Məhkəmə qərarları › İş №2-1(122)-284/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-284/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-284/2024 29.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona təyin olunmuş ünvanlı sosial yardımın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona təyin olunmuş ünvanlı sosial yardımın verilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sədərək rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona 01 iyun 2023-cü il tarixdən 31 may 2023-cü il tarixinədək 635.40 manat məbləğində ünvanlı sosial yardım təyin olunmuşdur. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 sentyabr 2023-cü il tarixli, 3-17-9/2-Ş-307/2023 tarixli məktubuna əsasən onun istifadəsində Lada markalı **-BC-*** markalı nəqliyyat vasitəsinin olması əsas gətirilərək ona təyin olunmuş ünvanlı sosial yardım dayandırılmışdır. Naxçıvan MR Daxili İşlər Nazirliyinin X25 İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən onun və həyat yoldaşının adına hər hansı avtonəqliyyat vasitəsinin qeydiyyata alınmadığı bildirilir. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sədərək rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 05/179 nömrəli bildirişində onun maddi-məişət şəraitinə baxış keçirildiyi və bu zaman ona məxsus Lada markalı **-BC-*** markalı nəqliyyat vasitəsinin olmasının aşkarlandığı bildirilir. Halbuki bu həqiqəti əks etdirmir. İddiaçı göstərilənlərə əsasən ona təyin olunmuş ünvanlı sosial yardımın verilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sədərək rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuşdur. Sonradan 06 noyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə 06 noyabr 2023-cü il tarixli ərizə təqdim edərək Naxçıvan MR İnzibati Məhkəməsinin icraatında olan 2-1(122)-1330/2023 saylı iş üzrə cavabdeh inzibati orqanın da tabe olduğu Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilmiş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMF-nin Nizamnaməsinə uyğun olaraq, cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sədərək rayon şöbəsinin artıq səlahiyyətli olmadığını, bu səbəbdən onun hazırkı işdə cavabdeh qismində iştirakının istisna olunduğu, ona görə iş üzrə cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sədərək rayon şöbəsinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilməsinə etiraz etmədiyini bildirib, eyni zamanda iddia tələbinə “ona təyin olunmuş ünvanlı sosial yardımın bərpa edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” kimi baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 06 noyabr 2023-cü il tarixli, 2-1(122)-1330/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sədərək rayon şöbəsinə qarşı iddia tələbinə dair hazırki inzibati iş üzrə cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sədərək rayon şöbəsi əsl cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Bundan sonra məhkəmənin müvafiq sərəncam ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair məhkəməyə ünvanlanan 15 fevral 2024-cü il tarixli yazılı münasibətini onunla əsaslandırmışdır ki, 07 iyul 1967-ci il tarixdə anadan olmuş, Sədərək rayon, Heydərəbad kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əvəlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2023-cü il 01 iyun tarixindən 2024-cü il 01 may tarixinədək 635,40 manat məbləğində ünvanlı dövlət sosial yardım təyin olunmuşdur. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qanunun 10.2-ci maddəsinə əsasən sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sədərək rayon şöbəsi tərəfində maddi-məişət şəraitinə baxış keçirərkən İddiaçı məxsus Lada (Niva) markalı avtonəqliyyat vasitəsinin (** BC ***) olması aşkar olunmuşdur. Beləliklə, İddiaçı sosial yardım təyin olunduqda, onun tərəfindən natamam məlumat verdiyi üçün, ona təyin edilmiş ünvanlı dövlət sosial yardım Fond tərəfindən dayandırılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmədən İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona təyin olunmuş ünvanlı sosial yardımın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 29 avqust 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Sədərək rayon Heydərabad qəsəbəsində yaşayan İddiaçı ünvanlanmış 11 sentyabr 2023-cü il tarixli, 3-17-9/2-Ş- 307/2023 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın 3.7.4-cü maddəsinə əsasən ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla) ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilir. Onun müraciəti müvafiq komissiya tərəfindən araşdırılmış və məlum olmuşdur ki, istifadəsində LADA (NİVA) markalı **-BC-*** nömrəli nəqliyyat vasitəsi vardır. Buna görə də İddiaçı təyin olunmuş ünvanlı dövlət sosial yardımı dayandırılmışdır. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sədərək rayon şöbəsinin 19 sentyabr 2023cü il tarixli, 05/179 nömrəli bildirişdən aydın olur ki, İddiaçı maddi-məişət şəraitinə baxış keçirilmişdir və baxış zamanı aşkarlanmışdır ki, İddiaçı məxsus Lada (Niva) markalı avtonəqliyyat vasitəsi (** BC ***) var. Vətəndaş qəbulda olarkən ona izah olunmuşdur ki, avtonəqliyyat vasitəsindən istifadə etdiyi üçün həmin ailəyə təyin olunmuş ünvanlı dövlət sosial yardımına imtina verilmişdir. İddiaçı ailə tərkibi 4 nəfərdən ibarətdir. Özü, arvadı (xx.xx.1992-ci il təvəllüdlü X9), qızı (xx.xx.2011-ci il təvəllüdlü X5), oğlu (xx.xx.2013-cti il təvəllüdlü X7) ibarətdir. Vətəndaşa ünvanlı dövlət sosial yardımı 01 iyun 2023-cü il tarixdən 31 may 2024-cü il tarixədək 635.40 manat təyin olunmuşdur və Daxili nəzarət və təhlil şöbəsi tərəfindəm aparılmış monitorinq zamanı avtonəqliyyat vasitəsi istifadə etdiyi üçün “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları”nın 4.3.6-cı və 3.7.4-cü maddənin tələbləri pozulduğundan ailəyə təyin olunmuş ünvanlı dövlət sosial yardımına imtina olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi Sədərək Rayon Rabitə İdarəsinin 26 may 2023-cü il tarixli, 365 nömrəli arayışından görünür ki, Sədərək rayon Heydərabad qəsəbə sakini İddiaçı adına Sədərək rayon Rabitə İdarəsində heç bir telefon nömrəsi yoxdur. - Sədərək Rayon İcra Hakimiyyətinin Heydərabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 02 may 2023-cü il tarixli, 118 nömrəli ailə tərkibi haqqında arayışdan məlum olur ki, ailədə qeydiyyada olan şəxslər aşağıdakılardır: İddiaçı (xx.xx.1987), X9 (xx.xx.1992), X5 (xx.xx.2011), X8 (xx.xx.2013) - Sədərək Rayon İcra Hakimiyyətinin Heydərabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 02 may 2023-cü il tarixli, 119 nömrəli ailə tərkibi haqqında arayışdan məlum olur ki, Şükürov X3 rayon Heydərabad qəsəbəsində qeydiyyatda durur. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx xxxx 1987-ci il tarixdə doğulmuşdur. - Naxçıvan MR Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 22 may 2023-cü il tarixli, **********612000 nömrəli arayışdan aydın olur ki, Sədərək rayon Heydərabad kənd sakini X9 xx.xx.2023-cü il tarixdən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxs kimi uçota alınmışdır. - Naxçıvan MR Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 22 may 2023-cü il tarixli, **********613000 nömrəli arayışdan aydın olur ki, Sədərək rayon Heydərabad kənd sakini İddiaçı xx.xx.2023-cü il tarixdən vergi uçotuna alınmışdır və fərdi qaydada ofsiant fəaliyyəti ilə məşğuldur. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” pubİik hüquqi şəxsin Sədərək rayon şöbəsi tərəfindən verilmiş 02 may 2023-cü il tarixli, 05/797 və 05/798 nömrəli arayışlardan görünür ki, X9 və İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Sədərək rayon şöbəsindən 02 may 2023-cü il tarixədək heç bir növ əmək pensiyası almırlar. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X25 idarəsinə bilavasitə tabe olan qeydiyyat-imtahan və texniki baxış şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan məlum olur ki, İddiaçı və X4 adında hər hansı bir avtonəqliyyat vasitəsi Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyinin X25 idarəsinə bilavasitə tabe olan qeydiyyat-imtahan və texniki baxış şöbəsində qeydiyyatda durmur. İddia ərizəsinə həmçinin İddiaçı illik enerji xərci ödənişləri və illik sərf etdiyi təbii qazın ödənişlərini əks etdirən cədvəllər əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sədərək rayon şöbəsinin 04 noyabr 2023-cü il tarixli, 05/202 nömrəli məktubundan məlum olur ki, İddiaçı xx.xx.2023-cü il tarixdən 635.40 manat təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X18 və Təhlil şöbəsinin keçirdiyi monitorinq nəticəsində vətandaşın istifadəsində Lada markalı avtonəqliyyat vasitəsi (** BC ***) aşkarlanmışdır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3-cü maddəsinin 3.7.4-cü bəndinin tələblərinin pozması səbəbindən qanunvericiliyə uyğun olaraq ünvanlı dövlət sosial yardım xx.xx.2023-cü il tarixdən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən dayandırılmışdır. - Sədərək Rayon Polis Şöbəsi tərəfindən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sədərək Rayon Şöbəsinin müdiri İbrahim Sərxanbəyova ünvanlanmış 04 noyabr 2023-cü il tarixli, 3-13-43-9/2-4035/2023 nömrəli məktuban aydın olur ki, Sədərək Rayon Polis X23 Polisi Qrupunun əməkdaşları tərəfindən vətəndaş İddiaçı **-BC-*** Dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edən zaman Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli və İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati protokollar tərtib olunması barədə məlumat göndərilmişdir. - Naxçıvan "Asan Xidmət" Mərkəzində Notariat Ofisi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 08 yanvar 2024-cü il tarixli, 11/2024 nömrəli məktubla İddiaçı adına olan etibarnamələrin çıxarışları məhkəməyə göndərilmişdir. Etibarnamələrin çıxarışlarından görünür ki, İddiaçı müxtəlif vaxtlarda fərqli nəqliyyat vasitələrindən istifadə hüququ verilmişdir. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X25 İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 16 yanvar 2024-cü il tarixli, 3-13-43- 14/2-62/2024 nömrəli məktubdan görünür ki, İddiaçı adında hər hansı bir avtonəqliyyat vasitəsi Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe olan qeydiyyat-imtahan və texniki baxış şöbəsində qeydiyyatda durmur. - Naxçıvan Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 28 aprel 2024-cü il tarixli, 600/2024 nömrəli məktubdan aydın olur ki, İddiaçı xx.xx.2023-cü il tarixli, 24627 reyestr nömrəli etibarnamə qüvvədən düşmüş, xx.xx.2018-ci il tarixli, 30 reyestr nömrəli etibarnaməyə mülkiyyətçi tərəfindən xx.xx.2024-cü il tarixində 62 reyestr nömrəli ərizəsi ilə xitam verilmiş, xx.xx.2015-ci il tarixli, 12325 reyestr nömrəli etibarnamə xx.xx.2024-cü il 3308 reyestr nömrəli ərizə ilə etibar edilən tərəfindən imtina edilmiş və xx.xx.2011-ci il tarixli, 16612 reyestr nömrəli etibarnaməyə dair məlumat isə elektron informasiya sistemində mövcud deyil. Ərizələrin elektron informasiya sistemindən çıxarışları məktuba əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən hər bir dövlət bu Paktda nəzərdə tutulan hüquqların tam şəkildə həyata keçirilməsini mümkün ehtiyatların maksimum səviyyəsində təmin etmək üçün addımlar atmalıdır. Hər kəs heç bir ayrı-seçkiliyə yol verilmədən eyni hüquqlara malikdir. 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.6-cı maddəsinə əsasən ünvanlı dövlət sosial yardımı (bundan sonra-sosial yardım) aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. - 6.2-ci maddəsinə əsasən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın: - 1.1.bəndinə əsasən bu Qaydalar “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımının (bundan sonra – sosial yardım) alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. - 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. - 3.7.4-cü bəndinə əsasən ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla) sosial yardımın təyin olunmasından imtina edilir. 4.3-cü bəndinə əsasən aşağıdakı məlumatlar istisna olmaqla sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir: 4.3.1. Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və sosial müavinətlərin, həmçinin vahid aylıq müavinətin məbləğinin artırılması barədə məlumatlar; 4.3.3. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar; 4.3.4. əmək müqaviləsi barədə məlumatlar; 4.3.5. sahibkarlıq fəaliyyəti, o cümlədən sadələşdirilmiş vergi ödəyicisi olması barədə məlumatlar; 4.3.6. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar. 4.4-cü bəndinə əsasən bu Qaydaların 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3-cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna 15 (on beş) iş günü müddətində yenidən baxılır. 4.7-ci bəndinə əsasən ailəyə ev, mənzil (əgər bu ev və ya mənzil ailənin əmlakında və ya istifadəsində olan yeganə ev və ya mənzil deyildirsə) və nəqliyyat vasitəsi bağışlandığı hallarda, sosial yardımın verilməsi həmin halın baş verdiyi gündən dayandırılır. - 4.10-cu bəndinə əsasən sosial yardımın təyin edilməsi və sosial yardımın təyinatından imtina edilməsi barədə qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada Nazirliyə və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qə- 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməzdən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarına qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün olsa da, əsassızdır. İddiaçının tələbinin məzmunundan aydın olur ki, iddiaçının əsas hüquqi marağı ona təyin olunmuş ünvanlı sosial yardımın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli, 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanuni qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. Qanunun 6.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları müəyyən edilmişdir. Eyni zamanda, Qanunun 6.3cü maddəsinə əsasən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli, 477 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X19 və X24 (VEMTAS) yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən sosial yardımın verilməsi və verilməsinin dayandırılmasına əsas olan hallardan biri də həmin Qaydaların 4.3.6-cı bəndinə uyğun olaraq ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlardan ibarətdir. Hazırki inzibati iş üzrə məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Naxçıvan “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş “Elekton Notariat Avtomatlaşdırılmış İnformasiya Sistemi”ndən çıxarışa əsasən məlum olmuşdur ki, X10 tərəfindən İddiaçı xx.xx.2015-ci il tarixdə etibarlılıq müddəti 17 may 2024-cü il tarixədək göstərilməklə ** GK *** nömrə nişanlı MERCEDES E200 istehsal ili 2000-ci il tarixli nəqliyyat vasitəsinə dair nəqliyyat vasitəsindən 12325 reyestr nömrəli etibarnamə əsasında istifadə hüququ verilmiş, X6 tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixdə etibarlılıq müddəti xx.xx.2024-cü il tarixədək göstərilməklə ** US *** nömrə nişanlı MERCEDES E300 istehsal ili 1995-ci il tarixli nəqliyyat vasitəsinə dair 24627 reyster nömrəli etibarnamə əsasında sürücülük hüququ olduqda istifadə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salamaq qeydiyyatdan çıxarmaq ərizə vermək səlahiyyətləri verilmiş, X11 tərəfindən İddiaçı xx.xx.2014-cü il tarixdə etibarlılıq müddəti xx.xx.2060-cı il tarixdək göstərilməklə ** TU *** nömrə nişanlı nəqliyyat vasitəsinə dair etibarnamə verilmiş, mülkiyyətçi İddiaçı tərəfindən X2 xx.xx.2018ci il tarixdə etibarlıq müddəti xx.xx.2027-ci tarixədək göstərilməklə ** BC *** nömrə nişanlı MERCEDES E200 istehsal ili 1994-cü il nəqliyyat vasitəsinə dair 30 reyestr nömrəli etibarnamə əsasında nəqliyyat vasitəsindən istifadə hüququ verilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən və iddiaçıya verilən etibarnamələrin ləğv edilməsi faktı aşkar olunduqdan sonra yenidən məhkəmə tərəfindən müvafiq sorğu verilmiş və həmin sorğuya cavab olaraq göndərilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Naxçıvan “Asan xidmət” mərkəzində notariat ofisininin 28 aprel 2024-cü il tarixli məktubundan görünür ki, hazırki inzibati iş üzrə məhkəmə icraatı davam etdiyi dövrdə İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli, 24627 reyestr nömrəli etibarnamə qüvvədən düşmüş, xx.xx.2018-ci il tarixli, 30 reyestr nömrəli etibarnaməyə mülkiyyətçinin xx.xx.2024cü il tarixində 62 reyestr nömrəli ərizəsi ilə xitam verilmiş, xx.xx.2015-ci il tarixli, 12325 reyestr nömrəli etibarnamədən xx.xx.2024-cü il tarixli, 3308 reyestr nömrəli ərizə ilə etibar edilən tərəfindən imtina edilmişdir. Məhkəmə iclaslarında da İddiaçı nəqliyyat vasitələrini istifadə etməsinə dair onun tərəfindən və ona verilmiş etibarnamələrə notarial qaydada ərizə verərək xitam verdirdiyini bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən, sosial yardımın verilməsi və verilməsinin dayandırılmasına əsaslardan biridə həmin qaydaların 4.4-cü bəndinə əsasən bu qaydaların 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3-cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna 15 (on beş) iş günü müddətində yenidən baxılır. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.4cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Məhkəmə qeyd edir ki, iddiaçının sosial ünvanlı yardım aldığı dövrdə istifadəsində nəqliyyat vasitələrinin olması və onlardan istifadə etməsi faktı iddiaçının izahatları və iş materialları ilə tam təsdiq olunduğundan cavabdeh inzibati orqanın iddiaçıya təyin olunmuş ünvanlı sosial yardımın bərpa edilməsindən imtinası əsaslı olmuşdur. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona təyin olunmuş ünvanlı sosial yardımın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona təyin olunmuş ünvanlı sosial yardımın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar