Məhkəmə qərarları › İş №2-1(122)-264/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-264/2025

29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-264/2025 29.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, iddiaçı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1, Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi X2 iştirakları ilə, iddiaçı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Cavabdeh qarşı “cavabdehə xx.xx.2005-ci il tarixdən xx.xx.2023-cü il tarixədək artıq ödənilmiş 31.664.88 (otuz bir min altı yüz altmış dörd manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaitinin Fondun yığım hesabına geri qaytarılması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2000-ci il tarixdən xx.xx.2023-cü il tarixədək artıq ödənilmiş 31.664.88 (otuz bir min altı yüz altmış dörd manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaitinin Fondun yığım hesabına geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1967-ci il tarixində anadan olmuş, Naxçıvan şəhəri, ünvan 1 ünvanında yaşayan Cavabdeh Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 18 aprel 2005-ci il tarixli, 18 nömrəli qərarına əsasən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 60-61-ci maddələrinə müvafiq olaraq xx.xx.2005-ci il tarixdən xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinə əsasən xidmət illərinə görə pensiyalar yaşa görə pensiya almaq hüququ verən yaşa çatandan əvvəl əmək qabiliyyətinin tam və ya qismən itirilməsinə səbəb olan işlərdə çalışan ayrı-ayrı peşə sahibləri üçün müəyyən edilmiş şərtlərlə təyin edilir. Həmin Qanunun 60-cı maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə təhsil və uşaq tərbiyə müəssisələrində kişilər azı 25 il, qadınlar - 20 il pedaqoji fəaliyyət göstərdikdə onlara xidmət illərinə görə pensiya almaq hüququ verilir. Qanunun 61-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə kənd yerlərində və şəhər tipli qəsəbələrdə (respublika tabeli şəhərlərin qəsəbələri istisna olmaqla) kişilər azı 25 il, qadınlar azı 20 il müalicə işlərində və əhalinin sağlamlığının mühafizəsi ilə əlaqədar digər işlərdə çalışdıqda xidmət illərə görə pensiya almaq hüququ qazanırlar. Cavabdeh məxsus ИT-İ seriyalı, ******* nömrəli, xx.xx.2005-ci il tarixli əmək kitabçasının məlumatlarına əsasən, o, xx.xx.1985-ci il tarixdən xx.xx.2005-ci il tarxədək (20 il 18 gün) Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin Babək Rayon Peşə məktəbində dərzi peşəsi üzrə müəllimə vəzifəsində işləmişdir. Qeyd edilir ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 tərəfindən daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma aparılaraq pensiya təyinatı ilə əlaqədar bir sıra qanun pozuntusuna yol verildiyi aşkar edilmişdir. Audit Şöbəsi tərəfindən vətəndaş Cavabdeh əmək kitabçası araşdırılarkən bəzi pozuntular aşkarlanmışdır. Belə ki, xx.xx.1985-ci il tarixdə 145 nömrəli Babək Texniki peşə məktəbinə dərzi müəlliməsi olaraq işə daxil olmuş, xx.xx.2005-ci il tarixdə isə həmin peşə məktəbindən azad edilmişdir. Lakin həm işə daxil olarkən, həm də işdən azad edilərkən əmək kitabçasında əks olunan möhür latın qrafikalı olmuşdur. “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının xx.xx.1991-ci il tarixli qərarına əsasən Azərbaycan dilində latın qrafikasına keçid 1992-ci ildən başlamış, xx.xx.2002-ci il tarixli “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların dövlət nümayəndəliklərinin və filiallarının, idarələrin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılır. Göstərilən təsisatların adını əks etdirən lövhələr, blanklar, lövhələr və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində tərtib edilir. Qeyd edilənlərdən aydın olduğu kimi, 1985-ci ildə fəaliyyət göstərən müəssisələrdə latın qrafikalı möhürlərin istifadəsi mümkün deyildi. Bundan başqa, Cavabdeh əmək kitabçasında qeyd olunmuş 1985-2005-ci illərdəki əmək fəaliyyəti həmin məktəbin digər sənədlərində (əməkhaqqı cədvəlləri, işə daxilolma, işdən azad edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma əmrləri) öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən Cavabdeh xx.xx.2000-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilikdə 31.664.88 (otuz bir min altı yüz altmış dörd manat, səksən səkkiz qəpik) manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Cavabdeh ünvanına artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması ilə bağlı 16 noyabr 2023-cü il tarixli, 39 saylı bildiriş göndərilmişdir, lakin vətəndaş tərəfindən könüllü surətdə ödəniş edilməmişdir. İddiaçı göstərilənlərə əsasən Cavabdeh xx.xx.2000-ci il tarixdən xx.xx.2023-cü il tarixədək artıq ödənilmiş 31.664.88 (otuz bir min altı yüz altmış dörd manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaitinin Fondun yığım hesabına geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin yazılı etirazının qısa xülasəsi: Cavabdehin vəkili və nümayəndəsi X5 iddiaya dair məhkəməyə ünvanlanan 13 avqust 2024-cü il tarixli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə Cavabdeh arasındakı xx.xx.2000-ci il tarixdən xx.xx.2023-cü il tarixədək artıq ödənilmiş 31.664.88 (otuz bir min altı yüz altmış dörd manat, həşdad səkkiz qəpik) manat məbləğində pul vəsaiti əsasında Pensiyası dayandırılmışdır. Həmin dövrdən yaranmış əmək pensiyasının və əmək pensiyasına əlavələrin artıq ödənilmiş məbləği, artıq ödəmənin ödənilmiş pullara görə yerinə yetirilməli öhdəliklər üçün ərizəçi zamanında məhkəməyə müraciət etməmişdir. Belə ki, ərizəçi keçən 23 il 2 ay ərzində öhdəliklərlə bağlı heç bir addım atmamışdır. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X10 Audit Şöbəsi tərəfindən daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma aparılaraq pensiya təyinatı ilə əlaqədar bir sıra qanun pozuntusuna yol verildiyi, guya, aşkar edilmişdir. xx.xx.2000-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cəmi 23 il 2 ay müddət təşkil edir. Pulun məbləği isə 31664.88 qəpik (otuz bir min altı yüz altmış dörd manat səksən səkkiz qəpik) edir. Mülki qanunvericiliyə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan başlanır. Belə olduğu təqdirdə sual yaranır ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu öz hüquququn pozulduğunu bildiyi halda, nə üçün qanunla müəyyən edilmiş müddət ərzində pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı heç bir addım atmamışdır? Nəzərə alınmalıdır ki, 23 il 2 ay kifayət qədər uzun müddətdir ki, ərizəçi öz pozulmuş hüquqlarının mövcudluğundan xəbərdar olsun və bunun qarşısının alınması üçün məhkəməyə müraciət etsin. Göründüyü kimi, hazırkı mübahisə üzrə şəxs öz hüququnun pozulduğunu bildiyi vaxtdan, yəni 2000-ci ildən 2023-cü ilə qədər olan dövr üçün tələbi üzrə üç illik iddia müddəti kifayət qədər keçmişdir. Beləliklə, qeyd olunanlar ilə müəyyən edilir ki, ərizəçi müvafiq tələblə məhkəməyə müraciət edərkən iddia müddətini xeyli ötürmüşdür. Eləcə də Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddia edirlər ki, Cavabdeh əınək kitabçasını araşdırarkən guya bəzi pozuntular aşkarlanmışdır. Belə ki, xx.xx.1985-ci il tarixdə Naxçıvan MR Təhsil Nazirliyinin Babək rayon Texniki Peşə məktəbində dərzi peşəsi üzrə müəllimə vəzifəsinə işə daxil olmuş, xx.xx.2005-ci il tarixdə isə həmin peşə məktəbindən öz ərizəsi əsasında işdən azad edilmişdir. Lakin həmin işə daxil olarkən, həmin işdən azad edilərkən əmək kitabçasında əks olunan möhür latın qrafikalı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 saylı qərarına əsasən, bu işçinin təqsiri deyil, işəgötürənin təqsiridir. Əmək kitabçasının doldurulması forması və əmrlərin verilməsi işəgötürənin vəzifəsinə (səlahiyyətlərinə) aiddir, işçinin yox. Cavabdeh isə 20 il 18 gün pedaqoji fəaliyyət göstərərək pensiya hüququnu əldə edərək ona pensiya təyin edilib. Bundan başqa Cavabdeh pensiyasının dayandırılması brədə qərar yoxdur, əsassız dayandırılıb. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu cavabdeh şəxs Cavabdeh qarşı xx.xx.2000-ci il tarixdən xx.xx.2023-cü il tarixədək artıq ödənilmiş cəmi 31.664.88 (otuz bir min altı yüz altmış dörd manat səksən səkkiz qəpik) məbləğində pul vəsaitinin Fondun yığım hesabına geri qaytarılması barədə Naxçıvan şəhər sakini olan Cavabdeh qarşı iddia ərizəsində iddia müddətinin keçməsini, eləcə də bununla bağlı qərarın olmadığını, əsassız və mümkünsüz sayıldığını nəzərə alaraq, iddiadan imtina edilməsi və Cavabdeh pensiya hüquqlarının bərpa edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. 25 aprel 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 iddia tələbini dəqiqləşdirirərək “Cavabdeh xx.xx.2005-ci il tarixdən xx.xx.2023-cü il tarixədək artıq ödənilmiş 31.664.88 (otuz bir min altı yüz altmış dörd manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaitinin Fondun yığım hesabına geri qaytarılması” tələbi kimi işə baxılaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə iddiaçının nümayəndəsi tərəfindən dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 29 may 2025-ci il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi X5 iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiyaların təyinatı şöbəsi tərəfindən Naxçıvan şəhəri, Babək məhəlləsi, ev 2, mənzil 37 ünvanında yaşayan Cavabdeh ünvanlanmış 16 noyabr 2023-cü il tarixli, 39 nömrəli bildirişdən aydın olur ki, aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin (Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda) tələblərinə uyğun olaraq dayandırılır. Qeyd edilir ki, ona xx.xx.2005-ci il tarixdə Fondun Naxçıvan şəhər şöbəsi tərəfindən təyin olunmuş yaşa görə əmək pensiyası əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə zidd olaraq aparılmışdır. Nəticədə, onun pensiya ödənişi xx.xx.2023-cü il tarixdən Fondun Naxçıvan şəhər şöbəsi tərəfindən dayandırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.4-cü maddəsinə əsasən borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi Qanunla müəyyən edilmiş hallarda dayandırılsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qeyd olunanlara əsasən, ona xx.xx.2005-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilikdə 31664.88 manat (otuz bir min altı yüz altmış dörd manat səksən səkkiz qəpik) artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Bununla əlaqədar olaraq ona artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağınız tələb olunur. Artıq ödənilmiş vəsaitin könüllü şəkildə büdcəyə qaytarılması təmin olunmadığı halda müvafiq məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13nin baş mütəxəssisi X15, Naxçıvan MR Dövlət Arxivinin direktoru X4, Naxçıvan MR Dövlət Arxivinin iş icraçısı X6 tərəfindən tərtib edilmiş 09 iyun 2023-cü il tarixli iş stajının yoxlanılması barədə aktın surətindən görünür ki, vətəndaşların əmək kitabçalarında Babək Peşə məktəbində işləmələri faktının düzgünlüyü Naxçıvan MR X7 şəhər idarəsinin saxlanılan ilkin sənədlərlə qarşılıqlı üzləşdirməklə yoxlanılmışdır. Yoxlama Naxçıvan MR X7 şəhər idarəsi tərəfindən mühafizə olunan və yoxlamaya təqdim edilmiş Babək Peşə məktəbinin əmrlər kitablarına əsasən aparılmışdır. Babək Peşə məktəbinin əmrlər kitabları 1997-ci il də daxil olmaqla həmin tarixədək arxivə təhvil verilmişdir. Vətəndaşların pensiya işlərinə tikilmiş əmək kitabçalarında onların işə daxil olma və işdən çıxma əmrləri qeyd edilsə də, pensiya təyinatı zamanı və sonrakı dövrlərdə əmək haqqı barədə arayışlar təqdim edilməmişdir. Yoxlama nəticəsində, Babək Peşə məktəbinin möhürü ilə təsdiq edilməklə əmək kitabçalarında qeyd edilmiş xx.xx.1985-ci il tarixli, 23 №-li əmri ilə Cavabdeh işə daxil olması və xx.xx.2005-ci il tarixli, 37 №-li əmri ilə işdən azad olması faktları həmin məktəbin əmrlər kitablarındakı mövcud yazılarla üzləşdirilmiş, bu şəxsin adlarına ümumiyyətlə hər hansı bir əmrin rəsmiləşdirilmədiyi müəyyən edilmiş, o cümlədən onun adına müvafiq işə daxil olma əmrləri aşkar edilməmişdir. - Fond tərəfindən məhkəməyə təqdim edilmiş 21421 nömrəli pensiya işinin materiallarında olan Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 18 aprel 2005-ci il tarixli, 10531 nömrəli qərarına əsasən Cavabdeh 15 aprel 2005-ci il tarixdən ömürlük pensiya təyin olunmuşdur. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 03 iyul 2024-cü il tarixli, 3-17-9-1/2-6070/2024 nömrəli məktubdan məlum olur ki, 2006-cı il 01 yanvar tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 60-cı maddəsinə (Təhsil və uşaq tərbiyə müəssisələrində pedaqoji fəaliyyət göstərənlərin pensiya hüququnun müəyyən edilməsi şərtləri) əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə təhsil və uşaq tərbiyə müəssisələrində kişilər azı 25 il, qadınlar 20 il pedaqoji fəaliyyət göstərdikdə onlara xidmət illərinə görə pensiya almaq hüququ verilir. Qeyd edilir ki, Cavabdeh 2005-ci il 18 aprel tarixdə Fondun Babək rayon şöbəsi tərəfindən qeyd olunan Qanunun 60-cı maddəsinə müvafiq olaraq xidmət illərinə görə əmək pensiyası təyin olunmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasında qeyd olunan 1985-ci il 21 mart tarixdən 2005-ci il 08 aprel tarixədək Babək rayon Peşə məktəbində müəllim işləməsi faktı Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv idarəsində aparılmış yoxlama zamanı öz əksini tapmamışdır. Nəticədə, Cavabdeh 2005-ci il 18 aprel tarixdə təyin olunmuş xidmət illərinə görə əmək pensiyasının ödənişi 2023-cü il 01 iyul tarixdən dayandırılmış və ona 31664.88 manat (otuz bir min altı yüz altmış dörd manat səksən səkkiz qəpik) əsassız pul vəsaiti ödənildiyi məlum olmuşdur. Əlavə olaraq bildirilir ki, əsassız ödənilmiş vəsaitin geri qaytarılması barədə Cavabdeh 2023-cü il 16 noyabr tarixli, 39 nömrəli bildiriş ünvanlanmışdır. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 27 avqust 2024-cü il tarixli, 3-17-9-1/2-8262/2024 nömrəli məktubdan aydın olur ki, 2006-cı il 01 yanvar tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 60-cı maddəsinə (Təhsil və uşaq tərbiyə müəssisələrində pedaqoji fəaliyyət göstərənlərin pensiya hüququnun müəyyən edilməsi şərtləri) əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə təhsil və uşaq tərbiyə müəssisələrində kişilər azı 25 il, qadınlar 20 il pedaqoji fəaliyyət göstərdikdə onlara xidmət illərinə görə pensiya almaq hüququ verilir. Bildirilir ki, Cavabdeh 2005-ci il 18 aprel tarixdə Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsi tərəfindən qeyd olunan Qanunun 60-cı maddəsinə müvafiq olaraq xidmət illərinə görə 32.80 manat əmək pensiyası təyin olunmuşdur. Qeyd edilir ki, qeyd olunan 32.80 manat pensiya məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə əsasən 2019-cu il 30 sentyabr tarixədək indeksləşdirilərək 175.71 manata, 2019-cu il 01 oktyabr tarixdən minimum pensiya məbləğinə 200 manata, 2020-ci il 01 yanvar tarixdə 16.6 faiz indeksləşdirilərək 233.20 manata, 2021-ci il 01 yanvar tarixdən 11.4 faiz indeksləşdirilərək 259.78 manata, 2022-ci il 01 yanvar tarixdən 3.4 faiz indeksləşdirilərək 268.61 manata, 2023-cü il 01 yanvar tarixdə 16.66 manat maddi yardım əlavə olunmaqla 14.7 faiz indeksləşdirilərək 327.27 manata çatdırılmış və pensiya ödənişinin dayandırıldığı 2023-cü il 01 iyul tarixdə aylıq pensiya məbləği 327.20 manat olmuşdur. Daha sonra Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2021-ci il 01 yanvar tarixdən 2023-cü il 01 aprel tarixədək məcburi dövlət sosial sığortası vəsaitlərinin xərclənməsinin icrası vəziyyətinin auditi zamanı tərtib olunmuş 2023-cü il 09 iyun tarixli akta əsasən Cavabdeh İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasında qeyd olunan 1985-ci il 21 mart tarixdən 2005-ci il 08 aprel tarixədək 145 nömrəli Babək texniki peşə məktəbində dərzi müəlliməsi işləməsi faktı Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində aparılmış yoxlama zamanı öz əksini tapmamışdır.Nəticədə, Cavabdeh 2005-ci il 18 aprel tarixdə təyin olunmuş xidmət illərinə görə əmək pensiyasının ödənişi 2023-cü il 01 iyul tarixdən dayandırılmış və ona 31664.88 manat (otuz bir min altı yüz altmış dörd manat səksən səkkiz qəpik) əsassız pul vəsaiti ödənildiyi məlum olmuşdur. Artıq ödəmənin əks olunduğu əvvəlki “Fox Pro” proqramından çıxarılmış 2 (iki) vərəq reyestr cədvəlləri və yoxlama aktı məktuba əlavə olunmuşdur. Əlavə olaraq bildirilir ki, əsassız ödənilmiş vəsaitin geri qaytarılması barədə Cavabdeh 2023-cü il 16 noyabr tarixli, 39 nömrəli bildiriş ünvanlanmışdır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 09 sentyabr 2024-cü il tarixli, 02/852 nömrəli məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə edilən Babək Peşə məktəbinin (145 saylı Texniki Peşə məktəbi) 1985-2005-ci illərə aid əmr və əməkhaqqı kitablarında Cavabdeh işləməsi və əməkhaqqı alması barədə məlumata rast gəlinmədi. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 21 oktyabr 2024-cü il tarixli, 3-17-9-1/2-10821/2024 nömrəli məktubdan məlum olur ki, vətəndaş Cavabdeh təyin olunmuş 2005-ci il 18 aprel tarixli qərarın qüvvədən düşməsi və ya ləğv edilməsi barədə qərar olmadığından məhkəməyə göndərilməsi mümkün olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən hər bir dövlət bu Paktda nəzərdə tutulan hüquqların tam şəkildə həyata keçirilməsini mümkün ehtiyatların maksimum səviyyəsində təmin etmək üçün addımlar atmalıdır. Hər kəs heç bir ayrı-seçkiliyə yol verilmədən eyni hüquqlara malikdir. 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun (01 yanvar 2006-cı ilədək qüvvədə olmuşdur) - 60-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə təhsil və uşaq tərbiyə müəssisələrində kişilər azı 25 il, qadınlar 20 il pedaqoji fəaliyyət göstərdikdə onlara xidmət illərinə görə pensiya almaq hüququ verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. - 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. - 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - 67.5-ci maddəsinə əsasən çaraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - 67.6-ci maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı Cavabdeh xx.xx.2005-ci il tarixdən xx.xx.2023-cü il tarixədək artıq ödənilmiş 31.664.88 (otuz bir min altı yüz altmış dörd manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaitinin Fondun yığım hesabına geri qaytarılmasından ibarətdir. İş materiallarından aydın olur ki, Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 18 aprel 2005-ci il tarixli, 10531 nömrəli qərarına əsasən Cavabdeh 15 aprel 2005-ci il tarixdən ömürlük pensiya təyin olunmuş, təxminən 18 (on səkkiz) il cavabdehə pensiya ödənişi aparılmış və xx.xx.2023-cü il tarixdən onun pensiya ödənişi Fondun Naxçıvan şəhər şöbəsi tərəfindən dayandırılmışdır. Bundan sonra pensiyanın ödənişinin dayandırıldığı tarixdən 4 (dörd) ay sonra, yəni 16 noyabr 2023-cü il tarixdə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Pensiya təyinatı şöbəsi tərəfindən Cavabdeh bildiriş gündərilərək xx.xx.2005-ci il tarixdən xx.xx.2023-cü il tarixədək artıq ödənilmiş cəmi 31.664.88 (otuz bir min altı yüz altmış dörd manat səksən səkkiz qəpik) məbləğində pul vəsaitinin Fondun yığım hesabına geri qaytarılması tələb olunmuşdur. Məhkəmə qeyd edir ki, inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, hazırki iş üzrə iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Cavabdeh təyin olunmuş 2005-ci il 18 aprel tarixli qərarın qüvvədən düşməsi və ya ləğv edilməsi barədə qərar qəbul edilməmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Cavabdeh 16 noyabr 2023-cü il tarixli, 39 nömrəli bildiriş göndərməklə kifayətlənərək, Fondan tərəfindən ondan artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarılması tələb olunmuş, artıq ödənilmiş vəsaitin könüllü şəkildə büdcəyə qaytarılması təmin olunmadığı halda müvafiq məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İnzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Eyni zamanda təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Məhkəmənin sorğusuna cavab olaraq iddiaçı tərəfindən təqdim edilmiş 21 oktyabr 2024-cü il tarixli, 3-17-9-1/2-10821/2024 nömrəli nömrəli məktubdan aydın görünür ki, Cavabdeh əmək pensiyası təyin edilməsi barədə 18 aprel 2005-ci il tarixli qərar halhazırda qüvvədədir, qərarın qüvvədən düşməsi və ya ləğv edilməsi barədə inzibati orqan tərəfindən yeni bir qərar qəbul edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdehin barəsində qəbul edilmiş və qüvvədə olan əlverişli inzibati akt (qərar) qüvvədə olduğu təqdirdə həmin akt (qərar) əsasında ödənilmiş hər hansı məbləğin geri qaytarılması barədə iddiaçı tərəfindən irəli sürülmüş iddia əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Qeyd edilməlidir ki, cavabdehdən asılı olmayan hallar nəticəsində iddiaçının səhv etməsi cavabdehdən artıq ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəmə araşdırması nəticəsində rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə cavabdehin ona pensiya təyin edilməsinə müdaxilə etməsi müəyyən edilməmişdir. Eləcə də, işin hallarına görə, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının cavabdehdən gözlənilməsi məntiqsiz olar. Beləliklə “İnzibati icraat haqqında” qanunvericiliyin tələbindən də göründüyü kimi, maraqlı şəxsin etimad hüququna istinadı istisna edilmirsə, əlverişli inzibati akt qanunsuz inzibati akt hesab edilsə belə, onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisəyə dair oşxar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının üç ulduz nişanı ilə indeksləşdirilmiş, yəni analoji işlərdə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli, 2-1(102)-895/2023 nömrəli qərarında da öz əksini tapmışdır. Beləliklə, iddiaçı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Cavabdeh qarşı “cavabdehə xx.xx.2005-ci il tarixdən xx.xx.2023-cü il tarixədək artıq ödənilmiş 31.664.88 (otuz bir min altı yüz altmış dörd manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaitinin Fondun yığım hesabına geri qaytarılması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Cavabdeh qarşı “cavabdehə xx.xx.2005-ci il tarixdən xx.xx.2023-cü il tarixədək artıq ödənilmiş 31.664.88 (otuz bir min altı yüz altmış dörd manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaitinin Fondun yığım hesabına geri qaytarılması tələbi”nə iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar