Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-284/2023 11.04.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “onun həmin xidmətdə tutduğu sonuncu vəzifəyə və ya uyğun vəzifəyə bərpa edilməsi və buraxdığı hər bir iş gününə görə ona əməkhaqqı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun həmin xidmətdə tutduğu sonuncu vəzifəyə və ya uyğun vəzifəyə bərpa edilməsi və buraxdığı hər bir iş gününə görə ona əməkhaqqı ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 03 may 2016-cı il tarixdə, Cavabdeh Şərur Rayon İdarəsində işə başlamışdır. 02 mart 2021-ci il tarixdə Cavabdeh Şahbuz Rayon Şöbəsində xidmətini davam etdirmişdir. Cavabdeh Şahbuz Rayon Şöbəsinin rəisi Qorxmaz Şükürlü onu xidməti otağına çağıraraq xidmət rəisi Mirzə Cəlilovun onu yanına çağırdığını bildirmişdir O, həmin gün, yəni 10 fevral 2021-ci tarixdə Mirzə Cəlilovun qəbulunda olmuşdur. Ona öz ərizəsi əsasında işdən çıxması bildirilmişdir. O, işində heç bir nöqsan olmadığını bildirsə də, zabit şərəf və ləyaqətini alçaldıcı sözlərlə təhqir edərək onu otağından qovmuşdur. Bundan sonra Şahbuz Rayon Şöbəsində öz xidmətini davam etdirmişdir. Sonra yenidən Qorxmaz Şükürlü onu xidməti otağına çağıraraq xidmət rəisi Mirzə Cəlilovun onu yanına çağırdığını bildirmişdir. O, Mirzə Cəlilovun xidməti otağına getmişdir. Mirzə Cəlilov ona yenidən ərizəsini yazıb işdən çıxmağını bildirmişdir. O, Mirzə Cəlilova bildirmişdir ki, onun işdən çıxmağına heç bir əsas yoxdur, həmişə işində məsuliyyətli olmuşdur. Ona bildirilmişdir ki, uzun müddət məxfi sənədlərlə işləyib, həmin sənədlər başqa formada onun əleyhinə istifadə edilə bilər. O da həmin vaxt ərizə verməyərək xidmətdən çıxmışdır. X3 otağına çağıraraq razılığının olmasını onun üçün də yaxşı olacağını bildirmişdir. Bu məsələ ilə maraqlansalar onun bütün xidmət illərinin havada qalacağını, buna görə də ərizə verməsini bildirmişdir. O məcbur qalaraq yazılmış raporta qol çəkmiş və işdən azad olunmağına razılıq vermişdir. Mirzə Cəlilov onu bir neçə dəfə xidməti otağına çağıraraq zabit şərəf və ləyaqətinə uyğun olmayan sözlərlə təhqir etmişdir. Həmin zaman o, xidmətin aparatında xidmətini davam etdirmişdir. Bundan sonra onu Şahbuz Rayon Şöbəsinə göndərilmiş və oradan da işdən azad edilmişdir. Cavabdehnə müraciət edərək işinə təmin olunmasını bildirsə də, öz ərizəsi əsasında işdən çıxmağını əsas götürməklə məktub əsaslandırmışdır. İddiaçı hesab edir ki, onun tutduğu vəzifədən çıxarılması qanunsuz olmuşdur. O, özünü xidmətdən kənarda təsəvvür edə bilmir. Sevdiyi peşədən uzaq düşmək ona mənəvi əzab verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə məhkəmə icraatına başlanmış və iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 15 mart 2023-cü il tarixə təyin olunmuşdur. Həmçinin iddiaçıya 23 fevral 2023-cü il tarixli yardım məktubu göndərilərək, iş materiallarına buraxılmış prosessual müddətin bərpası barədə ərizənin əlavə edilmədiyi, buna görə də müddətin hansı səbəbdən buraxılması və buraxılmış prosessual müddətin bərpası barədə səbəblərin üzrlü olub-olmamasının məhkəməyə məlum olmadığı bildirilərək, buraxılmış prosessual müddətin bərpası barədə ərizənin məhkəməyə təqdim edilməsi üçün 10 (on) gün (məktubu aldıqdan sonra) müddət təyin edilmiş və iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. Lakin iddiaçı tərəfindən məhkəmənin yardım məktubu ilə bağlı hər hansı münasibət bildirilmədiyi kimi, 15 mart 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında da iştirak etməmişdir. İddiaçıya 16 mart 2023-cü il tarixli növbəti yardım məktubu ünvanlanaraq təkrarən xidmətdən nə zaman və hansı inzibati akt əsasında ehtiyata buraxılması, hazırkı tələb ilə bağlı cavabdeh inzibati orqana müraciəti və həmin müraciətdən imtina edilməsini sübut edən müvafiq sənədlərin, həmçinin iddia tələbində qeyd edilmiş buraxılmış prosessual müddətin bərpası barədə əsaslandırılmış ərizənin məhkəməyə təqdim edilməsi üçün 10 (on) gün (məktubu aldıqdan sonra) müddət təyin edilmiş və iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. İddianın mümükünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 11 aprel 2023-cü il tarixə təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Cavabdeh inzibati orqan tərəfindən dəftərxana vasitəsilə məhkəməyə daxil olmuş 28 fevral 2023-cü il tarixli, 3-43-75/2-410/2023 nömrəli etiraz ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına “onun həmin Xidmətdə tutduğu sonuncu vəzifəyə uyğun vəzifəyə bərpa edilməsi və buraxdığı hər bir iş gününə görə ona əmək haqqı ödənilməsi” tələbinə dair müraciəti olmadığından (inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən) iddia tələbi mümkün sayılmamalıdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək, raportu əsasında işdən çıxarıldığını, işdən azad olunması barədə əmrin 2021-ci ilin oktyabr ayında ona verildiyini, həmin vaxtdan əmrdən xəbərdar olduğunu, onun xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılması üçün hər hansı bir əsasın olmadığını, əmri mübahisələndirməməsinin səbəbi qorxması olduğunu, hazırda yenidən işə bərpa edilmək istədiyini, əmrin mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürdüyünün ona məlum olduğunu, lakin müddətin bərpası barədə yazılı ərizə vermək istəmədiyini bildirərək, məhkəmədən buraxılmış prosessual müddəti bərpa etməklə iddia tələbinin mümkün sayılması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X2 izahat verərək, iddiaçının 2021-ci ilin oktyabr ayından xidmətdən ehtiyata buraxıldığını, əmrin ona həmin vaxtdan məlum olmasına baxmayaraq onu mübahisələndirmədiyini bildirərək, məhkəmədən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə tələb öhdəliyin icrası haqqında iddia növünə aid olsa da, iddianın əsasını iddiaçının işdən çıxarılmasına əsas olmuş müvafiq əmr təşkil etdiyindən İPM-nin 2.2.1-ci və 32-ci maddələrinə əsasən mübahisələndirmə haqqında iddia hesab olunmalıdır. Belə ki, iddiaçı tələbində onun həmin xidmətdə tutduğu sonuncu vəzifəyə və ya uyğun vəzifəyə bərpa edilməsi və buraxdığı hər bir iş gününə görə ona əməkhaqqı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını qeyd etsə də, iddiaçının işdən azad olunması barədə əmr ləğv edilmədən, iddiaçının tutduğu sonuncu vəzifəyə və ya uyğun vəzifəyə bərpa edilməsi mümkün görünmür. Mübahisələndirmə haqqında iddia İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Həmin növ iddialar üzrə iddia müddətinin otürülüb-ötürülməməsinə münasibət bildirilməsi ilə bağlı nəzərə alınmalıdır ki, iddiaçının işdən azad olunması ilə bağlı əmr 13 oktyabr 2021-ci il tarixdə verilmişdir. İddia ərizəsinin məzmunundan və iddiaçının izahatından da aydın olur ki, iddiaçının işdən azad olunması barədə əmr iddiaçı tərəfə 2021-ci ilin oktyabr ayında məlum olmuşdur. Belə ki, bu barədə iddiaçının hərbi biletində müvafiq qeydiyyat aparılmışdır. Hərbi biletin iddiaçının özündə olması onu deməyə əsas verir ki, iddiaçı mübahisələndirilən inzibati aktdan həmin dövrdə rəsmən məlumatlı olmuş, lakin qeyd olunan inzibati aktı qanunveriilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Göründüyü kimi, əmr barədə iddiaçının məlumatı olsa da, məlumatlı olduğu gündən 1 ay ərzində məhkəməyə müraciət etməmiş və prosessual müddəti ötürmüşdür. İddiaçı məhkəməyə müraciət etməməsinin səbəbini qorxması ilə əsaslandırsa da, bu hal məhkəmə tərəfindən üzrlü hesab edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. - 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında göstərilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Eyni zamanda, qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürmüşdür. Məhkəmə iddiaçıya ünvanladığı müvafiq yardım məktublarında və məhkəmə iclasında müddətin buraxıldığını bildirərək, iddianın mümkün sayılmaması kimi gözlənilən hüquqi nəticəni onun diqqətinə çatdırmış, müddətin ötürülməsinin bərpası üçün əsas ola biləcək ötürülmənin üzrlü səbəblərinin olub-olmaması barədə məhkəməyə sübut təqdim edilməsi təklif etmişdir. Lakin iddiaçı tərəfindən müddətin buraxılması ilə bağlı hər hansı üzrlü səbəb göstərilmədiyi kimi, müddətin bərpası ilə bağlı ərizə də təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı “onun həmin xidmətdə tutduğu sonuncu vəzifəyə və ya uyğun vəzifəyə bərpa edilməsi və buraxdığı hər bir iş gününə görə ona əməkhaqqı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı Cavabdehnə qarşı “onun həmin xidmətdə tutduğu sonuncu vəzifəyə və ya uyğun vəzifəyə bərpa edilməsi və buraxdığı hər bir iş gününə görə ona əməkhaqqı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-284/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-284/2023
11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver