Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-287/2023 25.07.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X5 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı və cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinə qarşı “2023-cü ilin yanvar ayında sosial məzuniyyətə görə ona ödənilmiş müavinətdən cavabdeh tərəfindən tutulmuş 412,10 (dörd yüz on iki manat on qəpik) manat pulun ona qaytarılması ilə bağlı cavabdehin üzərinə öhdəlik qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2023-cü ilin yanvar ayında sosial məzuniyyətə görə ona ödənilmiş müavinətdən “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsi tərəfindən tutulmuş 412,10 (dördü yüz on iki manat 10 qəpik) manat pulun qaytarılması ilə bağlı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin üzərinə öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan şəhər M.Məmmədov adına 1 nömrəli uşaq musiqi məktəbində müəllimə vəzifəsində işləyir və ilk dəfə 2020-ci ilin may ayında sosial məzuniyyətə çıxmışdır. 15 noyabr 2022-ci il tarixdə təkrar sosial məzuniyyətə (analıq məzuniyyətinə) çıxmışdır. 2023-cü ilin yanvar ayında müavinət pulunda 495 (dörd yüz doxsan beş) manat fərq olduğunu görmüşdür. Bununla əlaqədar iş yerinə şifahi olaraq müraciət etmiş, ona 832 manat müavinət hesablandığını, müavinət pulundan tutqunun “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsi tərəfindən tutulduğunu bildirmişlər. xx.xx.2023-cü il tarixdə Naxçıvan MR Dövlət Sosial Müdafiə Fonduna şifahi müraciət edərək məzuniyyətə görə müavinət pulundan tutulmanın səbəbini soruşduqda ona 2020-ci il tarixdə verilmiş sosial müavinətin artıq hesablandığını bu səbəbdən həmin pulun hazırkı müavinət pulundan tutulduğunu bildirmişlər. xx.xx.2023-cü il tarixdə ərizə ilə "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə və “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinə müraciət edərək 2023-cü il tarixdə ona verilən sosial məzuniyyət görə müavinət pulundan 495 manatın Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun hansı tarixli və nömrəli qərarı əsasında tutulması barədə məlumat verilməsini və sosial məzuniyyət görə müavinət pulundan tutulmuş 495 manatın ona geri qaytarılmasını xahiş etmişdir. Cavab məktubunda "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə istinad edərək sığortaedən tərəfindən ona hamiləliyə və doğuma görə müavinət hesablandığını, əmək qabiliyyətini itirdiyi aydan əvvəlki son 12 tam təqvim ayındakı qazancın düzgün hesablanmadığı üçün ona 412 manat 10 qəpik artıq pul vəsaiti ödənildiyini, nəticədə ödənilmiş artıq pul vəsaitinin 01.01,2023-cü il tarixdə ödənilmiş müavinətdən tutulduğunu qeyd etmişdir. İddiaçı müraciətinə verilmiş cavab məktublarını əsassız və qanunsuz hesab edir. Göstərilənlərə əsasən məhkəmədən 2023-cü ilin yanvar ayında sosial məzuniyyətə görə ona ödənilmiş müavinətdən “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsi tərəfindən tutulmuş 412,10 (dördü yüz on iki manat 10 qəpik) manat pulun qaytarılması ilə bağlı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin üzərinə öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsi iddiaya dair məhkəməyə ünvanlanan 04 aprel 2023-cü il tarixli, 02/365 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin 02 fevral 2023-cü il tarixli, Ol/H-28 nömrəli və “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər İdarəsinin 07 fevral 2023-cü il tarixli, 02/167 nömrəli məktublarında iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 28-ci bəndinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancından hesablandığı bildirilmişdir. Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Əsasnamənin 28-ci bəndinin 9-cu abzasına əsasən məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlərin məbləği müavinət hesablandıqda qazanc məbləğinə daxil edilmədiyi bildirilmişdir. Bildirilmişdir ki, Əsasnamənin yuxarıda göstərilən bəndinə zidd olaraq əmək haqqı əmsallaşdırılaraq yeni əmək haqqı kimi nəzərə alındığından ona 412,10 manat məbləğində artıq pul vəsaiti ödənilmişdir. Nəticədə hamiləlik və doğuma görə artıq ödənilmiş pul vəsaiti xx.xx.2023-cü il tarixdə ona ödənilmiş müavinətdən tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında" Əsasnamənin 116-cı bəndinə əsasən artıq verilmiş müavinət məbləği, müavinəti vermiş Fondun yerli qurumunun müraciətinə əsasən sığortaedən tərəfindən tutulur. Əgər sığortaolunan həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır. Qeyd olunan Əsasnamənin həmin bəndindən də aydın olur ki, sığortaolunan işlədiyi iş yerindən azad olunmamış və ona artıq ödənilmiş müavinətin məhkəmə qaydasında alınmasına ehtiyac olmadığını bildirib, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 25 iyul 2023-cü il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 07 fevral 2023-cü il tarixli, 02/167 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin 28-ci bəndinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin qazancından hesablanır. Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Əsasnamənin 28-ci bəndinin 9-cu abzasına əsasən məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlərin məbləği müavinət hesablandıqda qazanc məbləğinə daxil edilmir. Bu əsasnamənin 39-cu bəndi ilə bağlı hesablama mexanizmi olmadığından ona 2020-ci ilin may ayında ödənilmiş hamiləliyə və doğuma görə 126 günlük müavinətindən 368 manat, 2020-ci ilin avqust ayında ödənilmiş hamiləliyə və doğuma görə 14 günlük müavinətindən isə 44 manat 10 qəpik, sığortaedən tərəfindən müavinətlər hesablanarkən Əsasnamənin yuxarıda göstərilən bəndinə zidd olaraq əmək haqqı əmsallaşdırılaraq yeni əmək haqqı kimi nəzərə alındığından borcu yaranmışdır. Bu barədə sığorta edən təşkilata xx.xx.2022ci il tarixdə 02/1353 nömrəli məktubla müraciət olunmuşdur. Artıq alınmış vəsait 2023-cü ilin yanvar ayında ödənilən hamiləliyə və doğuma görə ödənilmiş 126 günlük müavinətdən tutulmuşdur. "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsi tərəfindən İddiaçı ünvanlanmış 02 fevral 2023-cü il tarixli, 01/H-28 nömrəli məktubdan aydın olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 28-ci bəndinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin qazancından hesablanır. Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə müəyyən edilir. Məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlərin məbləği müavinət hesablandıqda qazanc məbləğinə daxil edilmir. Həmin Əsasnamənin 39-cu bəndi ilə bağlı isə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 19 may 2022-ci il tarixli, **********7 nömrəli məktubunda müavinətin yenidən haqq-hesab edilməsi mexanizmi olmadığı bildirilmişdir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma görə müavinət hesablanarkən “Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 sentyabr tarixli, 189 №-li qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 28-ci bəndinə zidd olaraq sığortaedən tərəfindən ona hamiləliyə və doğuma görə müavinət hesablanmışdır, Əmək qabiliyyətini itirdiyi aydan əvvəlki son 12 tam təqvim ayındakı qazanc (bura qazanc olaraq vətəndaşa ödənilməyən və məcburi dövlət sosial sığorta haqqı tutulmayan gəlirlər də daxil edilmişdir) düzgün hesablanmadığı üçün ona 412 manat 10 qəpik artıq pul vəsaiti ödənilmişdir. Nəticədə ona hamiləlik və doğuma görə ödənilmiş artıq pul vəsaiti xx.xx.2023-cü il tarixində ödənilmiş müavinətdən tutulmuşdur. Elektron hökümət portalı tərəfindən hazırlanmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilən vətəndaşın qeydiyyatda olduğu ünvan barədə xx.xx.2023-cü il tarixli, **********681 nömrəli elektron arayışdan görünür ki, xx.xx.1994-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuş Hüseynli X1 şəhəri, ünvan 3 ünvanında pasport qeydiyyatındadır. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxxxx 1994-cü il tarixdə doğulmuşdur. Cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsi tərəfindən həmçinin məhkəməyə İddiaçı dair hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlləri də təqdim olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. - 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. - 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin: 2-ci bəndinə əsasən məcburi dövlət sosial sığorta ödəmələri sosial sığorta hadisəsi baş verdikdə verilən ödənclərdir. Bunlara aşağıdakılar aiddir: .... hamiləliyə və doğuma görə müavinət; 3-cü bəndinə əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ vardır. 116-cı bəndinə əsasən artıq verilmiş müavinət məbləği, müavinəti vermiş Fondun yerli qurumunun müraciətinə əsasən sığortaedən tərəfindən tutulur. Hər belə halda tutulan məbləğ sığortaolunanın əməkhaqqının 20 faizindən çox olmamalıdır. Hər bir belə halda geri qaytarılası məbləğ, sığortaolunana çatası vəsaitin 20 faizindən çox olmayaraq çıxılır. Artıq ödənilmiş məbləğ müavinət təyin edən komissiyanın qərarı əsasında müəssisənin mühasibatlığı tərəfindən tutulur və Fondun hesablarına köçürülür. Əgər sığortaolunan həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır. Müavinət alarkən sui-istifadə edilməsində (saxtakarlıqda, sənədləri pozub düzəltməkdə və i.a.) müqəssir olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə cəlb edilirlər. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə müavinətlərdən, məhkəmənin qərarı ilə aliment və ailə başçısının şikəst olması, yaxud səhhətinin başqa cür korlanmasına və ya ölümünə səbəb olan zərərin ödəniliş məbləği tutula bilər. Müavinətdən bunlardan başqa heç bir ödəniş tutulmur. 123-cü bəndinə əsasən Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləlik və doğuma, uşaq doğumuna və dəfn üçün müavinətlərin düzgün təyin edilməsi, və hesablanmasına həmkarlar ittifaqları da nəzarət edir və məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı iddiaçıya ödənilmiş müavinətdən tutulmuş pul məblğinin ona qaytarılması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh inzibat orqan qanunla müəyyən edilmiş qaydalardan fərqli qaydalar tətbiq etməklə, iddiaçının qanunla qorunan sosial təminat hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Belə ki, cavabdeh inzibati orqan artıq ödənilmiş müavinətin geri qaytarılması məsələsini həll edərkən həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməli idi. Lakin cavabdeh artıq ödənilmiş müavinətdən müəyyən məbləğin tutulması üçün sığortaedən tərəfindən həmin məbləğin tutulmasını təmin etməli olduğu halda, müvafiq qaydada inzibati icraat aparmadan sadəcə inzibati icraatdan kənar bir araşdırma nəticəsində hesablanmış pul vəsaitini təyin edilmiş müavinətdən özü tutmuşdur. Buna görə də, cavabdeh inzibati orqanın iddiaçıya münasibətdə onun əmək qabiliyyətinin itirdiyi andan əvvəlki 12 təqvim ayındakı qazancının düzgün hesablanılmamasına istinad edərək, qanunla müəyyən olunmuş tələblərə uyğun icraat aparmadan iddiaçıya hamiləlik və doğuma görə ödənilmiş artıq pul məbləğinin xx.xx.2023cü il tarixində ödənilməli müavinətdən tutmaqda haqlı olmamışdır. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinə qarşı “2023-cü ilin yanvar ayında sosial məzuniyyətə görə ona ödənilmiş müavinətdən cavabdeh tərəfindən tutulmuş 412,10 (dörd yüz on iki manat on qəpik) manat pulun ona qaytarılması ilə bağlı cavabdehin üzərinə öhdəlik qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. 2023-cü ilin yanvar ayında sosial məzuniyyətə görə İddiaçı ödənilmiş müavinətdən “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsi tərəfindən tutulmuş 412,10 (dörd yüz on iki manat on qəpik) manat pulun ona qaytarılması ilə bağlı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin üzərinə öhdəlik qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-287/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-287/2023
25.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver