Məhkəmə qərarları › İş №2-1(122)-30/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-30/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-30/2025 24.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X28 Heydər oğlunun sədrliyi, X29 oğlunun katibliyi, üçüncü şəxsin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "Naxçıvan MR Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 0,2642 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 112,29 kv.m fərdi yaşayış evinə dair X15 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, Şərur Rayon Aqrar islahat Komissiyasının 07 mart 1999-cu il tarixli 06 nömrəli qərarı ilə Naxçıvan MR, Kəngərli rayonu, Qabıllı kəndində JN-173A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında ona (5 nəfər ailə üzvü ilə birlikdə) 0,26 hektar torpaq sahəsi verilmişdir. Sözügedən torpaq sahəsində onun anasından və atasından qalan fərdi yaşayış evi olmuşdur. Bu yaxınlarda ona məlum olmuşdur ki, həmin fərdi yaşayış evi onun xəbəri olmadan cavabdeh (qardaşı) X15 adına sənədləşdirilmiş, daha sonra bağışlanma müqaviləsi əsasında bacısı oğlu X3 adına sənədləşdirilmişdir. İddiaçı bildirir ki, onun sözügedən sənədləşmə işlərindən məlumatı olmamış, onun hər hansı formada razılığı alınmamışdır. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı Naxçıvan MR Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 0,2642 ha torpaq sahəsində inşa edilmiş 112,29 m2 fərdi yaşayış evinin cavabdeh X15 adına özəlləşdirilməsinin və buna dair X16 verilmiş MH seriyalı, №0069206 nömrəli çıxarışın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair 04 iyul 2024-cü il tarixli ərizə göndərərək, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı Naxçıvan MR, Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 0,2642 ha torpaq sahəsində inşa edilmiş 112,29 m2 fərdi yaşayış evinin X15 adına qeydiyyata alınması etibarsız hesab edilməklə, buna dair X16 verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın ləğv olunması kimi baxıb nəticə verilməsini xahiş etmişdir. Məhkəmənin 03 avqust 2023-cü il tarixli, 2-1(122)-661/2023 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Məhkəmənin 10 oktyabr 2023-cü il tarixli, 2-1(122)-661/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı "Naxçıvan MR Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 0,2642 ha torpaq sahəsində inşa edilmiş 112,29 m2 fərdi yaşayış evinin X15 adına qeydiyyata alınması etibarsız hesab edilməklə, buna dair X16 verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın ləğv olunması tələbi”nə dair iddiası üzrə inzibati məhkəmə icraatına X21 və X8 üçüncü şəxs qismində cəlb edilmişdirlər. Məhkəmənin 30 aprel 2024-cü il tarixli, 2-1(122)-85/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia tələbinə dair hazırki inzibati iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti əsl cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz edilmişdir. Məhkəmənin 30 aprel 2024-cü il tarixli, 2-1(122)-85/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Xidmətinə qarşı "Naxçıvan MR, Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 0,2642 ha torpaq sahəsində inşa edilmiş112,29 m2 fərdi yaşayış evinin X15 adına qeydiyyata alınması etibarsız hesab edilməklə, buna dair X16 verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın ləğv olunması tələbi”nə dair iddiası təmin edilmişdir. Üçüncü şəxsin vəkili və nümayədəsi Vəkil2 tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2-1(122)-85/2024 nömrəli qərarından verilmiş apellyasiya şikayəti baxılması üçün 14 iyun 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 avqust 2024-cü il tarixli, 2-1(108)-75/2024 nömrəli qərardadı ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2- 1(122)-85/2024 nömrəli qərarı ləğv edilmiş, inzibati iş Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə qaytarılmışdır. 25 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, iddia tələbinə “Naxçıvan MR Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 0,2642 ha torpaq sahəsində inşa edilmiş 112,29 m2 fərdiyaşayış evinə dair X15 adına aparılmış qeydiyyatın ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” məzmununda baxılmasını xahiş etmişdir. Məhkəmənin 25 oktyabr 2024-cü il tarixli, 2-1(122)-85/2024 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. 07 mart 2025-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə 06 mart 2025-ci il tarixli ərizə təqdim edərək, iddia tələbinə “Naxçıvan MR Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 0,2642 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 112,29 kv.m fərdi yaşayış evinə dair X15 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” məzmununda baxılmasını xahiş etmişdir. Məhkəmənin 07 mart 2025-ci il tarixli, 2- 1(122)-30/2025 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 24 iyun 2025-ci il tarixə təyin edilmişdir. İddiaçı tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili Vəkil2 iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Yazılı sübutlar: İş materiallarında olan: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli (qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********71-10301, qeydiyyat tarixi: xx.xx.2020) çıxarışın surətindən görünür ki, Naxçıvan MR, Kəngərli rayonu, Qabıllı kəndində 0.2642 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 112.29 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X15 adına daşınmaz əmlakın dövlət reyestrində 24/3 nömrəli reyestr kitabının 512 nömrəli vərəqində qeydiyyata alınmışdır. - JN-173A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin surətindən görünür ki, X16, İddiaçı, X12, X9, X14 və X5 Şərur rayonu Aqrar İslahat Komissiyasının 07 mart 1999-cu il tarixli, 06 nömrəli qərarı ilə 0.26 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulların istehsalı üçün ayrılmışdır. - Naxçıvan MR Kəngərli rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, e-2(111 )- 184/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər X16, X6, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə və Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Notariat Ofisinə qarşı “fərdi yaşayış evinə dair verilmiş çıxarışın, onun əsasında bağlanmış bağışlama müqaviləsinin və verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia icraatı qaydasında verilmiş iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qət edilmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Kəngərli rayon Notariat ofisinin məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 10 iyul 2023-cü il tarixli, 36 nömrəli məktuba qoşma edilmiş Kəngərli rayon dövlət notariat ofisində 20 mart 2020-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-31 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən məlum olur ki, hədiyyə verən X2 Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə ona verilmiş **********71-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ümumi sahəsi 112.29 kv/m olan 3 otaqlı fərdi yaşayış evini hədiyyə alan X6 bağışlamışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli (qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********71-10301, qeydiyyat tarixi: xx.xx.2020) çıxarışın surətindən görünür ki, Naxçıvan MR, Kəngərli rayonu, Qabıllı kəndində 0.2642 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 112.29 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 24/3 nömrəli reyestr kitabının 512 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 23 avqust 2023-cü il tarixli, 04/536 nömrəli məktubdan aydın olur ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində Kəngərli rayonu, Qabıllı kəndində 0,6242 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 112,29 m2 olan fərdi yaşayış evi 18 fevral 2020-ci il tarixdə Torpağın mülkiyyətə verilməsinə dair 11 iyul 2000-ci il tarixli JN- 173A nömrəli şəhadətnamə əsasında X15 adına qeydiyyata alınmışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 18 fevral 2025-ci il tarixli, 3-48-NDA/1-2-182/2025 nömrəli məktubdan məlum olur ki, Naxçıvan Muxtar Respublikası X19 Rayon Qabıllı kəndinin 1960-1970-ci illərə dair təsərrüfat başına kitabları mühafizə olunmadığından mərhum X22 torpaq sahəsi ayrılması barədə məlumat mövcud deyil. Kəngərli Rayon Dövlət Arxivinin 13 fevral 2025-ci il tarixli, 09 nömrəli arxiv arayışından məlu olur ki, mərhum X26 ailə başçısı olmaqla adına 1960-cı ilə 021 HA, 1961-ci ilə 016 HA, 1962- 1964-cü illərə 017 НА, 1965-ci ilə 015 НА, 1966-1971-ci illərə 017 НА torpaq sahəsi qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 28 fevral 2025-ci il tarixli, 3-48-NDA/1-2-291/2025 nömrəli məktubdan məlum olur ki, Şərur Rayon Aqrar İslahat Komissiyasının sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində və Şərur Rayon Dövlət Arxivində mühafizə olunmadığından Şərur Rayon Aqrar İslahat Komissiyasının 07 mart 1999-cu il tarixli, 05 nömrəli qərarı ilə Kəngərli Rayon Qabıllı kəndində torpaq sahəsi ayrılmış subyektlərin siyahısı barədə məlumat mövcud deyil. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 28 fevral 2025-ci il tarixli, 3-48-NDA/1-2-292/2025 nömrəli məktubdan məlum olur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində, Kəngərli Rayon Dövlət Arxivində və Şərur Rayon Dövlət Arxivində Şərur Rayon Aqrar İslahat Komissiyasının sənədləri mühafizə olunmadığından X16, İddiaçı, X12, X10, X14 və X5 0,26 hektar torpaq sahəsi ayrılması haqqında məlumat, həmçinin torpaq sahəsinə olan paylarından imtina etmələri barədə ərizələri mövcud deyil. - Naxçıvan Muxtar Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 04 mart 2025ci il tarixli, 04/361 nömrəli məktubdan aydın olur ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində Kəngərli rayonu, Qabıllı kəndində 0,2642 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 112,29 m² olan fərdi yaşayış evi 8 fevral 2020-ci il tarixdə "Torpağın mülkiyyətə verilməsinə dair" 11 iyul 2000-ci il tarixli JN-173A nömrəli Şəhadətnamə əsasında X15 adına qeydiyyata alınmışdır. Kəngərli rayon dövlət notariat ofisinin 20 mart 2020-ci il tarixli 40-31 nömrəli bağışlama müqaviləsi əsasında həmin fərdi yaşayış evi X3 mülkiyyətinə verilmiş və ona hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 06 may 2020-ci il tarixli çıxarış təqdim edilmişdir. Xidmətin arxivində saxlanılan sənədlər arasında müraciətinizdə qeyd edilən şəxslərin torpaq sahəsində olan paylarından imtina etmələri barədə ərizələri mövcud deyildir. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1971-ci ildə doğulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 60-cı maddəsinin İ-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.1-ci və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. - 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. - 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. - 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. - 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - 15-ci maddəsinə əsasən ... hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; ... daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; ... hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər: - 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. -12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. -14.3-ci maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarına əsasən Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Məhkəmə üçüncü şəxsin vəkilinin izahatını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı Naxçıvan MR Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 0,2642 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 112,29 kv.m fərdi yaşayış evinə dair X15 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsindən ibarətdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Şərur rayonu Aqrar İslahat Komissiyasının 07 mart 1999-cu il tarixli, 06 nömrəli qərarı ilə X15, İddiaçı, X11, X7, X13 və X4 mülkiyyətinə 0.26 hektar torpaq sahəsi verilmişdir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Kəngərli rayonu, Qabıllı kəndində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində X15 adına qeydiyyata alınmaqla ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 18 fevral 2020-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarış verilmişdir. X1 fərdi yaşayış evini 20 mart 2020-ci il tarixli bağışlama müqaviləsi əsasında bacısı oğlu X6 bağışlamışdır. İddiaçının mübahisələndirdiyi Şərur rayonu, Qabıllı kəndində 0,26 ha ölçülü 173A nömrəli torpaq sahəsinə dair X16 mülkiyyət hüququnun qeydiyyatı və buna əsasən verilmiş dövlət reyestrindən çıxarış Şərur rayonu Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş Şəhadətnamə əsasında verilmişdir. Diqqətə alınmalıdır ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. İş materiallarından göründüyü kimi iddiaçı məhz mübahisəli fərdi yaşayış evinin tam mülkiyyət hüququ ilə X15 mülkiyyətinə keçməsi ilə razılaşmadığından daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvini tələb edir. İşdə olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən də göründüyü kimi, İddiaçı qeyd olunan yaşayış sahəsinə mülkiyyət hüququ olduğundan onun razılığı olmadan həmin mübahisəli sahənin X15 adına qeydiyyata alınması nəticəsində qanunla qorunan hüquqları pozulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin mülkiyyətə, icarəyə və ya istifadəyə ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. İstinad olunan normanın məzmunundan da göründüyü kimi, hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin (və ya şəxslərin) həmin sənədə əsaslanan müraciəti əsasında qeydiyyata alınmalıdır. Xüsusilə qeyd olunmalıdır ki, inzibati akt sayılan hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, cavabdeh hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Cavabdeh mübahisə predmeti olan əmlakın tam mülkiyyət hüququ ilə X15 adına qeydə alarkən daşınmaz əmlak barədə məlumatların düzgünlüyünə və dəqiqliyinə görə məsuliyyət daşıdığı halda, üçüncü şəxsin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zamanı həmin əşyaya dair sərəncamın bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilməli olduğunu nəzərə almamışdır. Belə olan halda, həmin ümumi birgə mülkiyyətdə olan əmlakın tam olaraq üçüncü şəxsin adına mülkiyyət hüququ ilə qeydə alınması ilə bağlı cavabdehin hərəkətləri qanunsuz olmuşdur. Odur ki, işin faktiki hallarına və istinad olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "Naxçıvan MR Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 0,2642 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 112,29 kv.m fərdi yaşayış evinə dair X15 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbi"nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. Naxçıvan MR Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 0,2642 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 112,29 kv.m fərdi yaşayış evinə dair X15 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar