Məhkəmə qərarları › İş №2-1(122)-283/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-283/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-283/2025 04.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Muradov Emin Məhərrəm oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “2019-cu ilin aprel ayından dekabr ayına qədər müharibə veteranı statusu əsasında ödənilməli hər ay 80 manat olmaqla 720 manat pul vəsaitinin ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu ilin aprel ayından dekabr ayına qədər müharibə veteranı statusu əsasında ödənilməli hər ay 80 manat olmaqla 720 manat pul vəsaitinin ona ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN-nin əməkdaşı olaraq müharibə veteranı statusu vardır. Cavabdeh təşkilata müraciət etmiş, lakin uzun yazışmalardan sonra müharibə veteranı statusu bərpa edilmiş, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə hər ay 80 manat olmaqla, xx.xx.2020-ci ildən təqaüd təyin edilmiş və ödənilmişdir. Lakin yuxarıda qeyd edilən Azərbaycan Respublikası Prezidentinin Fərmanının prinsiplərinə uyğun olaraq və onun iradəsindən asılı olmadan təqaüd vəsaiti 2019-cu ilin aprel-dekabr ayları ödənilməmişdir. Cavabdeh təşkilat 08 noyabr 2023-cü il tarixli məktubu ilə ödənilməmiş təqaüd vəsaitinin səbəbini qeyri-obyektiv izah etmişdir. İddiaçı yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33-cü maddəsinə istinad edərək, 2019-cu ilin aprel ayından dekabr ayına qədər müharibə veteranı statusu əsasında ödənilməli hər ay 80 manat olmaqla 720 manat pul vəsaitinin ona ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 07 avqust 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 06 avqust 2024-cü il tarixli etirazını onunla əsaslandırmışdır ki, xx xxxxxx 1959-cu il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı 16 oktyabr 2023-cü il tarixli ərizə ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial müavinətlər və təqaüdlərin təyinatı şöbəsinə 25 dekabr 1998-ci il tarixdən müharibə veteranı statusunun daşıyıçı olduğunu, 30 yanvar 2020-ci ildə statusunu bərpa etdiyini, lakin bu zaman daxilində əvvəlki zaman çərçivəsində mövcud olan hüquqlarının, yəni veteranlara şamil edilən 80 manat vəsaitin ala bilmədiyini, bu səbəbdən də 30 yanvar 2020-ci il tarixədək ödənilməmiş hər ay üçün 80 manat pul vəsaitinin ona ödənilməsi ilə bağlı müraciət etmişdir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış 08 noyabr 2023-cü il tarixli, 3-17-9-1/2-A-400/2023 saylı cavab məktubunda Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin X5 İdarəsinin xx.xx.2020-ci il tarixli, 131 nömrəli arayışına əsasən, ona müharibə veteranı statusu verildiyi tarixdən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi bildirilmişdir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Beləliklə, müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulan güzəştlər aylıq müavinətlərlə 2019-cu ilin aprel ayından təqaüdlə əvəz olunmuşdur. Qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir. İddiaçının veteran statusu xx.xx.2020-ci ildə yarandığı üçün ona həmin tarixdən Prezident təqaüdü təyin edilmişdir. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş vəsiqədən görünür ki, İddiaçı müharibə veteranı kimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək üçün 23 dekabr 1998-ci il tarixli, 000033 nömrəli vəsiqə verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin X5 idarəsinin 11 fevral 2020-ci il tarixli, 024-900- 1220 nömrəli arayışına əsasən İddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyinə görə Daxili İşlər Nazirliyi tərəfindən 30 yanvar 2020-ci il tarixli, 033675 nömrəli vəsiqə verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X5 İdarəsi tərəfindən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-13-23/2-727/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq Komissiyasının xx.xx.2020-ci il tarixli, 131 nömrəli protokolu ilə vətəndaş İddiaçı müharibə veteranı adı və müvafiq vəsiqə verilmişdir, lakin xx.xx.1998-ci il tarixli, 000033 nömrəli müharibə veteranı vəsiqəsinin verilməsinə dair məlumat aşkar edilməmişdir. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq olunmuş “Müharibə veteranları, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 4-cü bölməsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Yuxarıda göstərilən qanunvericiliyin tələbindən göründüyü kimi, 01 aprel 2019-cu il tarixdən qüvvəyə minmiş və həmin tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə müavinət deyil, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun müddəaları tətbiq olunmaqla ödəmələrin aparılması istisna edilir. Bu baxımdan da 01 aprel 2019-cu il tarixindən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Beləliklə, İddiaçı 30 yanvar 2020-ci il tarixdən “Müharibə veteranı” adı və vəsiqəsi verildiyi üçün ona həmin tarixdən müharibə veteranları üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və ödənilməkdədir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “2019-cu ilin aprel ayından dekabr ayına qədər müharibə veteranı statusu əsasında ona ödənilməli hər ay 80 manat olmaqla, 720 manat pul vəsaitinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddianın rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 05 may 2025-ci il tarixli, 2-1(122)-283/2025 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 04 iyun 2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 məhkəməyə ünvanlanmış etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdehin imtina məktubunu, müvafiq məktubu, veteran və şəxsiyyət vəsiqələrinin təsdiq edilmiş surətlərini, arayışı əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmişdir, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mümkün iddia olsa da, mahiyyət baxımından da əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 08 noyabr 2023-cü il tarixli, 3-17-9-1/2-A- 400/2023 nömrəli məktubundan görünür ki, müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilməsi üçün təqdim edilmiş sənədlər sırasındakı müharibə veteranı vəsiqəsində müharibə veteranı statusunun xx.xx.2023-cü il tarixindən verildiyi əksini tapmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X5 İdarəsinin arayışında isə xx.xx.2020-ci il tarixli, 131 nömrəli protokola əsasən müharibə veteranı statusu verildiyi göstərilir. Bu səbəbdən ona xx.xx.2023-cü il tarixindən müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X5 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 16 yanvar 2020-ci il tarixli, 024-627-18A-322 nömrəli məktubdan görünür ki, İddiaçı döyüş əməliyyatlarında iştirakı faktı müəyyən edildiyindən toplanmış sənədlər “Müharibə veteranı” adı almaq üçün Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq komissiyaya təqdim ediləcəkdir. Əlavə olaraq bildirilmişdir ki, müvafiq vəsiqə ilə təmin edilməsi üçün şəxsiyyət vəsiqəsinin surətinin və 3x4 sm. ölçüdə 2 ədəd fotoşəklin X5 İdarəsinə təqdim edilməsi zəruridir. - 30 yanvar 2020-ci il tarixdə verilmiş 033675 nömrəli vəsiqənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. - 23 dekabr 1998-ci il tarixdə verilmiş 000033 nömrəli vəsiqənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1959-cu ildə doğulmuşdur. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 21 dekabr 2023-cü il tarixli, 1891 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş: - Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış 03 sentyabr 2024-cü il tarixli, 3-13-43/2-13083/2024 nömrəli məktubdan görünür ki, İddiaçı DİN-in müvafiq komissiyasının xx.xx.2020-ci il tarixli, 131 nömrəli protokolu ilə müharibə veteranı adı və vəsiqəsi verilmişdir. İddiaçı xx.xx.1998-ci il tarixdə müharibə veteranı vəsiqəsinin verilməsinə dair heç bir məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X5 İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış 29 avqust 2024-cü il tarixli, 3-13-23/2- 2435/2024 nömrəli məktubdan görünür ki, DİN-in müvafiq Komissiyasının xx.xx.2020-ci il tarixli, 131 nömrəli protokolu ilə vətəndaş İddiaçı müharibə veteranı adı və müvafiq vəsiqə verilmişdir. Vətəndaş İddiaçı xx.xx.1998-ci il tarixdə müharibə veteranı vəsiqəsinin verilməsinə dair məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X5 İdarəsi tərəfindən verilmiş 11 sentyabr 2024-cü il tarixli, 3-xx-xx/1625/2024 nömrəli arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyinə görə ona Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən müharibə veteranı adı və vəsiqəsi verilmişdir. - Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış 31 dekabr 2024-cü il tarixli, 3-13-43/2-19727/2024 nömrəli məktubdan görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdə müharibə veteranı vəsiqəsinin verilməsi və həmin statusun 2019-cu ildə ləğv olunması barədə Azərbaycan Respublikası DİN-in və Naxçıvan MR DİN-in arxivində heç bir məlumat aşkar edilməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə müharibə veteranı adı və vəsiqəsi Naxçıvan MR DİN-in arxivində olan "Yerevan-Mehri marşrutu avtobuslarının hərəkətinin təhlükəsizliyinin təmin olunmasında, Ermənistan ilə sərhəd kəndlərdə asayişin mühafizə olunmasında iştirak etməsi ilə əlaqədar" mükafatlandırılan şəxslər arasında adının qeyd olunduğu əmr əsasında Azərbaycan Respublikası DİN-in müvafiq komissiyasının xx.xx.2020-ci il tarixli, 131 nömrəli protokolu ilə verilmişdir. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı 2019-cu ilin aprel-dekabr aylarında müharibə veteranları üçün Prezidentin Fərmanı əsasında ödənilən 80 manat müavinətin ona ödənilməli olduğunu iddia edərək, ümumi 720 manat pul vəsaitinin ödənilməsini tələb edir. Cavabdeh inzibati orqanın məhkəməyə ünvanladığı etirazdan və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçıya müharibə veteranı statusunun verildiyi xx.xx.2020-ci il tarixdən başlayaraq müvafiq təqaüdün ödənilməsi həyata keçirilir, ondan əvvəlki dövrlərin ödənilməsi qanunvericiliyin tələbinə ziddir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. - 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli, 613 nömrəli fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin Fərmana 11 iyul 2005-ci il tarixli, 257 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğdə müavinət təyin edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2013-cü il tarixli, 973 nömrəli Fərmanı: - 1. Sosial müavinətlərin məbləği aşağıdakı kimi müəyyən edilsin: - 1.1. Aylıq müavinətlər: - 1.1.7. əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə müavinət — 55 manat; “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 640 nömrəli Fərmanı: - 1. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916; 2014, № 3, maddə 251; 2016, № 1, maddə 69; 2018, № 7 (İ kitab), maddə 1454) aşağıdakı dəyişikliklər edilsin: ... 1.7. 1.1.7-ci yarımbənd ləğv edilsin; “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 641 nömrəli Fərmanı: - 1. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun. - 2. Müəyyən edilsin ki: - 2.1. bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: - 2.1.1. 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir; ... - 5. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir. Beləliklə, iddiaçının tələbinin məzmunundan aydın olur ki, iddiaçı 15 aprel 2019-cu il tarixdən müharibə veteranları üçün nəzərdə tutulmuş təqaüdün verilməsinə əsas olmuş Azərbaycan Respublikası Prezidentinin Fərmanına istinad edərək, ona ödənilməmiş 2019cu ilin aprel-dekabr aylarındakı ödənişin həyata keçirilməsini tələb edir. Cavabdeh inzibati orqan isə öz imtinasını onunla əsaslandırır ki, iddiaçıya müharibə veteranı statusu 2020-ci ilin yanvar ayından verildiyindən ona müharibə veteranları üçün nəzərdə tutulmuş ödəniş həmin vaxtdan hesablanmaqla ödənilmişdir. İlk öncə, qeyd olunmalıdır ki, 30 yanvar 2020-ci il tarixdə müharibə veteranı statusuna malik olması işin mübahisəsiz halıdır və bu hal cavabdeh inzibati orqan tərəfindən də qəbul edilir. İddiaçıya müharibə veteranı vəsiqəsinin verildiyi xx.xx.2020-ci il tarixdən etibarən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 641 nömrəli Fərmanı ilə təsis edilən və müharibə veteranları üçün nəzərdə tutulan təqaüd cavabdeh tərəfindən təyin olunmaqla ödənilməsi həyata keçirilir. Məhkəmə nəzərə alır ki, həmin Fərman qəbul edilənədək mövcud olmuş qanunvericiliyə uyğun olaraq müharibə veteranlarına sosial müavinətlər verilirdi. Həmin kateqoriya işlər üzrə formalaşmış məhkəmə təcrübəsi isə ondan ibarət idi ki, müharibə veteranı statusu almış şəxslərə sözügedən müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Məhkəmə təcrübəsi bununla bağlı özünün hüquqi mövqeyini “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə istinadla əsaslandırırdı. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gəlir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Yuxarıda qeyd edilən Fərmanın 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 1 aprel 2019-cu il tarixədək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanının, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Həmin Fərmanın 3cü bəndinə əsasən, bu Fərman 1 aprel 2019-cu il tarixdən tətbiq edilir. Beləliklə, 1 aprel 2019-cu il tarixdən qüvvəyə minmiş yeni hüquqi tənzimləmələrə görə, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması istisna edilir. Belə ki, qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra 1 aprel 2019-cu il tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı normayaradıcı tərəfindən yeni hüquq qaydası müəyyən edilmişdir. Bu mövqeyə uyğun olaraq, məhkəmə hesab edir ki, 1 aprel 2019-cu il tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır. İddiaçının 23 dekabr 1998-ci il tarixli, 000033 nömrəli vəsiqəsinə münasibətdə isə qeyd edilməlidir ki, bu istiqamətdə məhkəmə tərəfindən aparılmış araşdırma müsbət nəticə verməmiş, iddiaçının həmin dövrdə müharibə veteranı statusuna malik olması ilə bağlı hər hansı məlumat aşkarlanmamışdır. Vəsiqə iddiaçının müharibə veteranı statusuna malik olmasını təsdiq edən sənəd olsa da, həmin sənədin verilməsinə əsas olmuş müvafiq inzibati akt şəxsin həmin hüququnun mövcudluğunu təsdiq edir. İddiaçıya münasibətdə həmin inzibati akt və bununla bağlı hər hansı məlumat aşkarlanmadığından iddiaçının 1998-ci il tarixdən müharibə veteranı statusuna malik olması hüquqi cəhətdən öz təsdiqini tapmamışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçıya 30 yanvar 2020-ci il tarixdən 131 nömrəli protokola əsasən verilmiş müharibə veteranı statusu onun həmin tarixdən bu statusa malik olmasını sübut edir və həmin status ilə bağlı müvafiq imtiyaz, güzəşt və hüquqları da həmin tarixdən əldə edir. Qeyd olunan məsələ ilə bağlı oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2023-cü il tarixli, 2-1(102)-2381/2023 nömrəli qərarında da öz əksini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən haqlı olaraq iddiaçının tələbindən imtina edilmişdir. İddiaçıya təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi mümkün deyildir. Buna görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “2019-cu ilin aprel ayından dekabr ayına qədər müharibə veteranı statusu əsasında ödənilməli hər ay 80 manat olmaqla 720 manat pul vəsaitinin ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası rədd edilməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in 2, 34, 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “2019-cu ilin aprel ayından dekabr ayına qədər müharibə veteranı statusu əsasında ödənilməli hər ay 80 manat olmaqla 720 manat pul vəsaitinin ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası rədd edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar