Məhkəmə qərarları › İş №2-1(122)-290/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-290/2022

12.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-290/2022 12.12.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, cavabdeh Culfa Rayon Dizə Kənd Bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Culfa Rayon X2rşı “ona dəymiş ziyana görə 50.000 (əlli min) manat kompensasiyanın cavabdehin hesabından alınıb ona verilməsi tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyana görə 50.000 (əlli min) manat kompensasiyanın cavabdeh Culfa Rayon Dizə Kənd Bələdiyyəsinin hesabından alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və iş üzrə şifahi icraat qaydasında mümkünlük iclası 12 dekabr 2022-ci il tarixə təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Həmçinin İddiaçı yardım məktubu ünvanlanaraq hazırkı iş üzrə iddia tələbinin İPMnin 2.2.7-ci maddəsinə əsasən kompensasiyanın ödənilməsi tələbinə dair iddialara aid olduğundan həmin iddia növü üzrə ilkin zəruri mümkünlük şərtlərindən birinin də iddiaçının eyni tələb ilə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etməsi olduğu, iş materiallarına əsasən hazırkı iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət edilməsini təsdiq edən hər hansı bir sənədin mövcud olmadığı, həmçinin İPM-nin 35-ci maddəsinin tələbinə əsasən onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddianın mümkün sayılaraq mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparıldığı, bununla da cavabdeh inzibati orqan tərəfindən hüquqlarının və qanunla qorunan maraqlarının hansı qaydada pozulduğunu müəyyən etmək mümkün olmadığı bildirilərək, cavabdeh inzibati orqana müaciət edilməsi, cavabdeh tərəfindən tələbin icra edilməsindən imtina edilməsi, həmçinin hüquqların və qanunla qorunan maraqların cavabdeh inzibati orqan tərəfindən hansı qaydada və hansı qanunsuz hərəkətlər nəticəsində pozulduğunu müəyyən etməyə imkan verən müvafiq sübutların 5 (beş) gün ərzində (məktubu aldıqdan sonra) məhkəməyə təqdim edilməsi izah edilmiş, əks halda iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında cavabdeh Culfa Rayon Dizə Kənd Bələdiyyəsinin nümayəndəsi X3 iddiaçının kompensasiya ödənilməsi ilə bağlı bələdiyyəyə hər hansı bir müraciətinin olmadığını, dəfələrlə su və iş qrafikinin verilməsi barədə müraciət etdiyini, həmin müraciətlərinin hər birinə qanunvericiliyə əsasən cavab verildiyini bildirərək, iddiaçının tələbi ilə bağlı məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmaqla bərabər, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını da əsaslandırmalıdır. Məhkəmə iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi ona müvafiq kompensasiyanın ödənilməsi ilə bağlıdır. İPM-nin 2.2.7-ci maddəsinin tələbinə tabe olan bu iddia növü üzrə əvvəlcə inzibati orqana müraciət etməli və həmin orqan kompensasiyanın ödənilməsindən imtina etdiyi hallarda inzibati məhkəmədə iddia qaldırıla bilər. İş materiallarına əlavə edilmiş sənədlərdən aydın olur ki, iddiaçı kompensasiyanın ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etməmişdir. İş materiallarında olan Culfa Rayon Cavabdeh müvafiq məktublarından görünür ki, Culfa Rayon Cavabdeh iddiaçıya iş qrafiki barədə məlumat verərək su qrafikinin olmadığını bildirmişdir. Göründüyü kimi, iddiaçının hazırkı tələb ilə cavabdeh inzibati orqana müraciət etməsi və cavabdeh inzibati orqan tərəfindən onun tələbinin icrasından imtina olunmasını sübut edən sənədlər iş materiallarında mövcud deyil. Qanunvericiliyə əsasən kompensasiyanın ödənilməsi tələbinə dair iddia öhdəliyin icrası haqqında iddianın xüsusi növünə aid olduğundan bu növ iddiaların mümkün sayılaraq mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparılması üçün ilkin zəruri şərt əvvəlcədən eyni tələb ilə cavabdeh inzibati orqana müraciət edilməsidir. Həmçinin iş materiallarına baxış keçirərkən məlum olur ki, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı formada və ya hansı qanunsuz hərəkətlər nəticəsində pozulduğunu müəyyən etmək mümkün deyil. Məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçı hazırkı iş üzrə iddiaçı tərəfindən eyni tələb ilə cavabdeh inzibati orqana müraciət edilməsi və cavabdeh inzibati orqan tərəfindən onun tələbinin icrasından imtina edilməsi barədə hər hansı sübut iş materiallarına əlavə edilmədiyindən, həmçinin iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı qaydada və hansı qanunsuz hərəkətlər nəticəsində pozulduğunu müəyyən etmək mümkün olmadığından iddia tələbi mümkün sayılaraq mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparıla bilməz. Eyni zamanda, qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. İnzibati məhkəmə icraatında məhkəmənin əsas vəzifəsi iddiaçının tələbinin konkret olaraq nədən ibarət olduğunu, onun hüquqlarının cavabdeh tərəfindən hansı qaydada pozulduğunu müəyyənləşdirməkdən ibarətdir. İddianın mümkünlük şərtləri ilə bağlı İddiaçı 16 və 30 noyabr 2022-ci il tarixli yardım məktubları göndərilmiş və müvafiq tədbirlər görülməsi məqsədilə müddət təyin edilmişdir. İddiaçı tərəfindən məhkəmənin qeyd olunan məktubları 30 noyabr və 06 dekabr 2022-ci il tarixdə imza edilərək alınmasına baxmayaraq məktublarda qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün bugünədək hər hansı tədbir görülməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İddiaçıya izah edilir ki, hazırkı tələb ilə bağlı cavabdeh inzibati orqana müraciət etməsi, cavabdeh inzibati orqan tərəfindən tələbin icra edilməsindən imtina edildiyi halda, həmçinin hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı qaydada pozulduğunu əsaslandırmaqla yenidən məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Culfa Rayon X2rşı “ona dəymiş ziyana görə 50.000 (əlli min) manat kompensasiyanın cavabdehin hesabından alınıb ona verilməsi tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı cavabdeh Culfa Rayon X2rşı “ona dəymiş ziyana görə 50.000 (əlli min) manat kompensasiyanın cavabdehin hesabından alınıb ona verilməsi tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar