Məhkəmə qərarları › İş №2-1(122)-303/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-303/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-303/2024 25.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ordubad Rayon Qeydiyyat Şöbəsinə qarşı “06 sentyabr 1958-ci iltarixdə, 74 nömrə ilə qeydə alınmış doğum haqqında akt qeydində soyadının Qardaşov kimi qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 06 iyul 1958-ci il tarixdə, 74 nömrə ilə qeydə alınmış vətəndaşlıq vəziyyəti aktlarında soyadının Qardaşov kimi qeydə alınması öhdəliyinin cavabdeh Ordubad Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 20 avqust 1958-ci il tarixdə Ordubad rayon Başdizə kəndində doğulmuşdur. Həmin vaxt valideynləri tərəfindən Başdizə kəndi ilə Azakəndi bir icra nümayəndəliyi olduğundan ona Ordubad rayon Azakənd İcra Nümayəndəliyində xx.xx.1958-ci iltarixdə 74 nömrə ilə qeydə alınmış doğum haqqında şəhadətnamə alınmışdır. Həmin vaxt valideynləri tərəfindən Azakənd İcra Nümayəndəliyi tərəfindən ona verilən doğum haqqında şəhadətnamədə soyadı “Qardaşov” kimi yazılıb verilsə də, doğum haqqında akt qeydləri kitabında (kötükdə) yazılarkən səhvən soyadı Əliyev kimi yazılmışdır. Ona verilmiş doğum haqqında şəhadətnaməyə əsasən hərbi bilet, şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və digər sənədlərində soyadı Qardaşov kimi yazılmışdır. Lakin həmin ona verilmiş doğum haqqında şəhadətnaməni itirdiyindən təkrar almaq üçün 11 sentyabr 2023-cü il tarixdə ərizə ilə Ordubad rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Oradan ona 11 sentyabr 2023-cü il tarixdə cavab məktubu göndərilmişdir ki, soyadı doğum akt qeydləri kitabında “Əliyev” qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər kabinetinin 2001-ci il 01 mart tarixli, 52 №-li “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik bərpa və ləğv qaydalarını” müəyyən edən qərarına əsasən vətəndaşın akt qeydinə düzəlişin edilməsi üçün kifayət qədər əsaslar olmalıdır. Buna görə də o, Ordubad rayon Qeydiyyat şöbəsinə müraciət edərək xx.xx.1958-ci il tarixdə 74 nömrə ilə qeydə alınmış doğum haqqında şəhadətnaməsində soyadının dəyişdirilərək Qardaşov kimi yazılmasını xahiş etsə də, bundan imtina edilərək məhkəməyə müraciət etməyi bildirilmişdir. İddiaçı göstərilənlərə əsasən məhkəmədən 06 iyul 1958-ci il tarixdə, 74 nömrə ilə qeydə alınmış vətəndaşlıq vəziyyəti aktlarında soyadının Qardaşov kimi qeydə alınması öhdəliyinin cavabdeh Ordubad Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Ordubad Rayon Qeydiyyat Şöbəsi iddiaya dair məhkəməyə ünvanlanan 16 oktyabr 2023-cü il tarixli, 261 nömrəli məktubla iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, vətəndaş İddiaçı xx.xx.2023-cü il tarixli müraciətinə baxılmışdır. Bu zaman müəyyən olunmuşdur ki, Ordubad rayon Azakənd İcra Nümayəndəliyinin xx.xx.1958-ci il tarixli, 74 №-li doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında soyadı “Əliyev" qeyd olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli "Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını” müəyyən edən qərarına əsasən vətəndaşın akt qeydində düzəliş kifayət qədər əsaslar olduqda (bu halda doğum haqqında akt qeydinin əsasında) edilir. Əliyev (Qardaşov) Malik Məhi oğlunun doğum haqqında akt qeydində soyadı "Əliyev" olaraq yazıldığı üçün Ordubad rayon Aza kənd İcra nümayəndəliyi tərəfindən tərtib olunmuş xx.xx.1958-ci il tarixli, 74 №-li doğum akt qeydində soyadının "Əlivev"-dən "Qardaşov“-a düzəliş edilməsi yuxarıda adıçəkilən qərara ziddir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 25 yanvar 2024-cü il tarixə təyin edilmişdir. Cavabdeh Ordubad Rayon Qeydiyyat Şöbəsi məhkəməyə 23 noyabr 2023-cü il tarixli, 294 nömrəli məktub göndərərək məhkəmə iclaslarında işlərinin çoxluğu ilə əlaqədar iştirak edə bilməyəcəklərini bildirib işə onların iştirakları olmadan baxılıb yekun qərar verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında İddiaçı vəsatət verərək iddia ərizəsində texniki səhvliyə yol verildiyini bildirib, iddia tələbinin tam dəqiq ifadə olunması üçün “06 sentyabr 1958-ci il tarixdə, 74 nömrə ilə qeydə alınmış doğum haqqında akt qeydində soyadının Qardaşov kimi qeydə alınması öhdəliyinin cavabdeh Ordubad Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması” kimi oxunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin protokol qərarı ilə İddiaçı tərəfindən verilmiş vəsatət təmin edilərək İddiaçı cavabdeh Ordubad Rayon Qeydiyyat Şöbəsinə qarşı iddia tələbinin "06 sentyabr 1958-ci il tarixdə, 74 nömrə ilə qeydə alınmış doğum haqqında akt qeydində soyadının Qardaşov kimi qeydə alınması öhdəliyinin cavabdeh Ordubad Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması” kimi oxunması qərara alındı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: - Ordubad Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ordubad rayon Başdizə kənd sakini İddiaçı ünvanlanmış 11 sentyabr 2023-cü il tarixli, 228 nömrəli məktubdan görünür ki, Ordubad rayon Azakənd İcra Nümayəndəliyində tərtib olunmuş xx.xx.1958-ci il tarixli, 74 №-li doğum haqqında akt qeydində soyadı “Əliyev" qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli "Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində dəyişiklik, bərpa və ləğv qaydaları”nı müəyyən edən qərarına əsasən vətəndaşın akt qeydində düzəliş edilməsi kifayət qədər əsaslar olmalıdır. Kifayət qədər əsaslar olmadığına görə akt qeydində soyad qrafasında "Əlivev"-dən "Qardaşov“-a düzəliş edilməsi sözügedən qərara zidd olduğu bildirib, məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. - Ordubad Rayon İcra Hakimiyyətinin Sabirkənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 02 oktyabr 2023-cü il tarixli, 190 nömrəli arayışdan aydın olur ki, Ordubad rayonu Baş Dizə kənd sakini İddiaçı soyadı, adı, ata adı İddiaçı qeyd olunmuşdur. - Ordubad Rayon Polis Şöbəsi tərəfindən 07 dekabr 2010-cu il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 20 avqust 1958-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu Başdizə kəndində doğulmuş, Şərur rayonu, Ordubad rayonu Baş Dizə kəndində pasport qeydiyyatındadır. - 12 mart 1979-cu il tarixli, İ-ЖГ seriyalı, 496234 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, İddiaçı ilə X1 12 mart 1979-cu il tarixdə nigah bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 12 mart 1979-cu il tarixdə 4 nömrə ilə qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 04 dekabr 2023-cü il tarixli, 3-13-43/2-14053/2023 nömrəli məktubdan aydın olur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarında xx.xx.1958-ci il təvəllüdlü İddiaçı cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunması, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və ya məhkumluğu barədə məlumat yoxdur. - Ordubad Rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 23 noyabr 2023-cü il tarixli, 295 nömrəli məktubla məhkəməyə göndərilmiş İddiaçı doğum akt qeydindən çıxarışdan məlum olur ki, X3 20 avqust 1958-ci ildə Ordubad rayonu Baş Dizə kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 06 sentyabr 1958-ci il tarixdə 74 nömrə ilə qeydiyyat aparılmışdır. İddiaçının məhkəmə təqdim etdiyi pasportun, sürücülük vəsiqəsinin, hərbi biletin, torpağa mülkiyyət hüququna dair dövlət aktının surətlərindən aydın olur ki, bütün sənədlərdə iddiaçının soyadı “Qardaşov” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: - 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. - 1.4 bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. - 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Beləki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedirki, buna da baxmaqsəlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı tərəf subyektiv hüquqa malik olmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət hüququn mahiyyətini dəyişməməlidir. İş materialları ilə müəyyən olunur ki, 06 sentyabr 1958-ci il tarixli, 74 nömrəli doğum haqqında akt qeydində İddiaçı soyad qrafasında yanlışlıqla “Qardaşov” əvəzinə “Əliyev” yazılmışdır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, cavabdeh tərəfindən 06 sentyabr 1958-ci il tarixli, 74 nömrəli doğum haqqında akt qeydində dəyişiklik edilməsinə heç bir qanuni maneə olmamışdır. Cavabdehin öz imtinasına gətirdiyi arqument vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında iddiaçının doğum akt qeydində dəyişiklik edilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar” barədə qərara zidd olmasıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının əsas hüquqi marağı soyadına düzəlişin aparılmasıdır. Cavabdeh (inzibati orqan) Ordubad Rayon Qeydiyyat Şöbəsinin iddiaçının müraciətindən əsassız olaraq imtina etməsi sonuncunun hüquqlarını məhududlaşdırmışdır. Qeyd olunan hal üzrə orqanın imtinasında göstərilən arqument hazırkı iddianın təmin edilməməsi üçün qanuni əsas sayıla bilməz. Belə ki, məhkəmə araşdırması zamanı toplanmış sübutlar işin halları baxımından iddiaçının iddia tələbinin təmin edilməsi üçün yetərli dərəcədədir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh Ordubad Rayon Qeydiyyat Şöbəsi iddiaçının tələbindən imtina etməkdə haqlı olmamışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Ordubad Rayon Qeydiyyat Şöbəsinə qarşı “06 sentyabr 1958-ci il tarixdə, 74 nömrə ilə qeydə alınmış doğum haqqında akt qeydində soyadının Qardaşov kimi qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərivə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. 06 sentyabr 1958-ci il tarixdə, 74 nömrə ilə qeydə alınmış doğum haqqında akt qeydində soyadının Qardaşov kimi qeydə alınması öhdəliyi cavabdeh Ordubad Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar