Məhkəmə qərarları › İş №2-1(122)-304/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-304/2022

22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-304/2022 22.12.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, iddiaçı Cəfərova (Səfərova) Zahirə Əli qızının iştirakı ilə, iddiaçı Cəfərova (Səfərova) Zahirə Əli qızının cavabdeh Naxçıvan şəhər 2 saylı Nikah evinə qarşı "Cavidabad kənd İcra Nümayəndəliyi tərəfindən xx.xx.1973-cü il tarixdə tərtib olunmuş, 100 saylı doğum haqqında qeydində "Aynişan" adının "Zahirə" adı kimi düzəliş edilməsi tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cəfərova (Səfərova) Zahirə Əli qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavidabad kənd İcra Nümayəndəliyi tərəfindən xx.xx.1973-cü il tarixdə tərtib olunmuş, 100 saylı doğum haqqında qeydində "Aynişan" adının "Zahirə" adı kimi düzəliş edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, valideynləri X6 və X1 08 dekabr 1972-ci il tarixdə Naxçıvan rayonu, Qaraxanbəyli kənd sovetliyində rəsmi olaraq nikah qeydiyyatından keçməklə evlənmişlər. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 25 nömrə ilə qeyd aparılmışdır. 28 sentyabr 1975-ci il tarixdə qardaşı X19, xx xxxxxxxx 1973-cü il taraixdə isə Səfərova Zahirə (Aynişan) Əli qızı və 26 sentyabr 1978-ci il tarixdə bacısı X10 doğulmuşdur. Valideynlərinin dediyinə görə doğulandan sonra ona Zahirə adı qoyulmuş, 30 dekabr 1973-cü il tarixdə onun adına Cavidabad KİN tərəfindən doğum haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamədə soyadı Səfərova, adı Zahirə, ata adı Əli kimi yazılsada, akt qeydləri kitabında səhvən adı Aynişan kimi yazılmışdır. Bütün bu illər ərzində onu hamı Zahirə adı ilə çağırmışdır. O, məktəbə də X11 adı ilə qəbul olunmuşdur. Bütün sənədlərində (doğum haqqında şəhadətnamənin (kötüyündə) akt qeydləri kitabından başqa) şəxsiyyət vəsiqəsində, ümumi orta təhsil haqqında şəhadətnamədə, attestatda, Azərbaycan Respublikasının ümumvətəndaşlıq pasportunda adı Zahirə kimi göstərilmişdir. İşə daxil olmaq üçün müəyyən sənədlər hazırlayarkən doğum haqqında şəhadətnaməsi itdiyindən Naxçıvan 2 №-li Nikah Evinə müraciət edib təkrar şəhadətnamə almaq istədikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) adının səhvən Aynişan kimi göstərildiyi ona məlum olmuşdur. Naxçıvan şəhər 2 №-li Nikah Evindəki doğum haqqında akt qeydləri kitabında adına aparılmış 30 dekabr 1973-cü il tarixli, 100 nömrəli qeyddə Aynişan adına düzəliş edilərək Zahirə kimi göstərilməsi barədə Naxçıvan şəhər 2 №-li Nikah Evinə təqdim etdiyi ərizəsinə cavab verilərək bildirilmişdir ki, akt qeydlərindən arayışlar və təkrar şəhadətnamələr akt qeydində yazılanlara əsasən verildiyi üçün adın Zahirə yazılmaqla arayış vermək mümkün deyil. Cavidabad kənd İN tərəfindən xx.xx.1973-cü il tarixdə tərtib olunmuş, 100 saylı doğum haqqında akt qeydində ad, soyad və ata adı X20, doğum tarixi xx.xx.1973-cü il kimi göstərilmiş, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərində düzəliş edilməsinə kifayət qədər əsas olmadıqda məhkəmə qətnaməsi əsasında aparıldığı göstərilməklə doğum akt qeydinə düzəliş olunması üçün müvafiq məhkəməyə müraciət edilməsi izah olunmuşdur. Onun bütün sənədlərində adı Zahirə kimi göstərilməsinə baxmayaraq, doğum akt qeydləri kitabında Aynişan kimi yazılmışdır. İddiaçı doğum akt qeydləri kitabında düzəliş edilərək adının Zahirə kimi yazılıb ona doğum haqqında şəhadətnamənin verilməsini istəyir. İddiaçı bir sıra qanunvericilik aktlarına istinad edərək, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 150-ci maddələrinə əsasən məhkəmədən Cavidabad kənd İcra Nümayəndəliyi tərəfindən xx.xx.1973-cü il tarixdə tərtib olunmuş, 100 saylı doğum haqqında qeydində "Aynişan" adının "Zahirə" adı kimi düzəliş edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh Naxçıvan Şəhər 2 saylı Nikah Evi iddiaya qarşı 06 dekabr 2022-ci il tarixli, 05/Q-451/13 nömrəli yazılı münasibətini (etirazını) onunla əsaslandırmışdır ki, Cavidabad KİN tərəfindən xx.xx.1973-cü il tarixdə tərtib olunmuş 100 saylı doğum haqqında akt qeydində vətəndaşın adı X8, doğum tarixi xx.xx.1973-cü il, ana haqqında məlumat X5, ata haqqında məlumat X4 yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 Mart 2001-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar"a əsasən təkrar şəhadətnamələr vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəliş edilməsi kifayət qədər əsas olmadığından vətəndaşın adına düzəliş olunması mümkün deyil. Akt qeydinə müvafiq düzəliş olunması üçün məhkəməyə müraciət edilməsi vətəndaşa izah olunmuşdur. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 07 dekabr 2022-ci il tarixli, 2-1(122)-304/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 22 dekabr 2022-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməsinə baxmayaq iş üzrə cavabdeh Naxçıvan Şəhər 2 saylı Nikah Evi məhkəməyə 14 dekabr 2022-ci il tarixli, 05/Q-452/13 nömrəli məktub göndərərək xx.xx.2022-ci il tarixdə, saat 12:00-da işlərinin çoxluğu ilə əlaqədar iştirak edə bilmədiyindən, iştirakı olmadan baxılmasını və müvafiq qərar verilməsini xahiş etmişdir. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı Cəfərova (Səfərova) Zahirə Əli qızı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbində texniki səhv olaraq müvafiq ödəliyin cavabdeh Naxçıvan Şəhər 2 saylı Nikah Evini üzərinə qoyulmasının qeyd edilmədiyini bildirərək, iddia tələbinin “Cavidabad kənd İcra Nümayəndəliyi tərəfindən xx.xx.1973-cü il tarixdə tərtib olunmuş, 100 saylı doğum haqqında qeydində "Aynişan" adının "Zahirə" adı kimi düzəliş edilməsi öhdəliyi cavabdeh Naxçıvan Şəhər 2 saylı Nikah Evinin üzərinə qoyulması” kimi oxunmasını və məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 22 dekabr 2022-ci il tarixli protokol qərarına əsasən iddia tələbinin “Cavidabad kənd İcra Nümayəndəliyi tərəfindən xx.xx.1973-cü il tarixdə tərtib olunmuş, 100 saylı doğum haqqında qeydində "Aynişan" adının "Zahirə" adı kimi düzəliş edilməsi öhdəliyi cavabdeh Naxçıvan Şəhər 2 saylı Nikah Evinin üzərinə qoyulması” kimi oxunması qərara alınmışdır. İddiaçı iş materiallarına cavabdeh inzibati orqanın imtina məktubunu, arayışları, şəhadətnamənin, attestatın surətini, nikahın bağlanması haqqında şəhadətnamənin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarında olan: - Naxçıvan 2 saylı Nikah Evi tərəfindən Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yaşayan İddiaçı ünvanlanan 24 noyabr 2022-ci il tarixli, 05/Q-521/15 nömrəli məktubdan görünür ki, Cavidabad KİN tərəfindən xx.xx.1973-cü il tarixdə tərtib olunmuş 100 saylı doğum haqqında akt qeydində uşağın adı X8, doğum tarixi xx.xx.1973-cü il, ana haqqında məlumat X5, ata haqqında məlumat X4 yazılmışdır. Akt qeydlərindən arayışlar və təkrar şəhadətnamələr akt qeydində yazılanlara əsasən verdiyi üçün adın Zahirə yazılmaqla arayış verilməsi mümkün deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 Mart 2001-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar"a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərində düzəliş edilməsi kifayət qədər əsas olmadığından ada düzəliş olunması mümkün deyil. Doğum akt qeydində ada düzəliş olunması üçün müvafiq məhkəməyə müraciət edilməsi izah olunmuşdur. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qaraxanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 19 oktyabr 2022-ci il tarixli, 1339 nömrəli arayışdan görünür ki, xx xxxxxxxx 1973-cü il təvəllüdlü Cəfərova X9 şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatdadır. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qaraxanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 19 oktyabr 2022-ci il tarixli, 1340 nömrəli arayışdan görünür ki, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olan X1 aşağıdakı övladları vardır: 1. Səfərova (Cəfərova) Zahirə Əli qızı; 2. X19; 3. X10. - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxxxx 1973-cü ildə Naxçıvan rayonu, Qaraxanbəyli kəndində doğulmuş Cəfərova X9 şəhəri, Qaraxanbəyli kəndində yaşayır. - AZE CO2515326 nömrəli pasportun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1973-cü ildə doğulmuşdur. - 01 iyul 1988-ci il tarixli, 412977 nömrəli natamam orta təhsil haqqında şəhadətnamənin surətindən görünür ki, 1973-cü il təvəllüdlü X2 rayonu, Qaraxanbəyli kənd orta məktəbində oxumuş və 1988-ci ildə natamam orta məktəbi bitirmişdir. - 28 iyun 1990-cı il tarixli, 650125 nömrəli attestatın surətindən görünür ki, 1973-cü ildə Naxçıvan rayonu, Qaraxanbəyli kəndində doğulmuş X2 rayonu V.Hüseynova adına Qaraxanbəyli kənd orta məktəbin tam kursunu bitirmişdir. - 06 mart 1995-ci il tarixli, 493732 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, 21 iyun 1970-ci ildə Naxçıvan rayonu, Qaraxanbəyli kəndində doğulmuş X7 ilə xx xxxxxxxx 1973-cü ildə Naxçıvan rayonu, Qaraxanbəyli kəndində doğulmuş X11 06 mart 1995-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1995-ci ilin mart ayının 06-cı günündə 05 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Cəfərova soyadı verilmişdir. - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası publik hüquqi şəxsi tərəfindən verilmiş 20 oktyabr 2022-ci il tarixli, 50 nömrəli arayışdan görünür ki, İddiaçı Zərifə Əliyeva adına Naxçıvan şəhər Poliklinikası PHŞ-in tabeliyində olan X24 Ambulatoriyasında sanitar vəzifəsində işləyir. - Naxçıvan Şəhər Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(078)-1171/2022 nömrəli qərardadından görünür ki, ərizəçi Cəfərova (Səfərova) Zahirə Əli qızının maraqlı şəxs Naxçıvan şəhər 2 nömrəli Nikah evinə qarşı akt qeydinin düzgün olmamasının müəyyən edilməsi və düzəlişin edilməsi tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş doğum haqqında akt qeydləri kitabından 07 dekabr 2022-ci il tarixli, JQ 337222 nömrəli çıxarışdan görünür ki, X8 xx xxxxxxxx 1973-cü ildə Naxçıvan rayonu, Qaraxanbəyli kəndində anadan olmuşdur. Bu barədə doğum kitabında xx.xx.1973-cü ildə 100 nömrə ilə qeydiyyat aparılmışdır. X3, anası X5, valideynlərinin milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. - 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. Həmin Müddəaların 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Qaydanın 1.7-ci bəndinə görə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan hesab olunur. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, 30 dekabr 1973-cü il tarixdə tərtib olunmuş 100 nömrəli doğum haqqında akt qeydində iddiaçının ad qrafasında yanlışlıqla “Zahirə” əvəzinə “Aynişan” yazılmışdır. İş materiallarına əlavə edilmiş və iddiaçının şəxsiyyətini müəyyən edən sənədlərdən də görünür ki, iddiaçının adı “Zahirə”dir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbindən imtina edilməsi əsassızdır. Cavabdehin öz imtinasını əsaslandırdığı əsas faktor doğum haqqında akt qeydinə dəyişiklik olunması üçün kifayət qədər əsasın mövcud olmamasıdır. Lakin məhkəmə araşdırması zamanı toplanmış və təqdim edilmiş sübutlar qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Qeyd edilənlər belə qənaətə gəlməyə imkan verir ki, iddiaçı Cəfərova (Səfərova) Zahirə Əli qızının doğum haqqında akt qeydindəki bu cür yanlışlıq aradan qaldırılmalı və Cavidabad kənd İcra Nümayəndəliyi tərəfindən xx.xx.1973-cü il tarixdə tərtib olunmuş, 100 saylı doğum haqqında qeydində "Aynişan" adına "Zahirə" adı kimi düzəliş edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Cavidabad kənd İcra Nümayəndəliyi tərəfindən xx.xx.1973-cü il tarixdə tərtib olunmuş, 100 saylı doğum haqqında qeydində "Aynişan" adının "Zahirə" adı kimi düzəliş edilməsi öhdəliyi cavabdeh Naxçıvan Şəhər 2 saylı Nikah Evinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənləri və İPM-in 4.1, 52, 58, 68-69, 75, 78 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavidabad kənd İcra Nümayəndəliyi tərəfindən xx.xx.1973-cü il tarixdə tərtib olunmuş, 100 saylı doğum haqqında qeydində "Aynişan" adının "Zahirə" adı kimi düzəliş edilməsi öhdəliyi cavabdeh Naxçıvan Şəhər 2 saylı Nikah Evinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar