Məhkəmə qərarları › İş №2-1(122)-252/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-252/2022

03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-252/2022 03.11.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və iddiaçıların vəkili Vəkil iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı "Şərur Rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 04 nömrəli qərarının, həmçinin Şərur Rayon Aqrar İslahat Komissiyasına təqdim edilən Mahmudkənd kəndində torpaq almaq hüququ olan subyektlərin adlı siyahısının X5, X8 və X6 münasibətdə ləğv olunması və həmin hissədə yazı ad qeydinin İddiaçı1 və İddiaçı2 aid olmasına dair müvafiq düzəliş edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur Rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 04 nömrəli qərarının, həmçinin Şərur Rayon Aqrar İslahat Komissiyasına təqdim edilən Mahmudkənd kəndində torpaq almaq hüququ olan subyektlərin adlı siyahısının X5, X8 və X6 münasibətdə ləğv olunması və həmin hissədə yazı ad qeydinin İddiaçı1 və İddiaçı2 aid olmasına dair müvafiq düzəliş edilməsi öhdəliyinin cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 03 noyabr 2022ci il tarixə təyin olunmuşdur. Məhkəmə tərəfindən iddiaçılara və iddiaçıların vəkili Vəkil 10 oktyabr 2022-ci il tarixli, 2-1(122)-252/2022 nömrəli yardım məktubu ünvanlanaraq iddia tələbinin qeyrimüəyyən ifadə olunduğu, belə olan təqdirdə, məhkəmə tərəfindən cavabdeh inzibati orqana qarşı konkret iddia tələbinin nədən ibarət olduğunu müəyyən etməyin mümkün olmadığı, həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən proses iştirakçılarının sayına görə iddia ərizəsinin və digər sənədlərin surətləri iddia ərizəsinə əlavə olunmalı olduğu halda, qanunvericiliyin göstərilən tələbinə riayət olunmadığı bildirilmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə əsasən 03 noyabr 2022-ci il tarixədək cavabdeh inzibati orqana qarşı iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuşdur. Məhkəmənin 10 oktyabr 2022-ci il tarixli yardım məktubu iddiaçılar və iddiaçıların vəkili tərəfindən 13 oktyabr 2022-ci il tarixdə imza edilərək alınmış, lakin məktubda nəzərdə tutulan hallarla bağlı bugünədək heç bir tədbir görülməmiş, iddia tələbi dəqiqləşdirilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 qardaşının yoldaşı X1 və qızları X8 ilə X3 1998-ci il tarixdə mərhum atası X7 yanında təsərrüfat üzvü kimi yaşamadıqlarını, təsərrüfat idarə etmədiklərini, qardaşının ailəsi ilə birlikdə 1993-cü ildən Bakı şəhərində yaşadıqlarını, özünün isə ailəsi ilə birlikdə həmişə həmin evdə yaşadıqlarını, Cəlilkənd İcra Nümayəndəliyi tərəfindən təqdim edilən Mahmudkənd kəndində torpaq almaq hüququ olan subyektlərin adlı siyahısında X7 ailə-təsərrüfat üzvü kimi göstərilən X1, X4 və X3 ad qeydlərinin tamamilə formal xarakter daşıdığını, bununla da onların hüquqlarının ciddi şəkildə pozulduğunu, məhkəmə tərəfindən onlara ünvanlanmış məktubdan xəbərdar olduğunu, lakin iddia tələbini dəqiqləşdirmək istəmədiyini bildirərək məhkəmədən hazırki tələb üzrə işə baxılıb qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 digər iddiaçının dediklərini təsdiq edərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili Vəkil məhkəmədən hazırki tələb üzrə işə baxılıb qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 45.2-ci maddəsinə əsasən proses iştirakçılarının sayına görə iddia ərizəsinin və digər sənədlərin surətləri iddia ərizəsinə əlavə olunmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1, 1.2, 1.3-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. İddia ərizəsinin məzmunundan da aydın olur ki, iddiaçılar tərəfindən iddia tələbi qeyri-müəyyən ifadə olunmuşdur. Belə olan təqdirdə məhkəmə tərəfindən iddiaçıların cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı konkret tələbinin nədən ibarət olduğunu müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəfindən iddiaçıların və iddiaçıların vəkilinin ünvanına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən yardım məktubu göndərilərək onlara zəruri hüquqi yardım göstərilmişdir. Lakin təyin edilmiş müddət ərzində onlar tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hər hansı bir tədbir görülməmişdir. Belə olan təqdirdə iddiaçıların hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı formada pozulduğunu (inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində) müəyyən etmək mümkün olmamışdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasında aparılmış aqrar islahatlar artıq başa çatmışdır və iddiaçılar islahatların nəticələrinə dair qərarı və yaxud islahatın nəticələrinin mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddəti ötürmüşdürlər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının X2 qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon X2 və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Hazırki iş üzrə iddiaçılar tərəfindən cavabdeh qismində göstərilmiş Şərur Rayon İcra Hakimiyyətinin Aqrar İslahat Komissiyasının qərarını ləğv etmək, dəyişdirmək, torpaq payı almamış şəxslərin adlarını torpaq payı alacaq subyektlərin siyahısına daxil etmək və bununla da üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahəsini vətəndaşın mülkiyyətinə vermək səlahiyyəti yoxdur. Beləliklə məhkəmə hesab edir ki, iddia düzgün cavabdehə qarşı yönəlmədiyindən mümkün sayılmamalıdır. Həmçinin iddiaçı tərəfə izah olunur ki, Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli, 226 nömrəli fərmanına əsasən "X13 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli, 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edildiyindən, bununla da ölkədə aparılan islahat başa çatdığından və X2 həmin fərmanla hüquqi varisi müəyyən edilmədiyindən hazırki iddia ərizəsində qeyd olunan tələblərin üzərinə qoyulması mümkün olan cavabdeh inzibati orqan mövcud deyildir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinin tələbinə əsasən yardım etmək vəzifəsi həm məhkəmə iclasında yerinə yetirilmiş, həm də iddiaçıların və iddiaçıların vəkili Vəkil ünvanına yardım məktubu göndərilərək onlara zəruri hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı "Şərur Rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 04 nömrəli qərarının, həmçinin Şərur Rayon Aqrar İslahat Komissiyasına təqdim edilən Mahmudkənd kəndində torpaq almaq hüququ olan subyektlərin adlı siyahısının X5, X8 və X6 münasibətdə ləğv olunması və həmin hissədə yazı ad qeydinin İddiaçı1 və İddiaçı2 aid olmasına dair müvafiq düzəliş edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı "Şərur Rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 04 nömrəli qərarının, həmçinin Şərur Rayon Aqrar İslahat Komissiyasına təqdim edilən Mahmudkənd kəndində torpaq almaq hüququ olan subyektlərin adlı siyahısının X5, X8 və X6 münasibətdə ləğv olunması və həmin hissədə yazı ad qeydinin İddiaçı1 və İddiaçı2 aid olmasına dair müvafiq düzəliş edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar