Məhkəmə qərarları › İş №2-1(122)-295/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-295/2022

29.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-295/2022 29.12.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ordubad Rayon Qeydiyyat Şöbəsinə qarşı "1959-cu ildə Ordubad rayon Dırnıs kənd nümayəndəliyində X6 ilə X13 nikahlarının bağlanması haqqında 14 nömrəli akt qeydində "Dilarə" ad qeydinin dəyişdirilərək "Gülarə" ad qeydi kimi yazılması barədə müvafiq düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1959-cu ildə Ordubad rayon Dırnıs kənd nümayəndəliyində X6 ilə X13 nikahlarının bağlanması haqqında 14 nömrəli akt qeydində "Dilarə" ad qeydinin dəyişdirilərək "Gülarə" ad qeydi kimi yazılması barədə müvafiq düzəliş edilməsi öhdəliyinin cavabdeh Ordubad Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum anası X6 ilə X5 1959-cu ildə Ordubad rayon Dırnıs kənd nümayəndəliyində nikah qeydiyyatından keçməklə ailə qurmuşdurlar. Mərhum anası X2 nikah haqqında şəhadətnaməsində adı səhv olaraq “Dilarə” kimi qeyd olunmuşdur. Belə ki, mərhum anası Zəkiyeva Gülarənin 07 uşağı doğulmuşdur ki, onların hamısının doğum haqqında şəhadətmələrinin ana adı qrafasında ana adı “Gülarə” kimi qeyd edilmişdir. Həmçinin iddiaçı qeyd etmişdir ki, mərhum anası Zəkiyeva Gülarəyə çox uşaqlı ana kimi medal, ölüm haqqında şəhadətnamə verilmişdir ki, həmin medal və şəhadətnamədə anasının adı “Gülarə” kimi qeyd edilmişdir. İş üzrə təqdim olunmuş sənədlərdən aydın görünür ki, mərhum anası Zəkiyeva Gülarəyə məxsus bütün sənədlərdə onun adının “Gülarə” kimi qeyd olunmasına baxmayaraq onun nikah haqqında şəhadətnaməsində adı səhvən “Dilarə” kimi yazılmışdır. Qeyd olunan akt qeydindəki uyğunsuzluğun düzəldilməsi üçün Ordubad Rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsinə cavab olaraq Ordubad Rayon Qeydiyyat Şöbəsinin 03 noyabr 2022-ci il tarixli məktubunda müvafiq düzəlişin edilməsindən imtina edilərək, akt qeydindəki uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İddiaçı bir sıra qanunvericilik aktlarına istinad edərək məhkəmədən 1959-cu ildə Ordubad rayon Dırnıs kənd nümayəndəliyində X6 ilə X13 nikahlarının bağlanması haqqında 14 nömrəli akt qeydində "Dilarə" ad qeydinin dəyişdirilərək "Gülarə" ad qeydi kimi yazılması barədə müvafiq düzəliş edilməsi öhdəliyinin cavabdeh Ordubad Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh Ordubad Rayon Qeydiyyat Şöbəsi iddiaya qarşı 28 noyabr 2022-ci il tarixli, 05/Q-190/13 nömrəli yazılı münasibətini (etirazını) onunla əsaslandırmışdır ki, vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixli müraciətinə baxılmışdır. Bu zaman müəyyən olunmuşdur ki, Ordubad rayon Dırnıs kənd İƏDN-nin xx.xx.2022-ci il tarixli, 14 №-li nikah haqqında akt qeydində qadının adı "Dilarə" yazılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli "Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını" müəyyən edən qərarına əsasən vətəndaşın akt qeydində düzəliş kifayət qədər əsaslar olduqda (bu halda doğum haqqında akt qeydinin əsasında) edilir. Zəkiyeva (Quliyeva) Gülarə İmran qızının doğum haqqında akt qeydi aşkar olunmadığı üçün Ordubad rayon Dırnıs kənd İƏDN tərəfindən tərtib olunmuş xx.xx.1959-cu il tarixli, 14 №-li nikah akt qeydində qadının adı qrafasında "Dilarə"dən "Gülarə"yə düzəliş edilməsi yuxarıda adıçəkilən qərara ziddir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 16 dekabr 2022-ci il tarixli, 2-1(122)-295/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 29 dekabr 2022-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməsinə baxmayaq iş üzrə cavabdeh Ordubad Rayon Qeydiyyat Şöbəsi heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdeh inzibati orqanın imtina məktubunu, doğum haqqında şəhadətnamənin, şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətlərini, nikah haqqında akt qeydindən çıxarışı, arayışı əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarında olan: - Ordubad Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ordubad rayonu, Dırnıs kənd sakini İddiaçı ünvanlanan 03 noyabr 2022-ci il tarixli, 05/Q-179/15 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 52 nömrəli "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını" müəyyən edən qərarına əsasən vətəndaşın akt qeydinə düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmalıdır. Zəkiyeva (Quliyeva) Gülarə İmran qızının doğum haqqında akt qeydi aşkar olunmadığı üçün Ordubad rayon Dırnıs kənd İcra nümayəndəliyinin xx.xx.1959-cu il tarixli, 14 nömrəli nikah akt qeydində qadının adı qrafasında “Dilarə”dən “Gülarə”yə dəyişiklik edilməsi sözügedən qərara ziddir. Məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. - 16 aprel 1969-cu il tarixli, AЗ ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxx 1969-cu ildə Ordubad rayonu, Dırnıs kəndində anadan olmuşdur. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 1969-cu ilin aprel ayının 16-cı günündə 18 nömrə ilə qeydiyyat aparılmışdır. X5, anası X7, valideynlərinin milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. - Ordubad Rayon İcra Hakimiyyətinin Dırnıs Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 16 noyabr 2022-ci il tarixli, 281 nömrəli arayışdan görünür ki, Zəkiyev X10 rayon Dırnıs kənd sakinidir. Dırnıs kənd İƏDN-də qeydiyyatdadır. İkinci qrup əlildir. - 21 oktyabr 2022-ci il tarixli, 255820 nömrəli Ordubad rayon Dırnıs kənd İN-in nikah kitabının 05 oktyabr 1959-cu il tarixli 14-cü səhifəsindən çıxarışdan görünür ki, 25 yaşlı X21 ilə 18 yaşlı X8 nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra kişiyə Zəkiyev, qadına Zəkiyeva soyadı verilmişdir. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxx 1969-cu ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 111700 nömrəli vəsiqənin surətindən görünür ki, 25 may 1940-cı il təvəllüdlü X3 “Vətəndaşların pensiya təminatı” haqqında Azərbaycan Respublikası Qanununa əsasən İİ qrup əlilliyə görə 01 avqust 1997-ci il tarixdən hər ay 120700 manat məbləğində ömürlük əmək pensiyası təyin edilmişdir. - 22 iyun 1971-ci il tarixli, AЗ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı qızı 10 iyun 1971-ci il tarixdə Ordubad rayonu, Dırnıs kəndində anadan olmuşdur. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 1971-ci ilin iyun ayının 22-ci günündə 53 nömrə ilə qeydiyyat aparılmışdır. X5, anası X7, valideynlərinin milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. - 05 noyabr 2015-ci il tarixli, AZ-İ 495368 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 15 oktyabr 2015-ci il tarixdə Ordubad rayonu, Dırnıs kəndində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2015-ci ilin noyabr ayının 05-ci günündə 16 nömrə ilə qeyd edilmişdir. Ölüm səbəbi kimi beyin daxili qansızma göstərilmişdir. - Ordubad Rayon İcra Hakimiyyətinin Dırnıs Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 04 oktyabr 2022-ci il tarixli, 231 nömrəli arayışdan görünür ki, X1 rayonu, Dırnıs kəndində yaşamışdır və 15 oktyabr 2015-ci il tarixdə vəfat etmişdir. Mərhumun vərəsələri adları aşağıda göstərilən tərkibdən ibarətdir: 1. əri-X22xx.xx.2013-cü il tarixdə vəfat edib; 2. oğlu-X14-1961; 3. oğlu-X9-xx.xx.2013-cü il tarixdə vəfat edib; 4. qızı-X12-1965; 5. qızı-X15-1967; 6. oğlu-İddiaçı Ədif oğlu-1969; 7. qızı-X4- 1971; 8. oğlu-X23-1974. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. - 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. Həmin Müddəaların 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Qaydanın 1.7-ci bəndinə görə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan hesab olunur. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, 05 oktyabr 1959-cu il tarixdə tərtib olunmuş 14 saylı nikahın bağlanması haqqında akt qeydində qadına aid ad qrafasında yanlışlıqla “Gülarə” əvəzinə “Dilarə” olaraq yazılmışdır. İş materiallarına əlavə edilmiş və iddiaçının mərhum anasının şəxsiyyətini müəyyən edən sənədlərdən də görünür ki, onun adı “Gülarə”dir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbindən imtina edilməsi əsassızdır. Cavabdehin öz imtinasını əsaslandırdığı əsas faktor doğum haqqında akt qeydinə dəyişiklik olunması üçün kifayət qədər əsasın mövcud olmamasıdır. Lakin məhkəmə araşdırması zamanı toplanmış və təqdim edilmiş sübutlar qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Qeyd edilənlər belə qənaətə gəlməyə imkan verir ki, iddiaçı 05 oktyabr 1959-cu ildə tərtib edilmiş 14 nömrəli nikahın bağlanması haqqında akt qeydindəki bu cür yanlışlıq aradan qaldırılmalı və nikahın bağlanması haqqında akt qeydinə düzəliş aparmaqla “Dilarə” adı dəyişdirilərək “Gülarə” adı kimi yazılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və 1959-cu ildə Ordubad rayon Dırnıs kənd nümayəndəliyində X6 ilə X13 nikahlarının bağlanması haqqında 14 nömrəli akt qeydində "Dilarə" ad qeydinin dəyişdirilərək "Gülarə" ad qeydi kimi yazılması barədə müvafiq düzəliş edilməsi öhdəliyi cavabdeh Ordubad Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənləri və İPM-in 4.1, 52, 58, 68-69, 75, 78 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. 1959-cu ildə Ordubad rayon Dırnıs kənd nümayəndəliyində X6 ilə X13 nikahlarının bağlanması haqqında 14 nömrəli akt qeydində "Dilarə" ad qeydinin dəyişdirilərək "Gülarə" ad qeydi kimi yazılması barədə müvafiq düzəliş edilməsi öhdəliyi cavabdeh Ordubad Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar