Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-27/2020 18.03.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehlər Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X8 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 və üçüncü şəxs Cavabdeh1 iştirakları ilə, İddiaçı iştirakı olmadan, İddiaçı cavabdehlər Naxçıvan Şəhər İcra Hakimiyyətinə və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, ev 19-da yerləşən 10 saylı mənzilin əmlak kirayə müqaviləsinin Roza Bəylərovanın adına dəyişdirilməsi ilə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinin möhürü ilə möhürlənmiş ə/d əlyazma hərflərindən sonra Naxçıvan şəhər keçmiş icra hakimiyyətinin başçısı Vüqar Səfərov adından imzalanması ehtimal olunan 07 fevral 2017-ci il tarixli, 09 nömrəli sərəncamın etibarsız hesab olunması, Roza Bəylərovanın adına aparılmış özəlləşmənin etibarsız hesab edilməsi, özəlləşmə əsasında mənzillə bağlı aparılmış ********** nömrəli reyestr qeydiyyatının ləğv edilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Naxçıvan Şəhər İcra Hakimiyyətinə və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı Naxçıvan Şəhər İcra Hakimiyyətinin möhürü ilə möhürlənmiş ə/d əlyazma hərflərindən sonra Naxçıvan şəhər keçmiş icra hakimiyyətinin başçısı Vüqar Səfərov adından imzalanması ehtimal olunan 07 fevral 2017-ci il tarixli, 09 nömrəli sərəncamının etibarsız hesab olunması, həmin sərəncam əsasında Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, ev 19-da yerləşən 10 saylı mənzilin özəlləşdirilməsinin və həmin özəlləşmə əsasında aparılmış ********** nömrəli daşınmaz əmlakın dövlət reyestr qeydinin ləğv edilməsi, MH ******* və MH ******* nömrəli çıxarışların, birinci dövlət notariat kontoru tərəfindən qeydiyyata alınan 12 aprel 2017-ci il tarixli, 4ə-133 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. Məhkəmənin 24 fevral 2020-ci il tarixə təyin edilmiş iclasında cavabdehlər işə cəlb olunaraq icraata başlanılmışdır. Məhkəmə prosesi zamanı iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim edərək, ilkin iddia ərizəsində cavabdehlər Naxçıvan Şəhər İcra Hakimiyyətinə və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı Naxçıvan şəhər icra hakimiyyətinin başçısı Vüqar Səfərov adından imzalanması ehtimal olunan 07 fevral 2017-ci il tarixli, 09 nömrəli sərəncamın etibarsız hesab olunması, həmin sərəncam əsasında Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, ev 19-da yerləşən 10 saylı mənzilin özəlləşdirilməsinin və özəlləşmə əsasında aparılmış ********** nömrəli daşınmaz əmlakın dövlət reyestri qeydinin ləğv edilməsi, MH seriyalı, ******* nömrəli və MH ******* nömrəli çıxarışların, 1-ci Dövlət Notariat Kontorunda tərəfindən qeydiyyata alınan 12 aprel 2017-ci il tarixli 4ə-133 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbi olduğunu, lakin iddia tələbinin dəqiqləşdirərək hal-hazırda iddia tələbinin Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı” Naxçıvan Şəhər İcra Hakimiyyətinin möhürü ilə möhürlənmiş ə/d əlyazma hərflərindən sonra Naxçıvan şəhər keçmiş icra hakimiyyətinin başçısı Vüqar Səfərov adından imzalanması ehtimal olunan 07 fevral 2017-ci il tarixli, 09 nömrəli sərəncamın etibarsız hesab olunması, özəlləşmənin ləğv edilməsi tələbi olduğunu bildirmiş və həmin tələb Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2-1(122)-27/2020 nömrəli qərardadı ilə icraata qəbul edilmişdir. Bundan sonra iddiaçının vəkili və nümayəndəsi 28 fevral 2020-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə 26 fevral 2020-ci il tarixli ərizə təqdim edərək, cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, ev 19-da yerləşən 10 saylı mənzilin əmlak kirayə müqaviləsinin Roza Bəylərovanın adına dəyişdirilməsi ilə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinin möhürü ilə möhürlənmiş ə/d əlyazma hərflərindən sonra Naxçıvan şəhər keçmiş icra hakimiyyətinin başçısı Vüqar Səfərov adından imzalanması ehtimal olunan 07 fevral 2017-ci il tarixli, 09 nömrəli sərəncamın etibarsız hesab olunması, Roza Bəylərovanın adına aparılmış özəlləşmənin etibarsız hesab edilməsi, özəlləşmə əsasında mənzillə bağlı aparılmış ********** nömrəli reyestr qeydiyyatının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etdiyini bildirmiş və ərizə icraata qəbul edilmişdir. İş üzrə müəyyən prosessual hərəkətlər edildikdən sonra hazırlıq icraatı ilə bağlı 18 mart 2020-ci il tarixə məhkəmə iclası təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil şifahi vəsatətlə çıxış edərək, vəsatətində Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin də cavabdeh qismində işə cəlb olunmasını və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2- 1(122)-27/2020 nömrəli qərardadı ilə iddiaçının vəkili və nümayəndəsinin Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, ev 19-da yerləşən 10 saylı mənzilin əmlak kirayə müqaviləsinin Roza Bəylərovanın adına dəyişdirilməsi ilə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinin möhürü ilə möhürlənmiş ə/d əlyazma hərflərindən sonra Naxçıvan şəhər keçmiş icra hakimiyyətinin başçısı Vüqar Səfərov adından imzalanması ehtimal olunan 07 fevral 2017-ci il tarixli, 09 nömrəli sərəncamın etibarsız hesab olunması, Roza Bəylərovanın adına aparılmış özəlləşmənin etibarsız hesab edilməsi, özəlləşmə əsasında mənzillə bağlı aparılmış ********** nömrəli reyestr qeydiyyatının ləğv edilməsinə dair tələbi icraata qəbul edilmiş və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti də cavabdeh qismində işə cəlb olunmuşdur. Məhkəmə iclasında cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X12 izahat verərək, İddiaçı ünvan 1 ünvanına subyektiv hüququnun olmadığını, onun babası və nənəsi tərəfindən qəyyumluğa və himayəçiliyə götürülmədiyini, özləri tərəfindən əldə olunan sənədlərdə iddiaçının həmin ünvanda deyil, Kəngərli rayonunun Çalxanqala kəndində yaşadığı və qeydiyyatda olduğunu bildirərək, iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X5 izahatında Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının sərəncamına və forma 2 nömrəli arayışa istinad etməklə özəlləşmə aparıldığını və hazırkı məhkəmə mübahisəsi üzrə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mənzil özəlləşməsinin əsası olan sərəncama görə məsuliyyət daşımadığını bildirdi. Məhkəmə iclasında üçüncü şəxs Cavabdeh1 izahatında Naxçıvan Şəhər İcra Hakimiyyətinin əmlak kirayə müqaviləsinin anası Roza Bəylərovanın adına dəyişdirilməsi barədə 07 fevral 2017-ci il tarixli, 09 nömrəli sərəncamının tam qanuni olduğunu, həmin sərəncamın əsasında Naxçıvan Muxtar Respublikası Dövlət Reyestr Xidmətində özəlləşmə aparıldığını, bundan başqa İddiaçı mübahisəli mənzildə qeydiyyatda olmadığı və orada yaşamadığını, buna görə də İddiaçı həmin sərəncam əsasında özəlləşdirməni mübahisələndirməsinə hüququnun olmadığını bildirdi. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin, cavabdehlərin nümayəndələrinin və üçüncü şəxsin izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, hazırki vəziyyətdə iddia mümkün sayılmır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Əvvəla, məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçının vəkili və nümayəndəsi iddia ərizəsində və məhkəmə iclaslarında iddiaçının həmin mənzilə mülkiyyət hüququnun olmasını iddiaçının orderdə olan adına və həmin ünvanda yaşamasına istinad etsə də bu hallar iş materiallarına əlavə olunmuş sənədlərlə tam təkzib olunur. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər üzrə Kəngərli Rayon X15 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 29 may 2019-cu il tarixli, 14 nömrəli arayışının sürətində İddiaçı 2007-ci ildən 2012-ci ilədək Çalxanqala kəndində yaşadığı; Naxçıvan Şəhər 1 saylı Mənzil İstismar İdarəsinin 17 may 2019-cu il tarixli, 23 nömrəli arayışının surətində ünvan 3 ünvanına ödənilən kommunal və istilik pullarının X3 və X4 adına ödənildiyi; Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli Rayon Şöbəsinin arayışının surətində İddiaçı 01 yanvar 2010-cu il tarixdən 01 iyul 2011-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olduğu; X15 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin iyul 2019-cu il tarixli, 21 nömrəli arayışının surətində İddiaçı 1991-ci ildən 2019-cu ilədək Çalxanqala kəndində qeydiyyatda olduğu; Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Kəngərli Rayon Təhsil Şöbəsinin 24 may 2019-cu il tarixli, 3/50 nömrəli arayışının surətində İddiaçı 2009-cu ildə F.Kərimzadə adına Çalxanqala kənd tam orta məktəbinin Xİ sinfini bitirdiyi və B seriyalı, 580715 nömrəli orta təhsil haqqında attestat aldığı; Naxçıvan Şəhər İcra Hakimiyyətinin 04 fevral 2017-ci il tarixli, 351 nömrəli arayışının surətində X4 ünvan 1 ünvanında tək yaşadığı; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin 24 yanvar 2017-ci il tarixli arayışının surətində 15 dekabr 1991-ci il təvəllüdlü İddiaçı Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Çalxanqala kəndində yaşadığı və qeydiyyatda olduğu; Naxçıvan Şəhər 1 saylı Mənzil İstismar İdarəsinin 17 fevral 2017-ci il tarixli, 357 nömrəli arayışının surətində İddiaçı ünvan 3 ünvanında yaşamadığı və qeydiyyatda olmadığı; İ-ZJ seriyalı, 215936 nömrəli nikah haqqında şəhadətnamənin surətində X6 ilə X11 arasında 18 may 1969-cu il tarixdə nikah bağlandığı; X4 Naxçıvan Şəhər İcra Hakimiyyətinə ünvanlandığı 06 fevral 2017-ci il tarixli ərizənin surətində əri X6 vəfat etdiyindən ünvan 1 ünvanının kirayə müqaviləsinin onun adına dəyişdirilməsinə köməklik göstərilməsinin xahiş olunduğu; Kəngərli Rayon İcra Hakimiyyəti yanında “Qəyyumluq və Himayə Komissiyası”nın Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında “Qəyyumluq və Himayə Komissiyası”na ünvanlandığı 13 mart 2020-ci il tarixli, 66 nömrəli məktubunun surətində İddiaçı babası X6 və nənəsi X4 qəyyumluğuna yaxud himayəsinə verilmədiyi, onun yetkinlik yaşına çatanadək Kəngərli rayonunun Çalxanqala kəndində atası X9 və anası Abdullayeva Zeynəb qadir qızına məxsus olan evdə onların himayəsində yaşadığını, İddiaçı Kəngərli rayonunun Çalxanqala kəndində qeydiyyatda olsa da haliyədə Ukrayna Respublikasında yaşadığı; 13 aprel 2017-ci il qeydiyyat tarixli, MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 40.56 kv.m olan mənzilin mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 12/19 nömrəli reyestr kitabının 3710 nömrəli vərəqində qeydiyyata alındığı; BA seriyalı, 145667 nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası barədə şəhadətnamənin surətində ünvan 1 ünvanı X1 adına sığortalandığı qeyd edilmişdir. Bununla da məlum olur ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 07 fevral 2017-ci il tarixli, 09 nömrəli sərəncamı üzrə İddiaçı tərəf deyildir. Onun üçün Naxçıvan Şəhər İcra Hakimiyyətinin 07 fevral 2017-ci il tarixli, 09 nömrəli sərəncamı əsasında hər hansı hüquq və vəzifə müəyyən edilməmişdir. Bu halın mövcudluğu isə onun Naxçıvan Şəhər İcra Hakimiyyətinin 07 fevral 2017-ci il tarixli, 09 nömrəli sərəncamını mübahisələndirməyə subyektiv hüququnun olmaması deməkdir. Nəzərə alınmalıdır ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materiallarına əlavə olunmuş sənədlərlə də təsdiq olunur ki, İddiaçı həmin mənzillə bağlı subyektiv hüququ yoxdur. Belə ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 18 iyul 2007-ci il tarixli, 599 nömrəli orderinin surətində X3 X10 və İddiaçı ilə birlikdə ünvan 1 ünvanında 2 otaqdan ibarət 27.6 kv.m. mənzil sahəsini tutmağa ixtiyarı olduğu qeyd edilsə də, digər sənədlərdə İddiaçı həmin mənzillə bağlı hüququnun olması öz əksini tapmamışdır. Məhkəmə hesab edir ki, münasibətlərdən irəli gələn mübahisəyə köhnə qanunvericiliyin tətbiq olunması nəzəriyyəsi ilə yanaşılarsa, 30 iyun 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələbinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. İddiaçı icarədarın ailə üzvü hesab edilmədiyindən və icarədar ilə birgə ümumi təsərrüfat aparmadığından icarə müqaviləsindən irəli gələn hüquqlara malik olmamışdır. Həmçinin qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Həmçinin həmin qanunun 8-ci maddəsinin 3-cü abzasında qeyd olunur ki, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.1., 5.2., 6.1., 6.2., 7.8.5-ci bəndlərində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərti ilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə iddianın inzibati mübahisə kimi baxılmasının yolverilənliyini araşdıraraq hesab edir ki, İddiaçı cavabdehlər Naxçıvan Şəhər İcra Hakimiyyətinə və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, ev 19-da yerləşən 10 saylı mənzilin əmlak kirayə müqaviləsinin Roza Bəylərovanın adına dəyişdirilməsi ilə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinin möhürü ilə möhürlənmiş ə/d əlyazma hərflərindən sonra Naxçıvan şəhər keçmiş icra hakimiyyətinin başçısı Vüqar Səfərov adından imzalanması ehtimal olunan 07 fevral 2017-ci il tarixli, 09 nömrəli sərəncamın etibarsız hesab olunması, Roza Bəylərovanın adına aparılmış özəlləşmənin etibarsız hesab edilməsi, özəlləşmə əsasında mənzillə bağlı aparılmış ********** nömrəli reyestr qeydiyyatının ləğv edilməsi tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Ödənilmiş dövlət rüsumu məsələsini məhkəmə müzakirə edərək hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Naxçıvan Şəhər İcra Hakimiyyətinə və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, ev 19-da yerləşən 10 saylı mənzilin əmlak kirayə müqaviləsinin Roza Bəylərovanın adına dəyişdirilməsi ilə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinin möhürü ilə möhürlənmiş ə/d əlyazma hərflərindən sonra Naxçıvan şəhər keçmiş icra hakimiyyətinin başçısı Vüqar Səfərov adından imzalanması ehtimal olunan 07 fevral 2017-ci il tarixli, 09 nömrəli sərəncamın etibarsız hesab olunması, Roza Bəylərovanın adına aparılmış özəlləşmənin etibarsız hesab edilməsi, özəlləşmə əsasında mənzillə bağlı aparılmış ********** nömrəli reyestr qeydiyyatının ləğv edilməsi tələbi”nə dair iddiası mümkün sayılmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV
Məhkəmə qərarları › İş №2-1(122)-27/2020
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-27/2020
18.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver