Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-3/2022 01.04.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, iddiaçının hüquq varisi X4 və üçüncü şəxs X5 iştirakları ilə, Cavabdeh nümayəndəsinin iştirakı olmadan, İddiaçı hüquq varisi X4 Cavabdehnə qarşı "X5 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzilin qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzilin qeydiyyatından çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Culfa şəhəri, Təbriz küçəsi, ev 9, mənzil 38 ünvanında yerləşən mənzili tam mülkiyyət hüququ ilə əldə etmiş, bu hüququnun qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona 15 oktyabr 2020-ci il tarixli, ******* nömrəli çıxarış verilmişdir. Həmin mənzildə bacısı oğlu X9 pasport qeydiyyatında durur. İddiaçı bildirir ki, X9 faktiki olaraq öz ailəsi ilə birlikdə uzun müddətdir ki, başqa ünvanda yaşayır, onun mənzilində pasport qeydiyyatında durması tamamilə formal xarakter daşıyır. Həmin şəxsin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında durması mülkiyyətçi kimi öz mənzili üzərində sərbəst sərəncam vermək və maneəsiz istifadə etmək hüququnu məhdudlaşdırır. Həmin şəxsin qeydiyyatdan çıxarılması üçün Cavabdehnə müraciət etmiş, müvafiq əsaslar olmadığından müraciətinin icrasından imtina olunmuşdur. İddiaçı yuxarıda göstərilənləri rəhbər tutaraq məhkəmədən X5 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzilin qeydiyyatından çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla Cavabdehnə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə ünvanlanan 17 fevral 2021-ci il tarixli, 7/294 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, X5 ünvan 1 ünvanının qeydiyyatından çıxarılması Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 02 sentyabr 2010-cu il tarixli, 550 nömrəli əmrinin 5-ci bəndində nəzərdə tutulmuş əsaslara uyğun olmadığından İddiaçı ərizəsi icra edilə bilməz. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2- 1(122)-26/2021 nömrəli qərardadı ilə X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası təyin edilmişdir. Məhkəmə prosesinin gedişatı zamanı iddiaçı öldüyündən məhkəmənin 06 may 2021-ci il tarixli, 2-1(122)-26/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı "X5 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzilin qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işin icraatı vərəsəlik məsələsi (hüquq varisi ilə əvəz etmə) həll olunanadək dayandırılmışdır. İddiaçı hüquq varisi X4 məhkəməyə dəftərxana vasitəsilə daxil olmuş 09 mart 2022ci il tarixli ərizəsindən aydın olur ki, mərhum bacısı İddiaçı Cavabdehnə qarşı X5 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzilin qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia qaldırmışdır. Məhkəmə prosesi zamanı bacısı vəfat etdiyindən vərəsəlik məsələsi (hüquq varisi ilə əvəz etmə) həll olunanadək işin icraatı dayandırılmışdır. O, 16 iyul 2021-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında bacısından qalan mirası qəbul etmişdir. İş üzrə icraatın təzələnib iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 09 mart 2022-ci il tarixli, 2-1(122)-3/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı "X5 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzilin qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə icraat təzələnmiş, İddiaçı qanun üzrə vərəsəsi - X1 Zeynəb İsmayıl qızının hüquq varisi qismində tanınıb məhkəmə icraatına buraxılmışdır. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 01 aprel 2022-ci il tarixə təyin edilmiş, proses iştirakçılarının ünvanına məhkəmə bildirişi göndərilərək məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmişdir. Cavabdeh məhkəməyə 17 mart 2022-ci il tarixli, 7/371 nömrəli məktub göndərərək 01 aprel 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasının onların iştirakı olmadan keçirilib müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının hüquq varisi X8 bacısı vəfat etdikdən sonra vərəsəlik qaydasında miras əmlakı qəbul etdiyini, ünvan 1 ünvanında yerləşən mənzilin hazırda onun mülkiyyətində olduğunu, X5 onun bacısının oğlu olduğunu bildirib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs izahat verərək xalasının evi 1000 dollara aldığını, anasının sonradan onu həmin evin qeydiyyatına salmağı müqabilində xalasına 500 dollar verdiyini, həmin vaxt həbsxanadan yeni çıxdığını, anasının evi olmadığı üçün xalasının evinin qeydiyyatına düşdüyünü, hazırda kirayədə yaşadığını, evin qeydiyyatından çıxmaq üçün 500 manat məbləğində pul istədiyini bildirərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmədə tədqiq edilən sübutlara hüquqi qiymət verərək aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ünvanlanmış 13 yanvar 2021-ci il tarixli, 7/28-Q-5 nömrəli məktubundan görünür ki, X5 ərizəçi İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanının pasport qeydiyyatından çıxarılması tələbindən imtina edilmişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 15 oktyabr 2020-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən məlum olur ki, ünvan 1 ünvanında yerləşən 33.57 m2 mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 14/3 nömrəli reyestr kitabının 591 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Culfa Rayon İcra Hakimiyyətinin Culfa Şəhər Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 06 noyabr 2020-ci il tarixli, 2867 nömrəli arayışdan məlum olur ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. - Culfa Rayon İcra Hakimiyyətinin Culfa Şəhər Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 11 noyabr 2020-ci il tarixli, 2883 nömrəli arayışdan məlum olur ki, X3 şəhəri, Təbriz küçəsi, ev 9, mənzil 38 ünvanında qeydiyyatda dursa da, hal-hazırda Culfa şəhərində yaşamır. - Cavabdeh tərəfindən 25 iyun 2012-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, 02 avqust 1952-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Culfa şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır. - 12 noyabr 2020-ci il tarixli, 54518 nömrəli qəbzdən məlum olur ki, İddiaçı iddia qaldırmaq üçün "xxxx" ASC-nin Culfa Filialına 10 (on) manat dövlət rüsumu ödəmişdir. - 26 aprel 2021-ci il tarixli, AZ-İ seriyalı, 801022 nömrəli ölüm akt qeydindən çıxarışdan məlum olur ki, İddiaçı 22 fevral 2021-ci il tarixdə Culfa rayonunun Culfa şəhərində ölmüşdür. Bu barədə 04 mart 2021-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabının 58-ci səhifəsində qeydiyyat aparılmış, ölüm səbəbi kimi şəkərli diabet göstərilmişdir. - “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan aydın olur ki, X8 ölmüş şəxs (miras qoyan) İddiaçı qanun üzrə vərəsəsi kimi Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən 15 oktyabr 2020-ci il tarixdə İddiaçı verilmiş **********64-05101-093021 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 33.57 kv.m., 1 otaqlı mənzildən ibarət miras əmlakı qəbul etmişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 06 avqust 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən məlum olur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35.74 m2 olan mənzil xüsusi mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 14/3 nömrəli reyestr kitabının 591 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin yuxarıda şərh olunan faktiki hallarından müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən ev İddiaçı xüsusi mülkiyyətində olmuşdur. O öldükdən sonra miras əmlakı kimi həmin ev X8 tərəfindən qəbul edilmişdir. X2 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 06 avqust 2021-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35.74 m2 olan mənzilin mülkiyyətçisidir. Üçüncü şəxs özünə ayrı yaşayış yeri seçdiyinə görə onun həmin evin pasport qeydiyyatında olması formal xarakter daşıyır və bu da mülkiyyətçinin öz mülkiyyəti barəsində sərbəst surətdə sərəncam vermək hüququnu məhdudlaşdırır. Yeni yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırılması üçüncü şəxs X5 həm hüququ, həm də vəzifəsidir. Məhkəmə belə qənaətə gəlir ki, üçüncü şəxs X5 yeni yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı hərəkətsizliyi, iddiaçının hüquq varisi X4 mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd edilmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1-ci və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda - müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. Hazırkı mübahisədə, həqiqətən, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə olmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli, 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində, 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifat”ına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. Məhkəmə işin faktiki hallarını nəzərə alıb, maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Məhkəmənin qənaətinə görə üçüncü şəxs X5 hazırda iddiaçının hüquq varisinə məxsus evin qeydiyyatından çıxarılmaması qanunazidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı hüquq varisi X4 Cavabdehnə qarşı "X5 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzilin qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə ödənilmiş dövlət rüsumu məsələsini müzakirə edərək hesab edir ki, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının hüquq varisinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81, 85.1 və 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X5 İddiaçı hüquq varisi X4 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzilin qeydiyyatından çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının hüquq varisi X6 aid edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV
Məhkəmə qərarları › İş №2-1(122)-3/2022
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-3/2022
01.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver