Məhkəmə qərarları › İş №2-1(122)-272/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-272/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-272/2024 21.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Yusifov Araz Ərrəhman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "pensiya hüququ yarandığından əmək pensiyasının təyin edilməsi üzrə məlumat vərəqlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə Mərkəz filialına verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiya hüququ yarandığından əmək pensiyasının təyin edilməsi üzrə məlumat vərəqlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə Mərkəz filialına verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə ünvanladığı ərizə və sənədlərə baxılmış və xx.xx.2022-ci il tarixli, 8/1382 nömrəli cavab məktubunda ərizədə qeyd etdiyi 20 iyul 1992-ci il tarixdən 06 avqust 2000-ci il tarixədək “Dədə Qorqud” kooperativində əmək fəaliyyəti ilə məşğul olduğu müddətin təsdiq edilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə müraciət edilməsi məsləhət görülmüşdür. Həmçinin qeyd edilən sənəd (arxiv arayışı) idarənin ünvanına daxil olduqdan sonra Müdafiə Nazirliyinin xətti ilə yaşa (xidmət illərinə) görə əmək pensiyasının təyin olunması məsələsinə baxılıb ətraflı məlumat veriləcəyi qeyd edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(078)-911/2020 saylı qərardadı ilə ərizəçi İddiaçı 1992-ci ilin iyun ayından 2000-ci ilin avqust ayınadək “Dədə Qorqud” kooperativində xadimə vəzifəsində işləməsi, iş stajınının müəyyən edilməsinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Həmçinin qərardadda, ərizəçiyə müvafiq pensiya stajının təyin edilməsi üçün pensiya təminatını həyata keçirən orqana müraciət etmək hüququnun izah edilməsi qeyd edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(078)-911/2020 saylı qərardadının əsaslandırıcı hissəsində İddiaçı 1992-ci il iyun ayından 2000-ci ilin ayınadək “Dədə Qorqud” koorporativində xadimə vəzifəsində işləməsi öz təsdiqini tapmışdır. Həmçinin qərardadda mövcud olan faktın yenidən təsdiq edilməsinin yolverilməz olduğundan həmin tələbə məhkəmə iclasında baxılmasının yolverilməzliyi qeyd olunmuşdur. Ərizəyə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Arxivindən verilmiş 13/806 saylı, xx.xx.2023-cü il tarixli arayışda “Dədə Qorqud” koorporativinin sənədləri Dövlət Arxivinə təhvil verilmədiyindən X1 işləməsi haqqında məlumatın olmadığı qeyd edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(078)-911/2020 saylı qərardadından da göründüyü kimi, “Dədə Qorqud” koorperativində xadimə vəzifəsində işləməsi əmək kitabçasında öz təsdiqini tapmış və mövcud olan faktın yenidən təsdiq edilməsinin yolverilməzliyi qeyd olunmuşdur. Həmçinin vaxtilə işlədiyi “Dədə Qorqud” koorperativində işləyərək əldə etdiyi staj müddətinin həmin orqanın hərəkətsizliyi üzündən Arxivə təqdim edilməmiş və buna görə də iddiaçının hüququ pozulmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli müraciəti əsasında Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi tabeliyində olan Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli, 01/71-144 saylı cavab məktubundan da göründüyü kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2- 1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 01 yanvar 2006-cı il tarixinədək olan dövrə aid iş stajı dövlət arayışları əsasında təstiqləndiyi halda sığortaolunana əmək pensiyası təyin edildiyini əsas gətirərək pensiyanın təyin olunmasından imtina olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-25-19/2-H-7xx-xx/2023 saylı müraciətinə cavab məktubundan göründüyü kimi, 20 iyul 1992-ci il tarixindən 06 avqust 2000-ci il tarixinədək “Dədə Qorqud” koorperativində əmək fəaliyyəti ilə məşğul olduğu illərin Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin müvafiq struktur bölmələri tərəfindən verilmiş arayışlarla təsdiq etdirdiyi təqdirdə müraciət edə biləcəyi qeyd edilmişdir Həmçinin koorperativdə işlədiyi müddəti təsdiq edən sənədləri əldə etdikdən sonra məlumat vərəqləri barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialına göndəriləcəyi qeyd olunaraq imtina olunmuşdur. İddiaçı yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmədən pensiya hüququ yarandığından, əmək pensiyasının təyin edilməsi üzrə məlumat vərəqlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialına verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair məhkəmədən qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş, sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 15 noyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh Azərbaycan Resublikası Müdafiə Nazirliyi məhkəməyə ünvanladığı 14 noyabr 2023-cü il tarixli, 3-25-19/2-4429/2023 nömrəli etirazını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası almaq hüququ vardır. Lakin istefada olan əsgər İddiaçı 18 il, 04 ay, 13 gün hərbi xidmət keçdiyinə görə, yəni 20 təqvim ili xidmət etmədiyinə görə bu maddənin müddəalarına əsasən pensiya almaq hüququna malik deyil. Bundan başqa, qeyd edilən Qanunun 9.5.2-ci və 9.5.3-cü maddələrinə müvafiq olaraq hərbi xidmətdən yaşa görə buraxılmış, habelə buraxıldığı günə 45 və daha çox yaşı olan xəstəliyə və səhhətinin məhdud imkanlarına, eləcə də ştatların ixtisarına görə buraxılmış hərbi qulluqçuların 25 təqvim ili və daha çox ümumi iş stajı olduğu, bu stajın 12 il, 06 ayını hərbi xidmətdə keçirdiyi haqda, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası almaq hüququ vardır. İddiaçı hərbi xidmətdən yaşa görə buraxılmasına, 12 il 03 aydan artıq hərbi xidmət keçməsinə baxmayaraq, onun 25 təqvim ili ümumi əmək stajının təşkil edilməsi üçün vacib olan mülki iş müddətinin müəyyən dövrləri, yəni xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixinədək Naxçıvan Qarnizonu Mənzil-İstismar hissəsində, habelə xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixədək “Dədə Qorqud” kooperativində əmək fəaliyyəti ilə məşğul olduğu dövrlər şübhə yaratdığından qeyd olunan maddələrin müddəalarına görə iddiaçıya pensiya hüququnun yaranıb-yaranmaması mübahisə predmetinə çevrilmişdir. Qeyd olunan dövrlər nə həmin müəssisələr tərəfindən, nə də Dövlət Arxivinin müvafiq filialı tərəfindən bugünədək təsdiq edilməmişdir. Bu səbəbdən də, İddiaçı barəsində “Məlumat vərəqi”nin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi mümkün olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2-1-ci maddəsinə müvafiq olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlər onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.1-ci maddəsinin müddəalarına müvafiq olaraq əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajının 2006-cı il yanvarın 1-dək olan dövr “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na əsasən, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xəcliyi barədə “Məlumat vərəqi” əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı yeni “Məlumat vərəqi”nin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi əsassız olduğuna görə rədd edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 24 iyun 2024-cü il tarixli, 2-1(122)-272/2024 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 21 avqust 2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən, iddiaçının, iddiaçının vəkili və nümayəndəsinin, cavabdehin nümayəndəsinin iştirakları olmadan şifahi məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı iş materiallarına müvafiq inzibati orqanların məktublarını, Naxçıvan Şəhər Məhkəməsinin qərardadını, arxiv arayışını, şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 14 sentyabr 2023-cü il tarixli, 3-25- 19/2-H-7xx-xx/2023 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə müvafiq olaraq, aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçular istisna olunmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: - 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; - 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il, 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; - 9.5.3. hərbi xidmətdən xəstəliyə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi stajı olan, bu stajın azı 12 il, 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; - 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin Sosial Təminat və Pensiya şöbəsinin arxivində saxlanılan 438 nömrəli şəxsi işinin araşdırılması zamanı məlum olmuşdur ki, iddiaçının xidmət illəri təqvimlə 18 il, 04 ay, 13 gün təşkil edir. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə müvafiq olaraq, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid olan iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmış sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq sığortaolunana əmək pensiyası təyin edilir. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təstiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənməsi Qaydaları”nın 4.1.1-ci maddəsinin müddəalarına müvafiq olaraq əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajının 2006-cı il yanvar ayının 1-dək olan dövr “Sosial sığorta haqqında Azərbaycan Resbublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Bu səbəbdən də, iddiaçının 22 sentyabr 1990-cı il tarixdən 18 iyul 1992-ci il tarixədək Naxçıvan Qarnizonu Mənzil-İstismar Hissəsində, habelə 20 iyul 1992-ci il tarixdən 06 avqust 2000-ci il tarixədək “Dədə-Qorqud” kooperativində əmək fəaliyyəti ilə məşğul olduğu illər Azərbaycan Respublikası Milli Arxiv idarəsinin müvafiv struktur bölmələri tərəfindən verilmiş arayışlarla təsdiq edilməlidir. Yuxarıda qeyd olunanlara istinad olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənməsi Qaydaları”nın 4.1.1-ci maddəsinin müddəalarına müvafiq olaraq iddiaçının 22 sentyabr 1990-cı il tarixdən 18 iyul 1992-ci il tarixədək Naxçıvan Qarnizonu Mənzil-İstismar Hissəsində, habelə 20 iyul 1992-ci il tarixdən 06 avqust 2000-ci il tarixədək “Dədə-Qorqud” kooperativində əmək fəaliyyəti ilə məşğul olduğu dövrləri təsdiqedici sənədlər təqdim edildikdən sonra ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.2-ci maddəsinin müddəalarına əsasən, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin olunması məqsədilə tələb olunan “Məlumat vərəqi”nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi məsələsinə baxılıb ətraflı məlumat veriləcəkdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dölət Sosial Müdafiə Fondunun 12 may 2023-cü il tarixli, 01/71-144 nömrəli məktubundan görünür ki, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə daxil olmuş 05 may 2023-cü il tarixli ərizəyə Fondun Aparatında baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların və Qanununun 9.5.2-ci maddəsinə əsasən isə hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərin hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4cü maddəsinə əsasən, hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007ci il tarixli, 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi hesablanması və bu barədə məlumatların təqdim olunması Qaydaları”na əsasən, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 01 yanvar 2006-cı il tarixədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda sığortaolunana əmək pensiyası təyin edilir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 21 aprel 2022-ci il tarixli, 8/1382 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə müvafiq olaraq, aşağıdakı hərbi qulluqçuların (hərbi rütbədən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: - 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; - 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; - 9.5.3. hərbi xidmətdən xəstəliyə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və ya daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il, 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; - 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Bundan başqa bildirilir ki, Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinin Sosial Təminat və Pensiya Şöbəsinin arxivində saxlanılan 438 nömrəli şəxsi işin araşdırılması zamanı məlum olmuşdur ki, iddiaçının xidmət illəri kifayət qədər (təqvimi xidmət illəri 19 il,0 ay, 16 gün), yəni 20 təqvim ili təşkil etmədiyi üçün iddiaçı hərbi qulluqçu kimi xidmət illərinə görə əmək pensiyası hüququna malik deyildir və hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunması qanuna müvafiq deyildir. Əlavə olaraq bildirilir ki, ərizədə qeyd edilən 20 iyul 1992-ci il tarixdən 06 avqust 2000-ci il tarixədək “Dədə Qorqud” kooperativində əmək fəaliyyəti ilə məşğul olduğu müddətin təsdiq edilməsi məqsədilə iddiaçıya aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv idarəsinə müraciət etməsi məsləhət görülmüşdür. Qeyd edilən sənəd (arxiv arayışı) idarənin ünvanına daxil olduqdan sonra iddiaçıya Müdafiə Nazirliyinin xətti ilə yaşa (xidmət illərinə) görə əmək pensiyasının təyin olunması məsələsinə baxılıb ətraflı məlumat veriləcəkdir. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1973-cü ildə doğulmuşdur. - 02 may 2023-cü il tarixli arxiv arayışından görünür ki, “Dədə Qorqud” kooperativinin sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən X1 işləməsi haqqında məlumat yoxdur. - Naxçıvan Şəhər Məhkəməsinin 05 noyabr 2020-ci tarixli qərardadından görünür ki, ərizəçi İddiaçı 1992-ci ilin iyun ayından 2000-ci ilin avqust ayınadək “Dədə Qorqud” kooperativində xadimə vəzifəsində işləməsinin, iş stajının müəyyən olunması tələbinə dair mülki iş üzrə icraata xitam verilmiş, ərizəçiyə müvafiq pensiya stajının müəyyən edilməsi üçün pensiya təminatını həyata keçirən orqana müraciət etmək hüququ izah edilmişdir. İş materiallarına əlavə edilmiş: - 15 noyabr 2023-cü ildə məhkəməyə daxil olmuş, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X2 xx.xx.1990-cı ildən xx.xx.1992-ci ilədək Naxçıvan Qarnizonu Mənzil-İstismar Hissəsində xadimə, xx.xx.1992-ci ildən xx.xx.2000-ci ilədək “Dədə Qorqud” koperativində, xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək C.Naxçıvani adına Hərbi Liseyin Naxçıvan filialında xadimə vəzifəsində işləmişdir. - 03 fevral 2007-ci il tarixdə verilmiş ******* nömrəli hərbi biletdən görünür ki, Həsənova (Dünyamalıyeva) Südabə Həsən qızı xx.xx.2001-ci il tarixdən xx.xx.2019-cu il tarixədək QHQ kimi həqiqi hərbi xidmətdə olub. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 22 aprel 2024-cü il tarixli, 02/340 nömrəli məktubundan görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində “Dədə Qorqud” kooperativinə aid əmr və əmr haqqı barədə sənədlər mühafizə edilmədiyindən İddiaçı 1992-2000-ci illərdə kooperativdə işləməsi barədə məlumat mövcud deyil. - İddiaçının vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş 24 iyun və 21 avqust 2024-cü il tarixlərdə məhkəməyə daxil olmuş ərizələrdən görünür ki, mövcud iddia tələbi ilə öhdəliyin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması iddiaçı tərəfindən xahiş edilmişdir. Həmin iddia tələbi üzrə məhkəmə müvafiq qurumlara sorğular ünvanlamış və həmin sorğulara cavab əldə etmişdir. Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən təqdim edilmiş sorğuya cavab məktubunda İddiaçı Kooperativdə işləyib-işləməməsinə dair hər hansı bir məlumatın arxiv idarəsində mövcud olmaması qeyd olunmuşdur. Həmçinin Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş sorğuya cavab məktubunda Kooperativin Ədliyyə Nazirliyi tərəfindən şəhadətnamə verilməsi yolu ilə qeydiyyata alındığı və vergi uçotuna alınması üçün Dövlət Vergi Xidmətinə müraciət etmədiyini bildirmişdir. X6 Xidmətinə uçota alınması ilə bağlı müraciətin edilib-edilməməsini və Naxçıvan MR Arxiv İdarəsinə məlumatın göndərilməsinin Kooperativ tərəfindən icra edilməsini təbii ki, hüquqlarını müdafiə etdiyi şəxs bilməmişdir və bilməli də deyil. Bu öhdəlik Azərbaycan Respublikası Əmək Məcəlləsi və Vergi Məcəlləsinin müvafiq maddələri ilə tənzimlənir. Bu halda həmin məlumatların göndərilməməsi işəgötürənin müvafiq orqanlar qarşısında öhdəliyinin yaranmasına səbəb olur. Əgər İddiaçı vaxtıykən bu halı müəyyən etmiş olsaydı, təbii ki, həmin işəgötürənlə əmək münasibətlərinə girmiş olmazdı ki, gələcəkdə pensiya hüququ yaranarkən bu kimi problemlər ortaya çıxmış olsun. İddia ərizəsinə əlavə edilmiş iddiaçının işləməsi faktının müəyyən edilməsi ilə bağlı vaxtıykən Naxçıvan Şəhər Məhkəməsinə müraciət edilmiş həmin məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi üzrə icraata xitam verilmiş və həmin qərardadda əmək kitabçasına müvafiq qeydlərin olması səbəbindən faktın təsdiq edilməsi tələbinin müəyyən edilməsinin yolverilməzliyi qeyd olunmuşdur. İddiaçı da, öz növbəsində, artıq pozulmuş hüquqlarının bərpa edilməsi ilə bağlı Naxçıvan MR İnzibati Məhkəməsinə iddia tələbi ilə müraciət etmişdir. Bütün göstərilənləri nəzərə alaraq, hüquqlarını müdafiə etdiyi şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi üçün, iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 16 may 2024-cü il tarixli, 1654 nömrəli məktubundan görünür ki, Naxçıvan Qarnizonu Mənzil-X3 saxlanılan 1990- 1992-ci illərin “Nizami hissə üzrə əmrlər kitabı”nda İddiaçı haqqında məlumat yoxdur. Əlavə olaraq bildirilmişdir ki, Mənzil-İstismar Hissəsinin 1990-1992-ci illərin maliyyə sənədləri X5 Arxivinə təhvil verilməyib. - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 may 2024-cü il tarixli, **********075300 nömrəli məktubundan görünür ki, “Dədə Qorqud” kooperativi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən 17 avqust 1994-cü il tarixdə 989 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. Vergi uçotuna alınmaq üçün vergi orqanlarına müraciət edilməmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 11 iyun 2024-cü il tarixli, 3-25-19/2- 1872/2024 nömrəli eyni məzmunlu yazılı etirazı məhkəməyə daxil olmuşdur. Beləliklə, iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı pensiya hüququnun yarandığını iddia edərək onun məlumat vərəqinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına verilməsini tələb edir. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi etirazdan aydın olur ki, iddiaçının 1990-1992 və 1992-2000-ci illərdə işlədiyi müddət arxiv arayışları ilə öz təsdiqini tapmadığından həmin dövrlər staj kimi nəzərə alınmır və buna görə də iddiaçının pensiya hüququ yaranmadığından məlumat vərəqinin verilməsindən imtina edilir. Məhkəmə iddiaçının tələbinə, cavabdehin imtinasına, işdə olan sənədlərə hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, Bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. "Hərbi qulluqşuların pensiya təminatı haqqında" zərbaycan Respublikası Qanununun 12-ci maddəsinin b bəndinə əsasən xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslər xidmət illərinə görə pensiya hüququna malikdirlər. “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun: - 3.1.2-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda “25” rəqəmləri “30” rəqəmləri ilə və “12 il 6 ayını” sözləri “15 ilini” sözləri ilə əvəz edilmişdir. - 6-cı maddəsinə əsasən bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: - 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsindən biri də pensiya yaşına çatmaqdır. - 12-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər; Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən vətəndaşlığı olmayan şəxslər və əcnəbilər (qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən, habelə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2016-cı il mayın 1-dən 5 il müddətində), həmçinin texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2023-cü il yanvarın 1-dən 10 il müddətinə) vətəndaşlığı olmayan şəxslər və əcnəbilər istisna olmaqla); seçkili ödənişli vəzifələrdə işləyənlər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri vergi orqanlarının işçiləri; vəkillər kollegiyasının üzvləri; mediatorlar; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər— məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. - 13-cü maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. - 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. - 14.3-cü maddəsinə əsasən bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: sığortaedən tərəfindən ödənilən sığorta haqqı hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Beləliklə, iddiaçının tələbinin məzmunundan aydın olur ki, iddiaçı onun pensiya hüququnun yarandığına istinad edərək, məlumat vərəqinin pensiya təyinatı orqanına göndərilməsi arzusundadır. İddiaçı bu məqsədlə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən müvafiq araşdırma aparılmış və iddiaçının məlumat vərəqinin pensiya təyinatı orqanına göndərilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının 22 sentyabr 1990-cı ildən 18 iyul 1992-ci ildən tarixədək Naxçıvan Qarnizonu Mənzil-İstismar Hissəsində, 20 iyul 1992-ci ildən 06 avqust 2000-ci ilədək “Dədə Qorqud” kooperativində işlədiyi müddət arxiv arayışı ilə təsdiqlənmədiyindən iş stajı kimi nəzərə alınmır və buna görə də iddiaçının pensiya hüququ yaranmadığından məlumat vərəqinin pensiya təyinatı orqanına göndərilməsi mümkün deyil. Məhkəmə cavabdeh inzibati orqanın imtinasına hüquqi qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqanın hazırki iddia tələbi üzrə hərəkətsizliyi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən məsələ ondan ibarətdir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən 20 təqvim ili xidmət keçməmişdir. İlk öncə, qeyd olunmalıdır ki, iddiaçı hərbi xidmətdən yaşa görə istefaya buraxıldığından onun pensiya hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.2-ci maddəsinə əsasən yaranmalıdır. Həmin maddənin 01 yanvar 2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasında qeyd edildiyi kimi, hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 06 ayını hərbi xidmətdə keçirmiş-hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, 9.5.2-ci maddə pensiya hüqunun yaranması üçün 3 şərt nəzərdə tutur: 1. hərbi xidmətdən yaşa görə buraxılması; 2. buraxıldığı günə 25 təqvim ili və daha çox ümumi iş stajı olmalı; 3. bu stajın azı 12 il 06 ayını hərbi xidmətdə keçirməli. Yuxarıda sadalanan ilk hal iddiaçıya münasibətdə ödənilmiş, iddiaçının hərbi biletindən də göründüyü kimi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin b bəndinə (yaşa görə) əsasən istefaya buraxılmışdır. İkinci hala münasibətdə isə qeyd edilməlidir ki, bu hal hazırki iş üzrə mübahisə predmeti hesab edilir. Belə ki, cavabdeh inzibati orqan 25 təqvim ili ümumi iş stajını mübahisələndirərək, onun 22 sentyabr 1990-cı ildən 18 iyul 1992-ci ildən tarixədək Naxçıvan Qarnizonu Mənzil-İstismar Hissəsində, 20 iyul 1992-ci ildən 06 avqust 2000-ci ilədək “Dədə Qorqud” kooperativində işlədiyi müddətdə şübhə yarandığını qeyd edir. Mübahisəli məsələni onunla əsaslandırır ki, iddiaçının işlədiyi illər əmək kitabçasında tam olaraq göstərilsə də, arxiv arayışları ilə öz təsdiqini tapmır. Qeyd olunan mübahisəli məsələ ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmək kitabçasındakı qeydlər cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Məhkəmə tərəfindən iddiaçının əmək kitabçasındakı məlumatlarının mötəbərliyi qəbul edilir. Belə ki, cavabdeh tərəfindən iddiaçının sosial sığorta stajı kimi qəbul olunmayan əmək fəaliyyəti dövrü xx.xx.2006-cı ilədək mövcud olduğundan həmin tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun müddəalarının tələblərinə münasibətdə həll edilməli və cavabdehin dəlilləri də həmin Qanunun müddəaları əsasında təhlil olunmalıdır. İddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndi iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Baxılan işdə iddiaçının əmək kitabçasında, əmək kitabçalarının doldurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Göründüyü kimi, iddiaçının əmək kitabçasında qeyd edildiyi halda işlədiyi 1990-1992 və 1992-2000-ci illər üzrə əməkhaqqı alması barədə arxivdə məlumatların mövcud olmaması, iddiaçının təqsiri hesab oluna və həmin illər onun üçün sosial sığorta stajı kimi nəzərə alınmaya bilməz. Həmçinin iddiaçının 20 iyul 1992-ci ildən 06 avqust 2000-ci ilədək “Dədə Qorqud” kooperativində işlədiyi iş stajının müəyyən edilməsi ilə bağlı iddia tələbi Naxçıvan Şəhər Məhkəməsi tərəfindən iddianın yolverilməzliyi səbəbindən baxılmamış saxlanılmışdır. Qərardadın əsaslandırıcı hissəsində əmək kitabçasındakı məlumatların mötəbərliyi əsas götürülərək həmin halın məhkəmə qaydasında müəyyən edilməsinin yolverilməz olduğu qeyd edilmişdir. Bu hal bir daha sübut edir ki, iddiaçının əmək kitabçasında qeyd olunmuş məlumatların digər hər hansı sənədlə təsdiqlənməsi zərurəti yoxdur. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının 22 sentyabr 1990-cı ildən 18 iyul 1992-ci ildən tarixədək Naxçıvan Qarnizonu Mənzil-İstismar Hissəsində, 20 iyul 1992-ci ildən 06 avqust 2000-ci ilədək “Dədə Qorqud” kooperativində işlədiyi müddət də nəzərə alınmaqla, ümumilikdə 28 ildən çox ümumi iş stajı olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.2-ci maddəsində nəzərdə tutulmuş ikinci tələb də iddiaçıya münasibətdə ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.2-ci maddəsində nəzərdə tutulmuş üçüncü tələb isə iddiaçının 12 il 06 aydan az olmayaraq hərbi xidmətdə keçməsi ilə bağlıdır. Məhkəmə bu haa hüquqi qiymət verərək hesab edir ki, iddiaçının əmək kitabçasındakı və hərbi biletindəki qeydlərə əsasən onun 20 ildən çox hərbi xidmət keçməsi sübut edilir. Bu da onu göstərir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.2-ci maddəsində nəzərdə tutulmuş üçüncü tələb də iddiaçıya münasibətdə ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən məsələlər məhkəmə tərəfindən əsassız hesab edildiyindən, iddiaçı tələbində haqlı olmuşdur. Buna görə də iddiaçının pensiya hüququ yarandığından onun barəsində müvafiq məlumat vərəqi tərtib edilməli və pensiya təyinatı orqanına göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və İddiaçı pensiya hüququ yarandığından əmək pensiyasının təyin edilməsi üzrə məlumat vərəqlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə Mərkəz filialına verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in 2, 4.1, 52, 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı pensiya hüququ yarandığından əmək pensiyasının təyin edilməsi üzrə məlumat vərəqlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə Mərkəz filialına verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar