Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-28/2023 21.02.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X3 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin barəsində xidmətə uyğunsuzluqla bağlı qəbul etdiyi 01 oktyabr 2022-ci il tarixli əmrinin ləğv olunması və xidmətə bərpa olunması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin barəsində xidmətə uyğunsuzluqla bağlı qəbul etdiyi 01 oktyabr 2022-ci il tarixli əmrinin ləğv olunması və xidmətə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə buraxılmış prosessual müddətin bərpa olunması barədə 06 fevral 2023-cü il tarixli ərizə ilə müraciət edərək bildirmişdir ki, o, 2014-cü ildə 2022-ci ilin oktyabr ayının 1-dək MAHHXHQ kimi əsgər rütbəsində xidmət etmişdir. Həmin tarixdə xidmətə uyğunsuzluqla təxris edilmişdir. Hüquqlarını bilmədiyinə görə iddianı gecikdirmişdir. İddiaçı ərizəsini nəzərə alıb, prosessual müddətin bərpa olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X2 məhkəməyə 21 fevral 2023-cü il tarixdə daxil olmuş vəsatət təqdim edərək İddiaçı iddia müddətini buraxması səbəbindən iddianın mümkünsüz hesab olunması ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 21 fevral 2023cü il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında məhkəmə tərəfindən iddiaçıya və iddiaçının nümayəndəsinə iddia müddətinin üzrlü səbəbdən buraxılması barədə sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Tərəflərin izahatı: Məhkəmə iclasında İddiaçı izahat verərək, 2022-ci ilin 27 sentyabr tarixində hərbi düzülüşdə 3 sutka həbs olunduğunun ona elan edildiyini, həbsdən çıxandan sonra bölük komandirinin ona təxris olunduğunu xəbər verdiyini, 01 oktyabr tarixdə cərgədə dayananda ona hərbi formasını təhvil verməsini bildirdiklərini, elə həmin gün təyinat vərəqəsini verdiklərini və oxuyub təyinat vərəqi ilə tanış olduğunu, lakin əmrin surətinin ona rəsmi qaydada verilmədiyini, işdən çıxarılmağı ilə bağlı əmrin ona vaxtında təqdim edilmədiyi üçün məhkəməyə vaxtında müraciət edə bilmədiyini bildirib, məhkəməyə təqdim edilən 06 fevral 2023-cü il tarixli ərizəni müdafiə edərək buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə verdiyi izahatında 2022-ci il 02 noyabrda oğlunun hərbi biletinin Culfa rayon Səfərbərlik Xidmətinə göndərildiyini, 03 noyabrda X5 şöbəsinə müraciət etdiyini, Hüquq şöbəsindən ehtiyata buraxılma ilə bağlı əmrin alındığı gündən 30 gün müddətində məhkəməyə müraciət edə biləcəklərinin onlara bildirildiyini, bundan sonra N nömrəli hərbi hissəyə getdiyini, bölük komandirinə oğlunun əmrinin verilməsini bildirdiyini, onların da əmrin məxfi olduğunu, yalnız məhkəmədən tələb olunduğu halda məhkəməyə təqdim edilə biləcəyinin ona bildirdiklərini, məhkəməyə müraciət üçün müddətin ötməsi üçün əmrin hərbi hissə tərəfindən məqsədli şəkildə vaxtında onlara təqdim olunmadığını, buna görə də məhkəməyə vaxtında müraciət edə bilmədiklərini bildirib buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X2 izahat verərək Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində qeyd olunduğu kimi mübahisələndirmə haqqında iddianın inzibati aktın təqdim yaxud, elan olunduğu vaxtdan 30 gün müddətində verilə biləcəyini, İddiaçı ehtiyata buraxılmasının ona həm elan olunduğunu, həm də təyinat vərəqəsi ilə təqdim olunduğunu, yəni qanunda nəzərdə tutulan hər iki hərəkətin eyni zamanda yerinə yetirildiyini, təyinat vərəqəsində əmrin nömrəsinin və tarixinin qeyd edildiyini, habelə əmrin hərbi qulluqçuya təqdim olunması ilə bağlı qanunda hər hansı göstərişin olmadığını, əmr məxfi olduğu üçün onun heç bir halda hərbi qulluqçuya təqdim edilmədiyini, ehtiyata buraxılmış hərbi qulluqçuların şəxsi işinin hazırlanmasının, göndərilməsinin, hərbi biletin verilməsinin 1-2 ay müddətində də mümkün ola biləcəyini, bunun buraxılmış prosessual müddətin bərpası üçün əsas vermədiyini, həmçinin İddiaçı xidmət etdiyi dövrlərdə bir sıra intizamsızlıqlara da yol verdiyini, söhbət vərəqəsində də özünün qeyd etdiyi kimi rəisə qarşı nalayiq ifadələr işlətməsinin əksini tapdığını, həmin söhbət vərəqəsində xidməti vəzifələrin yerinə yetirilməsində ciddi nöqsanlara yol verdiyi üçün xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmağa təqdim olunduğunun göstərildiyini, yəni İddiaçı hələ 2022-ci ilin 26 sentyabr tarixindən ehtiyata buraxılacağı ilə bağlı məlumatlı olduğunu, həmçinin hərbi hissədə onun özünün də olduğu sırada şəxsi heyətin qarşısında əmrin oxunaraq ona və digərlərinə elan edildiyini bildirib, məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarında əks olunan hüquqi mövqe aşağıdakı kimidir: 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 5.1., 5.2., 6.1., 6.2., 7., 8.5-ci bəndlərində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 3.4-cü bəndində göstərilmişdir ki, birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsi ilə də yerinə yetirə bilər. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin barəsində xidmətə uyğunsuzluqla bağlı qəbul etdiyi 01 oktyabr 2022ci il tarixli əmrinin ləğv olunması və xidmətə bərpa olunmasını xahiş etməklə mübahisələndirmə haqqında iddia qaldırmışdır. İnzibati məhkəmə icraatı qaydasında mübahisələndirmə haqqında iddia şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsindən (ləğv olunmasından və ya dəyişdirilməsindən) ibarətdir. İşin hallarından məlum olur ki, iddiaçı hazırda mübahisələndirdiyi inzibati aktın, yəni əmrin ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı mübahisələndirilən əmrdən xəbərdar olmuşdur. Belə ki, həmin əmr barədə özünün də etiraf etdiyi kimi məlumatlı olmuş, həmçinin həmin əmr ona elan olunmuş, təyinat vərəqəsi təqdim olunmuş və iddiaçı bu əmrlə xidmətdən xaric edildiyini bilmişdir. Bu hallar cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş 02 oktyabr 2022-ci il tarixli təyinat vərəqəsi və 26 sentyabr 2022-ci il tarixli söhbət vərəqi ilə də öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, iddiaçının həmin əmrin surətini və ya hərbi biletini almaması ona məhkəməyə müraciət etməsi üçün maneə yaratmamışdır. Əmri və ya hərbi biletini almadığına görə iddiaçının məhkəməyə iddia müddəti keçdikdən sonra müraciət etməsi üzrlü səbəb hesab edilə bilməz. İddiaçı qeyd olunan əmrlə onun hüququnun məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. İddiaçı mübahisələndirdiyi inzibati akt ona məlum olduğu vaxtdan 30 gün müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Bununla da iddiaçı qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüş, lakin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən buraxıldığından İddiaçı prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında iddia müddətinin tətbiqinin əhəmiyyəti barədə aşağıdakılar göstərilmişdir: Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddətləri tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Avropa İnsan Hüquqları Məhkəməsi analoji hüquqi mövqedən çıxış edərək “Miraqali Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin barəsində xidmətə uyğunsuzluqla bağlı qəbul etdiyi 01 oktyabr 2022-ci il tarixli əmrinin ləğv olunması və xidmətə bərpa olunması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35, 38.1, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı prosessual müddətin bərpa olunması barədə 06 fevral 2023-cü il tarixli ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin barəsində xidmətə uyğunsuzluqla bağlı qəbul etdiyi 01 oktyabr 2022-ci il tarixli əmrinin ləğv olunması və xidmətə bərpa olunması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-28/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-28/2023
21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver