Məhkəmə qərarları › İş №2-1(122)-293/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-293/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-293/2024 01.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxslərinin (585 nörməli hərbi hissə komandirinin və N nömrəli hərbi hissə komandirinin (X3 komandanının)) onun 10 avqust 2023-cü il tarixli raportu əsasında ehtiyata buraxılmağı barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, 10 avqust 2023-cü il tarixli raportuna əsasən Azərbaycan Respublikası ”Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxslərinin (585 nörməli hərbi hissə komandirinin və N nömrəli hərbi hissə komandirinin (X3 komandanının)) onun 10 avqust 2023-cü il tarixli raportu əsasında ehtiyata buraxılmağı barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, 10 avqust 2023-cü il tarixli raportuna əsasən Azərbaycan Respublikası ”Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2003-cü ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə qəbul olunmuş, 2007-ci ilin iyun ayında həmin Ali Məktəbi bitirmiş, ona Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə “leytenant” zabit hərbi rütbəsi verilmişdir. Bundan sonra bir il müddətində X5 Mərkəzində ixtisas hazırlığı keçmiş, 2008-ci ildə “Təyyarənin radiotexniki avadanlığı” ixtisası üzrə oranı bitirmişdir. Müdafiə nazirinin müvafiq əmrinə əsasən 29 iyul 2008-ci ildən xx.xx.2012-ci il tarixədək N nömrəli hərbi hissədə X2 bölməsinin RNA və RTKV qrupunun baş texniki, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək N nömrəli hərbi hissənin aviasiya eskadrilyasının (Mi-8) aviasiya manqasının təyyarəçi-şturmanı, xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək həmin hərbi hissənin 3-cü aviasiya eskadrilyasının (Mi-17-1v) 1-ci aviasiya manqasının təyyarəçişturmanı, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək N nömrəli hərbi hissənin aviasiya dəstəsinin (Mi-17-1v) təyyarəçisi vəzifəsində xidmət etmişdir. xx.xx.2014-cü il tarixdə o, Naxçıvan Qarnizonunda dislokasiya olunmuş N nömrəli hərbi hissəyə təyyarəçi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2017-ci ildə həmin hərbi hissənin komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsinə təyin edilmiş və həmin vəzifədə xx.xx.2017-ci il tarixədək xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 05 iyul 2019-cu il tarixli, 0281 nömrəli əmrinə əsasən o, Naxçıvan Muxtar Respublikasında dislokasiya olunmuş N nömrəli hərbi hissə komandirinin birinci müavini – qərargah rəisi vəzifəsinə təyin olunmuş, hal-hazırda həmin vəzifədə xidmət edir. Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – X3 komandanının 26 iyun 2021-ci il tarixli, 033r nömrəli əmri ilə ona “polkovnik-leytenant” hərbi rütbəsi verilmişdir. Xidmət etdiyi müddətdə bir neçə dövlət təltifinə layiq görülmüşdür. Belə ki, o, Azərbaycan Respublikası Prezidenti – Silahlı Qüvvələrin Ali Baş Komandanının 25 iyul 2020-ci il tarixli, 2127 nömrəli Sərəncamı ilə “İgidliyə görə” medalına layiq görülmüşdür. Əlavə olaraq bildirir ki, o, müxtəlif tarixlərdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi” yubiley, “Qüsursuz hərbi xidmətə görə” 3-cü dərəcəli, “Qüsursuz hərbi xidmətə görə” 2-ci dərəcəli medalları ilə təltif edilmişdir. 17 may 2002-ci il tarixli, 330 İİQ №-li Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamədə göstərilmişdir ki, “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər, “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə verilir. Məhkəmənin diqqətinə çatdırdığı məlumatdan da göründüyü kimi, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrində (Azərbaycan Ordusunda) zabit rütbəsində 15 ildən artıq müddətdir ki, qüsursuz şəkildə xidmət edir. Bildirir ki, o, 10 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-cı maddəsinin tələblərinə müvafiq olaraq komanda üzrə tabelikdə olduğu N nömrəli hərbi hissənin komandirinə raportla müraciət edərək ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə Silahlı Qüvəllərdə hərbi xidmətdən ehtiyata buraxılmağı haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Raportu N nömrəli hərbi hissəyə N avqust 2023-cü il tarixdə daxil olduqdan sonra N nömrəli hərbi hissə komandandiri tərəfindən onunla söhbət aparılsa da, ehtiyata buraxılmağı üçün təqdimatı yuxarı komandanlığa göndərilməmişdir. Onun müraciətindən uzun (1 ay 19 gündən artıq) müddət keçməsinə baxmayaraq, xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaq hüququ təmin edilmədiyindən o, hətta buna görə AR İntizam Nizamnaməsinin tələblərinə müvafiq olaraq 22 sentyabr 2023-cü ildə Müdafiə nazirinin müavini – X3 komandanı Kərəm Mustafayevə eyni məzmunda raportla müraciət etmişdir. Onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaq istəyi haqqında müraciətinə Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxsləri (585 nörməli hərbi hissənin komandiri, Müdafiə nazirinin müavini - X3 komandanı) tərəfindən qanunamüvafiq qaydada baxılmır, müraciətində qeyd olunan qanuni və əsaslı hüququ təmin edilmir. Onun ehtiyata buraxılmağı ilə bağlı tələbi qanundan irəli gələn bir tələbdir. Belə ki, 10 ildən artıq xidmət etmiş kadr zabitlərin öz arzuları ilə Silahlı Qüvvələrdən ehtiyata buraxılmaq hüququ “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun 41.0.9-cu maddəsində və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində öz əksini tapmışdır. 15 ildən artıq zabit kimi xidmət etmiş hərbi qulluqçu kimi Silahlı Qüvvələrdə xidmət etməyinə baxmayaraq, Müdafiə Nazirliyin müvafiq vəzifəli şəxsləri (N nömrəli hərbi hissənin komandiri və Müdafiə nazirinin müavini – X3 komandanı (N nömrəli hərbi hissənin komandiri) tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş ehtiyata buraxılmaq hüququ təmin edilməmiş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 162-ci maddəsinin tələblərinə müvafiq olaraq tədbirlər görülməmiş, ehtiyata buraxılmağı ilə bağlı yuxarı komandanlığa təqdimatın göndərilməsi təmin edilməmişdir. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxslərinin (585 nörməli hərbi hissə komandirinin və N nömrəli hərbi hissə komandirinin (X3 komandanının)) onun 10 avqust 2023-cü il tarixli raportu əsasında ehtiyata buraxılmağı barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, 10 avqust 2023-cü il tarixli raportuna əsasən Azərbaycan Respublikası ”Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair məhkəməyə ünvanlanan yazılı münasibətini onunla əsaslandırmışdır ki, aşağıdakı səbəblərə görə İddiaçı iddiası əsassız hesab edilir: İddiaçı iddia ərizəsində hazırda N nömrəli hərbi hissədə polkovnik-leytenant hərbi rütbəsində hərbi hissə komandirinin birinci müavini qərargah rəisi vəzifəsində xidmət etdiyini, xx.xx.2023-cü il tarixdə komanda üzrə N nömrəli hərbi hissə komandirinin adına raport yazaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırmasını xahiş etdiyini, xx.xx.2023-cü ildə raportu N nömrəli hərbi hissəyə daxil olduqdan sonra hərbi hissə komandiri tərəfindən onunla söhbət aparılsa da, ehtiyata buraxılmağı üçün təqdimatın yuxarı komandanlığa göndərilmədiyini, xx.xx.2023-cü ildə komanda üzrə yuxarı instansiyaya Müdafiə nazirinin müavini-X3 Komandanına eyni məzmunda raportla müraciət etdiyini qeyd etmişdir. Bildirir ki, N nömrəli hərbi hissə komandiri polkovnik-leytenant İddiaçı ilə söhbət apararaq onun müraciətini şifahi olaraq cavablandırmışdır. Yuxarı komandanlığa etdiyi müraciətə isə baxılmış və müraciətinin təmin edilməsi məqsədəuyğun hesab edilmədiyindən və hərbi hissə komandiri tərəfindən eyni məzmunlu müraciətinə şifahi qaydada cavab verildiyindən təkrar cavablandırılması zəruri hesab edilməmişdir. Həmçinin, komandanlıq polkovnikleytenant İddiaçı uzun müddət xidmətini, peşəkar bir zabit kimi xidmət dövründə əldə etdiyi bilik və bacarığını, “Vətən müharibəsi”ndən sonra ixtisaslı kadrlara olan ehtiyacı nəzərə alaraq onun ehtiyata buraxılmasının müəyyən müddətə təxirə salınmasını məqsədəuyğun hesab etmiş və buna görə də onun ehtiyata buraxılmasına hələlik razılıq verməmişdir. Polkovnik-leytenant İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 01 fevral 2024-cü il tarixə təyin olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X4 məhkəməyə dəftərxana vasitəsilə daxil olmuş 31 yanvar 2024-cü il tarixli ərizə göndərərək 01 fevral 2024-cü il tarixə təyin olunmuş iclasda Naxçıvan şəhərində olmamağı səbəbindən iştirak edə bilməyəcəyini nəzərə alıb məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin, iddiaçının vəkili və nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - N nömrəli hərbi hissənin qərargah rəisi polkovnik-leytenant İddiaçı tərəfindən N nömrəli hərbi hissə komandirinə ünvanlanmış 10 avqust 2023-cü il tarixli raportun surətindən məlum olur ki, o, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə müvafiq olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən öz arzusu ilə ehtiyata buraxılmağı barədə komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. - N nömrəli hərbi hissənin qərargah rəisi polkovnik-leytenant İddiaçı tərəfindən Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini-X3 Komandanı general-polkovnik Kərəm Mustafayevə ünvanlanmış 22 sentyabr 2023-cü il tarixli ərizədən aydın olur ki, o, ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. - 22 avqust 2017-ci il tarixdə verilmiş, MN seriyalı, ******* nömrəli şəxsi vəsiqənin surətinin 9-cu səhifəsindən məlum olur ki, İddiaçı Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 05 iyul 2019-cu il tarixli, 0281 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin müavini təyin edilmişdir. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1985ci il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən polkovnik-leytenant İddiaçı ünvanlanmış 12 oktyabr 2023-cü il tarixli, 4404 nömrəli məktubdan məlum olur ki, onun xx.xx.2023-cü il tarixdə Müdafiə nazirinin müavini-X3 Komandanına ünvanladığı müraciətinə baxılmışdır. Bildirilmişdir ki, hazırda Azərbaycan Ordusunda kadr zabit heyətinə olan ehtiyacı nəzərə alaraq, komandanlıq onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağını məqsədəuyğun hesab etmir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış 24 noyabr 2023-cü il tarixli, 0989 nömrəli məktubdan məlum olur ki, polkovnik-leytenant X1 və polkovnik-leytenant İddiaçı təqdimatlarına yenidən baxılması üçün geri qaytarılmışdır. - 21 sentyabr 2023-cü il tarixli təqdimatdan görünür ki, N nömrəli hərbi hissə komandiri tərəfindən polkovnik-leytenant İddiaçı hərbi geyim forması daşımaq hüququ verilməklə öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə vəsatat qaldırılmışdır. - İddiaçı ilə aparılmış söhbət vərəqlərindən aydın olur ki, o, ehtiyata buraxılmağı ilə bağlı mümkün qədər tez qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin təltif olunduğu medalların vəsiqələrini, xidmət illərini əks etdirən arayışı, xidmət dəftərçəsini, barəsində müxtəlif vaxtlarda tərtib olunmuş təqdimatları, əmri, tərcümeyi-halını, söhbət vərəqələrini, xidməti xasiyyatnaməsini, hərbi andını məhkəməyə təqdim etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.3-cü maddəsinə əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. - 18.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. - 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. - 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. - 43.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən buraxılmış hərbi qulluqçular (bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla), habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş vətəndaşlar (xəstəliyə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilənlər istisna olmaqla) ehtiyata keçirilirlər. Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. 160-cı maddəsinə əsasən dinc dövrdə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları aşağıdakı qaydada həyata keçirilir: ... zabitlər (ali rütbəli zabitlərdən başqa) — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən buraxılırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. -14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. -14.3-ci maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. - 52.5-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. - 66-cı maddəsinə əsasən maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisədə iddiaçının əsas hüquqi marağı Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasıdır. Göründüyü kimi, yuxarıda qeyd edilmiş qanunvericilik aktları müvafiq vəzifələrdə zabit kimi azı 10 il xidmət etmiş hərbi qulluqçulara öz arzusu ilə ehtiyata buraxılmaq hüququ nəzərdə tutur və qanuna görə bu hüquqa o, hərbi xidmətdə olmağın son yaş həddinə çatmasa da malik olur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-cı bəndinə əsasən hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 15 ildən artıq müddətdə zabit kimi xidmət etmiş hərbi qulluqçu kimi öz arzusu ilə ehtiyata buraxılması barədə raportunu xx.xx.2023-cü il tarixdə müvafiq komanda üzrə rəhbərliyinə təqdim etmişdir. İş materiallarından aydın olur ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində təqvim hesabı ilə 15 ildən artıq zabit kimi xidmət etmiş İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılma hüququ vardır. İddiaçı N nömrəli hərbi hissənin komandirinə raportla müraciət edərək Azərbaycan Ordusunda ehtiyata buraxılması barədə vəsatət qaldırılmasını xahiş etmişdir. Həmin raport qeydə alınmış, iddiaçı ilə iki dəfə söhbət aparılmış, lakin onun barəsində tərtib edilmiş təqdimat yenidən baxılması üçün hərbi hissəyə qaytarılmışdır. Məhkəmə cavabdeh inzibati orqanın hüquqi mövqeyi ilə razılaşmayaraq hesab edir ki, iddiaçının ehtiyata buraxılmasından imtina edilməsi üçün cavabdeh inzibati orqan tərəfindən gətirilən arqument əsassız olmuşdur. Çünki qanunvericiliyin yuxarıda qeyd olunan normalarında yuxarı komandanlığın hərbi qulluqçunu ehtiyata buraxmamaq kimi diskression səlahiyyətləri müəyyən edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən etirazda irəli sürülən arqumentə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, bu hala əsasən iddiaçının 10 avqust 2023cü il tarixdə N nömrəli hərbi hissənin komandirinə ünvanlanan raportuna əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasından imtina edilməsinin hüquqi əsası mövcud deyildir. Belə olan təqdirdə də cavabdehin əsas gətirdiyi dəlillər iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmasına maneə ola bilməz. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qəbul edilən qərar həmin səlahiyyətin məqsədinə uyğun olmamış, bununla da, “İnzibati icraat haqqında” Qanunun 11 və 14-cü maddələrinin tələbləri pozulmuşdur. Beləliklə, iddiaçının öz arzusu ilə vəzifəsindən azad olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olmasına baxmayaraq, hərbi qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə hazırki mübahisə üzrə riayət olunmaması, cavabdehin hərəkətsizlikdə ifadə olunan imtinasının qanunazidd olması və iddiaçının hüquqlarını pozması iş üzrə təsdiqini tapmışdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxslərinin (585 nörməli hərbi hissə komandirinin və N nömrəli hərbi hissə komandirinin (X3 komandanının)) onun 10 avqust 2023-cü il tarixli raportu əsasında ehtiyata buraxılmağı barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, 10 avqust 2023-cü il tarixli raportuna əsasən Azərbaycan Respublikası ”Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxslərinin (585 nörməli hərbi hissə komandirinin və N nömrəli hərbi hissə komandirinin (X3 komandanının)) onun 10 avqust 2023-cü il tarixli raportu əsasında ehtiyata buraxılmağı barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyi qanunsuz hesab olunmaqla, İddiaçı 10 avqust 2023-cü il tarixli raportuna əsasən Azərbaycan Respublikası ”Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar