Məhkəmə qərarları › İş №2-1(122)-255/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-255/2022

15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-255/2022 15.12.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı, cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon idarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinə qarşı "ona pensiya hüququnun yarandığı 01 oktyabr 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10 noyabr 2021-ci il tarixli, 10 nömrəli qərarın ləğv edilməsi və pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci il tarixində Babək rayonu, Zeynəddin kəndində anadan olmuş, 1970-1978-ci illərdə Babək rayon Zeynəddin kənd orta məktəbində oxumuşdur. 01 sentyabr 1978-ci il tarixindən Sumqayıt şəhərində yerləşən peşə məktəbinə daxil olmuş, 28 iyul 1981-ci il tarixində 2317 nömrəli diplom almışdır. 1979-1980-ci illərdə Azərbaycan X8 Hissəsinin-PC-11 Dəmir Yolunda işləmişdir. 10 noyabr 1981-ci il tarixdən 21 dekabr 1983-cü il tarixinədək həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1984-cü il tarixli, 17 №-li əmrlə 101 №-li MSD-yə İV dərəcəli qaynaqçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixli, 9S saylı əmrlə 51 №-li Tikinti Trestinin 51 №-li X2 V dərəcəli qaynaqçı vəzifəsinə keçirilmişdir. xx.xx.1988-ci il tarixli, 12S №-li PMK- 102-yə V dərəcəli qaynaqçı olaraq keçirilmişdir. xx.xx.1988-ci il tarixli, 30 №-li əmrlə 101 №-li MSD-dən qaynaqçı vəzifəsindən azad edilmişdir. xx.xx.1988-ci il tarixli, 35K №-li əmrlə Naxçıvan Tikinti Quraşdırma Dövlət Şirkətinə, 30 №-li PMK-ya V dərəcəli qaynaqçı olaraq işə qəbul edilmişdir. xx.xx.1997-ci il tarixli, 7 №-li əmrlə 30 №-li PMK ləğv olunduğundan Naxçıvan Su Tikinti Quraşdırma İdarəsinə Vİİİ dərəcəli qaynaqçı olaraq köçürülmüşdür. Ümumilikdə 2005-ci ilədək Naxçıvan Tikinti Quraşdırma Dövlət Şirkətində, 30 №-li PMK-da qaynaqçı vəzifəsində işləmiş, 01 iyun 2006-cı il tarixdən 14 yanvar 2008ci il tarixinədək "xxxx" MMC-də qaynaqçı vəzifəsində işləmişdir. Eyni zamanda 01 yanvar 2007-ci il tarixdən 12 aprel 2007-ci il tarixinədək "xxxx" MMC-də qaynaqçı vəzifəsində işləmiş, xx.xx.2019-cu il tarixdən isə "xxxx" MMC-də qaynaqçı vəzifəsində işləyir. Arxiv arayışlarından və əmrdən çıxarışlarla aydın olur ki, iddiaçı 1984-cü ildən 2019-cu ilədək qaynaqçı vəzifəsində işləmişdir. Həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısına daxildir. Ona 01 oktyabr 2017-ci il tarixindən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Lakin 2021-ci ilin sonlarından ona təyin olunmuş pensiyanın ödənişi kəsilmişdir. Bununla əlaqədar olaraq iddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsinə müraciət etmişdir. "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsi tərəfindən 03/708 nömrəli, 04 oktyabr 2022-ci il tarixində ona verilən cavab məktubunda göstərilmişdir ki, "Əmək pensiyaları haqqında" Qanunun 9.1, 9.8-ci maddələrinə əsasən onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 57 yaşında tamam olduğu üçün xx.xx.2019-cu il tarixdə yaransa da, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minimum məbləğinə çatmır və bu səbəbdən də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yoxdur. İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsinin mövqeyi ilə razı deyildir. Onun 01 oktyabr 2019-cu il tarixdən, yəni 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsinin imtinası qanunsuz və əsassızdır. Çünki, onun 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq üçün həm ümumi, həm də xüsusi stajı vardır. İddiaçı yuxarıda göstərilənlərə əsasən 10 noyabr 2021-ci il tarixli, 10 nömrəli qərarın ləğv edilməsi və pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 27 oktyabr 2022ci il tarixə təyin edilmişdir. 27 oktyabr 2022-ci il tarixə təyin olunmuş iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclasında İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinə qarşı iddia qaldırdığını, iddia tələbini dəqiqləşdirərək hazırki iddia tələbinin “ona pensiya hüququnun yarandığı 01 oktyabr 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi olduğunu bildirməklə, həmin tələb üzrə işə baxılmasını xahiş edərək bununla bağlı yazdığı 27 oktyabr 2022-ci il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmənin 27 oktyabr 2022-ci il tarixli, 2-1(122)-255/2022 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Bundan sonra işin hazırlıq icraatına başlanılaraq məhkəmənin 27 oktyabr 2022-ci il tarixli, 2-1(122)-255/2022 nömrəli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon idarəsi iddiaya dair məhkəməyə ünvanlanan 23 noyabr 2022ci il tarixli, 03/777 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 1962ci il tarixdə anadan olmuş, Babək rayon Zeynəddin kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək Rayon İdarəsinin əmək pensiyası təyin edən komissiyanın 24 yanvar 2020-ci il tarixli, 10 nömrəli qərarına əsasən 55 yaşı tamam olduğu 01 oktyabr 2017-ci il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 174,86 manat məbləğində əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixədək qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun təyin edilir. Qeyd olunanları nəzərə alaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsində güzəşt yalnız yaşa və staja görə müəyyən edildiyindən sözügedən Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixindən qüvvədə olan “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” müddəası nəzərə alınmaqla qanunun 9.8-ci maddəsinin şərtlərinə əsasən 01 yanvar 2006-cı il tarixinədək güzəştli və ümumi iş stajı tamamlanmış şəxslərin “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində müəyyən edilmiş yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. X7 şöbəsi tərəfindən Babək rayon idarəsində pensiya təyinatının qanunvericiliyə uyğunluğunun yoxlanılması zamanı məlum olmuşdur ki, İddiaçı 55 yaşının tamam olduğu 01 avqust 2017-ci il tarixdən əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 2 nömrəli siyahısına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Həmin Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 55 yaş həddi 01 avqust 1997-ci il tarixdən başlayaraq, 01 avqust 2000-ci il tarixədək hər il altı ay artırılmış və 01 avqust 2000-ci il tarixdən 57 yaş müəyyən olunmuşdur. Nəticədə, İddiaçı 01 yanvar 2006-cı il tarixədək ümumi 25 il və xüsusi 12 il 6 ay iş stajı olsa da belə, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minimum məbləğinə çatmadığından onun pensiya işi “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 01 noyabr 2021-ci il tarixli, 10 nömrəli qərarına əsasən ləğv edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinə qarşı “ona pensiya hüququnun yarandığı 01 oktyabr 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair qaldırdığı iddia əsassız olduğundan iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 23 noyabr 2022ci il tarixli, 2-1(122)-255/2022 nömrəli sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 15 dekabr 2022-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon idarəsinin nümayəndəsi X4 cavabdeh tərəfindən məhkəməyə ünvanlanan etiraz məktubuna uyğun izahat verərək məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 01 noyabr 2021-ci il tarixli, 10 nömrəli qərarından məlum olur ki, komissiya xx.xx.2021-ci il tarixində 10 nömrəli qərara əsasən xx.xx.1962-ci il tarixdə Babək rayon Zeynəddin kəndində anadan olmuş, faktiki olaraq orada yaşayan İddiaçı xx.xx.2020-ci il tarixli, 10 nömrəli qərara istinadən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası vətəndaşın 01 oktyabr 2019-cu il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum (200 manat) məbləğindən az olduğu halda təyin edilmiş əmək pensiyası qanunsuz olaraq təyin edildiyi üçün ləğv edilməsi qərara alınmışdır. - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsi tərəfindən Babək rayon Zeynəddin kəndində yaşayan İddiaçı ünvanlanmış 04 oktyabr 2022-ci il tarixli, 03/708 nömrəli məktubdan məlum olur ki, ona “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə müvafiq olaraq 24 yanvar 2020-ci il tarixdə 55 yaşının tamam olduğu 01 oktyabr 2017-ci il tarixdən etibarən əvvəllər qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin "b" bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 2 nömrəli siyahısına əsasən güzəştli şərtlərlə yaşa görə 174 manat 86 qəpik məbləğində əmək pensiyası təyin olunmuşdur. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin "b" bəndində nəzərdə tutulmuş 55 yaş həddi 01 avqust 1997-ci il tarixdən başlayaraq, 01 avqust 2000-ci il tarixədək hər il altı ay artırılmış və 01 avqust 2000-ci il tarixdən 57 yaş müəyyən olunmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, 01 avqust 1997-ci il tarixədək ümumi (25 il) və xüsusi (12 il 6 ay) iş stajı olmadığı üçün 55 yaşının tamam olduğu 01 oktyabr 2017-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qanunvericilik xaricindədir. Eyni zamanda "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsində güzəşt yalnız yaşa və staja görə müəyyən edildiyindən sözügedən qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixindən qüvvədə olan "fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” müddəası nəzərə alınmaqla qanunun 9.8-ci maddəsinin şərtlərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı aparılır. Qeyd edilir ki, güzəştli şərtlə yaşa görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı, güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsində qeyd olunan pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdə yaransa da, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı tələb olunan pensiya kapitalından az olduğu üçün həmin tarixdə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin etmək mümkün olmamışdır. - “Aysun inşaat" MMC tərəfindən verilmiş 24 yanvar 2020-ci il tarixli, 10 nömrəli arayışın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən "xxxx" MMC-də qaynaqçı peşəsində işləyir. - "xxxx" MMC tərəfindən verilmiş 08 fevral 2007-ci il tarixli, 4.1 saylı və 12 aprel 2007-ci il tarixli, 14.13 saylı əmrlərdən çıxarışların təsdiq olunmuş surətindən aydın olur ki, İddiaçı 01 yanvar 2007-ci il tarixdən "Rabitəinşaat-N” MMC-də qaynaqçı peşəsi üzrə işə qəbul edilmiş, qaz tikinti quraşdırma işlərinin və əmək müqaviləsi müddətinin başa çatması ilə əlaqədar olaraq 01 aprel 2007-ci il tarixdən işdən azad olunaraq, əmək müqaviləsinə xitam verilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş 01 iyun 2006-cı il tarixli, 13.2 saylı və 14 yanvar 2008-ci il tarixli, 1.6 saylı əmrlərdən çıxarışların təsdiq olunmuş surətindən aydın olur ki, İddiaçı 01 iyun 2006-cı il tarixdən "xxxx" MMC-də qaynaqçı peşəsi üzrə işə qəbul edilmiş, qaz tikinti quraşdırma işlərinin başa çatması ilə əlaqədar olaraq həmin tarixdən işdən azad olunaraq, əmək müqaviləsinə xitam verilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 23 fevral 2020-ci il tarixli, 13/60 nömrəli arxiv arayışında İddiaçı X8 hissəsində-PC-11 Dəmir Yolunda işləməsi faktı və 1979-1980-ci illərdə aylar üzrə əməkhaqqı aldığına dair cədvəl göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 23 fevral 2020-ci il tarixli, 13/60 nömrəli arxiv arayışında İddiaçı X8 hissəsinin-PC-11 Dəmir Yolunda xx.xx.1979-cu il tarixli, 31/K №-li əmrlə işə qəbul edilməsi, işdən azad edilməsinə dair əmrə rast gəlinmədiyi, lakin 1980-ci ilin dekabr ayınadək əmək haqqı almasına dair əmrə rast gəlindiyi, xx.xx.1984-cü il tarixli, 17 №-li əmrlə 101 №-li MSD-yə İV dərəcəli qaynaqçı qəbul edilməsi, xx.xx.1988-ci il tarixli, 9S saylı əmrlə 51 №-li Tikinti Trestinin 51 №-li X2 V dərəcəli qaynaqçı vəzifəsinə keçirilməsi, xx.xx.1988-ci il tarixli, 12S №-li əmrlə PMK-102yə V dərəcəli qaynaqçı olaraq keçirilməsi, xx.xx.1988-ci il tarixli, 30 №-li əmrlə 101 №-li MSD-dən qaynaqçı vəzifəsindən azad edilməsi, xx.xx.1988-ci il tarixli, 35K №-li əmrlə Naxçıvan Tikinti Quraşdırma Dövlət Şirkətinə, 30 №-li PMK-ya V dərəcəli qaynaqçı olaraq qəbul edilməsi, xx.xx.1997-ci il tarixli, 7 №-li əmrlə 30 №-li PMK ləğv olunduğundan Naxçıvan Su Tikinti Quraşdırma İdarəsinə Vİİİ dərəcəli qaynaqçı olaraq köçürülməsi, xx.xx.1997-ci il tarixli, 15K №-li əmrlə işdən azad edilməsi və İTKİ-nın sərəncamına verilməsi, xx.xx.2005-ci il tarixli, 10SK №-li əmrlə qaynaqçıların siyahısında adının olmasının əmr kitablarında göstərildiyi, işdən azad edilməsinə dair əmrə rast gəlinmədiyi, lakin 2005-ci ilin dekabr ayınadək əmək haqqı almasının göstərildiyi qeyd edilmişdir. Arayışın qeyd hissəsində 1988-ci ilin əmr kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyindən işdən azad edilməsinə dair məlumatın olmadığı göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 23 fevral 2020-ci il tarixli, 13/60 nömrəli arxiv arayışında İddiaçı Naxçıvan Tikinti Quraşdırma Dövlət Şirkətində, 30 №-li PMK-da işləməsi faktı və 1991-2005-ci illərdə aylar üzrə əməkhaqqı aldığına dair cədvəl göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək rayon idarəsi tərəfindən verilmiş 29 dekabr 2019-cu il tarixli, 887 nömrəli arayışın təsdiq olunmuş surətindən görünür ki, 1962-ci il təvəllüdlü əsgər İddiaçı 10 noyabr 1981-ci il tarixdən 21 dekabr 1983-cü il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - 18 iyul 1981-ci il tarixli, B seriyalı, 808503 nömrəli diplomun təsdiq olunmuş surətindən məlum olur ki, İddiaçı əl ilə elektrik qaynaqçısı, yarımavtomat maşınlarında işləyən elektrik qaynaqçısı, qaynaq işləri üzrə nəzarətçi peşəsi üzrə 49 saylı Sumqayıt Texniki Peşə məktəbini tam kursunu bitirərək ümumi orta təhsil almışdır. - Babək Rayon İcra Hakimiyyətinin Zeynəddin kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 oktyabr 2022-ci il tarixli, 1131 nömrəli arayışdan görünür ki, Əliyev X1 yaşayır. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən aydın olur ki, İddiaçı xx xxxxxxx 1962-ci il tarixdə doğulmuşdur. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon idarəsi tərəfindən məhkəməyə ünvanlanmış 13 dekabr 2022-ci il tarixli, 03/813 nömrəli məktubdan məlum olur ki, xx xxxxxxx 1962-ci il tarixdə anadan olmuş, Babək rayon Zeynəddin kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsinin 24 yanvar 2020-ci il tarixli, 10 nömrəli qərarına əsasən 01 oktyabr 2017-ci il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 174,86 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim olunmuş diplom və arxiv arayışlarına əsasən, 2006-cı il yanvar ayının 1-dək 26 il 5 ay 26 gün ümumi, 21 il 6 ay 14 gün xüsusi iş stajı vardır. Məktubda həmçinin İddiaçı 01 yanvar 2006-cı il tarixədək diplom və arxiv arayışlarındakı qeydlərə əsasən iş stajını əks etdirən cədvəl göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 13 dekabr 2022-ci il tarixli, 5/311 nömrəli məktubdan məlum olur ki, İddiaçı 1984-2005-cı illər ərzində 101 №-li MSDdə, 51 №-li Tikinti Trestində, PMK-102-də, Naxçıvan Tikinti-Quraşdırma Dövlət Şirkətində, 30 №-li PMK-da, Naxçıvan Su Tikinti Quraşdırma İdarəsində işlədiyi qaynaqçı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı"nın "23200000-19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları" bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aiddir. İşin hallarından və iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı ona pensiya hüququnun yarandığı 01 oktyabr 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını arzu edir. Cavabdeh inzibati orqan tərəfindən fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı tələb olunan pensiya kapitalından az olduğu üçün ona pensiya hüququnun yarandığı 01 oktyabr 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin etməkdən imtina olunmuşdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən iddiaçının tələbinə və cavabdeh inzibati orqanın imtinasına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. - 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur): - 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə uyğun olaraq iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4.1. bəndində qeyd edilmişdir ki, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli, 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı əmək kitabçasını itirməsinə baxmayaraq, məhkəmə araşdırması zamanı tədqiq olunmuş diploma, arxiv arayışlarına və əmrlərdən çıxarışlara əsasən iddiaçının təhsil aldığı, işlədiyi və hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla 26 il 5 ay 26 gün sığorta stajının mövcud olduğu sübuta yetirilir. Belə ki, iddiaçının müxtəlif vaxtlarda işə qəbul olunması, işdən azad olunması arxiv arayışları və əmrlərdən çıxarışlarla təsdiq olunur. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışlarında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar müəyyən edilməmiş, iddiaçının işlədiyi illər barədə məlumatlar müfəssəl göstərilmişdir. Lakin inzibati orqan tərəfindən iddiaçının yaşının 2017-ci ilin iyul ayının 1-dən sonra tamam olunduğu aşkar olunmuş, nəticədə 01 iyul 2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində edilmiş müvafiq əlavə və dəyişikliyin tətbiq edilməsi zərurəti yarandığı əsas gətirilərək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğundan iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina olunmuşdur. Belə ki, 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun 1.16-cı maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsindəki “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. İddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, mübahisə 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş qanunvericiliklə nəzərdə tutulmuş dispozisiya şərtlərinin həmin tarixədək iddiaçıya münasibətdə mövcudluğu baxımından həll edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Başqa sözlə, yuxarıda istinad olunan normaların tələbinə görə, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün zəruri şərt qanunun qüvvəyə mindiyi 01 yanvar 2006-cı il tarixədək şəxsin əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan tam əmək stajı, yəni ümumi və xüsusi stajı qazanmış olmasıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının 01 yanvar 2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının 01 yanvar 2006-cı ilə qədər azı 12 il, 6 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə araşdırması zamanı iddiaçının xüsusi iş stajının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında “XXXİİİ" bölməsində 23200000-19906 kodu altında “əl ilə qaynaq edən elektrik qaynaqçıları” vəzifəsinə uyğun gəldiyi aşkarlanmışdır. Nəticədə iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş iş stajına dair qanunun zəruri tələbləri ödənilmiş, onun arxiv arayışlarına əsasən 01 yanvar 2006-cı ilə qədər 26 il 5 ay 26 gün ümumi iş stajının, 21 il 6 ay 14 gün xüsusi iş stajının mövcudluğu məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmışdır. Cavabdeh inzibati orqan tərəfindən pensiyanın təyin edilməsindən imtina olunmasına səbəb kimi göstərilən yeganə arqument iddiaçının minimum pensiya təminatına imkan verən pensiya kapitalına malik olmamasıdır. Məhkəmə qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə müvafiq olaraq 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən təyin edilməlidir. Həmin Qanunda isə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı tələb nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı 01 yanvar 2006-cı il tarixədək qanunvericilikdə nəzərdə tutulmuş ümumi və xüsusi iş stajına malik olduğundan, yəni pensiya hüququ yarandığından 57 yaşını 2017-ci ildən sonra tamamlamasından asılı olmayaraq, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunmalı və mövcud qanunvericiliyin pensiya kapitalı ilə bağlı tələbi tətbiq olunmamalıdır. Göründüyü kimi inzibati orqan iddiaçının pensiya hüququ qazandığı dövrdə qüvvədə olan hüquq normalarına görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı tələbi əsas gətirərək iddiaçıya pensiya təyinatından imtina etməkdə haqlı olmamışdır. Hazırki mübahisə ilə bağlı oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-313/2022 nömrəli iş üzrə qəbul etdiyi 23 fevral 2022-ci il tarixli qərarında da öz əksini tapmışdır. Məhkəmə qeyd etməyi xüsusilə zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları qətidir və aşağı instansiya məhkəmələri üçün tövsiyə xarakteri daşıyır. Məhkəmə iddia tələbindən kənara çıxmayaraq İddiaçı əvvəllər təyin edilmiş pensiyanın ləğv olunmasına səbəb olan 10 noyabr 2021-ci il tarixli, 10 nömrəli qərarın ləğv edilməsi məsələsinə münasibət bildirməyi məqsədəuyğun hesab etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinə qarşı "ona pensiya hüququnun yarandığı 01 oktyabr 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 14.3, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı:

İddia təmin edilsin. İddiaçı pensiya hüququnun yarandığı 01 oktyabr 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi öhdəliyi cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar