Məhkəmə qərarları › İş №2-1(122)-270/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-270/2024

15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-270/2024 15.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “JN-592A nömrəli torpaq şəhadətnaməsində qeyd olunan 3898,45 m2 ölçüdə torpaq sahəsinin kəsr hissəsinin onun adına dövlət reyestrində qeydə alınması və bununla bağlı çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin üzərinə Şərur Rayon Aqrar İslahat Komissiyasının 02 nömrəli qərarı əsasında verilmiş 3898.45 m2 həyətyanı sahənin kəsr hissəsinin uzun müddət istifadələrində olan torpaq sahəsi ilə əvəzləşdirərək adına qeydiyyata alınması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, Kəngərli rayonu, Qıvraq qəsəbəsində yerləşən həyətyanı sahəyə plan-ölçü və çıxarışın verilməsi üçün müraciət etdikdə məlum olmuşdur ki, iki hissədən ibarət olan torpaq sahəsinin bir hissəsi yüz ildən artıqdır ki, istifadələrində olan torpaq sahəsinə mülkiyyət hüququnun verilməsi üçün cavabdeh Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə müraciət etsələr də, 23 avqust 2023-cü il tarixli məktubla onlara rədd cavabı verilmişdir. İddiaçı bildirir ki, bəhs edilən torpaq sahəsi 100 ildən artıqdır ki, istifadələrindədir və bütün qonşularda bu halı təsdiq edə bilərlər, həmin sahədə ağacları vardır və bir hissəsi setkaya alınmışdır. Həmin sahədən kənd təsərrüfatı məqsədi ilə istifadə edirlər. Bəhs edilən sahənin onların mülkiyyətlərində olduğunu zənn edirmişlər, fəqət bu yaxınlarda Komitənin Kəngərli rayon şöbəsinə plan-ölçü və çıxarışın alınması üçün müraciət edərəkən məlum olmuşdur ki, həmin ərazi onların mülkiyəti kimi qeydə alınmayıb və müvafiq rəsmi xəritələrdə boş ərazi kimi qeyd olunubdur, islahat zamanı o ərazinin onların ərazisi kimi qeydə alındığını demişdirlər. Onu da qeyd edir ki, Şərur Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 02 nömrəli qərarı əsasında verilmiş 3898.45 m2 həyətyanı sahə faktiki olaraq yerində yoxdur, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi cavab məktubunda qeyd etdiyi kəsr hissəsinin əvəzləşdirməkdən imtina etməsi hüquqlarının pozulmasıdır. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən cavabdeh Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin üzərinə Şərur Rayon Aqrar İslahat Komissiyasının 02 nömrəli qərarı əsasında verilmiş 3898.45 m2 həyətyanı sahənin kəsr hissəsinin uzun müddət istifadələrində olan torpaq sahəsi ilə əvəzləşdirərək adına qeydiyyata alınması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 26 dekabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə 27 noyabr 2023-cü il tarixli yeni iddia ərizəsi təqdim edərək, JN-592A nömrəli torpaq şəhadətnaməsində qeyd olunan 3898,45 m2 ölçüdə torpaq sahəsinin kəsr hissəsinin onun adına dövlət reyestrində qeydə alınması və bununla bağlı çıxarışın verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə yeni iddia ərizəsi icraata qəbul edilmiş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti iddiaya dair məhkəməyə ünvanlanan 29 yanvar 2024-cü il tarixli, 04/59 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Qıvraq qəsəbəsində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında İddiaçı adına 1200 m2 hüquqi torpaq sahəsi qeyd edilmiş, Şərur Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 02 nömrəli qərarına əsasən JN-592A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında 3898,45 m2 həyətyanı torpaq sahəsi mülkiyyətinə verilmişdir. Orta pay normasına uyğun olaraq ona 2976 m2 pay torpaq sahəsinin çatacağı hesablanmış, pay torpaq sahəsinin normaları hesablanan zaman həyətyanı torpaq sahəsinin hüquqi sahədən artıq olan hissəsi ilə əvəzləşdirilmiş və JN-515 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə 286,25 m2 torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün mülkiyyətinə verilmişdir. Torpaq islahatı aparılarkən bəzi ərazilərdə planalma işləri qüsurlu həyata keçirildiyindən həyətyanı torpaq sahələrinə dair vətəndaşlara verilmiş mülkiyyət sənədlərində göstərilən sərhəd döngə nöqtələri ilə naturadakı vəziyyət arasında uyğunsuzluq yaranmışdır. Yaranmış uyğunsuzluğun aradan qaldırılması məqsədilə 2005-ci ildə Kəngərli rayonunun bəzi yaşayış məntəqələrində, o cümlədən Qıvraq qəsəbəsində həyətyanı torpaq sahələrinin sərhədlərinin yenidən dəqiqləşdirilməsi üçün “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən planalma işləri həyata keçirilmiş, İddiaçı faktiki sərhədlər daxilində istifadəsində 3195,74 m2 torpaq sahəsinin olduğu müəyyən edilmişdir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na əsasən fiziki və hüquqi şəxslərin mülkiyyətindəki torpaqlarda hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılır. Buna razılıq olmadıqda isə mübahisəyə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddələrinə uyğun olaraq müvafiq məhkəmədə baxılır. 06 iyun 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə 06 iyun 2024-cü il tarixli ərizə təqdim edərək Naxçıvan MR İnzibati Məhkəməsinin icraatında olan 2-1(122)-270/2024 saylı iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əsl cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmənin 06 iyun 2024-cü il tarixli, 2-1(122)-270/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia tələbinə dair hazırki inzibati iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti əsl cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 15 avqust 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə göndərərək 15 avqust 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyi üçün işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Kəngərli rayonunun Qıvraq qəsəbə sakini İddiaçı ünvanlanan 23 avqust 2023-cü il tarixli, 06/71-214 nömrəli məktubda qeyd edilir ki, Qıvraq kəndində (indiki Qıvraq qəsəbəsində) torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında adınıza 1200 m2 hüquqi torpaq sahəsi qeyd edilmiş, Şərur Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 02 nömrəli qərarına əsasən JN-592A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında 3898,45 m2 həyətyanı torpaq sahəsi mülkiyyətə verilmişdir. Orta pay normasına uyğun olaraq mülkiyyətə 2976 m2 pay torpaq sahəsinin çatacağı hesablanmış, pay torpaq sahəsinin normaları hesablanan zaman həyətyanı torpaq sahəsinin hüquqi sahədən artıq olan 2698,45 m2 hissəsi ilə əvəzləşdirilmiş və JN-515 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə 286,25 m2 torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün mülkiyyətə verilmişdir. Əlavə torpaq sahəsinin mülkiyyətə verilməsi üçün “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq yerli bələdiyyəyə müraciət etmək hüququ izah olunmuşdur. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 22 avqust 1949-cu ildə doğulmuşdur. - JN-592A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı Şərur rayon Aqrar İslahat Komissiyasının 07 mart 1999-cu il tarixli, 02 nömrəli qərarı ilə 0.39 hektar torpaq sahəsi verilmişdir. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 19 fevral 2024-cü il tarixli, 04/120 nömrəli məktubundan məlum olur ki, iddiaçının vəsatəti əsasında Kəngərli rayon Qıvraq qəsəbəsində yerində baxış keçirilmiş və akt tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixli aktın surəti və ərazinin ölçüsü göstərilməklə kəndin yerquruluşu planından çıxarış məktuba əlavə edilmişdir. - xx.xx.2024-cü il tarixli aktdan aydın olur ki, islahat zamanı şəhadətnamələr verilərkən iddiaçının hüquqi sahəsi tam qeyd olunsa da, istifadəsində oları sahə 3448 kv.m təşkil edir. Kəsirin yaranma səbəbi isə iddiaçının istifadəsində olan hüquqi sahənin iki hissədən ibarət olmasıdır. Digər iddiaçının istifadəsində olan, lakin islahat zamanı nəzərə alınmadığını iddia etdiyi hissə müəyyən olundu və ölçüləri dəqiqləşdirildi. Həmin hissə heç bir üçüncü şəxsin marağına toxunmur. Mülkiyyət növu bələdiyyə deyil. Yaşayış məntəqələri yerləşən ərazidə yerləşir. İcra nümayəndəsi öz ifadələrində bildirdi ki, həm kənd sakini, həm də vəzifəli şəxs kimi deyə bilər ki, bu ərazidən uzun mmüddətdi iddiaçı istifadə edir, hətta son dövrlərə kimi əkirdi. Bələdiyyə də mübahisəli əraziyə münasibət bildirərək dedi ki, bir kənd sakini olaraq deyə bilər ki, bu ərazi çoxdan iddiaçının istifadəsindədir, hətta onların həmən yerə sənədləri olduğunu bilmişdir. Qonşular da öz ifadələrində bildirdi ki, 1960-cı ildən onlar bu kənddə yaşayırlar, bu ərazini İddiaçı istifadəsində görmüşdürlər. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 13 mart 2024-cü il tarixli, 04/24 nömrəli məktubla Kəngərli rayonunun Qıvraq qəsəbəsində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısından çıxarış məhkəməyə göndərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.1-ci və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. - 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0 və 8.0.5-ci maddələrinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 8.0 və 8.0.8-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 9.1-ci və 9.1.4-cü maddələrinə əsasən hüquqların dövlət qeydiyyatı hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi qaydasında aparılır. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. - 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı və məqsədi“JN-592A nömrəli torpaq şəhadətnaməsində qeyd olunan 3898,45 m2 ölçüdə torpaq sahəsinin kəsr hissəsinin onun adına dövlət reyestrində qeydə alınması və bununla bağlı çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Mülki Məcəllənin 14.1-ci maddəsində deyilir ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin mülkiyyətə, icarəyə və ya istifadəyə ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. JN-592A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Şərur rayon Aqrar İslahat Komissiyasının 07 mart 1999-cu il tarixli, 02 nömrəli qərarı ilə 0.39 hektar torpaq sahəsi ilə təmin edilməsi, habelə bu əsasdan irəli gələrək iddiaçı tərəfindən uzun illər ərzində həmin torpaq sahəsindən maneəsiz istifadə etməsi iddiaçının sahiblik hüququnu təsdiq edən əsas sübutlardır. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Həmçinin Şərur rayon Aqrar İslahat Komissiyasının 07 mart 1999-cu il tarixli, 02 nömrəli qərarına münasibətdə qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Xüsusilə qeyd olunmalıdır ki, inzibati akt sayılan hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, cavabdeh hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, inzibati orqan tərəfindən mübahisəli torpaq sahəsinə dair İddiaçı adına hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunun güddüyü məqsədə mütənasib olmamamaqla, iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur. Odur ki, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “JN-592A nömrəli torpaq şəhadətnaməsində qeyd olunan 3898,45 m2 ölçüdə torpaq sahəsinin kəsr hissəsinin onun adına dövlət reyestrində qeydə alınması və bununla bağlı çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. JN-592A nömrəli torpaq şəhadətnaməsində qeyd olunan 3898,45 m2 ölçüdə torpaq sahəsinin kəsr hissəsinin İddiaçı adına dövlət reyestrində qeydə alınması və bununla bağlı çıxarışın verilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar