Məhkəmə qərarları › İş №2-1(122)-30/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-30/2023

05.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-30/2023 05.06.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “Dİ0014194 nömrəli, xx.xx.2016-cı il tarixli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə iş materiallarını nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dİ0014194 nömrəli, xx.xx.2016-cı il tarixli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş, işin hazırlıq icraatına başlanaraq hazırlıq iclası 06 yanvar 2023-cü il tarixə təyin edilmiş və məhkəmənin 06 yanvar 2023-cü il tarixli, 2-1(122)-30/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “Dİ0014194 nömrəli, xx.xx.2016-cı il tarixli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə Dİ0014194 nömrəli, xx.xx.2016-cı il tarixli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması barədə sənədləri ərizəsinə əlavə etməklə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə təqdim edilməsi üçün İddiaçı qərardad rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 15 (on beş) gün, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. 01 iyun 2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən dəftərxana vasitəsilə məhkəməyə təqdim edilmiş məktubdan görünür ki, , Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(122)-30/2023 saylı qərardadının icrası məqsədilə İddiaçı Belarus Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, ДИ № ******* nömrəli diplom üzrə aldığı ixtisasın tanınması barədə qərar qəbul edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabineti 3 fevral 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın tələblərinə uyğun olaraq tanınma haqqında elektron şəhadətnamə ərizəçinin şəxsi kabineti vasitəsilə ona təqdim olunmuşdur. Müvafiq şəhadətnamənin surəti məktuba əlavə edilmişdir. İddiaçı tərəfindən dəftərxana vasitəsilə məhkəməyə daxil olmuş 05 iyun 2023-cü il tarixli ərizədən görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı Diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması barədə iddia qaldırdığını, məhkəmənin qərardadı ilə qanunla nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdehə müddət təyin edildiyini, həmin müddətdə cavabdeh tərəfindən iddia tələbinin təmin edildiyini, cavabdehə qarşı hər hansı bir tələbinin olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsi barədə müvafiq qərar qəbuı edilməsini xahiş etmişdir. Hakim iş materiallarını və dəftərxana vasitəsilə daxil olmuş müvafiq sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, İPM-də iş üzrə icraata xitam verilməsinin hüquqi əsasları 39.3, 55.5 və 67.3-cü maddələri ilə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 39.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. - 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İddia tələbinin məzmunundan aydın olur ki, iddiaçının tələbi və hüquqi marağı onun Dİ0014194 nömrəli, xx.xx.2016-cı il tarixli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması ilə bağlıdır. Hazırki işin hallarından, cavabdehin məhkəməyə ünvanladığı müvafiq məktubdan və iddiaçı tərəfindən məhkəməyə daxil olmuş 05 iyun 2023-cü il tarixli ərizədən görünür ki, iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən icra edilmişdir. Belə ki, cavabdehin məhkəməyə ünvanladığı məktuba əlavə edilmiş şəhadətnamə iddiaçının diplom üzrə təhsil aldığı ixtisasının Azərbaycan Respublikası ərazisində tanınmasını bir daha sübut edir. Bu da onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbi təmin edilmiş və mübahisə məhkəmədənkənar həll edilmişdir. Buna görə də hazırkı vəziyyətdə iddiaçının heç bir tələbi yoxdur. Beləliklə, hakim belə qənaətə gəlir ki, iddiaçının tələbi təmin edildiyi və hazırda heç bir tələb mövcud olmadığı üçün hazırkı vəziyyətdə işin icraatına İPM-in 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.3 və 80-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “Dİ0014194 nömrəli, xx.xx.2016-cı il tarixli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu (elan olunduğu) vaxtdan 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar