Məhkəmə qərarları › İş №2-1(122)-273/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-273/2024

02.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-273/2024 02.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxslərinin onun 24 iyun N3-cü il tarixli raportunun əsasında ehtiyata buraxılmağı barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması və 24 iyun N3-cü il tarixli raportuna əsasən Azərbaycan Respublikası "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməsinin 156-cı maddəsinin "j" bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin (öhdəliyinin) cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi vasitəsi ilə elektron qaydada məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxslərinin onun 24 iyun N3-cü il tarixli raportunun əsasında ehtiyata buraxılmağı barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması və 24 iyun N3-cü il tarixli raportuna əsasən Azərbaycan Respublikası "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməsinin 156-cı maddəsinin "j" bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin (öhdəliyinin) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2007-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə qəbul olunmuş, 2013-cü ilin iyun ayında həmin Universitetin Hərbi Tibb Fakültəsini “hərbi həkim” ixtisası üzrə bitirmiş və ona Azərbaycan Respublikası Müdafiə nazirinin 23 iyun 2013-cü il tarixli, 0247 nömrəli əmri ilə “tibb xidməti leytenantı” hərbi rütbəsi verilmişdir. 2013-cü ilin avqust ayından 2014-cü ilin avqust ayınadək N () nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi - tibb xidmətinin rəisi, 2014-cü ilin avqust ayından 2015-ci ilin oktyabr ayınadək N nömrəli hərbi hissənin 5-ci taborunun tibb məntəqəsinin rəisi vəzifələrində xidmət etmişdir. 2015-ci ilin oktyabr ayında Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə rezidenturaya qəbul olunmuş, N2ci ilin aprel ayına qədər həmin fakültədə “Ümumi cərrahiyyə” ixtisası üzrə rezidentura keçmişdir. Rezidenturada təhsil alarkən Vətən Müharibəsi başlandığından 03 oktyabr N0ci ildə iddiaçı döyüş tapşırığını yerinə yetirmək məqsədi ilə hərbi hissənin tərkibində N günlük Vətən Müharibəsində iştirak etmişdir. N1-ci ilin aprel ayında iddiaçı müvafiq əmrlə Naxçıvan Muxtar Respublikasında dislokasiya olunmuş N nömrəli hərbi hissəyə “poliklinika-qəbul bölməsinin rəisi - cərrah” vəzifəsinə təyin edilmiş, hal-hazırda da həmin vəzifədə xidmət edir. Azərbaycan Respublikası Müdafiə nazirinin 23 iyun 2016-cı il tarixli müvafiq əmri ilə ona “tibb xidməti baş leytenantı”, 23 iyun N0-ci ildə isə ona “tibb xidməti kapitanı” hərbi rütbəsi verilmişdir. Xidmət etdiyi müddətdə dövlət təltiflərinə layiq görülmüşdür. Belə ki, o, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley, “Qüsursuz hərbi xidmətə görə” 3-cü dərəcəli, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. İddiaçı 24 iyun N3-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-cı maddəsinin tələblərinə müvafiq olaraq komanda üzrə N nömrəli hərbi hissənin komandirinə raportla müraciət edərək ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Silahlı Qüvvəllərdə hərbi xidmətdən ehtiyata buraxılmağı haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Raportu N nömrəli hərbi hissəyə daxil olduqdan sonra hərbi hissə komandanlığı tərəfindən onunla ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq 2 dəfə söhbət aparılmışdır. Birinci söhbət hərbi hissə komandiri tərəfindən N iyul N3-cü ildə, ikinci söhbət isə 26 iyul N3-cü ildə aparılmışdır. Hər iki söhbət zamanı iddiaçı yazılı şəkildə Silahlı Qüvvələrdən ehtiyata buraxılmağı üçün ən qısa müddətdə yuxarı komandanlığın qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Həmçinin, iddiaçı N nömrəli hərbi hissə komandirinin N iyul N3-cü il tarixli göndərişinə əsasən X1 Hərbi-Həkim Komissiyasında müayinə olunaraq şəhadətləndirilmiş və 25 iyul N3-cü il tarixli 1148 (569 xaric olan nömrə) nömrəli arayışa əsasən hərbi xidmətə yararlı hesab edilmişdir. Lakin, təqdimat N nömrəli hərbi hissə komandanlığı tərəfindən iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissəyə əsassız olaraq qeri qaytarılmışdır. Buna görə iddiaçı 05 sentyabr N3-cü il tarixdə Müdafiə nazirinin müavini – X2 komandanı Kərəm Mustafayevə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin, onun şikayət ərizəsinə cavab olaraq X2 komandanının Şəxsi Heyət üzrə müavini vəzifəsini icra edən Rəhim Cəfərov tərəfindən göndərilən 13 sentyabr N3-cü il tarixli 3966 nömrəli məktubla onun müraciətindən imtina edilmişdir. İddiaçı yuxarıda qeyd olunanlara əsasən məhkəmədən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxslərinin onun 24 iyun N3-cü il tarixli raportunun əsasında ehtiyata buraxılmağı barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması və 24 iyun N3-cü il tarixli raportuna əsasən Azərbaycan Respublikası "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməsinin 156-cı maddəsinin "j" bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin (öhdəliyinin) cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş, İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin nümayəndəsi iddiaya qarşı yazdığı yazılı etirazını 20 dekabr N3-cü il tarixli məhkəmə iclasında məhkəməyə təqdim etmişdir. Cavabdehin nümayəndəsi yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı zabit qismində ümumilikdə 10 il 4 ay xidmət etmişdir. Bu xidmətinin 5 il 4 ayını dövlət hesabına təhsil almış, bölmələrdə xidməti isə 5 il olmuşdur. Onun dövlət tərəfindən hazırlanmasına, xeyli miqdarda vəsait və vaxt sərf edilmişdir. Bu səbədən də, komandanlıq İddiaçı ixtisaslı zabit kimi xidmətini, aldığı təhsilini, “Vətən müharibəsindən” sonra həkim ixtisaslı kadrlara olan ehtiyacı nəzərə alaraq, onun ehtiyata buraxılmasının müəyyən müddətə təxirə salınmasının məqsədəuyğun olduğunu qeyd etmişdir. Cavabdeh inzibati orqanın nümayəndəsi yuxarıda qeyd olunanları və hazırda Azərbaycan Ordusunda həkim ixtisaslı zabit heyətinə olan tələbatı nəzərə alaraq İddiaçı iddiasının təmin olunmamasını xahiş etmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilmiş və şifahi məhkəmə baxışı iclası 02 fevral N4-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin, iddiaçının vəkili və nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına raportun, xəbərnamənin, hərbi biletinin surətlərini, hərbihəkmi komissiyasının arayışını və şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı N nömrəli hərbi hissənin komandirinə ünvanladığı 24 iyun N3-cü il tarixli raportun surətindən görünür ki, İddiaçı Azərbaycan Ordusunda 10 ildən artıq zabit vəzifələrində xidmət etdiyini nəzərə alıb ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə yuxarı komadanlığın qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. - xx.xx.N3-cü il tarixli xəbərnamənin surətindən görünür ki, İddiaçı N saylı hərbi hissəyə yazılı müraciət etmişdir. - Naxçıvan Hərbi Qarnizonu Mərkəzi Hərbi-Həkim Komissiyasının 25 iyul N3-cü il tarixli, 569 nömrəli arayışının surətindən görünür ki, xx xxxxxxx 1989-cu il təvəllüdlü İddiaçı 25 iyul N3-cü il tarixdə Naxçıvan Hərbi Qarnizonu Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş, “hərbi xidmətə yararlı” hesab edilmişdir. - MN seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx xxxxxxx 1989-cu il tarixdə, Azərbaycan Respublikası, Şəki şəhərində anadan olmuş İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. Vəsiqə Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsi tərəfindən verilmişdir. - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1989-cu il tarixdə, Azərbaycan Respublikası, Şəki şəhərində doğulmuşdur. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin 14 noyabr N3-cü il tarixli, A-26 nömrəli arayışından görünür ki, kapitan İddiaçı şəxsi işindəki xidmət dəftərçəsindəki məlumata əsasən, o, xx.xx.2013-cü il tarixdən Azərbaycan Ordusunda xidmət edir. İddia ərizəsinin məznmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı qanunvericiliyin normalarına istinad edərək, 24 iyun N3cü il tarixli raportunun əsasında ehtiyata buraxılmağı barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması və 24 iyun N3-cü il tarixli raportuna əsasən Azərbaycan Respublikası "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməsinin 156-cı maddəsinin "j" bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin (öhdəliyinin) cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini tələb edir. Cavabdeh inzibati orqan isə iddiaçının tələbindən imtina edərək İddiaçı ixtisaslı kadr olduğunu, hazırda kadrlara ehtiyac olduğunu əsas gətirərək, iddiaçının ehtiyata buraxılmasının müəyyən müddətə qədər təxirə salınmasını məqsədəuyğun hesab edir. Məhkəmə iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, hazırki mübahisə məcburetmə haqqında iddia növünə aid olduğundan ilkin sübutetmə yükü qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçının üzərinə düşür. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılması tələbi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirir. Həmçinin bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlər mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” 10 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.3-cü maddəsinə əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. - 18.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir - 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. - 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. - 41.0.9-cu maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarından biri də öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmələridir. - 43.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən buraxılmış hərbi qulluqçular (bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla), habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş vətəndaşlar (xəstəliyə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilənlər istisna olmaqla) ehtiyata keçirilirlər. Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Əsasnamənin 162-ci maddəsində qeyd olunur ki, hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Gözlənilən buraxılma ilə bağlı söhbətlər aşağıdakı qaydada aparılır: polkovnik-leytenant da daxil olmaqla ona qədər olan hərbi qulluqçularla: hərbi hissədə-bilavasitə rəis və hərbi hissə komandiri tərəfindən. Birinci söhbət buraxılmağa təqdim olunmamışdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Azərbaycan Respublikası İntizam Nizamnaməsinin: - 118-ci maddəsinə əsasən hərbi qulluqçunun təklifləri (ərizə və şikayətləri) birləşmələrdə, Silahlı Qüvvələr növlərinin və müvafiq icra hakimiyyəti orqanının idarələrində — daxil olduğu vaxtdan N gün ərzində; hərbi hissələrdə və idarələrdə (müəssisələrdə) — təxirə salınmadan, lakin daxil olduğu vaxtdan 7 gündən gec olmayaraq, baxılıb həll edilməlidir. - N1-ci maddəsinə əsasən komandir (rəis) tabeliyində olan hərbi qulluqçunun verdiyi şikayətinə (ərizəsinə) görə ona qarşı ədalətsizlik və ya qeyri-qanuni hərəkət edərsə, ciddi məsuliyyət daşımalıdır. - N2-ci maddəsinə əsasən verilən bütün təkliflər (ərizələr, şikayətlər) hər bir hərbi hissədə (gəmidə, idarədə, müəssisədə) olan xüsusi kitaba yazılmalıdır. - N3-cü maddəsinə təkliflər, ərizələr və şikayətlər kitabında hər bir təklif, ərizə və şikayətə dair qəbul olunmuş qərarlar barəsində qeydlər edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. - 52.5-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. - 66-cı maddəsinə əsasən maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər. Cavabdeh inzibati orqan öz imtinasını onunla əsaslandırır ki, “Vətən müharibəsi”ndən sonra peşəkar kadrlara yaranan ehtiyacı nəzərə alaraq İddiaçı ehtiyata buraxılması məqsədəuyğun deyil. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən etirazın əsası kimi göstərilən hala hüquqi qiymət verərək hesab edir ki, iddiaçının ehtiyata buraxılmasından imtina edilməsi üçün cavabdeh inzibati orqan tərəfindən gətirilən arqumentlər əsassız olduğundan iddiaçının hüququnu pozan hal kimi qiymətləndirilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 10 ildən artıq müddətdə xidmət etdiyindən onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmaq hüququ vardır. Qanunvericilikdə yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş şəxslərin öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması hüququ və bu hüququn məhdudlaşdırılması halları nəzərdə tutulmuşdur. İşin hallarına hüquqi qiymət verilərkən hazırki vəziyyətdə qanunvericiliklə bu hüququn məhdudlaşdırılması üçün əsas olan halların hər hansı birinin mövcud olmadığı müəyyən edilmişdir. Məhkəmə İddiaçı xidmət dövründə əldə etdiyi bilik və bacarığı, perspektivli peşəkar zabitlərə ehtiyac yaranması ilə bağlı cavabdeh orqan tərəfindən etirazda irəli sürülən arqumentlərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, sadalanan hallara əsasən iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasından imtina edilməsinin heç bir hüquqi əsası mövcud deyildir. Belə olan təqdirdə cavabdehin əsas gətirdiyi dəlillər iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılması hüququnun həyata keçirilməsinə maneə ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxslərinin onun 24 iyun N3-cü il tarixli raportunun əsasında ehtiyata buraxılmağı barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyi qanunsuz hesab olunaraq Azərbaycan Respublikası "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməsinin 156-cı maddəsinin "j" bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsi (öhdəliyi) Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in 2, 14, 33, 58, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxslərinin onun 24 iyun N3-cü il tarixli raportunun əsasında ehtiyata buraxılmağı barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyi qanunsuz hesab olunaraq, Azərbaycan Respublikası "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməsinin 156-cı maddəsinin "j" bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsi (öhdəliyi) Cavabdeh üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar