Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-287/2024 05.07.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "2022-ci ildə analıq məzuniyyətinə çıxdığı dövr üzrə ona ödənilməli olan müavinətin yenidən hesablanaraq ödənilməmiş kəsir qalan hissəsinin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2022-ci ildə analıq məzuniyyətinə çıxdığı dövr üzrə ona ödənilməli olan müavinətin yenidən hesablanaraq ödənilməmiş kəsir qalan hissəsinin ona verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2019-cu il tarixdən Kəngərli rayon Təhsil şöbəsində aparıcı məsləhətçi vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə analıq məzuniyyətinə buraxılmışdır. xx.xx.2022-ci il tarixdə ona müavinət pulu ödənilmişdir, lakin müavinətin ödənilməsi zamanı 1.1 misli nəzərə alınmamışdır. Müavinətin yenidən hesablanması və 1.1 mislinin əlavə edilməsi üçün Kəngərli Rayon İcra Hakimiyyətinə yazılı müraciət etmişdir. Kəngərli Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, vətəndaşın mükafat və əməkhaqqına əlavələrin hesablanması 189 nömrəli qərarın 30-cu maddəsinə əsasən nəzərə alınmış, həmin maddənin 2-ci abzasında keçən ildəki mükafat və əməkhaqqına əlavələr nəzərdə tutulduğu üçün cari ildəki əməkhaqqına 1.1 misli əlavə nəzərə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 320 nömrəli qərarı ilə qanunvericilikdə dəyişiklik olunmuş və 30-cu maddə ləğv olunmuşdur. İddiaçı müavinət hesablanması dəyişiklikdən əvvəlki dövrü əhatə etdiyindən vətəndaşa köhnə qanunvericiliyin tələblərinə uyğun olaraq müavinət hesablanıb və ödənilmişdir. Sonradan müavinətin yenidən hesablanması və 1.1 mislinin əlavə edilməsi üçün Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Ona Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 xidməti tərəfindən bildirilmişdir ki, yazdığı ərizə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 xidmətinin səlahiyyətlərinə aid edilmədiyindən aidiyyəti üzrə müraciət etməyi bildirilmişdir. Daha sonra 22 avqust 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Kəngərli Rayon Şöbəsinə müraciət etmiş, bildirilmişdir ki, ona müavinət işlədiyiniz təşkilat tərəfindən iyul ayı üçün ödənişlər başa çatdıqdan sonra 21 iyul 2022-ci il tarixində şöbəyə təqdim olunmuş, şöbə tərəfindən sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanıldıqdan sonra 04 avqust 2022-ci il tarixdə sizə ödəniş olunmuşdur. Təyin olunmuş müavinətin yenidən hesablanması tələbi ilə bağlı bildirilmişdir ki, Fondun strukturunda dəyişikliklə əlaqədar olaraq müavinətin təyin olunması və yenidən hesablanması şöbə tərəfindən deyil, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial sığorta və Fərdi uçot şöbəsi tərəfindən həyata keçirildiyindən həmin şöbəyə müraciət edə bilər. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna 08 sentyabr 2023-cü il tarixdə yenidən müraciət etmiş, ona imtina cavabı verilmişdir. İddiaçı göstərilənlərə əsasən 2022-ci ildə analıq məzuniyyətinə çıxdığı dövr üzrə ona ödənilməli olan müavinətin yenidən hesablanaraq ödənilməmiş kəsir qalan hissəsinin ona verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə 03 noyabr 2023-cü il tarixli iddia ərizəsi təqdim edərək 2022-ci ildə analıq məzuniyyətinə çıxdığı dövr üzrə ona ödənilməli olan müavinətin yenidən hesablanaraq ödənilməmiş kəsir qalan hissəsinin ona verilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair məhkəməyə ünvanlanan 26 dekabr 2023-cü il tarixli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxx 1997-ci il tarixdə anadan olmuş, Şərur rayonu, Püsyan kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan İddiaçı 08 sentyabr 2023-cü il tarixli ərizə ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna 02 iyul 2022-ci il tarixdə analıq məzuniyyətinə çıxdığı üçün ona ödənilmiş müavinətin 1.1 misli nəzərə alınmaqla, yenidən hesablanaraq ona ödənilməsi ilə bağlı müraciət etmişdir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il 18 sentyabr tarixli, 3-17-9-1/2-C- 163/2023 nömrəli cavab məktubunda İddiaçı bildirilmişdir ki, sığortaolunanlara hamiləlik və doğuma görə müavinətin məbləği Azərbaycan Respulikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 28-ci hissəsinin üçüncü abzasına əsasən müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Əsasnamənin 28-ci hissəsinin ikinci cümləsində isə bildirilir ki, əməyin vaxtamuzd və işəmuzd ödənilməsi sistemində qazanc dedikdə, əməkhaqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar) başa düşülür. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il 18 sentyabr tarixli, 3-17-9-1/2-C- 163/2023 nömrəli cavab məktubunda İddiaçı bildirilmişdir ki, sığortaolunanlara hamiləlik və doğuma görə müavinətin məbləği Azərbaycan Respulikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması yə ödənilməsi haqqında Əsasnamə”nin 28-ci hissəsinin üçüncü abzasına əsasən müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Əsasnamənin 28-ci hissəsinin ikinci cümləsində isə bildirilir ki, əməyin vaxtamuzd və işəmuzd ödənilməsi sistemində qazanc dedikdə, əməkhaqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar) başa düşülür. Əsasnamənin 30-cü hissəsinin ikinci abzasında qeyd olunur ki, əməyin ödənilməsi fondundan verilən mükafatlar, əmək haqqına əlavələr orta aylıq miqdarında, onların keçən ildə hesablanmış ümumi məbləğin 12 aya bölünməsi yolu ilə nəzərə alınırlar. Yəni, müavinət hesablanarkən son 12 ayda iddiaçının aldığı mükafat və ya əməkhaqqına əlavələrin orta aylıq miqdarı, onların (mükafat və əlavələrin) keçən ildə hesablanmış ümumi məbləğin 12 aya bölünməsi yolu ilə hesablanmaqla nəzərə alınır. (İddiaçı 02 iyul 2022-ci il tarixdə hamiləlik və doğuma görə məzuniyyətə çıxdığından, keçən il dedikdə 2021-ci il nəzərdə tutulur.) Daha sonra bildirilmişdir ki, ona dövlət qulluqçusu kimi aylıq əmək haqqının 1.1 misli həcmində ödənilən vəsait Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən 01 fevral 2022-ci il tarixdən etibarən əməkhaqqına əlavə kimi hesablanaraq ödənilmişdir. Yəni onun 2022-ci ilin fevral-iyun aylarında aldığı aylıq əməkhaqqının 1.1 mislində vəsait müavinətin hesablanması zamanı əməkhaqqına əlavənin orta aylıq miqdarının müəyyən edilməsi qaydasına əsasən 2021-ci ildə ödənilmədiyindən nəzərə alınmamışdır. Qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 avqust 2022-ci il tarixli, 320 nömrəli qərarı ilə həmin Əsasnaməyə müvafiq dəyişikliklər edilərək bu Əsasnamənin 28-ci hissəsinin birinci abzasının iknci cümləsi çıxarılmış və 30-cu hissəsi ləğv edilmişdir. Həmin dəyişiklikdən sonra 28-ci hissənin birinci abzası aşağıdakı qaydada verilmişdir: “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancından hesablanır.” Əsasnamənin dəyişiklik edilənədək qüvvədə olan 28-ci hissəsinin birinci abzasını ikinci cümləsi və 30-cu hissəsi 2022-ci ilin 19 avqust tarixindən qüvvədən düşdüyündən bu tarixdən sonra hamiləlik və doğuşa görə məzuniyyətə çıxan xanımlara şamil edilmir. Yəni bu tarixdən sonra müavinət hesablanarkən onların aldıqları 1.1 mislində əməkhaqqına əlavə son 12 tam təqvim ayındakı məcburi dövlət sosial sığorta haqqına cəlb olunan qazancın tərkib hissəsi kimi nəzərə alınır. İddiaçı hamiləlik və doğuşa görə məzuniyyət hüququ 02 iyul 2022-ci il tarixdə yarandığından, həmin bu dəyişiklik ona şamil olunmamışdır. Yəni müavinət hesablanarkən qüvvədə olmuş köhnə qaydalara əsasən aldığı əməkhaqqının 1.1 misli nəzərə alınmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə Dövlət Sosial Müdafiə Fonduna qarşı “2022-ci ildə analıq məzuniyyətinə çıxdığı dövr üzrə ona ödənilməli olan müavinətin yenidən hesablanaraq ödənilməmiş kəsir qalan hissəsinin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”i əsassız olduğundan, rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 05 iyul 2024-cü il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ünvan 1 ünvanında yaşayan İddiaçı ünvanlanmış 18 sentyabr 2023-cü il tarixli, 3-17-9-1/2-C-163/2023 nömrəli məktubdan aydın olur ki, sığortaolunanlara hamiləlik və doğuma görə müavinətin məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 28-ci hissəsinin 3-cü abzasına əsasən işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Əsasnamənin 28-ci hissəsinin birinci abzasının 2-ci cümləsində isə bildirilir ki, əməyin vaxtamuzd və işəmuzd ödənilməsi sistemində qazanc dedikdə, əməkhaqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar) başa düşülür. Əsasnamənin 30-cu hissəsinin ikinci abzasında qeyd olunur: “Əməyin ödənilməsi fondundan verilən mükafatlar, əməkhaqqına əlavələr orta aylıq miqdarında, onların keçən ildə hesablanmış ümumi məbləğin 12 aya bölünməsi yolu ilə nəzərə alınırlar”. Yəni müavinət hesablanarkən son 12 ayda alınan mükafat və ya əməkhaqqına əlavələrin orta aylıq miqdarı, onların (mükafat və əlavələrin) keçən ildə (o, 02 iyul 2022-ci il tarixdə hamiləlik və doğuşa görə məzuniyyətə çıxdığından bu zaman keçən il dedikdə 2021-ci il nəzərdə tutulur) hesablanmış ümumi məbləğinin 12 aya bölünməsi yolu ilə hesablanmaqla nəzərə alınır. Ona dövlət qulluqçusu kimi aylıq əmək haqqının 1.1 misli həcmində ödənilən vəsait isə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən 01 fevral 2022-ci il tarixdən etibarən əməkhaqqına əlavə kimi hesablanaraq ödənilib. Yəni, 2022-ci ilin fevral-iyun aylarında aldığı aylıq əməkhaqqının 1.1 mislində vəsait, müavinətin hesablanması zamanı əməkhaqqına əlavənin orta aylıq miqdarının müəyyən edilməsi qaydasına əsasən 2021-ci ildə ödənilmədiyindən nəzərə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 avqust 2022-ci il tarixli, 320 nömrəli qərarı ilə həmin Əsasnaməyə müvafiq dəyişikliklər edilərək bu Əsasnamənin 28-ci hissəsinin birinci abzasının 2-ci cümləsi çıxarılmış və 30-cu hissəsi ləğv edilmişdir. Həmin dəyişiklikdən sonra 28-ci hissənin birinci abzası aşağıdakı qaydada verilmişdir: “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancından hesablanır”. Əsasnamənin dəyişiklik edilənədək qüvvədə olan 28-ci hissəsinin birinci abzasının ikinci cümləsi və 30-cu hissəsi 2022-ci ilin 19 avqustundan qüvvədən düşdüyündən bu tarixdən sonra hamiləlik və doğuşa görə məzuniyyətə çıxan xanımlara şamil edilmir. Yəni bu tarixdən sonra müavinət hesablanarkən onların aldıqları 1.1 mislində əməkhaqqına əlavə son 12 tam təqvim ayındakı məcburi dövlət sosial sığorta haqqına cəlb olunan qazancın tərkib hissəsi kimi nəzərə alınır. Hamiləlik və doğuşa gorə məzuniyyət hüququ isə 02 iyul 2022-ci il tarixdə yarandığından həmin bu dəyişiklik ona şamil olunmamış, yəni müavinət hesablanarkən qüvvədə olmuş köhnə qaydalara əsasən aldığı əməkhaqqının 1.1 misli həcmində əlavə nəzərə alınmamışdır. - Kəngərli Rayon İcra Hakimiyyəti tərəfindən Kəngərli Rayon Təhsil Şöbəsinə ünvanlanmış 14 iyul 2023-cü il tarixli, 5-24/2-544/2023 nömrəli məktubdan məlum olur ki, İddiaçı xx.xx.2022-ci il tarixli, SN 00007 № ******* nömrəli xəstəlik vərəqəsinə əsasən sənədləri 2022-ci ilin iyul ayında təqdim edilmişdir. Vətəndaşa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 5 sentyabr tarixli, 189 nömrəli qərarının 65-ci maddəsinə əsasən hamiləlik və doğuma görə müavinət hesablanmışdır. Vətəndaşın əmək qabiliyyətini itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayındakı qazancın məbləği isə 189 nömrəli qərarın 28-ci maddəsinə əsasən müəyyənləşdirilmişdir. Vətəndaşın mükafat və əməkhaqqına əlavələrin hesablanması isə 189 nömrəli qərarın 30-cu maddəsinə əsasən nəzərə alınmış, həmin maddənin 2-ci abzasında keçən ildəki mükafat və əməkhaqqına əlavələr nəzərdə tutulduğu üçün cari ildəki əməkhaqqına 1.1 misli əlavə nəzərə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 320 nömrəli qərarı ilə qanunvericilikdə dəyişiklik olunmuş və 30-cu maddə ləğv olunmuşdur. İddiaçı müavinət hesablanması dəyişiklikdən əvvəlki dövrü əhatə etdiyindən vətəndaşa qanunvericiliyin tələblərinə uyğun olaraq müavinət hesablanıb və ödənilmişdir. - Şərur Rayon İcra Hakimiyyətinin Püsyan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 28 iyul 2023-cü il tarixli, 197 nömrəli arayışdan görünür ki, İddiaçı Şərur rayonunun Püsyan kəndində yaşayır və qeydiyyatdadır. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxx 1997-ci il tarixdə doğulmuşdur. - Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Kəngərli Rayon Təhsil Şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 08 yanvar 2024-cü il tarixli, 3/2 nömrəli məktubla İddiaçı analıq məzuniyyətinə buraxılması barədə əmrin, məzuniyyətə buraxılmasına əsas olmuş sənədlərin və məzuniyyətə buraxılma ilə bağlı mühasibatlıq sənədlərinin surətləri məhkəməyə göndərilmişdir. - Kəngərli Rayon Təhsil Şöbəsinin 30 iyun 2022-ci il tarixli, 63 nömrəli əmrindən aydın olur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 125-ci maddəsinə uyğun olaraq Kəngərli Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, İİİ dərəcəli dövlət qulluqçusu İddiaçı 30 iyun 2022-ci il tarixdən 03 noyabr 2022-ci il tarixədək 126 təqvim günü müddətinə sosial məzuniyyətə (hamiləlik və doğuşa görə məzuniyyət) buraxılmışdır. - Kəngərli Rayon Təhsil Şöbəsinin 26 sentyabr 2022-ci il tarixli, 77 nömrəli əmrindən aydın olur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 125.1-ci maddəsinə uyğun olaraq hamiləlik və doğuşa görə məzuniyyətdə olan Kəngərli Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, İİİ dərəcəli dövlət qulluqçusu İddiaçı sosial məzuniyyət müddətinə 14 gün əlavə edilmişdir. - Kəngərli Rayon İcra Hakimiyyəti tərəfindən verilən 21 iyul 2022-ci il tarixli, 19 nömrəli və 12 oktyabr 2022-ci il tarixli, 26 nömrəli arayışlarda İddiaçı Kəngərli Rayon Təhsil şöbəsində aparıcı məsləhətçisi vəzifəsində işlədiyi və ona son bir ildə (11 iyul 2021ci il tarixdən 01 iyul 2022-ci il tarixədək) ödənilən əmək haqqı məbləğlərini əks etdirən cədvəllər göstərilmişdir. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 08 aprel 2024-cü il tarixli məktubdan görünür ki, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 28-ci hissəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sığortaolunanın məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancından hesablanır. Əməyin vaxtamuzd və işə muzd ödənilməsi sistemində qazanc dedikdə, (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar) başa düşülür. Müavinətin məbləği sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Həmin Əsasnamənin 30-cu hissəsinə əsasən müavinət hesablanarkən nəzərə alınan bütün növ qazanclar, o cümlədən həmin ayda əmək haqqı ilə verilən mükafatlar qazanca onların hesaba alındığı vaxt üzrə daxil edilir. Əməyin ödənilməsi fondundan verilən mükafatlar, əmək haqqına əlavələr orta aylıq miqdarında, onların keçən ildə hesablanmış ümumi məbləğin 12 aya bölünməsi yolu ilə nəzərə alınırlar. Qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 avqust 2022-ci il tarixli, 320 nömrəli qərarı ilə həmin Əsasnaməyə müvafiq dəyişikliklər edilərək bu Əsasnamənin 28-ci hissəsinin birinci abzasının ikinci cümləsi çıxarılmış və 30-cu hissəsi ləğv edilmişdir. Həmin dəyişiklikdən sonra 28-ci hissənin birinci abzası aşağıdakı qaydada verilmişdir: “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancından hesablanır. Göründüyü kimi, Əsasnaməyə edilən dəyişikliklə işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi halda son 12 ay üzrə hesablanan gəlirlərin əhatə dairəsi genişləndirilib. Dəyişikliyə əsasən, Əsasnamənin 28-ci hissəsində “işçinin əməkhaqqı gəlirləri üzrə qazanc” məfhumu “məcburi dövlət sosial sığorta haqqı hesablanan qazanc” ifadəsinə dəyişdirilmişdir. Yəni dəyişikliyə qədər işçiyə müavinət hesablandıqda yalnız onun əməkhaqqı əsas götürülürdüsə, dəyişiklikdən sonra işçinin məcburi dövlət sosial sığorta haqqı hesablanan bütün gəlirləri nəzərə alınır. Bundan sonra işçi əmək qabiliyyətini müvəqqəti itirdiyi halda, məcburi dövlət sosial sığorta haqqı hesablanan digər qazanclarının nəzərə alınması nəticəsində işçiyə ödəniləcək məbləğ də artacaq. Beləliklə, 2021-2022-ci illər üzrə iddiaçının: vəzifə maaşı son 12 ay üzrə - 4800.0 manat, qulluq stajına görə son 12 ayı üzrə - 240 manat, ixtisas dərəcəsinə görə son 12 ayı üzrə - 480.0 manat, Son 3 ayı üzrə mükafatı – 1440.0 manat, 2021-2022-ci illər üzrə məzuniyyət pulu 1327.50 manat olmaqla, cəmi qazançı 8287.50 manat məbləğində olmuşdur. İddiaçının bir iş gününə düşən orta gündəlik qazancın məbləği 34.39 manat təşkil edir. 8287.50/241 (son 12 ayda iş gününün cəmi) = 34,39 manat. İddiaçı verilmiş 30 iyun 2022-ci il tarixli, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən 30 iyun 2022-ci il tarixdən 02 noyabr 2022-ci il tarixədək (126 təqvim günü) 88 iş günü təşkil edir. 88 x 34.39 manat = 3026.32 manat. Göründüyü kimi İddiaçı 2022-ci ildə analıq məzuniyyətinə çıxdığı dövr üzrə ödənilməli olan müavinətin məbləği 3026.32 manat olduğu halda, ona 3513.06 manat məbləğində ödəniş aparılmışdır. Bu da 486.74 manat artıq ödənilmiş pul vəsaiti deməkdir. İddiaçı verilmiş 03 noyabr 2022-ci il tarixli, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən 30 iyun 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək (14 təqvim günü) 8 günü təşkil edir. 8 x 34.39 manat = 275.12 manat. İddiaçı 2022-ci il tarixində analıq məzuniyyətinə çıxdığı dövr üzrə ödənilməli olan müavinətin məbləği 275.12 manat olduğu halda, ona 1.84 manat kəsir, yəni 273.28 manat məbləğində ödəniş aparılmışdır. - 12 yanvar 2024-cü il tarixdə məhkəməyə daxil olmuş, xx.xx.2023-cü il tarixdə hazırlanmış Kapital Bank hesabından ödəniş kartı üzrə çıxarışdan aydın olur ki, İddiaçı hesabına xx.xx.2022-ci il tarixində 3006.08 manat pul mədaxil olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 06 may 2024-cü il tarixli, 01/04 nömrəli məktubla İddiaçı sosial məzuniyyətə buraxılması barədə inzibati icraat materialları və reyestrdən çıxarış məhkəməyə göndərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən hər bir dövlət bu Paktda nəzərdə tutulan hüquqların tam şəkildə həyata keçirilməsini mümkün ehtiyatların maksimum səviyyəsində təmin etmək üçün addımlar atmalıdır. Hər kəs heç bir ayrı-seçkiliyə yol verilmədən eyni hüquqlara malikdir. 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 125.1-ci maddəsinə əsasən hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. - 131.4-cü maddəsinin a) yarımbəndinə əsasən qadınların hamiləliyə və doğuşa görə - sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ vardır. - 140.1-ci maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. - 140.2-ci maddəsinə əsasən 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. - 140.3-cü maddəsinə əsasən məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. - 140.5-ci maddəsinə əsasən İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir - 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. - 154.2-ci maddəsinə əsasən bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun: 6-cı maddəsinə əsasən sosial sığorta hadisəsi baş verdikdə aşağıdakı sığorta ödəmələri verilir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları; könüllü (əlavə) sosial sığorta əsasında əmək pensiyalarına əlavələr; əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün); hamiləliyə və doğuma görə müavinət; uşağın anadan olmasına görə birdəfəlik müavinət; qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət; dəfn üçün müavinət; sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət və hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Hər iki halda müavinətin aylıq maksimal həddi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz. Qanunvericiliyə görə əməyin ödənişi fonduna məcburi dövlət sosial sığorta haqqının hesablanmasından azad olunan sığortaedənlərdə işləyən şəxslərin hesablanmış sosial sığorta ödəmələrini (əmək pensiyaları istisna olmaqla) hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğinin azadolmalar nəzərə alınmadan hesablanmalı olan məcburi dövlət sosial sığorta haqqının məbləğinə nisbətində almaq hüququ vardır. Azərbaycan Respulikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması yə ödənilməsi haqqında Əsasnamə” yə görə: 1-ci bəndinə əsasən bu Əsasnamə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi dövlət sosial sığortası üzrə ödəmələrin (bundan sonra - sosial sığorta ödəmələri) və Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydində nəzərdə tutulmuş əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsinin şərtlərini və qaydalarını müəyyən edir. 2-ci bəndinə əsasən hamiləliyə və doğuma görə müavinət məcburi dövlət sosial sığorta ödəmələri sosial sığorta hadisəsi baş verdikdə verilən ödənclərdəndir. 3-cü bəndinin 3-cü abzasına əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət və hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Hər iki halda müavinətin aylıq maksimal həddi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz. 28-ci bəndinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sığortaolunanın məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancından (bundan sonra – qazanc) hesablanır. Əmək haqqı əvəzinə sığortaolunana verilən malların (işlərin və xidmətlərin) dəyəri həmin malların bu sığortaolunanın qazancı kimi nəzərə alındığı tarixdə bazar (sərbəst) qiymətləri ilə ifadə olunan dəyərinə, verilən malların dəyəri dövlət tərəfindən tənzimləndiyi halda isə dövlət tərəfindən tənzimlənən qiymətlərlə ifadə olunan dəyərinə bərabər götürülür. Müavinətin məbləği sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayında əmək fəaliyyəti olmamışdırsa, onda bir iş gününə düşən orta gündəlik qazancı müavinətin hesablanması əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunvericiliklə müəyyən edilmiş minimum aylıq əməkhaqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır. 65-ci bəndinə əsasən hamiləlik dövründə və doğumdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğum çətin olduqda, iki və ya daha çox uşaq doğulduqda, doğumdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. 70-ci bəndinə əsasən hamiləliyə və doğuma görə məzuniyyət müddəti növbəti (əsas və ya əlavə) məzuniyyət və ya uşağa qulluq edilməsi üçün verilən məzuniyyət (həmçinin əmək haqqı saxlanılmadan) dövrünə təsadüf edərsə, bu zaman xəstəlik vərəqəsinə əsasən hamiləliyə və doğuşa görə məzuniyyətin bütün günləri üçün müavinət verilir. 72-ci bəndinə əsasən hamiləliyə və doğuma görə müavinət bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın 100 faizi miqdarında verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir. Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin hamiləliyə və doğuma görə məzuniyyət dövründəki iş günlərinin sayına vurulması ilə hesablanır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı 2022-ci ildə analıq məzuniyyətinə çıxdığı dövr üzrə ona ödənilməli olan müavinətin yenidən hesablanaraq ödənilməmiş kəsir qalan hissəsinin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. İş materiallarından aydın olur ki, iddiaçı Cəfərli X3 Rayon Təhsil Şöbəsinin 30 iyun 2022-ci il tarixli, 63 nömrəli əmrinə əsasən 30 iyun 2022-ci il tarixdən 03 noyabr 2022-ci il tarixədək 126 təqvim günü müddətinə hamiləlik və doğuşa görə məzuniyyətə çıxmışdır. Məzuniyyət pulunun hesablanıb ödənilməsi üçün sənədlər Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş və müvafiq hesablama aparılaraq İddiaçı Kapital Bank hesabına xx.xx.2022-ci il tarixində 3006.08 manat pul köçürülmüş, sonradan Kəngərli Rayon Təhsil şöbəsinin 26 sentyabr 2022-ci il tarixli, 77 nömrəli əmri ilə İddiaçı sosial məzuniyyətinə 14 gün əlavə edilmiş və 14 günlük müavinətin ödənilməsi üçün yenidən müvafiq sənədlər (əmr, son 12 aylıq əmək haqqı cədvəli və s) Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş və yenidən hesablama aparılaraq İddiaçı Kapital Bank hesabına xx.xx.2022-ci il tarixində 273.28 manat pul köçürülmüşdür. İddiaçı Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək hamiləliyə və doğuşa görə məzuniyyətə çıxdığı tarixədək aldığı əmək haqqına əlavənin (dövlət qulluqçularına ödənilən 1.1 mislində əməkhaqqına əlavə) məzuniyyət puluna hesablanmadığını bildirərək ona ödənilməli olan müavinətin yenidən hesablanıb ödənilməsi barədə müraciət etmişdir. X2 Əmək və Əhalinin Sosial Müdafiəsi Mudafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaçıya, eyni zamanda məhkəmənin sərəncamına əsasən iddiaya münasibət bildirərək qeyd edir ki, sığortaolunanlara hamiləlik və doğuma görə müavinətin məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 28-ci hissəsinin üçüncü abzasına əsasən müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Əsasnamənin 28-ci hissəsinin ikinci cümləsində isə bildirilir ki, əməyin vaxtamuzd və işəmuzd ödənilməsi sistemində qazanc dedikdə, əməkhaqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar) başa düşülür. Əsasnamənin 30-cu hissəsinin ikinci abzasında qeyd olunur ki, əməyin ödənilməsi fondundan verilən mükafatlar, əmək haqqına əlavələr orta aylıq miqdarında, onların keçən ildə hesablanmış ümumi məbləğin 12 aya bölünməsi yolu ilə nəzərə alınırlar. Yəni, müavinət hesablanarkən son 12 ayda iddiaçının aldığı mükafat və ya əməkhaqqına əlavələrin orta aylıq miqdarı, onların (mükafat və əlavələrin) keçən ildə hesablanmış ümumi məbləğin 12 aya bölünməsi yolu ilə hesablanmaqla nəzərə alınır. (İddiaçı 02 iyul 2022-ci il tarixdə hamiləlik və doğuma görə məzuniyyətə çıxdığından, keçən il dedikdə 2021-ci il nəzərdə tutulur.) Daha sonra bildirilmişdir ki, ona dövlət qulluqçusu kimi aylıq əmək haqqının 1.1 misli həcmində ödənilən vəsait Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən 01 fevral 2022-ci il tarixdən etibarən əməkhaqqına əlavə kimi hesablanaraq ödənilmişdir. Yəni onun 2022-ci ilin fevraliyun aylarında aldığı aylıq əməkhaqqının 1.1 mislində vəsait müavinətin hesablanması zamanı əmək haqqına əlavənin orta aylıq miqdarının müəyyən edilməsi qaydasına əsasən 2021-ci ildə ödənilmədiyindən nəzərə alınmamışdır. Qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 avqust 2022-ci il tarixli, 320 nömrəli qərarı ilə həmin Əsasnaməyə müvafiq dəyişikliklər edilərək bu Əsasnamənin 28-ci hissəsinin birinci abzasının iknci cümləsi çıxarılmış və 30-cu hissəsi ləğv edilmişdir. Həmin dəyişiklikdən sonra 28-ci hissənin birinci abzası aşağıdakı qaydada verilmişdir: “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancından hesablanır.” Əsasnamənin dəyişiklik edilənədək qüvvədə olan 28-ci hissəsinin birinci abzasını ikinci cümləsi və 30-cu hissəsi 2022-ci ilin 19 avqust tarixindən qüvvədən düşdüyündən bu tarixdən sonra hamiləlik və doğuşa görə məzuniyyətə çıxan xanımlara şamil edilmir. Yəni bu tarixdən sonra müavinət hesablanarkən onların aldıqları 1.1 mislində əməkhaqqına əlavə son 12 tam təqvim ayındakı məcburi dövlət sosial sığorta haqqına cəlb olunan qazancın tərkib hissəsi kimi nəzərə alınır. İddiaçı hamiləlik və doğuşa görə məzuniyyət hüququ 02 iyul 2022-ci il tarixdə yarandığından, həmin bu dəyişiklik ona şamil olunmamışdır. Yəni müavinət hesablanarkən qüvvədə olmuş köhnə qaydalara əsasən aldığı əməkhaqqının 1.1 misli nəzərə alınmamışdır. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən iddiaçının hamiləlik və doğuma görə məzuniyyət hüququnun yarandığı tarixdə müavinətin hansı növ gəlirlərdən hesablanaraq ödənilməsi qaydaları müəyyən edilmişdir. Belə ki, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 28-ci hissəsinin üçüncü abzasına əsasən müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Əsasnamənin 2022-ci ilin 19 avqust tarixinədək qüvvədə olan 28-ci hissəsinin ikinci cümləsində isə bildirilir ki, əməyin vaxtamuzd və işəmuzd ödənilməsi sistemində qazanc dedikdə, əməkhaqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar) başa düşülür. Əsasnamənin 2022-ci ilin 19 avqust tarixinədək qüvvədə olan 30-cu hissəsinin ikinci abzasında qeyd olunur ki, əməyin ödənilməsi fondundan verilən mükafatlar, əmək haqqına əlavələr orta aylıq miqdarında, onların keçən ildə hesablanmış ümumi məbləğin 12 aya bölünməsi yolu ilə nəzərə alınırlar. Yəni, müavinət hesablanarkən son 12 ayda iddiaçının aldığı mükafat və ya əməkhaqqına əlavələrin orta aylıq miqdarı, onların (mükafat və əlavələrin) keçən ildə hesablanmış ümumi məbləğin 12 aya bölünməsi yolu ilə hesablanmaqla nəzərə alınır. İş materialları ilə təsdiq olunur ki, iddiaçı 2021-2022-ci illər üzrə aldığı əmək haqqı cədvəlində 2022-ci ilin fevral ayından başlayaraq əmək haqqının 1.1 misli miqdarında əmək haqqına əlavə almışdır. Belə olan təqdirdə müavinətin hesablanması qaydalarına əsasən iddiaçıya müavinət ödənilərkən məzuniyyətə çıxdığı vaxtdan əvvəlki 12 ay aldığı əmək haqqına 1.1 misli miqdarında əlavə də daxil edilərək hesablanmalı olduğu halda, hesablanmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya dövlət qulluqçusu kimi aylıq əmək haqqının 1.1 misli həcmində ödənilən vəsait Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən 01 fevral 2022-ci il tarixdən etibarən əmək haqqına əlavə kimi hesablanaraq ödənilmişdir. Yəni, onun 2022-ci ilin fevral-iyun aylarında aldığı aylıq əməkhaqqının 1.1 mislində vəsait ona hamiləlik və doğuşa görə məzuniyyətə çıxan zaman müavinət hesablanarkən nəzərə alınmalı idi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdeh inzibati orqanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 avqust 2022-ci il tarixli, 320 nömrəli qərarı ilə müvafiq Əsasnaməyə müvafiq dəyişikliklər edilməsi ilə bağlı arqumentinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının həmin dəyişiklikdən əvvəl hamiləlik və doğuşa görə məzuniyyətə çıxmaq hüququ yaranmışdır. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "2022-ci ildə analıq məzuniyyətinə çıxdığı dövr üzrə ona ödənilməli olan müavinətin yenidən hesablanaraq ödənilməmiş kəsir qalan hissəsinin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. 2022-ci ildə analıq məzuniyyətinə çıxdığı dövr üzrə İddiaçı ödənilməli olan müavinətin yenidən hesablanaraq ödənilməmiş kəsir qalan hissəsinin ona verilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-287/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-287/2024
05.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver