Məhkəmə qərarları › İş №2-1(122)-294/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-294/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-294/2024 14.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxslərinin (N nömrəli hərbi hissə komandirinin və N nömrəli hərbi hissə komandirinin (X1 komandanının)) onun 28 iyul 2023-cü il tarixli raportunun əsasında ehtiyata buraxılmağı barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması və 28 iyul 2023-cü il tarixli raportuna əsasən Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin (öhdəliyinin) cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi vasitəsi ilə elektron qaydada məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxslərinin (N nömrəli hərbi hissə komandirinin və N nömrəli hərbi hissə komandirinin (X1 komandanının)) onun 28 iyul 2023-cü il tarixli raportunun əsasında ehtiyata buraxılmağı barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması və 28 iyul 2023-cü il tarixli raportuna əsasən Azərbaycan Respublikası ”Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin (öhdəliyinin) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2000-2003-cü illərdə Bakı şəhərində Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almışdır. 2003-cü ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə qəbul olunmuş, 2007-ci ilin iyun ayında həmin Ali Məktəbi bitirmiş və ona Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə “leytenant” zabit hərbi rütbəsi verilmişdir. Bundan sonra o, N nömrəli hərbi hissədə dinləyici olaraq ixtisas hazırlığı kursu keçmiş, 2008-ci ildə həmin kursu bitirmişdir. Müdafiə nazirinin müvafiq əmrinə əsasən 2008-ci ildə N nömrəli hərbi hissədə təyyarəçi-şturman vəzifəsinə təyin edilmiş, 2013-cü ildə Naxçıvan Qarnizonunda dislokasiya olunmuş N nömrəli hərbi hissəyə eyni vəzifədə xidmətini davam etdirməyə göndərilmişdir. xx.xx.2014cü il tarixdə Naxçıvan Qarnizonunda dislokasiya olunmuş N nömrəli hərbi hissədə aviasiya dəstəsinin (Mi-35) təyyarəçi-şturmanı vəzifəsinə, xx.xx.2017-cü il tarixdə N nömrəli hərbi hissədə aviasiya manqasının şturmanı vəzifəsinə, xx.xx.2018-ci il tarixdə isə həmin hərbi hissənin aviasiya manqasının komandiri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – X1 komandanının xx.xx.2020-ci il tarixli 071 nömrəli əmri ilə o, N nömrəli hərbi hissə N komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini vəzifəsinə təyin olunmuş və hazırda həmin vəzifədə xidmət edir. Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – X1 komandanının 26 iyun 2018-ci il tarixli, 016r nömrəli əmri ilə ona “mayor” hərbi rütbəsi verilmişdir. Xidmət etdiyi müddətdə bir neçə dövlət təltifinə layiq görülmüşdür. Belə ki, o, müxtəlif tarixlərdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” yubiley, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi” yubiley, “Qüsursuz hərbi xidmətə görə” 3-cü dərəcəli, “Qüsursuz hərbi xidmətə görə” 2-ci dərəcəli medalları ilə təltif edilmişdir. İddiaçı 28 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-cı maddəsinin tələblərinə müvafiq olaraq komanda üzrə tabelikdə olduğu N nömrəli hərbi hissənin komandirinə raportla müraciət edərək ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Silahlı Qüvvələrdə hərbi xidmətdən ehtiyata buraxılmağı haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Raportu N nömrəli hərbi hissəyə N avqust 2023-cü il tarixdə daxil olduqdan sonra N nömrəli hərbi hissə komandiri tərəfindən onunla söhbət aparılsa da, ehtiyata buraxılmağı üçün təqdimatı yuxarı komandanlığa göndərilməmişdir. Onun müraciətindən uzun (2 ay artıq) müddət keçməsinə baxmayaraq xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaq hüququ edilmədiyindən o buna görə Azərbaycan Respublikası İntizam Nizamnaməsinin tələblərinə müvafiq olaraq 22 sentyabr 2023-cü ildə Müdafiə nazirinin müavini – X1 komandanı Kərəm Mustafayevə eyni məzmunda raportla müraciət etmişdir. Onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaq istəyi haqqında müraciətinə Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxsləri (N nömrəli hərbi hissənin komandiri, Müdafiə nazirinin müavini-X1 komandanı) tərəfindən qanunamüvafiq qaydada baxılmır və müraciətində qeyd olunan qanuni və əsaslı hüququ təmin edilmir. Ona görə də, iddiaçı yuxarıda qeyd olunanlara və sadalanan qanunvericilik aktlarına əsasən məhkəmədən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxslərinin (N nömrəli hərbi hissə komandirinin və N nömrəli hərbi hissə komandirinin (X1 komandanının)) onun 28 iyul 2023-cü il tarixli raportunun əsasında ehtiyata buraxılmağı barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması və 28 iyul 2023-cü il tarixli raportuna əsasən Azərbaycan Respublikası ”Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin (öhdəliyinin) cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş, İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin nümayəndəsi iddiaya qarşı yazdığı yazılı etirazını 08 yanvar 2024-cü il tarixli məhkəmə iclasında məhkəməyə təqdim etmişdir. Cavabdehin nümayəndəsi yazılı etirazını onunla əsaslandırılmışdır ki, İddiaçı tabeliyində olduğu komandanlıq onun müraciətini yazılı qaydada cavablandırmasa da, “Vətən müharibəsi”ndən sonra Azərbaycan Ordusunda zabit heyətində olan tələbatı nəzərə alıb onun ehtiyata buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasının məqsədəuyğun hesab edilmədiyi şifahi olaraq ona bildirilmişdir. Komandanlıq İddiaçı uzun müddət xidmətini, peşəkar bir zabit kimi xidmət dövründə əldə etdiyi bilik və bacarığını, “Vətən müharibəsi”ndən sonra ixtisaslı kadrlara olan ehtiyacı nəzərə alaraq onun ehtiyata buraxılmasının məqsədəuyğun hesab etmir. Cavabdeh inzibati orqanın nümayəndəsi yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı iddiasının təmin olunmamasını xahiş etmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilmiş və şifahi məhkəmə baxışı iclası 14 fevral 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi, iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin, iddiaçının vəkili və nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına hərbi biletinin, raportun, xəbərnamənin,şəxsiyyət vəsiqəsinin və dövlət təltiflərinin vəsiqələrinin surətlərini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - MN seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx xxxxxx 1985-ci il tarixdə, Naxçıvan şəhərində anadan olmuş İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. - İddiaçı N nömrəli hərbi hissənin komandirinə ünvanladığı 28 iyul 2023-cü il tarixli raportun surətindən görünür ki, o, ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən hərbi xidmətdən ehtiyata buraxılmağı barədə komadanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. - xx.xx.2023-cü il tarixli xəbərnamənin surətindən görünür ki, İddiaçı N saylı hərbi hissə komandanlığına yazılı müraciət etmişdir. -24 iyun 2013-cü il tarixli vəsiqənin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0105t №-li, 24 iyun 2013-cü il tarixli əmri ilə baş leytenant İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı ilə təltif olunmuşdur. - 26 iyun 2014-cü il tarixli vəsiqənin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0199t №-li, 26 iyun 2014-cü il tarixli əmri ilə baş leytenant İddiaçı “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə təltif olunmuşdur. - 26 iyun 2018-ci il tarixli vəsiqənin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0160t №-li, 26 iyun 2018-ci il tarixli əmri ilə kapitan İddiaçı “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmuşdur. - 26 iyun 2019-cu il tarixli vəsiqənin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0153t №-li, 26 iyun 2019-cu il tarixli əmri ilə mayor İddiaçı “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə təltif olunmuşdur. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1985-ci il tarixdə doğulmuşdur. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin arayışından görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir və xx.xx.2020-ci il tarixdən hal-hazırkı vaxtadək ƏÜO (hh 100) Aviasiya bazası (hh 585) – Baza komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini vəzifəsində xidmət edir. İddia ərizəsinin məznmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı qanunvericiliyin normalarına istinad edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxslərinin (N nömrəli hərbi hissə komandirinin və N nömrəli hərbi hissə komandirinin (X1 komandanının)) onun 28 iyul 2023-cü il tarixli raportunun əsasında ehtiyata buraxılmağı barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması və 28 iyul 2023-cü il tarixli raportuna əsasən Azərbaycan Respublikası ”Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin (öhdəliyinin) cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini tələb edir. Cavabdeh inzibati orqan isə iddiaçının tələbindən imtina edərək İddiaçı ixtisaslı kadr olduğunu, hazırda kadrlara ehtiyac olduğunu əsas gətirərək, iddiaçının ehtiyata buraxılmasını məqsədəuyğun hesab etmir. Məhkəmə iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, hazırki mübahisə məcburetmə haqqında iddia növünə aid olduğundan ilkin sübutetmə yükü qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçının üzərinə düşür. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılması tələbi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirir. Həmçinin bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlər mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” 10 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.3-cü maddəsinə əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. - 18.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir - 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. - 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. - 41.0.9-cu maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarından biri də öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmələridir. - 43.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən buraxılmış hərbi qulluqçular (bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla), habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş vətəndaşlar (xəstəliyə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilənlər istisna olmaqla) ehtiyata keçirilirlər. Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Azərbaycan Respublikası İntizam Nizamnaməsinin: - 118-ci maddəsinə əsasən hərbi qulluqçunun təklifləri (ərizə və şikayətləri) birləşmələrdə, Silahlı Qüvvələr növlərinin və müvafiq icra hakimiyyəti orqanının idarələrində — daxil olduğu vaxtdan N gün ərzində; hərbi hissələrdə və idarələrdə (müəssisələrdə) — təxirə salınmadan, lakin daxil olduğu vaxtdan 7 gündən gec olmayaraq, baxılıb həll edilməlidir. - 121-ci maddəsinə əsasən komandir (rəis) tabeliyində olan hərbi qulluqçunun verdiyi şikayətinə (ərizəsinə) görə ona qarşı ədalətsizlik və ya qeyri-qanuni hərəkət edərsə, ciddi məsuliyyət daşımalıdır. - 122-ci maddəsinə əsasən verilən bütün təkliflər (ərizələr, şikayətlər) hər bir hərbi hissədə (gəmidə, idarədə, müəssisədə) olan xüsusi kitaba yazılmalıdır. - 123-cü maddəsinə təkliflər, ərizələr və şikayətlər kitabında hər bir təklif, ərizə və şikayətə dair qəbul olunmuş qərarlar barəsində qeydlər edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. - 52.5-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. - 66-cı maddəsinə əsasən maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər. Cavabdeh inzibati orqan öz imtinasını onunla əsaslandırır ki, “Vətən müharibəsi”ndən sonra peşəkar kadrlara yaranan ehtiyacı nəzərə alaraq İddiaçı ehtiyata buraxılması məqsədəuyğun deyil. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən etirazın əsası kimi göstərilən hala hüquqi qiymət verərək hesab edir ki, iddiaçının ehtiyata buraxılmasından imtina edilməsi üçün cavabdeh inzibati orqan tərəfindən gətirilən arqumentlər əsassız olduğundan iddiaçının hüququnu pozan hal kimi qiymətləndirilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 10 ildən artıq müddətdə xidmət etdiyindən onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmaq hüququ vardır. Qanunvericilikdə yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş şəxslərin öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması hüququ və bu hüququn məhdudlaşdırılması halları nəzərdə tutulmuşdur. İşin hallarına hüquqi qiymət verilərkən hazırki vəziyyətdə qanunvericiliklə bu hüququn məhdudlaşdırılması üçün əsas olan halların hər hansı birinin mövcud olmadığı müəyyən edilmişdir. Məhkəmə İddiaçı xidmət dövründə əldə etdiyi bilik və bacarığı, perspektivli peşəkar zabitlərə ehtiyac yaranması ilə bağlı cavabdeh orqan tərəfindən etirazda irəli sürülən arqumentlərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, sadalanan hallara əsasən iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasından imtina edilməsinin heç bir hüquqi əsası mövcud deyildir. Belə olan təqdirdə cavabdehin əsas gətirdiyi dəlillər iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılması hüququnun həyata keçirilməsinə maneə ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxslərinin (N nömrəli hərbi hissə komandirinin və N nömrəli hərbi hissə komandirinin (X1 komandanının)) onun 28 iyul 2023-cü il tarixli raportunun əsasında ehtiyata buraxılmağı barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyi qanunsuz hesab olunaraq, 28 iyul 2023-cü il tarixli raportuna əsasən Azərbaycan Respublikası ”Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsi (öhdəliyi) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in 2, 14, 33, 58, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxslərinin (N nömrəli hərbi hissə komandirinin və N nömrəli hərbi hissə komandirinin (X1 komandanının)) onun 28 iyul 2023-cü il tarixli raportunun əsasında ehtiyata buraxılmağı barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyi qanunsuz hesab olunaraq, 28 iyul 2023-cü il tarixli raportuna əsasən Azərbaycan Respublikası ”Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsi (öhdəliyi) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar