Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-299/2025 29.01.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı "Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında qanunsuz əmri nəticəsində 45630 (qırx beş min altı yüz otuz) manat həcmində əldən çıxmış faydanın, işgüzar nüfuzuna vurulmuş 50000 (əlli min) manat həcmində zərərin əvəzinin, ümumilikdə 95630 (doxsan beş min altı yüz otuz) manatın cavabdehdən onun xeyrinə tutulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı Qasımov X3 Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli, 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında qanunsuz əmri nəticəsində ona dəymiş maddi ziyanın, əldən çıxmış faydanın, işgüzar nüfuzuna vurulmuş zərərin, sağlamlığına vurulmuş ziyanın ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 aprel 2023-cü il tarixli məktubu ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2-1(102)-448/2023 nömrəli qərarı icra edilməsi üçün Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə göndərilmişdir. Həmin qərar Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti tərəfindən icra olunmamışdır. 2023-cü ilin iyul ayında Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidməti ləğv edilib, xidmətin şəhər və rayonlarda yerləşən əmlakı ştat vahidləri ilə birlikdə Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və İqtisadiyyat Nazirliyinə verilmişdir. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli, 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında qanunsuz əmri nəticəsində ona dəymiş maddi ziyanın, əldən çıxmış faydanın, işgüzar nüfuzuna vurulmuş zərərin, sağlamlığına vurulmuş ziyanın ödənilməsini təmin olunması üçün 02 mart 2024-cü il tarixli ərizə ilə müraciət etmişdir. Çox saylı şifahi müraciətlərdən sonra müraciətinin cavab məktubunu 04 aprel 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyindən ala bilmişdir. Cavab məktubunda ləğv olunmuş Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin hüquq və vəzifələrini hüquqi varislik qaydasında icrasını Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirmədiyi aydın olur. Bundan sonra 13 aprel 2024cü il tarixində ərizə ilə İqtisadiyyat Nazirliyinə müraciət etmiş, İqtisadiyyat Nazirliyi 08 may 2024-cü il tarixli, 813/2024 nömrəli məktubla bildirmişdir ki, 16 mart 2020-ci il tarixli, 17 №li xüsusi lisenziya "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 26.1.1- ci bəndinə əsasən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 06 may 2024-cü il tarixli, 60 nömrəli Sərəncamı ilə 06 may 2024-cü il tarixindən etibarən bərpa edilmişdir. İqtisadiyyat Nazirliyininə ərizə ilə müraciətində tələb etdiyi Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli, 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında qanunsuz əmri nəticəsində ona dəymiş maddi ziyanın, əldən çıxmış faydanın, işgüzar nüfuzuna vurulmuş zərərin, sağlamlığına vurulmuş ziyanın ödənilməsi tələbinə baxılmamışdır. Məlumat üçün bildirilir ki, qərəzli şəkildə saxta aktlar və sənədlər tərtib edərək Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli, 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında əmri bir sahibkarın fəaliyyətinə son qoyaraq 3 (üç) ildən artıq bir zamanda ona maddi və mənəvi ziyanlar vurmuşdur. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli, 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında qanunsuz əmri nəticəsində ona dəymiş maddi ziyanın, əldən çıxmış faydanın, işgüzar nüfuzuna vurulmuş zərərin, sağlamlığına vurulmuş ziyanın ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə 13 avqust 2024-cü il tarixli yeni iddia ərizəsi təqdim edərək, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında qanunsuz əmri nəticəsində 45 630 (qırx beş min altı yüz otuz) manat həcmində əldən çıxmış faydanın, işgüzar nüfuzuna vurulmuş 50 000 (əlli min) manat həcmində zərərin əvəzinin, ümumilikdə 95630 (doxsan beş min altı yüz otuz) manatın cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 13 avqust 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında protokol qərardadı ilə yeni iddia ərizəsi icraata qəbul edilmişdir. Bundan sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq məhkəmə tərəfindən iş üzrə hazırlıq icraatına başlanaraq sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdeh orqandan iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi iddiaya dair 13 sentyabr 2024-cü il tarixli, 1516/2024 nömrəli məktubla məhkəməyə ünvanlanan yazılı münasibətini onunla əsaslandırmışdır ki, iddiaçı ərizəsində 2023-cü ilin iyun ayında Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti ləğv edilərək şəhər və rayonlarda yerləşən əmlakının və ştat vahidlərinin Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə verildiyini qeyd etmişdir. Bildirilir ki, Naxçıvan Muxtar Respublikasında aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında 10 iyul 2023-cü il 187- Vİ FR nömrəli Fərmanının 12.2-ci yarımbəndinə əsasən ləğv edilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin Naxçıvan şəhəri, Şərur və Culfa rayonlarında yerləşən əmlakı ştat vahidləri ilə birlikdə Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyin balansına, digər əmlakları isə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin sərəncamına verilmişdir. Ləğv edilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə məxsus əmlakların bir hissəsinin Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin sərəncamına verilməsinin səbəbi muxtar respublikada dövlət əmlakının, o cümlədən dövlət mənzil fondunun və torpaqların idarə olunmasına və özəlləşdirilməsinə nəzarət edən orqanın Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi olması, məqsədi isə gələcəkdə həmin əmlakların özəlləşdirilməsi, muxtar respublikada fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının balansına və ya istifadəsinə verilməsi olmuşdur. Cari ilin mart ayı ərzində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 18 mart 2024-cü il tarixli, 22s nömrəli sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin sərəncamında olan ləğv edilmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidmətinin Babək rayon Baytarlıq İdarəsinin və Ordubad rayon Baytarlıq şöbəsinin inzibati binaları Naxçıvan Muxtar Respublikası X1 balansında verilmişdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 10 iyun 2024-cü il tarixli 54s nömrəli sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin sərəncamında olan ləğv edilmiş Kəngərli rayon Baytarlıq Şöbəsinə məxsus əsas vəsaitlər Naxçıvan Muxtar Respublikası X1 balansına, 16 avqust 2024-cü il tarixli 86s nömrəli sərəncamına əsasən ləğv edilmiş Kəngərli və Sədərək rayon Baytarlıq Şöbələrinə məxsus əsas vəsaitlər Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin balansına verilmişdir. İddia tələbinə dair bildirilir ki, İddiaçı 05 aprel 2024- cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyə ərizə ilə müraciət edərək, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti ləğv edildiyindən hüquq və vəzifələrinin hüquqi varislik qaydasında hansı təşkilata verilməsi barədə yazılı məlumat verilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən vətəndaşa ünvanlanan 13 may 2024-cü il tarixli X/O-848/2024 nömrəli cavab məktubunda “Naxçıvan Muxtar Respublikasında aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası X5 10 iyul 2023-cü il tarixli, 187-Vİ FR nömrəli fərmanı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin ləğv edildiyi və həmin X4 Respublikası Dövlət Baytarlıq Xidmətinin hüquqi varisi haqqında hər hansı bir məlumat qeyd olunmadığı bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Yuxarıda qeyd olunanlardan da açıq aydın görünür ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi ləğv edilmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidmətinin hüquqi varisi deyil. Əlavə olaraq İddiaçı 17 aprel 2024-qü il tarixdə “Baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqı-satqısının həyata keçirilməsi" fəaliyyəti üzrə verilmiş 19 aprel 2017-ci il tarixli 17 nömrəli xüsusi lisenziyanın bərpa edilməsi barədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə müraciət etmişdir. Vətəndaşın müraciəti araşdırılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-448/2023 nömrəli Qərarının “QƏRARA ALDİ” hissəsində göstərilən 19 aprel 2017-ci il tarixli Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin Kəngərli rayon Qarabağlar kəndində Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş, baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqı-satqısının həyata keçirmək üçün 17 nömrəli xüsusi lisenziyanın bərpa olunmasının “Naxçıvan Muxtar Respublikası ərazisində lisenziya verən orqanların siyahısının təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 4 aprel 2023-cü il tarixli, 156-Vİ FR nömrəli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olduğundan Qərarın yalnız yuxarıda qeyd olunan hissəsinin icrası məqsədəmüvafiq hesab olunmuşdur. Müraciətin icrası ilə əlaqədar “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 6.3.1-ci yarımbəndinə əsasən 19 aprel 2017-ci il tarixli 17 nömrəli xüsusi lisenziya Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 06 may 2024-cü il tarixli, 60 nömrəli Sərəncamı ilə 06 may 2024-cü il tarixdən etibarən bərpa edilmiş və bu barədə vətəndaşa 08 may 2024- cü il tarixli, X/O-813/2024 nömrəli məktub göndərilmişdir. “İnzibati icraat Haqqında” Azərbaycan Respublikası Qanununun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktı qəbul etmiş inzibati orqan subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.10-cu maddəsinə əsasən maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında əmri ləğv edilməmiş, qanunvericiliyə uyğun olaraq da Nazirliyin həmin əmri ləğv etmək səlahiyyəti yoxdur. Nazirlik tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)- 448/2023 nömrəli Qərarının yalnız 19 aprel 2017-ci il tarixli Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin Kəngərli rayon Qarabağlar kəndində Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş, baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqı-satqısının həyata keçirmək üçün 17 nömrəli xüsusi lisenziyanın bərpa olunması hissəsi icra edilmişdir. Belə ki, iddiaçı öz iddia tələbində açıq şəkildə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı əsassız olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında qanunsuz əmri nəticəsində əldən çıxmış faydanın, işgüzar nüfuzuna vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı “Baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqı-satqısının həyata keçirilməsi” fəaliyyəti üzrə verilmiş 19 aprel 2017-ci il tarixli 17 nömrəli xüsusi lisenziya Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin müvafiq əmri ilə ləğv edilmişdir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi hər hansı bir inzibati orqanın qəbul etdiyi inzibati akta (əmrə) görə heç bir məsuliyyət daşıya bilməz. Bu səbəbdən də yuxarıda qeyd olunan iddia tələbi üzrə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin cavabdeh kimi heç bir öhdəliyi yoxdur. Məlumat üçün bildirilir ki, “Naxçıvan Muxtar Respublikası ərazisində lisenziya verən orqanların siyahısfnın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 4 aprel 2023-cü il tarixli, 156-Vİ FR nömrəli Fərmanına əsasən baytarlıq preparatlarının istehsalı və satışı üzrə lisenziyanın verilməsi Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı "Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında qanunsuz əmri nəticəsində 45 630 ( qırx beş min altı yüz otuz) manat həcmində əldən çıxmış faydanın, işgüzar nüfuzuna vurulmuş 50 000 (əlli min) manat həcmində zərərin əvəzinin, ümumilikdə 95630 (doxsan beş min altı yüz otuz) manatın cavabdehdən onun xeyrinə tutulması tələbi"nə dair iddiası tamamilə əsassız olduğundan iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 29 yanvar 2026-cı il tarixə təyin olunmuşdur. İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən İddiaçı və cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin 06 may 2024-cü il tarixli, 60 nömrəli Sərəncamından görünür ki, İddiaçı “baytarlıq təbabətində istifadə olunan dərmən maddələrinin alqı-satqısının həyata keçirilməsi” fəaliyyətinə dair verilmiş 19 aprel 2024-cü il tarixli, 17 nömrəli xüsusi lisenziya 06 may 2024-cü il tarixindən etibarən bərpa edilməsi qərara alınmışdır. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Kəngərli rayonu Qarabağlar kənd sakini İddiaçı ünvanlanmış 08 may 2024-cü il tarixli, 813/2024 nömrəli məktubdan aydın olur ki, 16 mart 2020-ci il tarixli, 17 №-li xüsusi lisenziya “Lisenziya və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 26.1.1-ci bəndinə əsasən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 06 may 2024-cü il tarixli, 60 nömrəli Sərəncamı ilə 06 may 2024-cü il tarixindən etibarən bərpa edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-448/2023 saylı qərarından aydın olur ki, kassasiya şikayəti təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2022-ci il tarixli, 2-1(108)-29/2022 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddiaçının iddiası təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli, 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında əmrinin ləğv olunması və 19 aprel 2017-ci il tarixli Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin Kəngərli rayon Qarabağlar kəndində Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş, baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqısatqısını həyata keçirmək üçün 17 nömrəli xüsusi lisenziyanın bərpa olunması cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin üzərinə qoyulmuşdur. - Naxçıvan Muxtar Respublikasinin Nazirlər Kabineti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 3 oktyabr 2024-cü il tarixli, 3-2-4/2-1455/2024 nömrəli məktubdan görünür ki, “Naxçıvan Muxtar Respublikasında aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası X5 2023-cü il 10 iyul tarixli, 187-Vİ FR nömrəli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidməti ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Qeyd edilənlərə əsasən ləğv edilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin hüquqi varisinin olmadığının nəzərə alınması xahiş olunmuşdur. - Naxçıvan Muxtar Respublikasinin Nazirlər Kabineti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 24 dekabr 2024-cü il tarixli, 3-2-4/2-2011/2024 nömrəli məktubdan məlum olur ki, "Naxçıvan Muxtar Respublikasında aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Naxçıvan Muxtar Respublikası X5 2023-cü il 10 iyul tarixli 187-Vİ FR nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidməti (bundan sonra - Xidmət) ləğv edilsə də, həmin X4 Respublikası Dövlət Baytarlıq Xidmətinin hüquq və vəzifələrinin hüquq varisliyi qaydasında hər hansı dövlət orqanına ötürülməsi göstərilməmişdir. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarını yaratmaq və ya ləğv etmək səlahiyyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə məxsus olduğu üçün ləğv edilmiş Xidmətin hüquq və vəzifələrinin, əsas funksiyalarının hal-hazırda hansı dövlət orqanı tərəfindən icra olunması məsələsinə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən aydınlıq gətirilməsi məqsədəuyğun hesab edilir. Qeyd edilir ki, "Naxçıvan Muxtar Respublikasında aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Naxçıvan Muxtar Respublikası X5 2023-cü il 10 iyul tarixli, 187-Vİ FR nömrəli Fərmanının icrasının təmin edilməsi barədə" Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 iyul tarixli, 63s nömrəli Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Xidmətin ləğv edilməsi ilə əlaqədar aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət ləğvetmə komissiyası yaratmış və Xidmətin Naxçıvan şəhəri, Şərur və Culfa rayonlarında yerləşən qurumlarının əmlakının Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin balansına verilməsini, digər əmlakının isə sərəncama götürülməsini təmin etmişdir. Məlumat üçün Xidmətin əmlakının idarə edilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin sərəncamlarının surəti məhkəməyə təqdim olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 27 yanvar 2025-ci il tarixli, 3-22-24/2-53/2025 nömrəli məktubdan aydın olur ki, Nazirliyin strukturunun, fəaliyyətinin və aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi, eləcə də aqrar sahə ilə bağlı problemlərin həllində müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur bölmələri ilə səmərəli əməkdaşlığın qurulması məqsədilə "Naxçıvan Muxtar Respublikasında aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri 2023-cü il 10 iyul tarixli 187-Vİ FR nömrəli Fərman (bundan sonra - Fərman) imzalamışdır. Fərmanın 2-ci hissəsi ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidməti (bundan sonra - Xidmət) ləğv edilmişdir. Fərmanın 3-cü hissəsi ilə Xidmətin Naxçıvan şəhəri, Şərur və Culfa rayonlarında yerləşən qurumlarının əmlakı ştat vahidləri ilə birlikdə Nazirliyə verilməsi qərara alınmışdır. Fərmanın 12.2-ci bəndi ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə ləğv edilmiş Xidmətin bu Fərmanın 3-cü hissəsində qeyd olunan qurumlarının əmlakının Nazirliyin, digər əmlakının isə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin sərəncamına verilməsi tapşırılmışdır. Fərmanın icrasını təmin etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə uyğun olaraq aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət ləğvetmə komissiyası yaratmış və Xidmətin ləğvi ilə bağlı proseslərə başlamışdır. Ləğvetmə prosesinin nəticəsi olaraq Xidmətin Naxçıvan şəhəri, Şərur və Culfa rayonlarında yerləşən qurumlarının əmlakları Nazirliyə təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.1-ci maddəsinə görə hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Fərmanın 2-ci hissəsi ilə Xidmət ləğv edildiyindən hüquq və vəzifələri hüquqi varislik qaydasında Nazirliyə keçməmişdir. Bu səbəbdən Nazirlik Xidmətin öhdəliyinə görə məsuliyyət daşımır. Daha sonra Nazirlik Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərini həyata keçirmək üçün ləğv olunmuş Xidmətin digər rayonlarında yerləşən qurumlarında olan əsas vəsaitlərin Nazirliyə verilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etmişdir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi həmin əsas vəsaitlərin balansa verilməsi üçün Nazirliklə yanaşı Naxçıvan Muxtar Respublikasının X2 (bundan sonra - Agentlik) tərəfindən də müraciət olunduğunu bildirmişdir. Bu səbəbdən həmin əsas vəsaitlər Nazirlik və Agentlik arasında bölüşdürülmüşdür. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2024-cü il 10 iyun tarixli 54s nömrəli Sərəncamı ilə qalıq dəyəri 62854,17 manat təşkil edən əsas vəsaitlər Agentliyə, 2024-cü il 16 avqust tarixli 86s nömrəli Sərəncamı ilə isə qalıq dəyəri 24304,47 manat təşkil edən əsas vəsaitlər Nazirliyin balansına verilmişdir. Hazırda Nazirliyin balansına verilmiş Kəngərli Rayon Baytarlıq Şöbəsinə məxsus əsas vəsaitlər aidiyyəti üzrə istifadə olunur. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 14 fevral 2025-ci il tarixli, 147/2025 nömrəli məktubdan məlum olur ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 16 avqust 2024-cü il tarixli 86s saylı ve 29 dekabr 2024-cü il tarixli 137s saylı Sərəncamlarına əsasən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin sərəncamında olan, ləğv olunmuş Kəngərli və Sədərək rayon baytarlıq şöbələrinə məxsus, adları Sərəncamın əlavəsində qeyd olunan əsas vəsaitlər, azqiymətli inventarlar Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 10 iyun 2024-cü il tarixli 54s və 29 dekabr 2024-cü il tarixli 137s saylı Sərəncamlarına əsasən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin sərəncamında olan, ləğv edilmiş Kəngərli Rayon Baytarlıq şöbəsinə məxsus, adları Sərəncamın əlavəsində qeyd olunan əsas vəsaitlər, azqiymətli inventarlar Naxçıvan Muxtar Respublikası X1 balansına verilmişdir. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 17 iyun 2025ci il tarixli, 04/842 nömrəli və 19 avqust 2025-ci il tarixli, 04/1145 nömrəli məktublardan aydın olur ki, Naxçıvan Muxtar Respublikası X5 10 iyul 2023-cü il tarixli, 187-Vİ FR nömrəli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidməti ləğv edilmişdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 12 iyul 2023-cü il tarixli, 63s saylı Sərəncamı ilə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət ləğvetmə komissiyasının yaradılması, ləğvetmə prosesinin qanunvericiliyə, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun aparılması Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır. Naxçıvan Muxtar Respublikası X5 10 iyul 2023-cü il tarixli, 187-Vİ FR nömrəli Fərmanının və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 12 iyul 2023-cü il tarixli 63s saylı Sərəncamının icrası məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 17 iyul 2023-cü il tarixli, 479 nömrəli əmri ilə aidiyyəti qurumların nümayəndələrindən ibarət ləğvetmə komissiyası yaradılmış və qanunvericiliyə uyğun olaraq 09 avqust 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin ləğv edilməsi və kreditorların tələblərinin bildirilməsi üçün "Şərq Qapısı" qəzetində bildiriş dərc edilmişdir. Ləğvetmə prosesi zamanı komissiyaya İddiaçı tərəfindən ona dəymiş ziyanın ödənilməsi ilə bağlı rəsmi müraciət daxil olmamışdır. Ləğvetmə prosesində komissiya tərəfindən ilk növbədə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin qurumlarında işləmiş işçilərin müavinətlərinin, son hesablarının və əməkhaqqı borclarının ödənilməsi təmin edilmiş, sonrakı müddətdə isə digər kreditorlarla hesablaşmaları başa çatdırılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 67.2-cu maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.9-cu maddəsinə əsasən maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10-cu maddəsinə əsasən maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11-ci maddəsinə əsasən maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. - 89-cu maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırki iş üzrə iddiaçının əsas hüquqi marağı Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında qanunsuz əmri nəticəsində 45630 (qırx beş min altı yüz otuz) manat həcmində əldən çıxmış faydanın, işgüzar nüfuzuna vurulmuş 50000 (əlli min) manat həcmində zərərin əvəzinin, ümumilikdə 95630 (doxsan beş min altı yüz otuz) manatın cavabdehdən onun xeyrinə tutulmasından ibarətdir. Belə ki, hazırkı iddia tələbi inzibati orqan olan cavabdehin qanunla ona həvalə edilmiş inzibati funksiyaları yerinə yetirməsi (və ya yetirməməsi) nəticəsində yaranan münasibətləri ehtiva edir. Bu münasibətlər sırf cavabdehin inzibati funksiyaları ilə bağlı olduğundan, qeyd olunan ziyana görə kompensasiyanın ödənilməsi məsələsinin həlli tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla, hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008ci il tarixli, 7 nömrəli Qərarının 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Hazırkı iş üzrə iddiaçının əsas dəlili ondan ibarətdir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli, 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında qanunsuz əmri nəticəsində ona maddi ziyanın dəymiş və işgüzar nüfuzuna zərər vurulmuşdur. İddiaçının dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında qanunsuz əmri nəticəsində 45630 (qırx beş min altı yüz otuz) manat həcmində əldən çıxmış faydanın, işgüzar nüfuzuna vurulmuş 50000 (əlli min) manat həcmində zərərin əvəzinin, ümumilikdə 95630 (doxsan beş min altı yüz otuz) manatın ödənilməli olduğunu bildirsə də, qeyd edilən məbləğdə ona zərər dəyməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclaslarında qeyd etmişdir ki, iddiaçı baytarlıq apteki fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya əldə etdikdən sonra təxminən iki ay bu fəaliyyətlə məşğul olmuşdur. İddiaçının nümayəndəsi verdiyi izahatlarda ona vurulmuş maddi zərəri onunla əsaslandırmışdır ki, əgər həmin aptekin fəaliyyəti davam etsəydi, aptekdə işləyən işçiyə bu müddət ərzində əmək haqqı veriləcəkdi. Məhkəmə qeyd edir ki, qanunvericilik normalarına görə iddiaçı tələb etdiyi məbləğdə cavabdeh tərəfindən ona maddi zərər vurulmasını sübut etməlidir. Lakin iddiaçı formal mülahizələrlə çıxış edərək cavabdeh orqan tərəfindən ona maddi zərər vurulmasını göstərib, tələb olunan həmin məbləğin ona ödənilməsi öhdəliyini daşımasını, həmçinin həmin məbləğdə ziyanın hansı amillər nəticəsində yaranmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir. Həmçinin qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçı cavabdehin və ya onun vəzifəli şəxsinin hüquqazidd hərəkətləri (və ya hərəkətsizliyi) ilə ona vurulmuş zərər arasında səbəbli əlaqə olmasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd edir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Konstitusiya Məhkəməsi əlavə olaraq qeyd edir ki, Mülki Məcəllənin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu qaydalar həmçinin hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir (maddə 23.6). Lakin burada göstərilən zərərin maddi və yaxud mənəvi olduğu birbaşa göstərilməmişdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Hazırkı şin hallarından görünür ki, iddiaçı baytarlıq fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya almasına baxmayaraq, aptekin fəaliyyət göstərməsi, hər ay üzrə hansı miqdarda gəlir əldə etməsi və ümumiyyətlə, ona vurulan real zərərin və əldən çıxmış faydanın nədən ibarət olmasını (hansı əsaslara görə mövcud olmasını), eyni zamanda baytarlıq fəaliyyəti ilə məşğul olması barədə verilmiş lisenziyanın ləğv edilməsi ilə cavabdeh tərəfindən onun işgüzar nüfuzuna hansı qaydada zərər vurulmasını sübut edə bilməmişdir. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, "Naxçıvan Muxtar Respublikasında aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Naxçıvan Muxtar Respublikası X5 2023-cü il 10 iyul tarixli 187-Vİ FR nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidməti ləğv edilmişdir. Bundan sonra Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 12 iyul 2023cü il tarixli, 63s saylı Sərəncamı ilə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət ləğvetmə komissiyasının yaradılması, ləğvetmə prosesinin qanunvericiliyə, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun aparılması Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır. Naxçıvan Muxtar Respublikası X5 10 iyul 2023-cü il tarixli, 187-Vİ FR nömrəli Fərmanının və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 12 iyul 2023-cü il tarixli 63s saylı Sərəncamının icrası məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 17 iyul 2023-cü il tarixli, 479 nömrəli əmri ilə aidiyyəti qurumların nümayəndələrindən ibarət ləğvetmə komissiyası yaradılmış və qanunvericiliyə uyğun olaraq 09 avqust 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin ləğv edilməsi və kreditorların tələblərinin bildirilməsi üçün "Şərq Qapısı" qəzetində bildiriş dərc edilmişdir. Ləğvetmə prosesi zamanı komissiyaya İddiaçı tərəfindən ona dəymiş ziyanın ödənilməsi ilə bağlı rəsmi müraciət daxil olmamışdır. Göründüyü kimi hüquqi şəxsin ləğv edilməsi prosesində iddiaçı tərəfindən ona vururlmuş zərərin ödənilməsi barədə müraciət edilməmişdir. Qeyd edilməlidir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan məhkəmə qərarının əsaslılığı və qanuniliyi baxımından bu institut hazırkı iş üzrə xüsusi əhəmiyyət kəsb edir. İş üzrə iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərarının, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməli idi. Ona görə də cavabdehin və ya onun vəzifəli şəxsinin hüquqazidd hərəkətləri (və ya hərəkətsizliyi) nəticəsində iddiaçıya ziyan vurulması sübuta yetirilmədiyindən 45630 (qırx beş min altı yüz otuz) manat həcmində əldən çıxmış faydanın, işgüzar nüfuzuna vurulmuş 50000 (əlli min) manat həcmində zərərin əvəzinin, ümumilikdə 95630 (doxsan beş min altı yüz otuz) manatın cavabdehdən onun xeyrinə tutulması hazırkı işin halları baxımından ağlabatan və ədalətli hesab edilmir. Odur ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı "Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında qanunsuz əmri nəticəsində 45630 (qırx beş min altı yüz otuz) manat həcmində əldən çıxmış faydanın, işgüzar nüfuzuna vurulmuş 50000 (əlli min) manat həcmində zərərin əvəzinin, ümumilikdə 95630 (doxsan beş min altı yüz otuz) manatın cavabdehdən onun xeyrinə tutulması tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 2.2.7, 4.1, 14.3, 34, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı "Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında qanunsuz əmri nəticəsində 45630 (qırx beş min altı yüz otuz) manat həcmində əldən çıxmış faydanın, işgüzar nüfuzuna vurulmuş 50000 (əlli min) manat həcmində zərərin əvəzinin, ümumilikdə 95630 (doxsan beş min altı yüz otuz) manatın cavabdehdən onun xeyrinə tutulması tələbi”nə iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-299/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-299/2025
29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver