-cu il tarixindən xx.xx.2003-cü il tarixinədək olan dövrü dövlət qulluğu stajına daxil etmək mümkün deyildir. - ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdə 45a nömrəli əmrlə Xanağa, Xoşkeşin, Əlincə kəndləri üzrə icra nümayəndəliyinə mühasib təyin edilmiş, xx.xx.2004-cü il tarixdə 2 nömrəli əmrlə Xanəgah İnzibati Ərazi Dairəsi üzrə İcra Hakimiyyəti Nümayəndəliyinə baş mühasib təyin edilmiş, xx.xx.2023-cü il tarixdə Culfa Rayon İcra Hakimiyyəti başçısının Xanəgah kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin baş məsləhətçi- baş mühasib vəzifəsindən azad edilmişdir. - Culfa Rayon Dövlət Arxivi tərəfindən verilmiş 04 dekabr 2023-cü il tarixli, 463 nömrəli arayışdan aydın olur ki, İddiaçı xx.xx.1981-ci ildə 10 №-li əmrlə Culfa Rayon Əlincə qoyunçuluq Sovxozda işə girmişdir. 1992-1999-cu illər Əlincə qoyunçuluq sovxozda, 2004-2005-ci illər Xanəgah kənd İcra Nümayəndəliyində işləmiş aylar üzrə əmək haqqı almışdır. Arayışda 1992-1999-cu və 2004-2005-ci illər ərzində aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. - Culfa Rayon İcra Hakimiyyətinin Xanəgah kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 mart 2024-cü il tarixli, 07/69 nömrəli arayışdan görünür ki, İddiaçı Culfa rayon Xanəgah kəndində yaşayır. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx xxxxxxx 1958-ci il tarixdə doğulmuşdur. - Culfa Rayon İcra Hakimiyyətinin Xanəgah kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 11 iyun 2024cü il tarixli, 07/16 nömrəli məktubdan məlum olur ki, İddiaçı 1999-2003-cü illərədə Xanağa, Xoşkeşin, Əlincə kəndləri üzrə icra hakimiyyəti nümayəndəliyində mühasib kimi işlədiyi dövrə aid Xanəgah kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdə olan sənədlər məhkəməyə göndərilmişdir. - Culfa Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Culfa Rayon Dövlət Arxivinin 06 iyun 2024-cü il tarixli, 54 nömrəli arxiv arayışından məlum olur ki, Culfa rayon Dövlət Arxivində mühafizə olunan, Culfa rayon Xanağa, Xoşkeşin, Əlincə kəndləri üzrə İcra Nümayəndəliyinin 1999-2003-cü illərə dair əməkhaqqı və əmr kitabları Culfa rayon Dövlət Arxivinə təhvil verildmədiyindən İddiaçı işə girmə, işdən azad olunma əmrləri və adına əməkhaqqı müəyyən edilmədi. - Culfa Rayon Maliyyə Şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 22 iyul 2024-cü il tarixli, 3-23-69-5/2-135/2024 nömrəli məktubdan məlum olur ki, İddiaçı xx.xx.1999-xx.xx.2003-cü illər ərzində Xanağa, Xoşkeşin, Əlincə kəndləri üzrə İcra Hakimiyyəti Nümayəndəliyində mühasib kimi işlədiyi dövr Culfa Rayon Maliyyə Şöbəsinin arxivində aşkarlanmadı. Şöbənin arxivində son beş ilin arxiv sənədləri saxlanılmaqdadır. - Culfa Rayon İcra Hakimiyyətinin Xanəgah kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən İddiaçı 2003-cü ilə dair aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. İddiaçı tərəfindən 1999-2003-cü illərdə Xanağa, Xoşkeşin, Əlincə kəndləri üzrə icra hakimiyyəti nümayəndəliyində mühasib kimi işləməsini təsdiq edən həmin dövrə aid ezamiyyə vəsiqələrindən, protokollardan və aktlardan çıxarışları məhkəməyə təqdim etmişdir. Həmçinin Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı 777388 nömrəli pensiya işinin surəti məhkəməyə təqdim edilmişdir. İddiaçı 777388 nömrəli pensiya işində olan Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat şöbəsinin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 180 nömrəli qərarından görünür ki, ona təyin edilmiş pensiyanın məbləği 740 manat 15 qəpik təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16-cı maddəsinin İ hissəsinə Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən hər bir dövlət bu Paktda nəzərdə tutulan hüquqların tam şəkildə həyata keçirilməsini mümkün ehtiyatların maksimum səviyyəsində təmin etmək üçün addımlar atmalıdır. Hər kəs heç bir ayrı-seçkiliyə yol verilmədən eyni hüquqlara malikdir. 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun: - 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. - 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövürlərin məcmusudur. - 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: - 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) - 20.11.1-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11- 1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; - 20.11.2-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. - 20.12-ci maddəsinə əsasən bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2 və 21.2.1-ci maddələrinə əsasən bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur): - 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. .. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə”1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaların: - 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında qeydlər işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə), uyğun aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur. 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı dövlət qulluğu vəzifəsində xx.xx.1999cu il tarixdən xx.xx.2003-cü il tarixədək Culfa Rayon İcra Hakimiyyətinin Xanağa, Xoşkeşin, Əlincə kəndləri üzrə İcra Hakimiyyəti Nümayəndəliyində mühasib kimi işlədiyi dövrün dövlət qulluğu stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının (dövlət qulluqçusu kimi) yenidən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Hazırki iş üzrə əsas mübahisəli məsələ əmr kitabı ilə əmək kitabçası arasında uyğunsuzluqların olması baxımından xx.xx.1999-xx.xx.2003-cü illər ərzində işlədiyi dövrün dövlət qulluğu stajına daxil edilməməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, mübahisəyə dair işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mübahisələndirilən dövrlərdəki əmək fəaliyyəti əmək kitabçasında olan qeydlərdə, arayışlarla və əmrdən çıxarışlarla təsdiq olunur. İddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə iddiaçının əmək kitabçasını və arxiv arayışlarını mötəbər sübut kimi qiymətləndirir. Belə ki, məhkəmə iclasında baxış keçirilmiş Culfa Rayon İcra Hakimiyyətinin Xanağa, Xoşkeşin, Əlincə kənd nümayəndəliyi üzrə əmrlər kitabından görünür ki, 01 sentyabr 1999-cu il tarixli, 45 nömrəli əmrə əsasən hazırki iş üzrə şahid qismində dindirilən X2 İcra Nümayəndəliyinin mühasibi vəzifəsindən azad olunmuşdur, 45a nömrəli əmrə əsasən həmin tarixdən etibarən Xanağa kənd sakini İddiaçı ərizəsi nəzərə alınaraq icra nümayəndəliyinə mühasib təyin edilmişdir. Xanağa, Xoşkeşin, Əlincə kənd nümayəndəliyinin 02 sentyabr 1999-cu il tarixli, 47 nömrəli əmrinə əsasən İcra Nümayədəsinin katibi M.Seyidov və mühasib İddiaçı bir gün müddətinə Culfa şəhərinə ezam edilmişdilər. 1999-cu il tarixdən 2003-cü ildə daxil olmaqla iddiaçının barəsində Xanağa, Xoşkeşin, Əlincə kənd nümayəndəliyinə aid müxtəlif əmrlər (məzunuyyətə buraxılması və s.) aktlar, ezamiyyə vərəqələri, iclas protokolları və digər sənədlər əsasında iddiaçının 1999-2003-cü illərdə Xanağa, Xoşkeşin, Əlincə kənd nümayəndəliyində mühasib vəzifəsində işləməsi öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə icraatı zamanı şahid qismində dindirilmiş İddiaçı ünvanlanan suallara verilən cavablardan aydın olmuşdur ki, o, İddiaçı mühasib olaraq işə götürdüyünü, İddiaçı əmrini onun verdiyini, İddiaçı mühasib olaraq işə 1999-cu ildə götürdüyünü, iddiaçının əmək kitabçasındakı imzanın ona aid olduğunu, idarənin adının Xanəgah İnzibati Ərazi Dairəsi üzrə İcra Hakimiyyətinin nümayəndəliyi olduğunu, kəndlər ayrılandan sonra da iddiaçının onunla birlikdə Xanəgah İnzibati Ərazi Dairəsi üzrə İcra Hakimiyyətinin nümayəndəliyində mühasib vəzifəsində işləməyə davam etdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, təqdim olunmuş arayışlar və digər sübutlarla iddiaçının 1999-2003-cü illərdə Culfa Rayon İcra Hakimiyyətinin Xanağa, Xoşkeşin, Əlincə kəndləri üzrə İcra Hakimiyyəti Nümayəndəliyində əmək fəaliyyəti ilə məşğul olması öz təsdiqini tapmışdır. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən iddiaçının 1998, 1999, 2000, 2001-ci illərə dair iş stajına malik olmaması barədə cavabdehin dəlilləri ilə məhkəmə razılaşmayaraq, formalaşmış məhkəmə təcrübəsinə əsaslanaraq bildirir ki, belə xarakterli işlərdə əmək haqqı cədvəllərinin dövlət arxivinə təhvil verilməməsi, əmək kitabçasında və ya əmrlərdə müvafiq qeydlərin qeyri-dəqiq aparılması və s. iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar olmadığından həmin illərin iddiaçının stajı hesablanarkən nəzərə alınmaması onun hüququnun əsassız olaraq pozulması ilə nəticələnir. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Nəticə etibarı ilə məhkəmə hesab edir ki, cavabdeh “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş və həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "dövlət qulluğu vəzifəsində xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixədək Culfa Rayon İcra Hakimiyyətinin Xanağa, Xoşkeşin, Əlincə kəndləri üzrə İcra Hakimiyyəti Nümayəndəliyində mühasib kimi işlədiyi dövrün dövlət qulluğu stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının (dövlət qulluqçusu kimi) yenidən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. Dövlət qulluğu vəzifəsində xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixədək Culfa Rayon İcra Hakimiyyətinin Xanağa, Xoşkeşin, Əlincə kəndləri üzrə İcra Hakimiyyəti Nümayəndəliyində mühasib kimi işlədiyi dövrün dövlət qulluğu stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının (dövlət qulluqçusu kimi) yenidən hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-251/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-251/2025
17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver