Məhkəmə qərarları › İş №2-1(122)-256/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-256/2025

11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-256/2025 11.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Muradov Emin Məhərrəm oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin nümayəndəsi X1 və üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı “Babək rayonu, Naxışnərgiz kəndində paylı mülkiyyətdə olan torpaq sahəsinin üzərində yerləşən yaşayış evinə 14/15 payın dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babək rayonu, Naxışnərgiz kəndində yerləşən torpaq sahəsinin üzərində yerləşən yaşayış evinin onun adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq hazırlıq icraatı ilə bağlı məhkəmə iclasları təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, 2- 1(122)-956/2024 nömrəli qərardadı ilə cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti əsl cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 2- 1(122)-956/2024 nömrəli qərardadı ilə X5 üçüncü şəxs qismində cəlb edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2- 1(122)-256/2025 nömrəli qərardadı ilə iddia tələbi aşağıdakı variantda icraata qəbul edilmişdir: “Babək rayonu, Naxışnərgiz kəndində paylı mülkiyyətdə olan torpaq sahəsinin üzərində yerləşən yaşayış evinə 14/15 payın dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması”. Bundan sonra işin hazırlıq icraatı davam etdirilərək məhkəmə iclası 11 iyun 2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Həmçinin iddiaçı tərəfə 01 may 2025-ci il tarixli yardım məktubu göndərilərək bildirilmişdir ki, iddia tələbinin məzmununda Babək rayonu, Naxışnərgiz kəndində paylı mülkiyyətdə olan torpaq sahəsinin üzərində yerləşən yaşayış evinə 14/15 payın dövlət qeydiyyatına alınması tələb edilsə də, qeyd edilən tikili barəsində hər hansı mülkiyyət sənədi mövcud olmadığından, hazırki iddia tələbi üzrə hüquqi məqsədin həyata keçirilməsinin daha uyğun yolu mübahisəli tikiliyə münasibətdə mülkiyyət hüququnun tanınmasıdır. Bundan sonra həmin tikili barəsində müvafiq sənədlər tərtib edilərək pay müəyyən edilə bilər. Hazırki vəziyyətdə torpaq üzərində pay müəyyənləşmiş və tərəflər çıxarış əldə etmişdir. Lakin torpaq sahəsi üzərində yerləşən tikili barəsində mülkiyyət hüququ mövcud olmadığından hazırki iddia tələbi üzrə subyektiv hüququn mövcudluğu da mübahisəli olaraq qalmışdır. İşin hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə mübahisəli torpaq sahəsi üzərində yerləşən tikili barəsində mülkiyyət hüququnu təsdiq edən sənədlərin təqdim edilməsi, tələbin daha uyğun yol ilə təmin edilməsi məqsədilə iddia tələbinin dəqiqləşdirilməsi və aidiyyəti qaydada müraciət edilməsi tövsiyə olunmuş, əks halda iddianın mümkünlük məsələsinə baxıla biləcəyi diqqətə çatdırılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil məhkəmənin müvafiq yardım məktubunu aldıqlarını, tikili ilə bağlı mülkiyyət sənədlərinin mövcud olmadığını, mülkiyyət hüququnun tanınması ilə bağlı məsələnin mülki məhkəmə icraatının predmetinə aid olduğunu bildirərək, məhkəmədən iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin nümayəndəsi X2 iddiaçının hazırki iddia tələbinin cavabdeh inzibati orqan tərəfindən icra edilməsinin mümkün olmadığını bildirərək, məhkəmədən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 həmin tikilinin atasının vəfatından sonra onun tərəfindən şəxsi vəsaiti hesabına inşa edildiyini, 2000-ci ildən həmin evdə ailəsi ilə birlikdə yaşadığını, qaz, işıq və s. kommunal xərclərin onun tərəfindən ödənildiyini, ona görə də həmin tikilinin paylı mülkiyyət kimi qeydiyyata alınmasına etiraz etdiyini bildirərək, məhkəmədən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş materiallarından olan Babək Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(079)-412/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı X4 qarşı Babək rayonu, Naxışnərgiz kəndində yerləşən 0,159 ha həyətyanı torpaq sahəsinin 14/15 hissəsinin naturada ayrılması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2023-cü il tarixli, 2(108)- 18/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X4 qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(079)-412/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı Babək rayonu, Naxışnərgiz kəndində paylı mülkiyyətdə olan torpaq sahəsinin üzərində yerləşən yaşayış evinə 14/15 payın dövlət qeydiyyatına alınmasını tələb edir. İş materiallarına isə hüquq müəyyənedici sənəd qismində Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əlavə edilmişdir. Həmin çıxarışa əsasən Babək rayonu, Naxışnərgiz kəndində yerləşən 0.159 ha torpaq sahəsinə münasibətdə İddiaçı 14/15, X3 isə 1/15 payı müəyyən edilmişdir. Qeyd edilməlidir ki, torpaq sahəsi barəsində paylar müəyyən edilsə də, həmin torpaq sahəsi üzərində inşa edilmiş yaşayış evinə münasibətdə məsələ mübahisələndirilməkdə davam edir. Belə ki, İddiaçı evin atasının sağlığında vəsaiti və əməyi hesabına inşa edildiyini, üçüncü şəxs X5 isə evin atasının ölümündən sonra onun tərəfindən tikildiyini, 20 ildən artıqdır ki, həmin evdə ailəsi ilə birlikdə yaşamasına dair izahat vermişdir. Göründüyü kimi ümumi paylı mülkiyyət hüququ ilə iddiaçıya və üçüncü şəxsə məxsus torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin kimin tərəfindən inşa edilməsi ilə bağlı, bununla da həmin əmlakın ümumi paylı əmlak və ya tam paylı əmlak kimi ərsəyə gəlməsi ilə bağlı mübahisə mövcuddur. Cavabdeh inzibati orqanın isə tərəflər arasında mövcud olan bu mülki mübahisə üzrə hər hansı bir qərar qəbul etmək səlahiyyəti mövcud olmamaqla, həmin əmlak üzərində iddiaçının və üçüncü şəxsin ümumi paylı mülkiyyət hüququnu, o cümlədən üçüncü şəxsin tam olaraq mülkiyyət hüququnu qeydə alması da mümkünsüzdür. Məhkəmə qeyd edir ki, işin halları baxımından iddiaçının və üçüncü şəxsin qeyd olunan tələblə bağlı subyektiv hüququ tərəflərin razılaşması və ya Mülki Məcəllənin 157.1ci və 213.5-ci maddələrinin tələbi baxımından onlar arasında mülki məhkəmə icraatı qaydasında qanuni qüvvəsini almış məhkəmə aktı ilə yarana bilər. Məhz bu barədə məhkəmə aktı qanuni qüvvəyə mindiyi təqdirdə həmin hüquqlarının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.1.2-ci maddəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etməkdə haqlı hesab oluna bilərlər. Qeyd olunan məsələ ilə bağlı oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2024-cü il tarixli, 2-1(102)-1610/2024 nömrəli qərarında da öz əksini tapmışdır. Məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab edir ki, hazırki iş üzrə torpaq sahəsi üzərində inşa edilmiş yaşayış sahəsinə münasibətdə hər hansı hüquq müəyyənedici sənəd mövcud olmadığından və tərəflər arasında yaşayış sahəsinin kimin tərəfindən inşa edilməsi barədə mübahisə olduğundan hazırki iddia tələbi mümkün sayılaraq mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparıla bilməz. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatında məhkəmənin əsas vəzifəsi iddiaçının tələbinin konkret olaraq nədən ibarət olduğunu, onun hüquqlarının cavabdeh tərəfindən hansı qaydada pozulduğunu və iddiaçının subyektiv hüquqa malik olubolmamasını müəyyənləşdirməkdən ibarətdir. Bununla bağlı iddiaçı tərəfə istər yazılı, istərsə də məhkəmə iclaslarında müvafiq yardımlar edilmiş, mümkünlük məsələsi dəfələrlə müzakirə edilmişdir. Lakin yuxarıda qeyd olunan hallar aradan qaldırıldıqdan sonra iddianın mümkünlük şərtləri aradan qaldırılmış hesab oluna və işə mahiyyəti üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı “Babək rayonu, Naxışnərgiz kəndində paylı mülkiyyətdə olan torpaq sahəsinin üzərində yerləşən yaşayış evinə 14/15 payın dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı “Babək rayonu, Naxışnərgiz kəndində paylı mülkiyyətdə olan torpaq sahəsinin üzərində yerləşən yaşayış evinə 14/15 payın dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar