Məhkəmə qərarları › İş №2-1(122)-278/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-278/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-278/2022 14.12.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Culfa Rayon Qeydiyyat Şöbəsinə qarşı "Əlili" soyadının "Əliyev" soyadına dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Əlili" soyadının "Əliyev" soyadına dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Culfa Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 13 avqust 1978-ci ildə anadan olduqdan sonra 28 avqust 1978-ci il tarixdə ona 146 nömrəli doğum akt qeydi ilə verilmiş şəhadətnamədə soyadı, adı və ata adı X2 göstərilmişdir. O, bu soyad ilə 19 may 2021-ci ilədək orta və ali təhsil almış, əmək fəaliyyəti ilə məşğul olmuşdur. 19 may 2021-ci ildə soyadını milliləşdirmək məqsədilə "Əlili" soyadını götürmüş və bununla bağlı Culfa Rayon Qeydiyyat Şöbəsinə müraciət edərək yeni AZ-İV 627160 nömrəli doğum haqqında şəhadətnamə almışdır. Yeni doğum haqqında şəhadətnamədə soyadı "Əlili" kimi qeyd olunmuşdur. İddiaçı qeyd edir ki, o, Ukrayna Respublikasında işləyir və yaşayır. Orada işi ilə bağlı olan bütün sənədləşmələrin hamısı "Əliyev" soyadı ilə aparıldığından ciddi problemlər yaranmışdır. İstər sürücülük şəhadətnamələrində, sürücülük vəsiqələrində, ali təhsili ilə bağlı diplomda, Ukrayna Respublikasında müvəqqəti yaşaması ilə bağlı sənədlərində soyadı "Əliyev" yazıldığından çətin bir vəziyyətdə qalmışdır. Bu səbəblərdən də yenidən "Əliyev" soyadına qayıtmaq istəyir. Yuxarıda sadalanan halları qeyd etməklə Culfa Rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etsə də, Culfa Rayon Qeydiyyat Şöbəsindən ərizəsinə verilən 04 oktyabr 2022-ci il tarixli, 05/Q-130/15 nömrəli cavabda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 №-li qərarına əsasən soyadın yenidən dəyişdirilməsindən imtina edilmişdir. Ona görə də soyadına dəyişiklik edilməsi və yeni doğum haqqında şəhadətnamə verilməsi ilə bağlı Culfa Rayon Qeydiyyat Şöbəsinin üzərinə öhdəlik qoyulmasını istəyir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası MPMnin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddiaçı göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33, 45 və 46-cı maddələrinə əsasən "Əlili" soyadının "Əliyev" soyadına dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Culfa Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş, İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh Culfa Rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəmənin sərəncamına cavab olaraq ünvanlanan 22 noyabr 2022-ci il tarixli, 05/Q-148/13 nömrəli yazılı münasibət onunla əsaslandırılmışdır ki, Culfa Rayon Qeydiyyat Şöbəsində tərtib edilmiş xx.xx.1978-ci il tarixli, 146 nömrəli doğum akt qeydində xx.xx.2021-ci il tarixdə vətəndaşın soyadına Əliyevdən Əliliyə düzəliş edilərək AZ-İV № 627160 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərində düzəliş edilməsi kifayət qədər əsas olmadıqda məhkəmə qətnaməsi əsasında aparılır. Vətəndaşın soyadına Əliyev qeyd olunaraq doğum haqqında şəhadətnamə verilməsi qanunvericiliyə ziddir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 28 noyabr 2022-ci il tarixli, 2-1(122)-278/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 14 dekabr 2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iş üzrə cavabdeh Culfa Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdehin imtina məktubunu, diplomun, doğum haqqında şəhadətnamənin, şəhadətnamələrin, şəxsiyyət vəsiqəsinin, vəsiqənin surətlərini qeydiyyat barədə arayışı əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsassızdır. Belə ki, iş materiallarında olan: - ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı ünvanlanan 24 oktyabr 2022-ci il tarixli, 05/Q-130/15 nömrəli məktubdan görünür ki, Culfa Rayon Qeydiyyat Şöbəsində tərtib edilmiş 28 avqust 1978-ci il tarixli, 146 nömrəli doğum akt qeydinə 19 may 2021-ci il tarixdə düzəliş edilmiş və AZ-İV № 627160 nömrəli doğum haqqında şəhadətnamədə soyadı Əlili yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 №-li qərarı ilə təsdiq edilmiş "Soyad sonluğuna dəyişiklik edilməsi” ilə bağlı qərara əsasən Qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyad sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Lakin soyad sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. İddiaçı soyadı Əliyev qeyd olunaraq doğum haqqında şəhadətnamənin verilməsi qanunvericiliyə ziddir. Doğum akt qeydinə düzəliş olunması üçün müvafiq məhkəməyə müraciət edilməsi izah olunmuşdur. - 29 iyun 2000-ci il tarixli, 039224 nömrəli diplomun və bakalavr diplomuna əlavənin surətlərindən görünür ki, X3 Naxçıvan Dövlət Universitetinin Bədən tərbiyəsi istiqamətinin İbtidai hərbi fiziki təlim ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. - 15 may 2021-ci il tarixli, AZ-İV 627160 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 13 avqust 1978-ci il tarixdə Culfa şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1978-ci ilin avqust ayının 28-ci günündə 146 nömrə ilə qeydiyyat aparılmışdır. X1, anası X7, valideynlərinin milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. - Culfa Rayon İcra Hakimiyyətinin Culfa Şəhər Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 28 oktyabr 2022-ci il tarixli, 2148 və 2149 nömrəli arayışlardan görünür ki, Əlili X6 şəhəri, Təbriz küçəsi, ev 4, mənzil 27 ünvanında yaşayır və həmin mənzildə qeydiyyatdadır. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 13 avqust 1978-ci ildə doğulmuşdur. - Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik və Texniki İdman Cəmiyyətinin Naxçıvan Avto-məktəbi tərəfindən verilmiş 04 avqust 1997-ci il tarixli, 054293 nömrəli şəhadətnamənin surətindən görünür ki, X4 18 may 1986-cı ildən 11 iyul 1996-cı ilə qədər B kateqoriyası üzrə sürücülük kursunu bitirmişdir. İş materiallarına əlavə edilmiş 22 noyabr 2022-ci il tarixli, 494041 nömrəli doğum haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, X4 13 avqust 1978-ci ildə Culfa şəhərində anadan olmuşdur. Bu barədə doğum kitabında 28 avqust 1978-ci ildə 146-cı səhifədə qeydiyyat aparılmışdır. X1, anası X7, valideynlərinin milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. İddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı 2021-ci ildə soyad sonluğunu dəyişdirərək “Əlili” etmişdir. İddiaçının şəxsiyyətini müəyyən edən bütün sənədlərdə soyadı “Əliyev” kimi yazılmışdır. Ukrayna Respublikasında yaşadığına görə soyadındakı dəyişiklik onun üçün müəyyən maneələr yaratdığından yenidən soyadının “Əlili”dən “Əliyev”ə dəyişdirilməsini tələb edir. Cavabdeh Culfa Rayon Qeydiyyat Şöbəsi isə qanunvericiliyin tələblərini əsas gətirməklə yetkinlik yaşına çatdıqdan sonra soyad sonluğunun yalnız bir dəfə dəyişdirilməsinə icazə verildiyini bildirərək, iddiaçının tələbinin icra edilməsində imtina etmişdir. Beləliklə, məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, hazırkı mübahisə öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan ilkin sübutetmə yükü qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçı tərəfin üzərinə düşür. Öhdəliyin icrası haqqında iddia növündə iddianın mümkün sayılması üçün ilkin zəruri şərt iddiaçının, ilk öncə, eyni tələblə cavabdeh inzibati orqana müraciət etməsidir. Cavabdeh tərəfindən tələbinin icrasından imtina olunduğu halda iddiaçının məhkəməyə müraciət etmək hüququ yaranır. İddiaçı öhdəliyin icrası haqqında iddia növündə məhkəməyə müraciət edərək cavabdeh inzibati orqan tərəfindən onun tələbindən imtina olunarkən həmin imtina ilə onun hüquqlarının və qanunla qorunan maraqlarının hansı qaydada pozulduğunu əsaslandırmalıdır. Məhkəmə hesab edir ki, hazırkı mübahisədə cavabdeh inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə əsasən iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Buna görə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 158-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. - 160.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın: - 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. - 5.10-cu bəndinə əsasən Qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan hesab olunur. Belə ki, iddiaçının izahatı və məhkəməyə təqdim edilmiş sənədlər əsasında aparılmış məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.1978-ci ildə Culfa rayonunda anadan olmuş, Culfa Rayon Qeydiyyat Şöbəsinə müraciəti əsasında "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"na əsasən xx.xx.2021-ci il tarixdə 21 saylı doğum akt qeydində soyadı “Əliyev”dən “Əlili” soyadına dəyişdirilmiş, iddiaçı yenidən “Əlili” soyadının dəyişdirilərək əvvəlki “Əliyev” soyadı ilə əvəz edilməsi barədə ərizə ilə Culfa Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, cavabdeh inzibati orqanın 04 oktyabr 2022-ci il tarixli, 05/Q-130/15 saylı imtina məktubu ilə onun tələbinin icra edilməsindən imtina edilmiş, imtinanın əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarına istinad edilərək, soyad sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmədiyi göstərilmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmadığından, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan öz imtinasını məhz onunla əsaslandırır ki, soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək, mübahisəni iddianın növü baxımından qiymətləndirərək hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətsizliyi qanunvericiliyin tələblərinin pozulmasına səbəb olmamışdır və bu hal iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə inzibati orqanın imtinasını əsaslı hesab edir ona görə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 5.10-cu bəndinə əsasən qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qanunvericiliyin tələbləri baxımından cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş və qanunvericiliyin mənası baxımından iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamışdır. Buna görə də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Culfa Rayon Qeydiyyat Şöbəsinə qarşı "Əlili" soyadının "Əliyev" soyadına dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73.1, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə məhkəmə qərara aldı: İddiaçı cavabdeh Culfa Rayon Qeydiyyat Şöbəsinə qarşı "Əlili" soyadının "Əliyev" soyadına dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası rədd edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar