Məhkəmə qərarları › İş №2-1(122)-305/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-305/2025

31.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-305/2025 31.07.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Muradov Emin Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Culfa rayon bölməsinə qarşı “oğlu Həsənzadə Nurana "şəhid" statusu, ona isə "şəhid ailəsi" statusu verilməsi tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Culfa rayon bölməsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu Həsənzadə Nurana "şəhid" statusu, ona isə "şəhid ailəsi" statusu verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu Nuran Həsənov 2010-cu ildə hərbi xidmətə çağırılıb. xx.xx.2010-cu ildə saat 08:00-dan 10:00-dək N nömrəli hərbi hissənin Sədərək müdafiə rayonunda bilavasitə düşmənə qarşı durmaqla döyüş şəraitində yerləşən “MİL-L” postunda xidmət edərkən əsgər yoldaşı X7 atəş açmaqla onu vurmuş və o, kəskin qan itirməsi nəticəsində vəfat etmişdir. X11 Muxtar Respublikasının Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə AR CM-nin 338.1 və 350.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir. Yuxarıda göstərilənlərdən aydın olur ki, oğlu döyüş bölgəsində hərbi vəzifəsini yerinə yetirərkən həlak olub. Başqa sözlə şəhid olub. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qanunun mənasına görə Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə həlak olan, itkin düşən və ölmüş hesab edilən şəxslər, o cümlədən atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular şəhid hesab olunurlar. Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa Rayon şöbəsinə edilmiş müraciətə qeyri-müəyyən cavab verilmişdir ki, iddiaçı bunu müraciətinə verilən imtina kimi qəbul etmişdir. İddiaçı bir sıra qanunvericilik normalarına istinad edərək, yuxarıda qeyd olunanlar rəhbər tutaraq, oğlu Həsənzadə Nurana "şəhid" statusu, ona isə "şəhid ailəsi" statusu verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş, İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 25 noyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Culfa rayon bölməsi iddiaya qarşı 23 noyabr 2024-cü il tarixli, 3-43-72/1-976/24 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı müraciətinin icrası məqsədi ilə araşdırılma aparılmış və arxiv yazışmalarında xx.xx.2010-cu ildə N nömrəli hərbi hissədən daxil olmuş xx.xx.2010cu il tarixli, 704 nömrəli məktuba əsasən İddiaçı mərhum övladı 1992-ci il təvəllüdlü X4 xx.xx.2010-cu il tarixdə xidməti vəzifəsini apararkən əsgər yoldaşı X3 əlindəki odlu silahdan açılan güllə nəticəsində boğaz nahiyyəsinin yaralanması səbəbindən vəfat etdiyi qeyd edilmişdir. Şəhidlik statusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994cü il tarixli, 10 nömrəli qərarının 1.2.6-cı bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının azadlığı suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərə şamil edilir. N nömrəli hərbi hissədən daxil olmuş bildirişdə qeyd olunan ölüm səbəbi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 nömrəli qərarının müvafiq bəndlərində öz əksini tapmadığı üçün vətəndaş İddiaçı mərhum övladı X6 şəhidlik statusunun verilməsi mümkün olmamışdır. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 23 aprel 2025-ci il tarixli, 2-1(122)-305/2025 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 31 iyul 2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdehin imtina məktubunu, arayışları, müvafiq orqanların məktublarını, bildirişi, ölüm haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərini, hökmün surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı olmadığından rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi tərəfindən Culfa rayon sakini İddiaçı ünvanlanmış 27 dekabr 2023-cü il tarixli, 3-43-75/2-1390/2023 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.2.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab olunurlar. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi"nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. 1994-cü il 23 sentyabr tarixli, 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsinin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə, müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. N nömrəli hərbi hissədən daxil olmuş xx.xx.2010-cu il tarixli, 704 nömrəli arayışda mərhum X4 xx.xx.2010-cu il tarixdə xidməti vəzifəsini apararkən əsgər yoldaşı X3 əlindəki odlu silahdan güllə açılıb boğaz nahiyyəsinin yaralanması nəticəsində vəfat etdiyi bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq mövcud qanunvericiliyin tələblərinə əsasən mərhum X6 şəhid statusunun verilməsi mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, xx.xx.2023-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin rəisi tərəfindən qəbul edilərək qanunvericiliyin tələbləri izah edilmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 13 mart 2024-cü il tarixli, 143 nömrəli arayışından görünür ki, 1959-cu il təvəllüdlü İddiaçı mərhum oğlu 1992-ci il təvəllüdlü X8 xx.xx.2010-cu il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmiş və xx.xx.2010-cu il tarixdə xidməti vəzifəsini apararkən əsgər yoldaşı X3 əlindəki odlu silahdan güllə açılıb boğaz nahiyəsinin yaralanması nəticəsində vəfat etmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa Rayon Şöbəsi tərəfindən Culfa rayonu, Göydərə kənd sakini İddiaçı ünvanlanmış 07 noyabr 2023-cü il tarixli, 3-43-72/2-577/2023 nömrəli məktubdan görünür ki, xx.xx.2010-cu il tarixdən müddətli həqiqi hərbi xidmətdə olan və N nömrəli hərbi hissənin xx.xx.2010-cu il tarixli, 704 nömrəli məktubuna əsasən xidmət etdiyi dövr ərzində əsgər yoldaşının əlindəki odlu silahdan açılan güllə nəticəsində boğaz nahiyyəsindən yaralanaraq vəfat edən mərhum övladı 1992-ci il təvəlldülü X4 hansı şəraitdə vəfat etməsinin səbəb və əlaqəsinin dəqiqləşdirilməsi məqsədi ilə aidiyyəti üzrə dövlət orqanlarına sorğu edilmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa Rayon Şöbəsi tərəfindən Culfa rayonu, Göydərə kənd sakini İddiaçı ünvanlanmış 11 dekabr 2023-cü il tarixli, 3-43-72/2-668/23 nömrəli məktubdan görünür ki, N nömrəli hərbi hissədən daxil olmuş məktubda mərhum oğlu X4 xx.xx.2010-cu il tarixdə xidməti vəzifəsini aprarkən əsgər yoldaşı X3 əlindəki odlu silahdan açılan güllə ilə yaralanaraq vəfat etdiyi qeyd edilmişdir. Bunu nəzərə alaraq qeyd edilmişdir ki, şəhidlik statusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994 -cü il tarixli,10 nömrəli qərarının 1.2.6-cı bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya Daxili lişlər, Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərə şamil olunur. - N nömrəli hərbi hissənin komandiri Mübariz Rzayev tərəfindən imzalanmış bildirişdən görünür ki, İddiaçı oğlu 25 fevral 1992-ci il təvəllüdlü, 09 aprel 2010-cu ildən müddətli həqiqi hərbi xidmətə çağırılmış əsgər X8, 09 avqust 2010-cu il tarixdə xidməti vəzifəsini apararkən əsgər yoldaşı X3 əlindəki odlu silahdan güllə açılıb boğaz nahiyəsinin yaralaması nəticəsində vəfat etmişdir. - AZ-İ 375044 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 09 avqust 2010-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2010cu ilin 08-ci ayının 20-ci günündə 43 nömrə ilə qeyd edilmişdir. Ölüm səbəbi kimi odlu silah güllə yaralanması göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 30 noyabr 2010-cu il tarixli, 1(092)-31/2010 nömrəli hökmünün surətindən görünür ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 338.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X5 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası qəti olaraq təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 09 avqust 2010-cu il tarixdən hesablanması hökm edilmişdir. - 06 sentyabr 2010-cu il tarixli, 283 nömrəli arayışdan görünür ki, 09 aprel 2010-cu il tarixdən əsgər rütbəsində olan qumbaraatan xidməti vəzifəsini icra edən X8 09 avqust 2010-cu il tarixdə 225 nömrəli əmrlə N nömrəli hərbi hissədə şəhid olmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Culfa rayonu, Göydərə kənd sakini İddiaçı ünvanlanmış 29 mart 2011-ci il tarixli, 11/409 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 №-li Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”na əsasən şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qərarın 1.2.6-cı maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 30 noyabr 2010-cu il tarixli hökmündən görünür ki, oğlu Nuran Həsənzadə 09 avqust 2010-cu il tarixdə bilavasitə düşmənə qarşı durmaqla döyüş şəraitində yerləşən postda döyüş növbəsi çəkərkən, əsgər yoldaşı X7 tərəfindən ehtiyatsızlıqdan açılmış atəş nəticəsində həlak olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 4-cü maddəsinə əsasən Nuran Həsənzadənin «şəhid», ailəsinin isə «şəhid ailəsi» hesab edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığına müraciət edilməlidir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən Culfa rayonu, Göydərə kənd sakini İddiaçı ünvanlanmış 24 mart 2015-ci il tarixli, 1/4-2076 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhid adının əbədləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında xx.xx.1994-cü il tarixli, 10 nömrəli qərarının 4.1-ci yarımbəndinə əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi statusu hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələrinin verdiyi arayışlarla təsdiq olunur. - Asan-Naxçıvan tərəfindən verilmiş 17 may 2024-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, xx xxxxxxxx 1959-cu il tarixdə Culfa rayonu, Noraşen kəndində doğulmuş İddiaçı 12 mart 2004-cü il tarixdən Culfa rayonu, Göydərə kəndində qeydiyyatdadır. - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxxxx 1959-cu ildə Culfa rayonu, Noraşen kəndində doğulmuş İddiaçı Culfa rayonu, Göydərə kəndində qeydiyyatdadır. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçı tərəfin məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı onun mərhum oğlu Həsənzadə Nurana "şəhid" statusu, ona isə "şəhid ailəsi" statusu verilməsini tələb edir. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi etirazdan və nümayəndəsinin ötən məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçının mərhum oğlu xidməti vəzifəsini apararkən əsgər yoldaşı X3 əlindəki odlu silahdan güllə açılıb boğaz nahiyyəsinin yaralanması nəticəsində vəfat etdiyindən ona “şəhid” adının verilməsi qanunvericiliyin tələbinə uyğun deyil. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. - 2-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydalarının”: - 1.1-ci bəndinə əsasən şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. - 1.2-ci bəndinə əsasən aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr 2008-ci il tarixli Qərarınına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Həmin qərarın 1-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın 1.2.6-cı bəndinin «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.8-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılmış hallarından aydın olur ki, iddiaçının mərhum oğlu X8 09 aprel 2010-cu il tarixdə Culfa Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. 09 avqust 2010-cu il tarixdə xidməti vəzifəsini apararkən əsgər yoldaşı X3 əlindəki odlu silahdan güllə açılıb boğaz nahiyyəsinin yaralanması nəticəsində vəfat etmişdir. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 30 noyabr 2010-cu il tarixli, 1(092)-31/2010 nömrəli hökmü ilə X5 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası qəti olaraq təyin edilmişdir. İddiaçı hazırki vəziyyətdə mərhum oğluna "şəhid" statusu, ona isə "şəhid ailəsi" statusu verilməsini tələb edir. Hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Culfa rayon bölməsi iddiaçının tələbindən imtina edərək, mərhum oğlunun döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı deyil, xidməti vəzifələrini icra edərkən həlak olduğundan, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli,10 nömrəli qərarına əsasən İddiaçı mərhum övladı X6 şəhidlik statusunun verilməsi mümkün olmadığını bildirmişdir. İş materiallarının hərtərəfli tədqiqi onu deməyə əsas verir ki, iddiaçının mərhum oğlu X8 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı deyil, əsgər yoldaşı tərəfindən odlu silahdan açılan atəş nəticəsində həlak olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının oğlunun həlak olduğu yer və şərait “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr 2008-ci il tarixli Qərarında nəzərdə tutulmuş normaların dispozisiya şərtləri ilə bağlı tələbləri ödəmir. Nəzərə almaq lazımdır ki, həmin normalara əsasən, şəxsin şəhid hesab olunması üçün o, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan əməliyyatlar zamanı və yaxud Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmalıdır (itkin düşməli və ya məhkəmə qaydasında ölmüş elan edilməlidir). Məhkəmələr tərəfindən şəhid statusu ilə bağlı mübahisələrə baxılarkən hər bir konkret mübahisəyə münasibətdə müəyyən olunmuş faktiki hallar müvafiq hüquq normalarının dispozisiya şərtləri baxımından qiymətləndirilməli və həmin şərtlərin mövcudluğu yoxlanılmalıdır. Qanunla müəyyən olunmuş və yuxarıda qeyd edilən dispozisiya şərtlərinə cavab verməyən şəraitdə həlak olmuş şəxslərə, o cümlədən hərbi qulluqçulara, hətta onlar hərbi xidmət zamanı həlak olmuş olsalar belə, şəhid statusunun verilməsindən imtina qanunsuz sayıla bilməz. Odur ki, hazırkı işdə cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Hazırki konkret mübahisəyə münasibətdə qeyd edilməlidir ki, iddiaçının mərhum oğlu X8 N nömrəli hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən həmin hərbi hissədə xidmət edən əsgər yoldaşı X3 əlindəki odlu silahdan atəş açılması nəticəsində həlak olması qüvvədə olan qanunvericiliyin tələbləri baxımından iddiaçının tələb etdiyi “şəhid” adının verilməsi üçün əsas kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş səbəbli əlaqə hazırki iş üzrə iddiaçının mərhum oğluna münasibətdə müəyyən edilmədiyinə görə cavabdeh inzibati orqan tərəfindən haqlı olaraq iddiaçının tələbinin icrasından imtina edilmişdir. Buna görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Qeyd edilən məsələ ilə bağlı oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2-1(102)-548/2024 nömrəli qərarında da öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Culfa rayon bölməsinə qarşı “oğlu Həsənzadə Nurana "şəhid" statusu, ona isə "şəhid ailəsi" statusu verilməsi tələbi”nə dair iddiası rədd edilməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in 2, 34, 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Culfa rayon bölməsinə qarşı “oğlu Həsənzadə Nurana "şəhid" statusu, ona isə "şəhid ailəsi" statusu verilməsi tələbi”nə dair iddiası rədd edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar