Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-288/2023 11.07.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" X25 Şərur rayon idarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" X25 Şərur rayon idarəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" X25 Şərur rayon idarəsinin 07 fevral 2023-cü il tarixli, 07 saylı qərarının ləğv edilməsi, 2010-cu, 2015-ci, 2016-cı və 2017-ci illərdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqlarının onun iş stajına əlavə olunması və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" X25 Şərur rayon idarəsinin 07 fevral 2023-cü il tarixli, 07 saylı qərarının ləğv edilməsi, 2010-cu, 2015-ci, 2016-cı və 2017-ci illərdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqlarının onun iş stajına əlavə olunması və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” X25 Şərur rayon İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci il tarixdə Şərur rayonu, Kosacan kəndində anadan olmuş və bu günə kimi həmin kənddə yaşayır. xx.xx.1974-cü il tarixdən əmək fəaliyyətinə başlamış və xx.xx.1991-c il tarixədək Şərur rayonunda müxtəlif dövlət idarə və müəssisələrində işləmiş və bu illər ərzində müxtəlif dövlət idarə və müəssisələrində işləməyi əmək kitabçasında öz əksini tapmışdır. Haliyədə Kosacan kəndində fərdi təsərrüfatla məşğul olur və X27 Komissiyasının 11 fevral 1999-cu il tarixli, 01 nömrəli qərarına əsasən Şərur rayon Kosacan kəndi ərazisində J№-130 nömrəli (KOD-********) Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətində olan 0.63 ha kənd təsərrüfatına yararlı torpağa görə 2010-cu, 2015-ci, 2016cı və 2017-ci illərdə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. İddiaçı bildirir ki, 06 noyabr 2015-ci il tarixdən səhhəti ilə əlaqədar olaraq İİ qrup əlilliyə görə əmək pensiyası almış və 2021-ci ilin dekabr ayında ona İİ qrup əlilliyə görə təyin edilmiş əmək pensiyası dayandırılmışdır. “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən xx.xx.2023-cü il tarixdən etibarən tələb olunan yaş həddinə (65 yaş) çatmağı ilə əlaqədar ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 19 dekabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu (bundan sonra DSMF) X19 müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası DSMF X28 tərəfindən verilmiş 26 dekabr 2023-cü il tarixli, 01/C-90 saylı cavab məktubunda “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 22-1-ci bəndinə əsasən isə 2019-cu ilin yanvarın 01-dən etibarən sığortaolunan əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 01 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 01-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanıldığını, onun 25 il sığorta stajının, fərdi hesabının sığorta hissəsində tələb olunan (34560 manat) pensiya kapitalı olmadığından və 2010-cu, 2015-ci, 2016-cı və 2017-ci illərdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi İnformasiya Sistemində öz əksini tapmadığı üçün yaşa görə əmək pensiyası təyin etmək mümkün olmadığı bildirilmişdir. xx.xx.2023-cü il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədi ilə müvafiq sənədləri toplayıb Naxçıvan MR DSMF X25 Şərur Rayon İdarəsinə müraciət etmişdir. Naxçıvan MR DSMF X25 Şərur Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli, 07 saylı Qərarında iş stajının 15 il 10 ay 16 gün müəyyən olunduğu, fərdi hesabının sığorta hissəsində tələb olunan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi və azı 25 il sığorta stajının olmadığı, 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmadığı əsas gətirilərək “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 22-1-ci maddələrinin tələblərinə əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçı qeyd edir ki, 2010-cu, 2015-ci, 2016-cı və 2017-ci illərdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sistemində öz əksini tapmadığından həmin illər onun iş stajına əlavə olunmamış və nəticədə ona 25 il iş stajının tamam olmaması əsas gətirilərək yaşa görə əmək pensiyasının verilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, 2010-cu, 2015-ci, 2016-cı və 2017-ci illərdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqları onun iş stajına əlavə olunmalı və ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 15 mart 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” X25 Şərur Rayon İdarəsi iddiaya qarşı 15 mart 2023-cü il tarixli, 08/177 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxx 1957-ci il tarixdə anadan olmuş, Şərur rayonu, Kosacan kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı yaşa görə əmək pensiya təyin olunması barədə 06 fevral 2023-cü il tarixli ərizə ilə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” X25 Şərur rayon İdarəsinə müraciət etmişdir. Fondun Şərur Rayon idarəsinin pensiya təyin edən komissiyasının 07 fevral 2023-cü il tarixli, 07 nömrəli qərarı ilə iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiya təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi, 25 il sığorta stajının olmaması (15 il 10 ay 16 gün) göstərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017- ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmçinin Qanunun 22-1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Bu güzəştlərdən yararlanmaq üçün sığortaolunanın fərdi hesabın sığorta hissəsində 1 iyul 2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Pensiya kapitalının məbləği isə hüquqi əhəmiyyətə malik deyil. Lakin iddiaçının 01 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Belə ki, iddiaçının 2010, 2015, 2016 və 2017-ci illərdə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqları X9 Sistemində (MEİS) öz əksini tapmadığı üçün ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsinin mümkünsüz olduğu, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (34560 manat) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi və 25 il sosial sığorta stajı olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi mümkünsüz hesab edilmişdir. Cavabdeh inzibati orqan qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin maddənin 21.2.10-cu bəndinin müddəalarında mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət sığorta stajına daxil edilməsi göstərilmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin tələbinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər. Həmçinin “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat”ları (Forma B-l) və “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ları (Forma B-3) hesabatlarını təqdim etməlidirlər. İddiaçı qanunun qeyd olunan tələblərini icra etməmişdir. İddiaçı təqdim etdiyi HT-1 № ******* əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən onun 13 il 4 ay 24 gün iş stajı vardır. Beləliklə, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən sığorta stajından asılı olmayaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olması şərtlərindən heç biri ödənilmədiyi üçün ona yaşa görə əmək pensiya təyin olunmasından imtina edilmişdir. Cavabdeh inzibati orqan qeyd olunanları nəzərə alaraq, İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” X25 Şərur rayon İdarəsinə qarşı qaldırdığı iddia əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 02 iyun 2023-cü il tarixli, 2-1(122)-288/2023 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 11 iyul 2023-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" X25 Şərur rayon idarəsinin nümayəndəsi X4 iddiaya qarşı verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına 07 fevral 2023-cü il tarixli, 07 nömrəli qərarın surətini, cavabdehin imtina məktubunu, JN-130 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq olunmuş surətini, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətini, məcburi dövlət sosial sığorta haqqı üçün ödəniş qəbzlərinin surətini, qeydiyyatla bağlı arayışı, şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan: -"Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" X25 Şərur Rayon İdarəsinin 07 fevral 2023-cü il tarixli, 07 nömrəli əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında qərarından görünür ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi. 25 il sığorta stajının olmaması və 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması səbəbindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci və 22-1-ci maddələrinin tələblərinə əsasən İddiaçı əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” X28 tərəfindən Şərur rayonu, Kosacan kəndində yaşayan İddiaçı ünvanlanan 26 dekabr 2022-ci il tarixli, 01/C-90 nömrəli məktubdan görünür ki, 25 fevral 2016-cı il tarixdə Fondun Şərur Rayon İdarəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11ci və 12-ci maddələrinə müvafiq olaraq İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Qeyd edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şərur rayon Tibbi-Sosial Ekspert Komissiyasının 546315 nömrəli müayinə aktından çıxarışına əsasən, onun əlillik müddəti 01 noyabr 2021 -ci il tarixədək müəyyən olduğundan Fondun Şərur Rayon İdarəsindən aldığı İİ dərəcə əlilliyə görə əmək pensiyası həmin tarixdən dayandırılmışdır. 12 iyun 2022-ci il tarixdən yaranmış yaşa görə əmək pensiyası hüququ ilə bağlı isə İddiaçı diqqətinə çatdırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 22-1-ci maddəsində isə qeyd olunur ki, 2019-cu il yanvarın 01-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 01 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın Ol-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Məlumat üçün bildirilmişdir ki, onun ümumi 25 il sığorta stajı, fərdi hesabınızın sığorta hissəsində tələb olunan (34560 manat) pensiya kapitalı olmadığına və 2010-cu, 2015-ci, 2016-cı və 2017-ci illərdə mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi İnformasiya Sistemində öz əksini tapmadığı üçün ona yaşa görə əmək pensiyası təyin etmək halhazırda mümkün olmadığı bildirilmişdir. - JN-130 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, X10, X11, X12, X13, X15 Şərur rayonu Aqrar İslahat Komissiyasının 11 fevral 1999-cu il tarixli, 01 nömrəli qərarı ilə 063 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulların istehsalı üçün ayrılmışdır. - ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, X5 16 may 1974-cü il tarixdə İliç rayonun Lenin adına üzümçülük sovxozuna fəhlə işləməsi, 18 oktyabr 1976-cı ildə hərbi xidmətlə bağlı işdən azad olunması, 10 aprel 1979cu il tarixdə İliç rayonun Lenin adına üzümçülük sovxozuna fəhlə işləməsi, 26 avqust 1981-ci ildə işdən azad olunması, 09 iyun 1982-ci il tarixdən 15 yanvar 1991-ci il tarixədək İliç rayon X30 yanında Mühafizə bölməsində gözətçi işlədiyi qeyd edilmişdir. - X5 26 iyul 2017-ci il tarixli, MAA seriyalı ******* nömrəli ödəniş qəbzi ilə 30 manat, 17 dekabr 2015-ci il tarixli, MAA seriyalı, ******* nömrəli ödəniş qəbzi ilə 30 manat və 23 iyun 2016-cı il tarixli, MAA seriyalı, ******* nömrəli ödəniş qəbzi ilə 30 manat torpaqla bağlı sığorta haqqı, 15 iyul 2010-cu il tarixli, CTP/1 seriyalı, 889414 nömrəli ödəniş qəbzi ilə 20 manat məcburi sosial sığorta haqqı ödədiyi müəyyən olunur. -Şərur Rayon İcra Hakimiyyətinin Kosacan Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 65 nömrəli arayışından görünür ki, X3 rayonu, Kosacan kəndində qeydiyyatda durur və orada yaşayır. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, X16 xx xxxx 1957-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş: - “Naxçıvanpoçt” PHŞ-nin Şərur rayon Filialının Dövlət Sosial Müdafiə Fondu X25 Şərur rayon Şöbəsinə ünvanladığı 18 may 2023-cü il tarixli, 45 nömrəli məktubunun surətindən görünür ki, Şərur rayon Kosacan kənd sakini İddiaçı tərəfindən 01 yanvar 2015-ci il tarixindən 31 dekabr 2018-ci il tarixədək, kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edilməsinə görə ödənilmiş məcburi dövlət sosial sığorta ödənişləri tərəflərindən araşdırılmışdır. Araşdırmalar zamanı müəyyən olunmuşdur ki, İddiaçı yuxarıda göstərilən dövrlər ərzində aşağıda göstərilən qaydada ödənişlər etmişdir: 1. 17 dekabr 2015-ci il tarixdə 29.80 manat. 2. 23 iyun 2016-cı il tarixdə 29.80 manat. 3. 26 iyul 2017-ci il tarixdə 29.8 manat. 4. 31 iyul 2018-ci il tarixdə 29.8 manat İddiaçı tərəfindən ”Naxçıvanpoçt” X25 Şərur rayon filialına ödəmiş olduğu vəsaitlər, filial tərəfindən, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” X25 Şərur rayon İdarəsinə təqdim olunmuş hesabatlarda öz əksini tapmışdır. İddiaçı ödənişlərini edərkən, filial tərəfindən ona, onun ödədiyi vəsaitlər müqabilində qəbzlər təqdim olunmuşdur. Həmin qəbzlərin filialda qalan hissələrinin saxlama müddəti bitdiyi üçün həmin qəbzlər məhv edilmişdir. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı aidiyyəti üzrə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, onun 25 il sığorta stajının olmaması və fərdi hesabında kapitalın olmaması səbəbindən tələbinin icrasından imtina edilmişdir. İddiaçı həmin imtina ilə razılaşmayaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi məktubdan və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatdan aydın olur ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsinə səbəb onun 25 il sığorta stajının olmaması və fərdi hesabında kapitalın olmamasıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə aşağıda göstərilənlərə əsasən cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, Bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsində Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti daxil edilir. - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019- 2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.2.2. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; 22-1.2.3. ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: - 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsindən biri də pensiya yaşına çatmaqdır. - 12-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər; Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən vətəndaşlığı olmayan şəxslər və əcnəbilər (qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən, habelə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2016-cı il mayın 1-dən 5 il müddətində), həmçinin texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2023-cü il yanvarın 1-dən 10 il müddətinə) vətəndaşlığı olmayan şəxslər və əcnəbilər istisna olmaqla); seçkili ödənişli vəzifələrdə işləyənlər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri vergi orqanlarının işçiləri; vəkillər kollegiyasının üzvləri; mediatorlar; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər— məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. - 13-cü maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. - 14.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. - 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. - 14.3-cü maddəsinə əsasən bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: sığortaedən tərəfindən ödənilən sığorta haqqı hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. Beləliklə, iddiaçının tələbinin məzmunundan aydın olur ki, iddiaçı 65 yaşının tamam olduğu 16 iyun 2022-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edərək, bu məqsədlə müvafiq sənədlərlə birlikdə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" X25 Şərur rayon idarəsinə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən müvafiq araşdırma aparılmış və iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir, o, 25 il sığorta stajına malik deyil və 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək X1 Sistemində fərdi şəxsi hesabında pensiya sığorta kapitalı mövcud deyil İlk öncə, qeyd olunmalıdır ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən kişilər üçün müəyyən edilmiş yaş həddinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyasının təyin edilməsinin tətbiqi mümkün olmamışdır. Belə ki, iş materiallarına əsasən iddiaçının 25 il sığorta stajının olması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi öz təsdiqini tapmamışdır. Belə olan halda həmin Qanunun 22-1-ci maddəsinə əsasən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı tətbiq edilməlidir. Bu zaman vətəndaşlar üçün 01 yanvar 2019-cu ildən etibarən xüsusi güzəştlər müəyyən edilmişdir. Qanunun 22.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilməsi qeyd edilmişdir. Bu güzəştlərdən yararlanmaq üçün sığortaolunanın fərdi hesabın sığorta hissəsində 1 iyul 2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Pensiya kapitalının məbləği isə hüquqi əhəmiyyətə malik deyil. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün 3 şərt mövcud olmalıdır: 1) iddiaçı 1 yanvar 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; 2) Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı; 3) fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Birinci şərt iddiaçıya münasibətdə mövcud olmuş, onun yaşa görə pensiya hüququ 1 yanvar 2019-cu il tarixdən sonra yaranmışdır. İkinci şərt də iddiaçıya münasibətdə mövcud olmuşdur, yəni “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri iddiaçıya münasibətdə gözlənilmişdir. Üçüncü şərtlə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi ondan ibarətdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Cavabdeh hesab edir ki, iddiaçı ödədiyi məcburi dövlət sosial sığorta haqlarının hesabatını vaxtında təqdim etmədiyindən və ödədiyi məcburi dövlət sosial sığorta haqları X9 Sistemində (MEİS) öz əksini tapmadığından “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi mövcud olmamışdır. Cavabdehin əsas dəlilinə görə “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tətbiq edilməsi üçün fərdi hesabın sığorta hissəsində pensiya kapitalının 1 iyul 2018-ci il tarixə qədər qeydə alınmalıdır. İddiaçının 1 iyul 2018-ci il tarixə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunmalıdır ki, Şərur Rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1999-cu il tarixli, 01 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.63 hektar torpaq sahəsinin İddiaçı, X6, X7, X8, X14 mülkiyyətinə verilməsi və həmin torpaq sahəsinə görə müvafiq torpaq pullarının ödənilməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapır və bu hal cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Hazırkı iş üzrə mübahisəli məsələ iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinə görə mədaxil qəbzlərinə əsasən ödənilmiş məbləğlərin X9 Sistemində (MEİS) öz əksini tapmaması ilə bağlıdır. Belə ki, cavabdeh inzibati orqan bu arqumentləri əsas gətirərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Məhkəmə mübahisələndirilən məsələ ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından da göründüyü kimi, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə ailə üzvləri ilə birlikdə sosial sığorta haqları ödənilmiş, ödənişin elektron sistemdə onun sosial sığorta stajına hesablanmaması, iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özüözlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq həmçinin qeyd edilir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Cavabdeh ödənilən məbləği qəbul etməməsi, geri qaytarması, iddiaçını məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota almaqdan imtina etməsini bildirməmişdir. Əksinə, cavabdeh ödənilən məbləğin mövcudluğunu təsdiq etmişdir. Odur ki, məhkəmə iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalının mövcud olmaması barədə cavabdehin dəlillərini əsaslı saymır. Qeyd olunan məsələ ilə bağlı oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 04 avqust 2021-ci il tarixli, 2-1(102)-1307/2021 nömrəli qərarında da öz əksini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən məsələlər məhkəmə tərəfindən əsassız hesab edildiyindən cavabdehin imtinası əsassız hesab edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" X25 Şərur rayon idarəsinin 07 fevral 2023-cü il tarixli, 07 saylı qərarı ləğv edilməli və İddiaçı 2010-cu, 2015-ci, 2016-cı və 2017-ci illərdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqlarının onun iş stajına əlavə olunması və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" X25 Şərur rayon idarəsinin üzərinə qoyulmalıdır.. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" X25 Şərur rayon idarəsinin 07 fevral 2023-cü il tarixli, 07 saylı qərarı ləğv edilir. İddiaçı 2010-cu, 2015-ci, 2016-cı və 2017-ci illərdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqlarının onun iş stajına əlavə olunması və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" X25 Şərur rayon idarəsinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-288/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-288/2023
11.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver