Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-263/2022 23.11.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “Qarabağlar Bələdiyyəsinin onun barəsində qəbul etdiyi 19 mart 2020-ci il tarixli, 03 nömrəli qərarın ona rəsmi qaydada təqdim olunması və ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması və həmin qərar nəticəsində ona dəymiş 35660 (otuz beş min altı yüz altmış) manat məbləğində maddi ziyanın, 18000 (on səkkiz min) manat həcmində əldən çıxmış faydanın, işgüzar nüfuzuna vurulmuş 50000 (əlli min) manat həcmində zərərin əvəzinin, ümumilikdə 103660 (bir yüz üç min altı yüz altmış) manatın cavabdehdən onun xeyrinə tutulması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qarabağlar Bələdiyyəsinin onun barəsində qəbul etdiyi 19 mart 2020-ci il tarixli, 03 nömrəli qərarın ona rəsmi qaydada təqdim olunması və ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması və həmin qərar nəticəsində ona dəymiş 35660 (otuz beş min altı yüz altmış) manat məbləğində maddi ziyanın, 18000 (on səkkiz min) manat həcmində əldən çıxmış faydanın, işgüzar nüfuzuna vurulmuş 50000 (əlli min) manat həcmində zərərin əvəzinin, ümumilikdə 103660 (bir yüz üç min altı yüz altmış) manatın Cavabdehndən onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 23 noyabr 2022ci il tarixə təyin olunmuşdur. Məhkəmə tərəfindən iddiaçıya 21 oktyabr 2022-ci il tarixli, 2-1(122)-263/2022 nömrəli yardım məktubu ünvanlanaraq iddia ərizəsində tələbin dəqiq və düzgün ifadə olunmadığı, belə olan təqdirdə məhkəmə tərəfindən iddianın növünü, həmçinin cavabdeh inzibati orqana qarşı konkret tələbin nədən ibarət olduğunu müəyyən etməyin mümkün olmadığı bildirilərək Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddia tələbinin 05 noyabr 2022-ci il tarixədək dəqiqləşdirilməsi təklif olunmuşdur. Məhkəmənin 21 oktyabr 2022-ci il tarixli yardım məktubu iddiaçı tərəfindən 25 oktyabr 2022-ci il tarixdə imza edilərək alınmış, lakin məktubda nəzərdə tutulan hallarla bağlı bu günədək heç bir tədbir görülməmiş, iddia tələbi dəqiqləşdirilməmişdir. 23 noyabr 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında məhkəmə tərəfindən iddiaçıya yenidən iddia tələbinin dəqiqləşdirilməsi təklif edildi. Məhkəmə iclasında iştirak edən İddiaçı ona göndərilən yardım məktubundan xəbərdar olduğunu, lakin iddia tələbini dəqiqləşdirmək istəmədiyini, cavabdehin onun barəsində qəbul etdiyi 19 mart 2020-ci il tarixli, 03 nömrəli qərar qəbul edilən zaman keçirilən iclasa dəvət olunmadığını, çoxsaylı şifahi və yazılı müraciətlərinə baxmayaraq, həmin qərarın rəsmi şəkildə ona təqdim olunmadığını, bir sıra qanunvericilik normalarına əsasən qanunla qorunan hüquqlarının pozulduğunu bildirib, bununla bağlı yazdığı 22 noyabr 2022-ci il tarixli ərizəsini məhkəməyə təqdim edərək iddianın mümkün sayılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 bələdiyyənin 19 mart 2020-ci il tarixli, 03 nömrəli qərarının iddiaçıya rəsmi qaydada təqdim olunmadığını, lakin iddiaçının həmin qərarla tanış olduğunu, hətta həmin qərarın məhkəmədə bundan əvvəl də iddiaçı tərəfindən mübahisələndirildiyini bildirib məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 5.1., 5.2., 6.1., 6.2., 7., 8.5-ci bəndlərində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İddia tələbinin məzmunundan da aydın olur ki, iddiaçı tərəfindən iddia tələbi qeyrimüəyyən ifadə olunmuşdur. Belə olan təqdirdə məhkəmə tərəfindən iddianın növünü, həmçinin iddiaçının Cavabdehnə qarşı konkret tələbinin nədən ibarət olduğunu müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəfindən iddiaçının ünvanına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən yardım məktubu göndərilərək ona zəruri hüquqi yardım göstərilmişdir. Lakin təyin edilmiş müddət ərzində onun tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hər hansı bir tədbir görülməmişdir. Belə olan təqdirdə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı formada pozulduğunu (inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində) müəyyən etmək mümkün olmamışdır. İddia tələbindən aydın olur ki, iddiaçı iddia tələbinin ikinci hissəsində Qarabağlar Bələdiyyəsinin onun barəsində qəbul etdiyi 19 mart 2020-ci il tarixli, 03 nömrəli qərarının ləğv olunmasını xahiş etməklə mübahisələndirmə haqqında iddia qaldırmışdır. İnzibati məhkəmə icraatı qaydasında mübahisələndirmə haqqında iddia şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsindən (ləğv olunmasından və ya dəyişdirilməsindən) ibarətdir. İşin hallarından məlum olur ki, iddiaçı hazırda mübahisələndirdiyi inzibati aktın, yəni Qarabağlar Bələdiyyəsinin onun barəsində qəbul etdiyi 19 mart 2020-ci il tarixli, 03 nömrəli qərarın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya həmin qərarın rəsmi qaydada təqdim olunmaması məhkəməyə müraciət etməsi üçün maneə yaratmamışdır. İddiaçı mübahisələndirilən qərardan xəbərdar olmuş, həmin qərarla onun hüquqlarının məhdudlaşdırıldığını bilmişdir. Belə ki, iddiaçı bundan əvvəl də oxşar iddia tələbi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(122)-82/2021 nömrəli qərardadı ilə iddiaçı X2 cavabdehlər Cavabdehnə və Kəngərli Rayon İcra Hakimiyyətinə qarşı “19 mart 2020-ci il tarixli, 03 nömrəli bələdiyyə qərarının 2-ci bəndinin ləğv olunması, ona vurulan 29960 (iyirmi doqquz min doqquz yüz altmış) manat məbləğində ziyanın və iddiası ilə bağlı ödədiyi 10 manat dövlət rüsumunun, ümumilikdə 29970 (iyirmi doqquz min doqquz yüz yetmiş) manat maddi ziyanın Cavabdeh üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Məhkəmənin həmin qərardadından iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılaraq, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2021-ci il tarixli, 2-1(108)-20/2021 qərardadı ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(122)-82/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə, yuxarıda qeyd edilən hallara əsasən müəyyən edilir ki, iddiaçı mübahisələndirilən qərardan xəbərdar olmuş, həmin qərarı əvvəllər də məhkəmə qaydasında mübahisələndirmiş, iddia tələbi məhkəmə tərəfindən mümkün sayılmamışdır. Bununla da iddiaçı qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 24.4-cü maddəsinə görə təbii fəlakət və digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından bir il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. - 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında iddia müddətinin tətbiqinin əhəmiyyəti barədə aşağıdakılar göstərilmişdir: “Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, mülki işin qanuna uyğun həlli baxımından əvvəlki Mülki Məcəllənin iddia müddətinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddətləri tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Avropa İnsan Hüquqları Məhkəməsi analoji hüquqi mövqedən çıxış edərək “Miraqali Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddianın qalan hissəsinə, yəni “həmin qərar nəticəsində ona dəymiş 35660 (otuz beş min altı yüz altmış) manat məbləğində maddi ziyanın, 18000 (on səkkiz min) manat həcmində əldən çıxmış faydanın, işgüzar nüfuzuna vurulmuş 50000 (əlli min) manat həcmində zərərin əvəzinin, ümumilikdə 103660 (bir yüz üç min altı yüz altmış) manatın cavabdehdən onun xeyrinə tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddianın qalan hissəsinin hüquqi taleyi iddia tələbinin “Qarabağlar Bələdiyyəsinin onun barəsində qəbul etdiyi 19 mart 2020-ci il tarixli, 03 nömrəli qərarın ləğv olunması” hissəsinin nəticəsindən asılı olduğundan iddia tələbi bu hissədə də mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli qərarının 3.4-cü bəndində göstərilmişdir ki, birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsi ilə də yerinə yetirə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinin tələbinə əsasən yardım etmək vəzifəsi həm məhkəmə iclasında yerinə yetirilmiş, həm də iddiaçının ünvanına yardım məktubu göndərilərək ona zəruri hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə İddiaçı Cavabdehnə qarşı “Qarabağlar Bələdiyyəsinin onun barəsində qəbul etdiyi 19 mart 2020-ci il tarixli, 03 nömrəli qərarın ona rəsmi qaydada təqdim olunması və ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması və həmin qərar nəticəsində ona dəymiş 35660 (otuz beş min altı yüz altmış) manat məbləğində maddi ziyanın, 18000 (on səkkiz min) manat həcmində əldən çıxmış faydanın, işgüzar nüfuzuna vurulmuş 50000 (əlli min) manat həcmində zərərin əvəzinin, ümumilikdə 103660 (bir yüz üç min altı yüz altmış) manatın cavabdehdən onun xeyrinə tutulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35, 38.1, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdehnə qarşı “Qarabağlar Bələdiyyəsinin onun barəsində qəbul etdiyi 19 mart 2020-ci il tarixli, 03 nömrəli qərarın ona rəsmi qaydada təqdim olunması və ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması və həmin qərar nəticəsində ona dəymiş 35660 (otuz beş min altı yüz altmış) manat məbləğində maddi ziyanın, 18000 (on səkkiz min) manat həcmində əldən çıxmış faydanın, işgüzar nüfuzuna vurulmuş 50000 (əlli min) manat həcmində zərərin əvəzinin, ümumilikdə 103660 (bir yüz üç min altı yüz altmış) manatın cavabdehdən onun xeyrinə tutulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV
Məhkəmə qərarları › İş №2-1(122)-263/2022
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-263/2022
23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver