Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-3/2023 11.07.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X12 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Babək rayon Naxışnərgiz Bələdiyyəsinə qarşı “Babək rayonunun Naxışnərgiz kəndində yerləşən, mülkiyyətində olan yaşayış evinə bitişik tövlənin yerləşdiyi 198 kvadrat metr ərazinin 15 (on beş) il müddətinə onun icarəsinə verilməsi öhdəliyinin cavabdeh Babək rayon Naxışnərgiz Bələdiyyəsinin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı cavabdeh Babək rayon Naxışnərgiz Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Babək rayonunun Naxışnərgiz kəndində yerləşən, mülkiyyətində olan yaşayış evinə bitişik tövlənin yerləşdiyi 198 kvadrat metr ərazinin 15 (on beş) il müddətinə onun icarəsinə verilməsi öhdəliyinin cavabdeh Babək rayon Naxışnərgiz Bələdiyyəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Babək rayonunun Naxışnərgiz kəndində yaşayış evi vardır. 1982-ci ildə evinin arxasında yerləşən 198 kv.m ərazidə tövlə inşa edib. Həmin tövlədən qırx ildir ki, istifadə edir. Tövlənin yerləşdiyi ərazinin icarəsinə verilməsi ilə bağlı Naxışnərgiz Bələdiyyəsinə müraciət etmiş, bələdiyyənin 24 yanvar 2022ci il tarixli 01 saylı cavabında xahişi təmin edilməmişdir. Qeyd olunanlara əsasən Babək rayonunun Naxışnərgiz kəndində yerləşən, mülkiyyətində olan yaşayış evinə bitişik tövlənin yerləşdiyi 198 kvadrat metr ərazinin 15 (on beş) il müddətinə icarəsinə verilməsi öhdəliyinin Babək rayonu Naxışnərgiz Bələdiyyəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh orqanın yazlı etirazının qısa xülasəsi: Cavabdeh Babək Rayon Naxışnərgiz Bələdiyyəsi iddiaya dair məhkəməyə oxşar məzmunlu 01 mart 2023-cü il tarixli, 03 nömrəli, 12 aprel 2022-ci il tarixli, 05 nömrəli, 05 may 2022-ci il tarixli, 06 nömrəli, 23 may 2022-ci il tarixli, 08 nömrəli, 10 may 2023-cü il tarixli, 09 nömrəli məktublar göndərərək, yazılı münasibətini onunla əsaslandırmışdır ki, Babək rayon Naxışnərgiz kəndində yaşayan İddiaçı iddia ərizəsində göstərdiyi fikirlər tamamilə yalan və saxtadır. Belə ki, 36 ildən artıqdır bu şəxs savadsız olduğunu, bilmədiyini deyərək dövlətin məhkəmə strukturunun hakimlərinə yalan danışır. İddia ərizəsində göstərilən 198 kvadrat metr torpaq sahəsi İddiaçı tərəfindən qanunsuz zəbt olunaraq istifadə edilir. Qanunsuz zəbt olunmuş həmin torpaq sahəsi Babək rayon Naxışnərgiz bələdiyyəsinin ümumi istifadəsinə qaytarılmalıdır. Bununla əlaqədar Naxışnərgiz bələdiyyəsi tərəfindən Babək rayon məhkəməsində iddia qaldırılmışdır. Sözü gedən ərazi Babək rayon Naxışnərgiz kənd orta məktəbinin 30-40 metrliyindədir. Tövlənin məktəbin yaxınında olması ekoloji və gigeniya qaydaları baxımından tamamilə qanunsuzdur. Həmçinin həmin ərazi məktəbə yaxın olduğundan və struktur baxımdan düzlüyü pozduğundan ətrafında olan torpaqlarla birlikdə ümumi istifadəyə qaytarılmaqla yaşıllıq zolağı salınmalıdır. İddiaçı sonrakı illərdə 182 kvadrat metr və iddia etdiyi 198 kvadrat metr bələdiyyə torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Torpaq islahatlarından əvvəllərdə Ə. Məmmədov torpaq zəbtinə yol verdiyi üçün Babək rayon prokurorluq orqanında həmin zəbt olunan torpaq sahəsi geri alınaraq üzərinə öhdəlik qoyulmuşdur. Həmin öhdəliyə görə Məmmədov öz izahatında bir daha torpaq zəbt etməyəcəyini yazdığı üçün cinayət işinə xitam verilmişdir. İslahatdan sonrakı illərdə zəbt etdiyi 182 kvadrat metri və 2014-cü ildə qanunsuz zəbt edərək istifadə etdiyi 198 kvadrat metr torpaq sahəsində tikilən sahəsinin bir hissəsini islahat aparıldığı dövrdən sonra, bir hissəsində isə 2018-ci ildən sonrakı dövrdə tikinti aparmışdır. Cavabdeh həmçinin 01 mart 2023-cü il tarixli, 03 nömrəli məktubuna Naxçıvan MR İnzibati Məhkəməsinin 27 may 2021-ci il traixli, 2-1(122)-6/2021 nömrəli qərarını, Babək Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(078)-59/2022 nömrəli qərardadını, torpaq islahatından əvvəl mövcud olan İddiaçı həyətyanı torpaq sahəsinin sxem və layihəsini, İddiaçı bir daha torpaq zəbtinə yol verməyəcəyi barədə izahatını, Babək Rayon Prokurorluğunun 27 oktyabr 1987-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarını, İddiaçı torpaqdan çıxarılması barədə əmri, Naxışnərgiz kəndində elektron taxometr vasitəsilə ölçülmüş həyətyanı torpaq sahələrinin planının surətini etiraz məktubuna əlavə etmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 11 iyul 2023-cü il tarixə təyin olunmuşdur. Cavabdeh Babək rayon Naxışnərgiz Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddia tələbinə uyğun izahat verərək qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: Babək Rayon Naxışnərgiz Bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış 24 yanvar 2022-ci il tarixli, 01 nömrəli məktubdan məlum olur ki, İddiaçı islahatdan sonra zəbt etdiyi 198 kvadrat metr bələdiyyəyə aid torpaq sahəsində qanunsuz tikililər aparmışdır. Həmin 198 kvadrat metr bələdiyyəyə aid torpaq sahəsinin azad edilib ümumi istifadəyə qaytarılması üçün Naxışnərgiz bələdiyyəsi tərəfindən Babək rayon məhkəməsində iddia qaldırılmışdır. Babək Rayon İcra Hakimiyyətinin Naxışnərgiz Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 25 yanvar 2022-ci il tarixli, 2/35 nömrəli arayışdan aydın olur ki, Məmmədov X4 Muxtar Respublikası, Babək rayonu, Naxışnərgiz kəndində qeydiyyatdadır və orada yaşayır. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 11 mart 2022-ci il tarixli, 04/139 nömrəli məktubdan aydın olur ki, Babək rayon Naxışnərgiz kənd sakini İddiaçı iddia etdiyi 198 m2 torpaq sahəsi Qahab kəndində torpaq islahatı aparılan zaman onun faktiki istifadəsində uçota alınmadığından əvəzləşdirilməsi mümkün olmayan torpaq sahəsi kimi Naxışnərgiz Bələdiyyəsinin mülkiyyətinə aid edilmişdir. Məhkəmənin 05 oktyabr 2022-ci il tarixli, 2-1(122)-53/2022 nömrəli sərəncamına əsasən İddiaçı Babək rayonunun Naxışnərgiz kəndində yerləşən, mülkiyyətində olan yaşayış evinə bitişik tövlənin yerləşdiyi 198 kvadratmetr ərazinin 15 (on beş) il müddətinə icarəsinə verilməsi ilə bağlı Babək Rayon Naxışnərgiz Bələdiyyəsinə etdiyi müraciətlə əlaqədar bütün bələdiyyə üzvlərinin iştirakı ilə keçiriləcək iclasda Babək Rayon Naxışnərgiz Bələdiyyəsi tərəfindən qəbul ediləcək inzibati aktın (bələdiyyə iclas protokolunun və qərarının) məhkəməyə təqdim edilməsi üçün cavabdeh Babək Rayon Naxışnərgiz Bələdiyyəsinə 10 (on) gün müddət təyin edilmişdir. Məhkəmənin həmin sərəncamının icrası ilə əlaqədar Babək Rayon Naxışnərgiz Bələdiyyəsi tərəfindən mahiyyəti üzrə qərar qəbul edilməmiş, məhkəməyə müxtəlif tarixlərdə keçirilmiş bələdiyyə iclaslarının protokolları və protokollardan çıxarışlar təqdim edilmişdir. Şahid ifadələri: Babək rayon Naxışnərgiz Kənd inzibati Ərazi dairəsi üzrə nümayəndəsi X8 məhkəməyə verdiyi ifadəsində Əlinin inşa etdiyi tövlənin qonşulara maneçilik yaratmadığını, tövlə ilə bağlı valideynlər tərəfindən Naxışnərgiz Kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmadığını bildirmişdir. Babək rayon Naxışnərgiz Bələdiyyəsinin üzvü X9 məhkəməyə verdiyi ifadəsində tövlənin yerləşdiyi 198 m2 ərazinin İddiaçı icarəsinə verilməsinə bələdiyyə üzvü kimi etiraz etmədiyini, tövlənin təqribən 30 il əvvəl İddiaçı tərəfindən inşa edildiyini bildirmişdir. Naxçıvan Muxtar Respublikası, Babək Rayonu, Naxışnərgiz ə/d, Naxışnərgiz kəndində qeydiyyatda olan X6 notarial təsdiqli ərizəsini məhkəməyə göndərərək, ərizəsində bildirmişdir ki, İddiaçı Naxışnərgiz Bələdiyyəsinə qarşı qaldırdığı 198 kv.m ərazidə yerləşən tövlənin 15 il müddətinə istifadəyə verilməsi öhdəliyinin Babək rayon Naxışnərgiz Bələdiyyəsinin üzərinə qoyulması barədə iddia tələbi üzrə məhkəməyə şahid qismində dəvət olunmuşam. Məlum edirəm ki, tövlə otuz ildən artıqdır ki, Əlinin istifadəsindədir və Bələdiyyələr yaranmamışdan tikilmişdir. Naxışnərgiz bələdiyyəsinin üzvü olaraq mübahisələndirilən tövlənin yerləşdiyi ərazinin İddiaçı icarəsinə verilməsinə heç bir etirazım yoxdur. X1, X10 və X3 eyni məzmunlu notarial təsdiqli ərizələrini məhkəməyə göndərmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: M a d d ə 1 4 4 . Bələdiyyələrin səlahiyyətləri İ. Bələdiyyələrin iclaslarında aşağıdakı məsələlər həll edilir: ... 6) bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam; Maddə 145. Bələdiyyələrin qərarları İ. Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. İİ. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. ... Maddə 146. Bələdiyyələrin müstəqilliyinin təminatı İ. Bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər, bu isə bələdiyyə ərazisində yaşayan vətəndaşlar qarşısında onların məsuliyyətini istisna etmir. ... Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə: 2.2.3 inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 58.7 sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllə: 82.1 hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.2. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. Mülki Məcəllə: 700.1 icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2 icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 706.1 torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2 torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Torpaq Məcəlləsi: Maddə 8. görə torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması; öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiə edilməsi; Maddə 47.
6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Maddə 48.
2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 3. 3.0. Bələdiyyə torpaqlarının idarə edilməsi aşağıdakı prinsiplərə əsaslanır: 3.0.3-cü bəndinə əsasən torpaqların xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi; Maddə 6. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 11. 11.3. Bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. 11.7. Ümumi istifadədə olan bələdiyyə torpaqlarının bütövlükdə icarəyə verilməsinə yol verilmir. 11.9. Bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnaməyə görə:
1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.
10. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanunu:
3. Qanuna uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özəlləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər. Torpaq bazarı haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 4. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış aşağıdakı torpaq sahələri və torpaqla bağlı hüquqlar torpaq bazarının obyekti ola bilər: ... bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində icarə hüquqları. Maddə 8. Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqları mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (şəxslərin razılığı) ilə bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsi ilə alınıb satıla bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9. Bələdiyyə torpaqlarının alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Ərazi planlaşdırılması əsasında yaşayış məntəqəsinin infrastruktur sahələrinin yaradılması üçün nəzərdə tutulan torpaqların, habelə onlardan istifadə və icarə hüquqlarının alqı-satqısı bir qayda olaraq torpaq hərracları və müsabiqələri vasitəsilə həyata keçirilir. Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə aşağıdakı şəxslərə üstünlük verilir: bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə; müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində nəzədə tutulur: 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2021ci il tarixli Qərarında formalaşdırılan hüquqi mövqeyə görə: İnzibati ədliyyə mərhələsində məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı 198 kv.m ərazinin 15 (on beş) il müddətinə cavabdeh inzibati orqan tərəfindən onun icarəsinə verilməsidir. Nəzərə almaq lazımdır ki, mübahisələndirilən ərazi səlahiyyətli orqanın - bələdiyyənin qərarı olmasa da uzun illərdir ki, (1982-83) iddiaçının faktiki istifadəsindədir. Bu hal istər hazırki işin materiallarından, istərsə də Naxçıvan MR İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(122)-6/2021 saylı qərarından öz təsdiqini tapır. Həmin iş üzrə keçirilmiş 31 mart 2021-ci il tarixli 45 nömrəli məhkəmə ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan Babək rayon Naxışnərgiz kəndində yerləşən 198 kv.m torpaq sahəsi üzərindəki tövlə təyinatlı tikili öz xüsusiyyətlərinə, konstruksiyalarına, eləcə də “X16” proqramının orta foto görüntülərinə əsasən 29 avqust 2008-ci il tarixlərə dair görüntülərdə öz əksini tapdığı, həmin tikilinin köhnə tikili olmaqla uzun müddət öncə inşa olunduğu müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, torpaq istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsini və torpaq üzərində hüquqlarının müdafiəsini nizama salan qanunvericilikdə (TM) torpaq sahəsi və onun üzərindəki tikiliyə hüquqların müəyyən edilməsi məsələsi iki müxtəlif yanaşmaya əsasən nizamlanır. Birinci yanaşmaya uyğun olaraq, istənilən tikili yerləşdiyi torpaq sahəsinin mühüm tərkib hissəsi sayılır və onlar birlikdə vahid daşınmaz əşyanı təşkil edirlər. Bununla da, superficies solo cedit prinsipinə əsasən onlar vahid mülkiyyət hüququ obyekti olaraq nəzərdən keçirilirlər. İkinci yanaşma isə ümumi qayda olaraq, torpaq sahəsini və onun üzərindəki tikilini müstəqil daşınmaz əmlak kimi tanıyır və bundan irəli gələrək hesab edir ki, onlardan hər biri mülkiyyət hüququnun müstəqil obyekti kimi ayrı-ayrı subyektlərə məxsus ola bilərlər. İddiaçı hazırda özünə münasibətdə əlverişli xarakter daşıyan vəziyyətə etimad göstərək həmin torpaq sahəsini və üzərindəki tikilini təyinatına uyğun istifadə etmişdir. Bununla da onun inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni iddiaçı torpaq sahəsinə faktiki sahiblik edərək onun üzərində təyinatlı obyekt inşa etməsi, həmin torpaq sahəsi üzərində icarə hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bu prinsipin ümumi mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir.( X.Mustafayevanın şikayəti üzrə AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Adından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarı). Hazırkı mübahisəyə münasibətdə torpaq sahəsinin iddiaçıya icarəyə verilməsinin ekoloji və gigiyena qaydaları baxımından tamamilə qanunsuz olması barədə cavabdehin gətirdiyi arqumentlər iş üzrə materiallarla təsdiq olunmur. Belə ki, cavabdeh tərəfindən bu faktı təsdiq edən hər-hansı sənəd təqdim edilməmiş, bununla bağlı hər-hansı mötəbər sübuta istinad edilməmişdir. Məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqanı təmsil edən iş üzrə nümayəndə olan bələdiyyə sədrinin və iddiaçının faktiki qonşuluq münasibətlərində ixtilafda olmaları hazırkı mübahisə üzrə bələdiyyənin qanunla müəyyən edilmiş qaydada inzibati akt qəbul etmək fəaliyyətinə təsir etməməlidir. Hər bir halda, Avropa Məhkəməsinin hüquqi mövqeyini də nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını da tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (İwaszkiewicz Polşaya qarşı, no. 30614/06, 26 iyul 2011-ci il, § 44). Yuxarıda qeyd olunan qanunların müvafiq normalarına və şərh edilənlərə əsasən, məhkəmə hesab edir ki, torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun reallaşdırılmasını istisna edən hallar müəyyən edilmir. Buna görə də torpaq sahəsi üzərində sonuncunun bu hüququnun təmin edilməsi üçün həmin ərazinin uzun illərdir iddiaçının faktiki istifadəsində olması yetərli əsas sayılmalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə şəxsin daşınmaz əmlaka icarə hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alacaqdır. Məhkəmə qeyd olunanları, o cümlədən hazırkı iş üzrə mübahisələndirilən əraziyə dair icarə müqaviləsinin bağlanılmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, iddiaçının “Babək rayonunun Naxışnərgiz kəndində yerləşən, mülkiyyətində olan yaşayış evinə bitişik tövlənin yerləşdiyi 198 kvadrat metr ərazinin 15 (on beş) il müddətinə onun icarəsinə verilməsi öhdəliyinin Babək rayon Naxışnərgiz Bələdiyyəsinin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
İddia təmin edilsin. Babək rayonunun Naxışnərgiz kəndində yerləşən, İddiaçı mülkiyyətində olan yaşayış evinə bitişik tövlənin yerləşdiyi 198 kvadrat metr ərazinin 15 (on beş) il müddətinə İddiaçı icarəsinə verilməsi öhdəliyi Babək rayonu Naxışnərgiz Bələdiyyəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elnur Hüseynov