Məhkəmə qərarları › İş №2-1(122)-266/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-266/2025

19.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-266/2025 19.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, iddiaçı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X6, Cavabdeh iştirakları ilə, iddiaçı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Cavabdeh qarşı “Cavabdeh xx.xx.2004-cü il tarixdən xx.xx.2023-cü il tarixədək qanunsuz olaraq təyin edilmiş yaşa görə əmək pensiyasına əsasən ödənilmiş 32.764.63 (otuz iki min yeddi yüz altmış dörd manat, altmış üç qəpik) manat məbləğində pul vəsaitinin ondan tutularaq Fondun yığım hesabına geri qaytarılması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2004-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilikdə 32.764.63 (otuz iki min yeddi yüz altmış dörd manat altmış üç qəpik) manat məbləğində pul vəsaitinin Fondun yığım hesabına geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1963-cü il tarixində anadan olmuş, Babək Rayonu, Nehrəm kəndində yaşayan Cavabdeh Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 12 mart 2004-cü il tarixli, 174 nömrəli qərarına əsasən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 60-61-ci maddələrinə müvafiq olaraq xx.xx.2004-cü il tarixdən xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinə əsasən xidmət illərinə görə pensiyalar yaşa görə pensiya almaq hüququ verən yaşa çatandan əvvəl əmək qabiliyyətinin tam və ya qismən itirilməsinə səbəb olan işlərdə çalışan ayrı-ayrı peşə sahibləri üçün müəyyən edilmiş şərtlərlə təyin edilir. Həmin Qanunun 60-cı maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə təhsil və uşaq tərbiyə müəssisələrində kişilər azı 25 il, qadınlar - 20 il pedaqoji fəaliyyət göstərdikdə onlara xidmət illərinə görə pensiya almaq hüququ verilir. Qanunun 61-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə kənd yerlərində və şəhər tipli qəsəbələrdə (respublika tabeli şəhərlərin qəsəbələri istisna olmaqla) kişilər azı 25 il, qadınlar azı 20 il müalicə işlərində və əhalinin sağlamlığının mühafizəsi ilə əlaqədar digər işlərdə çalışdıqda xidmət illərə görə pensiya almaq hüququ qazanırlar. Cavabdeh məxsus ИT-İ seriyalı, ******* nömrəli, 01 sentyabr 1981-ci il tarixli əmək kitabçasının məlumatlarına əsasən, o, xx.xx.1981-ci il tarixdən xx.xx.2004-cü il tarxədək (22 il 6 ay 08 gün) Babək Rayon Peşə məktəbində dərzi müəlliməsi vəzifəsində işləmişdir. Qeyd edilir ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 tərəfindən daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma aparılaraq pensiya təyinatı ilə əlaqədar bir sıra qanun pozuntusuna yol verildiyi aşkar edilmişdir. Audit Şöbəsi tərəfindən vətəndaş Cavabdeh əmək kitabçası araşdırılarkən bəzi pozuntular aşkarlanmışdır. Belə ki, xx.xx.1981-ci il tarixdə Babək Rayon Texniki peşə məktəbinə dərzi müəlliməsi olaraq işə daxil olmuş, xx.xx.2004-cü il tarixdə isə həmin peşə məktəbindən öz ərizəsi əsasında işdən azad edilmişdir. Lakin həm işə daxil olarkən, həm də işdən azad edilərkən əmək kitabçasında əks olunan möhür latın qrafikalı olmuşdur. “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının xx.xx.1991-ci il tarixli Qərarına əsasən Azərbaycan dilində latın qrafikasına keçid 1992-ci ildən başlamış, xx.xx.2002-ci il tarixli “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların dövlət nümayəndəliklərinin və filiallarının, idarələrin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılır. Göstərilən təsisatların adını əks etdirən lövhələr, blanklar, lövhələr və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində tərtib edilir. Qeyd edilənlərdən aydın olduğu kimi, 1981-ci ildə fəaliyyət göstərən müəssisələrdə latın qrafikalı möhürlərin istifadəsi mümkün deyildir. Bundan başqa Cavabdeh əmək kitabçasında qeyd olunmuş 1981-2004-cü illərdəki əmək fəaliyyəti həmin məktəbin digər sənədlərində (əməkhaqqı cədvəlləri, işə daxilolma, işdən azad edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma əmrləri) öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən Cavabdeh xx.xx.2004-cü il tarixdən 01 07.2023-cü il tarixədək ümümilikdə 32.764.63 (otuz iki min yeddi yüz altmış dörd manat, altmış üç qəpik) manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Qeyd edilir ki, Cavabdeh ünvanına artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması ilə bağlı 16 noyabr 2023-cü il tarixli, 28 saylı bildiriş göndərilmişdir, lakin vətəndaş tərəfindən könüllü surətdə ödəniş edilməmişdir. İddiaçı göstərilənlərə əsasən Cavabdeh xx.xx.2004-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilikdə 32.764.63 (otuz iki min yeddi yüz altmış dörd manat altmış üç qəpik) manat məbləğində pul vəsaitinin Fondun yığım hesabına geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Lakin Cavabdeh iddiaya dair yazılı münasibəti (etiraz məktubu) məhkəməyə təqdim edilməmişdir. Sonradan 19 sentyabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən iddiaçı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 Muxtar Respublikasının İnzibati Məhkəməsinin icraatında olan 2-1(122)-977/2024 saylı iş üzrə iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Cavabdeh qarşı “Cavabdeh xx.xx.2004-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilikdə 32.764.63 (otuz iki min yeddi yüz altmış dörd manat, altmış üç qəpik) manat məbləğində pul vəsaitinin Fondun yığım hesabına geri qaytarılması barədə qərar qəbul edilməsi” ilə bağlı iddia qaldırıldığını bildirib, iddia tələbi dəqiqləşdirilərək “Cavabdeh xx.xx.2004-cü il tarixdən xx.xx.2023-cü il tarixədək qanunsuz olaraq təyin edilmiş yaşa görə əmək pensiyasına əsasən ödənilmiş 32.764.63 (otuz iki min yeddi yüz altmış dörd manat, altmış üç qəpik) manat məbləğində pul vəsaitinin ondan tutularaq Fondun yığım hesabına geri qaytarılması” kimi baxılaraq qərar qəbul edilməsini xahiş edərək bu barədə yazılmış ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmənin 19 sentyabr 2024-cü il tarixli, 2-1(122)-977/2024 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 19 may 2025-ci il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiyaların təyinatı şöbəsi tərəfindən Babək rayonu, Nehrəm kənd sakini Cavabdeh ünvanlanmış 16 noyabr 2023-cü il tarixli, 28 nömrəli bildirişdən aydın olur ki, aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin (Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda) tələblərinə uyğun olaraq dayandırılır. Qeyd edilir ki, ona xx.xx.2004-cü il tarixdə Fondun Babək rayon şöbəsi tərəfindən təyin olunmuş yaşa görə əmək pensiyası əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə zidd olaraq aparılmışdır. Nəticədə, onun pensiya ödənişi xx.xx.2023-cü il tarixdən Fondun Babək rayon şöbəsi tərəfindən dayandırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 39.4cü maddəsinə əsasən borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi Qanunla müəyyən edilmiş hallarda dayandırılsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qeyd olunanlara əsasən, ona xx.xx.2004cü il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilikdə 32764.63 manat (otuz iki min yeddi yüz altmış dörd manat altmış üç qəpik) artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Bununla əlaqədar olaraq ona artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağı tələb olunur. Artıq ödənilmiş vəsaitin könüllü şəkildə büdcəyə qaytarılması təmin olunmadığı halda müvafiq məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12nin baş mütəxəssisi X14, Naxçıvan MR Dövlət Arxivinin direktoru X5, Naxçıvan MR Dövlət Arxivinin iş icraçısı X7 tərəfindən tərtib edilmiş 12 iyun 2023-cü il tarixli iş stajının yoxlanılması barədə aktın surətindən görünür ki, vətəndaşların əmək kitabçalarında Babək Peşə məktəbində işləmələri faktının düzgünlüyü Naxçıvan MR X8 şəhər idarəsinin saxlanılan ilkin sənədlərlə qarşılıqlı üzləşdirməklə yoxlanılmışdır. Yoxlama Naxçıvan MR X8 şəhər idarəsi tərəfindən mühafizə olunan və yoxlamaya təqdim edilmiş Babək Peşə məktəbinin əmrlər kitablarına əsasən aparılmışdır. Babək Peşə məktəbinin əmrlər kitabları 1997-ci il də daxil olmaqla həmin tarixədək arxivə təhvil verilmişdir. Vətəndaşların pensiya işlərinə tikilmiş əmək kitabçalarında onların işə daxil olma və işdən çıxma əmrləri qeyd edilsə də, pensiya təyinatı zamanı və sonrakı dövrlərdə əmək haqqı barədə arayışlar təqdim edilməmişdir. Yoxlama nəticəsində, Babək Peşə məktəbinin möhürü ilə təsdiq edilməklə əmək kitabçalarında qeyd edilmiş xx.xx.1981-ci il tarixli, 04 №-li əmri ilə X2 işə daxil olması və xx.xx.2004-cü il tarixli, 41 №-li əmri ilə işdən azad olması faktları həmin məktəbin əmrlər kitablarındakı mövcud yazılarla üzləşdirilmiş, bu şəxsin adına ümumiyyətlə hər hansı bir əmrin rəsmiləşdirilmədiyi müəyyən edilmiş, o cümlədən onun adına müvafiq işə daxil olma əmrləri aşkar edilməmişdir. - Fond tərəfindən məhkəməyə təqdim edilmiş 16995 nömrəli pensiya işinin materiallarında olan Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 12 mart 2004-cü il tarixli, 174 nömrəli qərarından görünür ki, Cavabdeh xx.xx.2004-cü il tarixdən xidmət illərinə görə ömürlük əmək pensiyası təyin edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 05 sentyabr 2024-cü il tarixli, 3-17-9-1/2-8627/2024 nömrəli məktubdan aydın olur ki, 2006-cı il 01 yanvar tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 60-cı maddəsinə (Təhsil və uşaq tərbiyə müəssisələrində pedaqoji fəaliyyət göstərənlərin pensiya hüququnun müəyyən edilməsi şərtləri) əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə təhsil və uşaq tərbiyə müəssisələrində kişilər azı 25 il, qadınlar-20 il pedaqoji fəaliyyət göstərdikdə onlara xidmət illərinə görə pensiya almaq hüququ verilir. Bildirilir ki, Cavabdeh 2004-cü il 12 mart tarixdə Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsi tərəfindən qeyd olunan Qanunun 60-cı maddəsinə müvafiq olaraq xidmət illərinə görə 33.82 manat əmək pensiyası təyin olunmuşdur. Qeyd edilir ki, qeyd olunan 33.82 manat pensiya məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə əsasən 2019-cu il 30 sentyabr tarixədək indeksləşdirilərək 182.44 manata, 2019-cu il 01 oktyabr tarixdən minimum pensiya məbləğinə 200 manata, 2020-ci il 10 yanvar tarixdə 16.6 faiz indeksləşdirilərək 233.20 manata, 2021-ci il 01 yanvar tarixdən 11.4 faiz indeksləşdirilərək 259.78 manata, 2022-ci il 01 yanvar tarixdən 3.4 faiz indeksləşdirilərək 268.61 manata, 2023-cü il 01 yanvar tarixdə 16.66 manat maddi yardım əlavə olunmaqla 14.7 faiz indeksləşdirilərək 327.27 manata çatdırılmış və pensiya ödənişinin dayandırıldığı 2023-cü il 01 iyul tarixdə aylıq pensiya məbləği 327.20 manat olmuşdur. Daha sonra Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2021-ci il 01 yanvar tarixdən 2023-cü il 01 aprel tarixədək məcburi dövlət sosial sığortası vəsaitlərinin xərclənməsinin icrası vəziyyətinin auditi zamanı tərtib olunmuş 2023-cü il 12 iyun tarixli akta əsasən Cavabdeh İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasında qeyd olunan 1981-ci il 01 sentyabr tarixdən 2004-cü il 09 mart tarixədək Babək Peşə məktəbində dərzi müəlliməsi işləməsi faktı Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsində aparılmış yoxlama zamanı öz əksini tapmamışdır. Nəticədə, Cavabdeh 2004-cü il 12 mart tarixdə təyin olunmuş xidmət illərinə görə əmək pensiyasının ödənişi 2023-cü il 01 iyul tarixdən dayandırılmış və ona 32.764.63 manat (otuz iki min yeddi yüz altmış dörd manat altmış üç qəpik) əsassız pul vəsaiti ödənildiyi məlum olmuşdur. Artıq ödəmənin əks olunduğu əvvəlki “Fox Pro” proqramından çıxarılmış 2 (iki) vərəq reyestr cədvəli və yoxlama aktı məktuba əlavə olunmuşdur. Əlavə olaraq bildirilir ki, əsassız ödənilmiş vəsaitin geri qaytarılması barədə Cavabdeh 2023-cü il 16 noyabr tarixli, 28 nömrəli bildiriş ünvanlanmışdır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 09 sentyabr 2024-cü il tarixli, 02/854 nömrəli məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə edilən Babək Peşə məktəbinin (145 saylı Texniki Peşə məktəbi) 1981-2004-cü illərə aid əmr və əmək haqqı kitablarında Cavabdeh işləməsi və əmək haqqı alması barədə məlumata rast gəlinmədi. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 29 oktyabr 2024-cü il tarixli, 3-17-9-1/2-11244/2024 nömrəli məktubdan məlum olur ki, vətəndaş Cavabdeh təyin olunmuş 2004-cü il 12 mart tarixli qərarın qüvvədən düşməsi və ya ləğv edilməsi barədə qərar olmadığından məhkəməyə göndərilməsi mümkün olmamışdır. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarında olan Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya təyinatı şöbəsinin Pensiya təyinatı komissiyanın 19 mart 2025-ci il tarixli, 3-17-9-1/2-M-3205/2025 nömrəli qərarından aydın olur ki, Babək rayonu Nehrəm qəsəbə sakini Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsinin pensiya təyin edən komissiyasının 12 mart 2004-cü il tarixli, 174 nömrəli qərarına əsasən, 9 mart 2004-cü il tarixindən həmin tarixdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə (Təhsil və uşaq tərbiyə müəssisələrində pedaqoji fəaliyyət göstərənlərin pensiya hüququnun müəyyən edilməsi şərtləri) müvafiq olaraq xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 04 may 2023-cü il tarixli, 3-17/3-2-545/2023 nömrəli və 23 iyun 2023-cü il tarixli, 3-17/3-2-859/2023 nömrəli əmrlərinə əsasən 01 yanvar 2021-ci il tarixdən 01 aprel 2023-cü il tarixədək Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin məcburi dövlət sosial sığorta vəsaitlərinin xərclənməsinin icrası ilə bağlı audit yoxlaması aparılmışdır. Yoxlama zamanı Cavabdeh vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunluğu araşdırılmışdır. Vətəndaş Cavabdeh xidmət illərinə görə əmək pensiyası təyin olunması üçün əsas götürülmüş Babək Peşə məktəbində 1981-ci ilin 1 sentyabr tarixindən 2004-cü ilin 9 mart tarixinədək işləməsi mövcud olan əmr və əməkhaqqı kitablarına əsasən yoxlanılmış və adına rast gəlinməmişdir. Bu səbədən də, vətəndaş Cavabdeh ümumilikdə 20 il pedaqoji fəaliyyəti olmadığı üçün, ona Fondun Babək rayon şöbəsi tərəfindən xidmət illərinə görə əmək pensiyası təyin olunması barədə qəbul edilmiş 12 mart 2004-cü il tarixli 174 nömrəli qərar ləğv edilməlidir. Yuxarıda göstərinlərə əsasən, “Əmək pensiyaları haqqında" Azərbaycan RespublikasıQanununun 37.8.3-cü və "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2, 64.1, 67 və 72-ci maddələrini rəhbər tutaraq, komissiya, Babək rayonu Nehrəm qəsəbə sakini, xx xxxxxx 1963-cü il təvəllüdlü Cavabdeh Fondun Babək rayon şöbəsi tərəfindən xidmət illərinə görə əmək pensiyası təyin olunması ilə əlaqədar 2004-cü il 12 mart tarixli, 174 nömrəli qərarın ləğv edilməsini qərara almışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən hər bir dövlət bu Paktda nəzərdə tutulan hüquqların tam şəkildə həyata keçirilməsini mümkün ehtiyatların maksimum səviyyəsində təmin etmək üçün addımlar atmalıdır. Hər kəs heç bir ayrı-seçkiliyə yol verilmədən eyni hüquqlara malikdir. 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun (01 yanvar 2006-cı ilədək qüvvədə olmuşdur) - 60-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə təhsil və uşaq tərbiyə müəssisələrində kişilər azı 25 il, qadınlar 20 il pedaqoji fəaliyyət göstərdikdə onlara xidmət illərinə görə pensiya almaq hüququ verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. - 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. - 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - 67.6-ci maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. - 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. - 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. - 67.9-cü maddəsinə əsasən maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. - 67.10-cu maddəsinə əsasən maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. - 67.11-ci maddəsinə əsasən maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. - 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. - 67.13-cü maddəsinə əsasən qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı Cavabdeh xx.xx.2004-cü il tarixdən xx.xx.2023-cü il tarixədək qanunsuz olaraq təyin edilmiş yaşa görə əmək pensiyasına əsasən ödənilmiş 32.764.63 (otuz iki min yeddi yüz altmış dörd manat, altmış üç qəpik) manat məbləğində pul vəsaitinin ondan tutularaq Fondun yığım hesabına geri qaytarılmasından ibarətdir. İş materiallarından aydın olur ki, Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 12 mart 2004-cü il tarixli, 174 nömrəli qərarından görünür ki, Cavabdeh xx.xx.2004-cü il tarixdən xidmət illərinə görə ömürlük əmək pensiyası təyin edilmişdir. xx.xx.2023-cü il tarixdən cavabdehə pensiya ödənişi Fondun Babək rayon şöbəsi tərəfindən dayandırılmış, Cavabdeh xx.xx.2004-cü il tarixdən xx.xx.2023-cü il tarixədək artıq ödənilmiş cəmi 32764.63 manat (otuz iki min yeddi yüz altmış dörd manat altmış üç qəpik) məbləğində pul vəsaitinin Fondun yığım hesabına geri qaytarılması tələb olunmuşdur. Məhkəmə qeyd edir ki, inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, hazırki iş üzrə iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Cavabdeh təyin olunmuş 12 mart 2004-cü il tarixli, 174 nömrəli qərarın qüvvədən düşməsi və ya ləğv edilməsi barədə qərar qəbul edilməmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Cavabdeh 12 mart 2004-cü il tarixdə təyin edilmiş əmək pensiyasının ləğv edilməsi barədə heç bir qərar qəbul etmədən xx.xx.2023-cü il tarixdən pensiyanın ödənişini dayandırmış və pensiya ödənişi dayandırıldıqdan 4 ay 15 gün sonra, yəni 16 noyabr 2023-cü il tarixdə, 28 nömrəli bildiriş göndərməklə kifayətlənərək, Fond tərəfindən ondan artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarılması tələb olunmuş, artıq ödənilmiş vəsaitin könüllü şəkildə büdcəyə qaytarılması təmin olunmadığı halda müvafiq məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Sonradan iş məhkəmənin icraatında olan dövrdə iddiaçı tərəfindən inzibati icraat aparılmış, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya təyinatı şöbəsinin Pensiya təyinatı komissiyanın 19 mart 2025-ci il tarixli, 3-17-9-1/2-M-3205/2025 nömrəli qərarı ilə Babək rayonu Nehrəm qəsəbə sakini, xx xxxxxx 1963-cü il təvəllüdlü Cavabdeh Fondun Babək rayon şöbəsi tərəfindən xidmət illərinə görə əmək pensiyası təyin olunması ilə əlaqədar 2004-cü il 12 mart tarixli, 174 nömrəli qərarı ləğv edilmişdir. Qeyd olunmalıdır ki, şəxsə əmək pensiyasının iddiaçının özü tərəfindən təyin olunduğu hallarda, iddiaçı prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. Məhkəmə qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. İddiaçı inzibati orqanın əmək pensiyasının əsassız təyin olunması barədə uzun müddət (20 ilə yaxın) hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özünün həyat şəraitini aldığı pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxsin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onun vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onun xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktın və həmin aktdan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidir. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş hədlərdə qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140). Beləliklə məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan 19 mart 2025-ci il tarixli qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmişdir. Belə ki, qərarın məzmunundan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 04 may 2023-cü il tarixli, 3-17/3-2-545/2023 nömrəli və 23 iyun 2023-cü il tarixli, 3-17/3-2-859/2023 nömrəli əmrlərinə əsasən 01 yanvar 2021-ci il tarixdən 01 aprel 2023-cü il tarixədək Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin məcburi dövlət sosial sığorta vəsaitlərinin xərclənməsinin icrası ilə bağlı audit yoxlaması aparılmışdır. Yoxlama zamanı Cavabdeh vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunluğu araşdırılmışdır. Vətəndaş Cavabdeh xidmət illərinə görə əmək pensiyası təyin olunması üçün əsas götürülmüş Babək Peşə məktəbində 1981-ci ilin 1 sentyabr tarixindən 2004-cü ilin 9 mart tarixinədək işləməsi mövcud olan əmr və əmək haqqı kitablarına əsasən yoxlanılmış və adına rast gəlinməmişdir. Lakin inzibati orqan tərəfindən Cavabdeh Fondun Babək rayon şöbəsi tərəfindən xidmət illərinə görə əmək pensiyası təyin olunması ilə əlaqədar 2004-cü il 12 mart tarixli, 174 nömrəli qərar həmin qərarın ləğv olunmasına şərtləndirən halların iddiaçıya məlum olduğu gündən 1 (bir) il, 8 (səkkiz) aydan sonra, yəni 19 mart 2025-ci il tarixdə ləğv edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür. Məhkəmə həmçinin qeyd edir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Həmçinin qeyd edilməlidir ki, cavabdehdən asılı olmayan hallar nəticəsində iddiaçının səhv etməsi cavabdehdən artıq ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəmə araşdırması nəticəsində rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə cavabdehin ona pensiya təyin edilməsinə müdaxilə etməsi müəyyən edilməmişdir. Eləcə də, işin hallarına görə, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının cavabdehdən gözlənilməsi məntiqsiz olar. Beləliklə “İnzibati icraat haqqında” qanunvericiliyin tələbindən də göründüyü kimi, maraqlı şəxsin etimad hüququna istinadı istisna edilmirsə, əlverişli inzibati akt qanunsuz inzibati akt hesab edilsə belə, onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisəyə dair oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının üç ulduz nişanı ilə indeksləşdirilmiş, yəni analoji işlərdə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli, 2-1(102)-895/2023 nömrəli və xx.xx.2024-cü il tarixli, 2-1(102)-3135/2024 nömrəli qərarlarında da öz əksini tapmışdır. Beləliklə, iddiaçı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Cavabdeh qarşı “Cavabdeh xx.xx.2004-cü il tarixdən xx.xx.2023-cü il tarixədək qanunsuz olaraq təyin edilmiş yaşa görə əmək pensiyasına əsasən ödənilmiş 32.764.63 (otuz iki min yeddi yüz altmış dörd manat, altmış üç qəpik) manat məbləğində pul vəsaitinin ondan tutularaq Fondun yığım hesabına geri qaytarılması tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Cavabdeh qarşı “Cavabdeh xx.xx.2004-cü il tarixdən xx.xx.2023-cü il tarixədək qanunsuz olaraq təyin edilmiş yaşa görə əmək pensiyasına əsasən ödənilmiş 32.764.63 (otuz iki min yeddi yüz altmış dörd manat, altmış üç qəpik) manat məbləğində pul vəsaitinin ondan tutularaq Fondun yığım hesabına geri qaytarılması tələbi”nə iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar