Məhkəmə qərarları › İş №2-1(122)-29/2020

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-29/2020

26.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-29/2020 26.02.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi ilə, İddiaçı iştirakı olmadan, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X7 Şəhər Şöbəsinə qarşı “pensiyanın düzgün hesablanması və dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsi öhdəliyinin qoyulması tələbi”nə dair iddianın mümkünlüyünü yoxlanılması ilə bağlı inzibati mübahisəyə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X7 Şəhər Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyanın düzgün hesablanması və dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş hesab edilərək iddianın mümkünlüyünün yoxlanılması məqsədi ilə iddiaçı 26 fevral 2020-ci il tarixdə məhkəməyə dəvət olunmuşdur. İddiaçı məhkəmənin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və əlavə olunan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdehdən müəyyən hərəkətlərin edilməsini tələb etməmişdir. Həmçinin iddiaçının inzibati orqana müraciəti və bu müraciətlə bağlı inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin edilməsi və ya tələbdən imtina edilməsi barədə heç bir sənəd ərizəyə əlavə edilməmişdir. Məhkəmə tərəfindən cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X7 Şəhər Şöbəsinə sorğu edilərək, tələblə bağlı iddiaçının cavabdeh inzibati orqana müraciət edib-etməməsi barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur. Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X7 Şəhər Şöbəsinin 26 fevral 2020-ci il tarixdə məhkəməyə ünvanladığı 26 fevral 2020-ci il tarixli, 02/200 nömrəli cavab məktubundan görünür ki, vətəndaş X1 dəfə 13 noyabr 2017-ci ildə ərizə ilə müraciət etmiş və 17 noyabr 2017-ci il tarixdə 02/1412 nömrəli cavab məktubunda vətəndaşa tələbinin əsassız olduğu bildirilmiş və ona 13 iyun 2009-cu il tarixdə yaşa görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə uyğun olaraq təyin edildiyi və hesablamanın düzgün aparıldığı bildirilmiş, İddiaçı dəymiş ziyanla bağlı müraciəti olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli qərarının 3.2-ci bəndində göstərilmişdi ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı iddia ərizəsində məhkəmənin və cavabdeh inzibati orqanın adını düzgün qeyd etməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinin tələbinə əməl olunaraq iddiaçıya iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması təklif olunaraq, iddiaçıya iddia ərizəsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğunlaşdırılması üçün 26 fevral 2020-ci il tarixədək müddət təyin olunmuşdur. Həmin müddətdə İddiaçı qeyd olunan formal xətaları aradan qaldırmamış və bununla bağlı heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqana hərəkət və hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Beləliklə, məhkəmə iddianın inzibati mübahisə kimi baxılmasının mümkünlüyünü araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X7 Şəhər Şöbəsinə qarşı “pensiyanın düzgün hesablanması və dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsi öhdəliyinin qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3, 55.4 və 80-81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X7 Şəhər Şöbəsinə qarşı “pensiyanın düzgün hesablanması və dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsi öhdəliyinin qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar