Məhkəmə qərarları › İş №2-1(122)-30/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-30/2022

23.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-30/2022 23.02.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı “X9, X7 və X6 ona məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9, X7 və X6 ona məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ilk öncə eyni tələblə Naxçıvan Şəhər Polis İdarəsinə müraciət edərək X9, X7 və X6 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. Cavabdeh inzibati orqanın İddiaçı ünvanladığı 18 noyabr 2021-ci il tarixli, 7/4397- Ə1109 nömrəli məktubdan görünür ki, X9, X7 və X6 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslara uyğun olmadığından tələbin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı 10 dekabr 2021-ci il tarixdə daxil olmuş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9, X7 və X6 ona məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 28.12.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan iddiaya dair 22 dekabr 2021-ci il tarixli, 7/4963 nömrəli məktubla məhkəməyə ünvanladığı yazılı münasibətini onunla əsaslandırmışdır ki, X9, X7 və X6 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslara uyğun olmadığından İddiaçı ərizəsi icra edilə bilməz. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2- 1(122)-258/2021 nömrəli qərardadı ilə X14, X11 və X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 31 yanvar 2022ci il tarixli, 2-1(122)-30/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 23 fevral 2022-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin nümayəndəsi, üçüncü şəxs X14 (eyni zamanda üçüncü şəxslər X7 və X6 qanuni nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, lakin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsi məhkəməyə 09 fevral 2022-ci il tarixli, 7/449 nömrəli məktub göndərərək 23.02.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirakları olmadan işə baxıb müvafiq qərar verilməsini xahiş etmişdir. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, ünvan 1 ünvanında yerləşən mənzili 07.09.2015-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirməklə ********** qeydiyyat nömrəli çıxarışa əsasən anası X2 ilə 1/2 paylı mülkiyyət hüququ üzrə adlarına rəsmiləşdirdiklərini, anası X1 03 sentyabr 2013-cü il tarixdə vəfat etdiyini, vərəsə kimi qardaşı X4 və özünün olduğunu, X4 isə Naxçıvan Şəhər Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli qətnaməsi ilə xəbərsiz itkin düşmüş hesab olunduğunu, 28 mart 2014-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə X14 ilə ailə qurduğunu, bundan sonra keçmiş həyat yoldaşı X14 ilə bir müddət kirayələrdə yaşadığını, sonradan ailə münasibətləri kəskinləşdiyindən nikahın pozulması ilə bağlı Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, Naxçıvan Şəhər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(078)-743/2021 nömrəli qətnaməsinə əsasən 28 mart 2014cü il tarixli, 87 nömrəli nikahın pozulduğunu, boşanmadan sonra övladları X7 və X6 analarının yanında saxlanılmasının qərara alındığını, nikahın pozulmasından əvvəl övladlarının saxlanılması üçün məhkəmənin qətnaməsinə əsasən hər birinə 110 manat olmaqla hər ay 220 manat məbləğində aliment verdiyini, həmin şəxslərin ona məxsus mənzildə yaşamadıqlarını, bu halın onların yaşayış və əmlak hüquqlarının olmamasına dəlalət etdiyini, həmçinin Naxçıvan Şəhər Məhkəməsinin müvafiq qətnaməsi ilə bu cür hüquqların müəyyən olunmamasının da bunu bir daha sübut etdiyini, X9, X7 və X6 onun evinin pasport qeydiyyatında olmaları mülkiyyətçi kimi onun öz mülkiyyəti üzərində qanuni hüquqlarını həyata keçirməsinə maneə olduğunu, iddiaçının öz əmlakı üzərində müstəqil şəkildə sərəncam verə bilmədiyini, həmin şəxslərin evinin pasport qeydiyyatından çıxarılmaları üçün ilk öncə Naxçıvan Şəhər Polis İdarəsinə ərizə ilə müraciət etdiyini, lakin ona verilən cavaba əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslara uyğun olmadığından tələbindən imtina edildiyini, ona görə də məcbur qalıb məhkəməyə müraciət etməli olduğunu bildirərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 14 yanvar 2022-ci il tarixə təyin edilmiş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak edən üçüncü şəxs X14 (eyni zamanda üçüncü şəxslər X7 və X6 qanuni nümayəndəsi) izahat verərək, İddiaçı ilə 2014-cü ilin fevral ayında rəsmi nikaha daxil olmaqla ailə qurduğunu, onunla ailə qurduqdan sonra anasıgildə yaşamağa başladıqlarını, 2015-ci ilin may ayında oğlunun, 2016-cı ilin dekabr ayında isə qızının dünyaya gəldiyini, Aybənizin Səbuhinin birinci arvadı olduğunu, Aybənizə həmin mənzildə yaşayış hüququ verildiyini, Səbuhinin təklifi ilə 2016-cı ildə yaşamaq üçün həmin mənzilə getdiklərini, 3 ay qeyd olunan ünvanda yaşadıqlarını, yaşamağa başladıqları gündən Aybənizlə mübahisələrinin olduğunu, hər gün Aybənizlə savaşdıqlarını, tez-tez polis idarəsinə getdiklərini, buna görə də evdən çıxaraq 3 il kirayədə yaşadığını, Səbuhi ilə aralarında olan nikahın rəsmi olaraq 2021-ci ildə pozulduğunu, 4 il olar ki, aliment aldığını, məhkəmə tərəfindən 220 manat aliment müəyyən olunduğunu, alimenti boşanmamışdan əvvəl aldığını, Səbuhinin alimenti vaxtı-vaxtında ödədiyini, hazırda övladları ilə birlikdə Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən, qardaşına məxsus olan evdə yaşadığını, Səbuhiyə məxsus mənzilin pasport qeydiyyatından çıxarılmasına etiraz etdiyini, çünki uşaqlarının həmin mənzildə paylarının olduğunu, uşaqlarına pay tələb etdiyini, evin satılmasını və həmin məbləğin yarısının ona verilməsini istədiyini bildirmişdir. İddiaçı iş materiallarına cavabdehin imtina məktubunu, mənzilin Çıxarışının, nikahın pozulması və ölüm haqqında şəhadətnamələrin, şəxsiyyət vəsiqəsinin, texniki pasportun, qətnamələrin surətlərini və qeydiyyatla bağlı arayışları əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 68.77 kv.m. ümumi sahədən ibarət mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/2 nömrəli reyestr kitabının 373 nömrəli vərəqində qeydiyyata alınmışdır. Çıxarışda İddiaçı oğlu və X2 ½ hissəli paylı hüquq sahibləri kimi göstərilmişdir (reyestr nömrəsi **********09-05101-093038, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 07.09.2015). - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 21 oktyabr 2021-ci il tarixli, 191, 193, 194 nömrəli arayışlardan görünür ki, X11, X10 və X14 ünvan 1 ünvanında qeydiyyatdadırlar, lakin haliyədə həmin ünvanda yaşamırlar. - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1973-cü ildə Naxçıvan şəhərində doğulmuş və ünvan 1 ünvanında yaşayır. - 07 aprel 1993-cü il tarixdə tərtib edilmiş 6855 inventar nömrəli texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanı barəsində X2 və İddiaçı hər biri ½ hissə olmaqla paylı hüquq sahibləri kimi göstərilmişdir. - Naxçıvan Şəhər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(078)-743/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X14 arasında 28 mart 2014-cü il tarixdə Naxçıvan Şəhər Nikah evində bağlanmış 87 nömrəli nikahın pozulması və boşanmadan sonra 14 may 2015-ci il təvəllüdlü X7 və 15 dekabr 2016-cı il təvəllüdlü X6 anası X9 yanında saxlanılması qət edilmişdir. Qətnamənin təsviri hissəsindən aydın olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(078)-562/2021 nömrəli qətnaməsi ilə Naxçıvan Şəhər Məhkəməsinin 22 may 2017-ci il tarixli, 2(078)-494/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilərək cavabdeh İddiaçı hər ay sabit məbləğdə bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla iki uşaq üçün ümumilikdə 220 (iki yüz iyirmi) manat miqdarında aliment tutularaq 14 may 2015-ci il təvəllüdlü X7 və 15 dekabr 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı X12 ödənilməsi qət olunmuşdur. - 07 dekabr 2021-ci il tarixli, AZ-İ 401065 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X9 nikahı Naxçıvan Şəhər Məhkəməsinin 11.10.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 18.11.2021-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2021-ci ilin 12-ci ayının 07 günündə 164 nömrə ilə qeyd edilmişdir. - 20 sentyabr 2013-cü il tarixli, AZ-İ 494132 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 03 sentyabr 2013-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabının 2013-cü ilin 09-cu ayının 20 günündə 277 nömrə ilə qeyd edilmişdir. Ölüm səbəbi kimi beyin infarktı göstərilmişdir. - Naxçıvan Şəhər Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli, 2(078)-1211/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, 1962-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, 2008-ci il tarixədək ünvan 4 ünvanında yaşamış X8 xəbərsiz itkin düşmüş hesab olunmuş və X4 xəbərsiz itkin düşmüş sayılma müddəti 01 yanvar 2008-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş: - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 11 dekabr 2021-ci il tarixli, 285 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşamış 03 sentyabr 2013-cü ildə vəfat etmiş mərhumə X1 aşağıdakı vərəsələri vardır: 1. Tarverdiyev Rza K.-oğlu (1962), 2. İddiaçı K.-oğlu (1973). - Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən 27 yanvar 2022-ci il tarixli, 7/290 nömrəli məktubla məhkəməyə göndərilmiş İddiaçı 17 fevral 2017-ci il tarixli ərizəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən evinə həyat yoldaşı X9 və uşaqları X6, X7 pasport qeydiyyatına düşməsinə etirazı yoxdur. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM-in 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. - 9-cu maddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda - müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14.06.1996-cı il tarixli, 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə araşdırması zamanı ünvan 1 ünvanında yerləşən mənzilin xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusluğu, üçüncü şəxslərin hazırda həmin yaşayış sahəsinə dair hər hansı əmlak hüquqlarının olmaması, faktiki olaraq onların orada yaşamamaları müəyyən edilmişdir. Həmçinin üçüncü şəxs X9 (eyni zamanda üçüncü şəxslər X7 və X6 qanuni nümayəndəsi) məhkəmə iclasında verdiyi izahatdan da aydın olur ki, onlar hal-hazırda həmin mənzildə yaşamırlar. Göründüyü kimi, üçüncü şəxslərin iddiaçıya məxsus olan mənzildə yaşamamaları və qeydiyyatlarının formal xarakter daşıması İddiaçı mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, üçüncü şəxslərin sözügedən ev üzərində hər hansı hüquqa malik olmadıqları və yaşamadıqları halda qeyd edilən ünvanda qeydiyyatda qalmalarə İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından və qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınması nəzərdə tutulduğundan iddiaçı üçüncü şəxslərin sözügedən mənzildən pasport qeydiyyatından çıxarılmalarının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur. Fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Üçüncü şəxslərin mülkiyyətçiyə məxsus mənzildən qeydiyyatdan çıxarılmaları tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Buna görə də, X9, X7 və X6 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmalarından cavabdeh Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən imtina edilməsi əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanından X9, X7 və X6 qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 34, 68, 69, 75 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanından X9, X7 və X6 qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar