Məhkəmə qərarları › İş №2-1(122)-308/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-308/2023

08.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-308/2023 08.08.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi, İddiaçı və cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinə qarşı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X8 hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli, 01 nömrəli qərarının ləğv edilməsi və ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli, 01 nömrəli qərarının ləğv edilməsi və ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1988-1989 illərdə Naxçıvan səyyar mexanikləşdirilmiş dəstəsində işləmiş, daha sonra 1993-2006-ci illərdə 2 nömrəli üzüm emalı zavodunda işləmişdir. Naxçıvan MR Dövlət arxiv idarəsinin arxiv arayışında qeyd olunur ki, Naxçıvan MR Dövlət Arxivində mühafizə olunan Naxkoopittifaqın Təmir-tikinti sahəsinin sənədləri 1982-ci ilə qədər mühafizə olunduğu üçün və X5 Nazirliyinin təmirtikinti idarəsinin 1991-1993-cü illərə dair sənədlər Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyi üçün onun işləməsi barədə məlumat vermək mümkün olmamışdır. Həmin illərin arxivinin olmaması onun təqsiri deyildir və əmək kitabçasında bunla bağlı qeydiyyat aparılmışdır. xx.xx.2023-cü il tarixdə Naxçıvan MR Dövlət Sosial X8 Hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin əmək pensiyasının təyin olunması ilə bağlı müraciət etmişdir. Naxçıvan MR Dövlət sosial X8 Hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 01 nömrəli qərarında imtinanın səbəbi olaraq bildirilmişdir ki, tələb olunan 25 il sığorta stajının olmaması və ya pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatina imkan vermədiyi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunun 7ci maddəsinin şərtləri daxilində tələb olunan 25 il sığorta stajı olmadığı üçün güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı yuxarıda göstərilənlərə əsasən məhkəmədən “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” Publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli, 01 nömrəli qərarının ləğv edilməsi və ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” Publik Hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmuşdur. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsi iddiaya qarşı 03 aprel 2023-cü il tarixli, 02/353 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1962-ci il tarixdə anada olmuş, Naxçıvan şəhəri, Bulqan kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı yaşa görə əmək pensiyası təyin olunması barədə 14 fevral 2023-cü il tarixli ərizə ilə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinə müraciət etmişdir. Fondun Naxçıvan Şəhər İdarəsinin pensiya təyin edən komissiyasının 21 fevral 2023-cü il tarixli, 01 nömrəli qərarında iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ olduğu bildirilmişdir. Bildirilmişdir ki, həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il 6 ay artırılır. Bundan sonra iddiaçı Fondun Naxçıvan Şəhər İdarəsinə qarşı məhkəməyə müraciət edərək, əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 21 fevral 2023-cü il tarixli, 01 saylı qərarın ləğv edilməsi və ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1988-1989-cu illərdə Naxçıvan səyyar mexanikləşdirilmiş dəstəsində, daha sonra 1993-2006-cı illərdə isə 2 nömrəli üzüm emalı zavodunda işləmişdir. Naxçıvan MR Dövlət Arxivində mühafizə olunan Naxkoopittifaqın Təmir-tikinti sahəsinin sənədləri 1982-ci ilə qədər mühafizə olunduğu üçün və X5 Nazirliyinin Təmirtikinti idarəsinin 1991-1993-cü illərə dair sənədlər Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyi və onun işləməsi arxiv arayışları ilə təsdiq olunmadığı üçün ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, həmin illərin sənədlərinin arxivdə olmaması onun təqsiri deyil və onun əmək kitabçasında işləməsi ilə bağlı qeydiyyatlar aparılmışdır. İddiaçı tərəfindən Fondun Naxçıvan Şəhər İdarəsinə təqdim edilmiş, ИТ-İ seriyalı, 058590 nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək (5 il 28 gün) Sumqayıt kompressor zavodunun elektrik sexində çilingər işləmiş, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək (2 il 5 gün) keçmiş Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək (5 il 4 ay 21 gün) Bakı 3 nömrəli montaj idarəsində 4-cü dərəcəli çilingər, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək (1 il 8 ay 10 gün) həmin idarədən köçürmə yolu ilə Naxçıvan Səyyar mexanikləşdirilmiş dəstəsinə işə qəbul edilərək 3-cü dərəcəli montajçı, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək (2 il 2 ay 16 gün) həmin dəstədə 4-cü dərəcəli qaynaqçı, xx.xx.1991-ci il tarixdən xx.xx.2000-ci il tarixədək (8 il 6 ay 19 gün) Naxçıvan təsərrüfat hesablı Təmir-tikinti quraşdırma və sazlama idarəsində 6-cı dərəcəli qaynaqçı, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək (2 il 4 ay 11 gün) üzüm emalı zavodunda fəhlə, xx.xx.2003-cü il tarixdən xx.xx.2014-cü il tarixədək (11 il 1 ay 8 gün) Babək "xxxx" Açıq Səhmdar Cəmiyyətində fəhlə, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək (2 il 16 gün) "xxxx" ASK MMC-də qaynaqçı-çilingər, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək (1 il 1 ay 14 gün) “Şərq Qapısı” qəzeti redaksiyasında təsərrüfat müdiri vəzifələrində işləmişdir. İddiaçının əmək kitabçasındakı olan qeydlərə əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.2017-ci il tarixədək 20 il 4 ay 19 gün xüsusi, 36 il 11 ay 27 gün ümumi iş stajı vardır. İddiaçının əmək kitabçasında müvafiq qeydlər olsa da, həmin qeydlər üzrə şəxsin əmək fəaliyyəti ilə məşğul olması arxiv sənədləri ilə öz təsdiqini tapmır. Nəticədə iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.2017-ci il tarixədək 23 il 7 ay 7 gün ümumi, 12 il 3 ay 28 gün xüsusi iş stajı müəyyən olunmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən tələb olunan 12 il 6 ay xüsusi əmək stajı olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinə qarşı qaldırdığı iddia əsassız olduğundan iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 26 may 2023-cü il tarixli, 2-1(122)-308/2023 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 24 iyun 2023-cü il tarixə təyin edilmişdir. 24 iyun 2023-cü il tarixli şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəsatət verərək, 2017-ci ildən Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublikası Təşkilatında işləməyi barədə məhkəməyə arayış təqdim etməyi üçün məhkəmə iclasının təxirə salınaraq başqa tarixə təyin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının vəsatətinin təmin edərək, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasını 08 avqust 2023-cü il tarixə təyin etmişdir. 08 avqust 2023-cü il tarixli şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia ərizəsində yazılanları müdafiə edərək, bildirmişdir ki, əmək kitabçasındakı qeydlərə əsasən onun 18 oktyabr 1979-cu ildən 15 may 2017-ci il tarixədək 36 il 11 ay 27 gün ümumi iş stajı vardır. Cavabdeh inzibati orqan onun 19 may 2017-ci il tarixdən hazırkı dövrədək Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatında təsərrüfat müdiri vəzifəsində işləməsini nəzərə almamışdır. Bununla da onun 40 ildən artıq ümumi iş stajı mövcuddur. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin nümayəndəsi X4 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, İddiaçı Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatında təsərrüfat müdiri vəzifəsində işləməsi barədə arayış təqdim etmədiyindən ümumi iş stajının əmək kitabçasına görə hesablandığını bildirərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına mübahisələndirilən qərarı, arxiv arayışlarını, əmək kitabçasının surətini və şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan: - “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin 21 fevral 2023-cü il tarixli, 01 nömrəli qərarından görünür ki, Naxçıvan şəhəri, Bulqan kəndində qeydiyyatda olan İddiaçı tələb olunan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7ci maddəsinin şərtləri daxilində tələb olunan 25 il sığorta stajı olmadığı üçün güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilməsi qərara alınmışdır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 13/23 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan MR Dövlət Arxivində mühafizə olunan Naxkoopittifaqın Təmir-tikinti sahəsinin sənədləri 1982-ci ilə qədər mühafizə olunduğu üçün və X5 Nazirliyinin təmir-tikinti idarəsinin 1991-1993-cü illərə dair sənədləri Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyi üçün İddiaçı işləməsi barədə məlumat vermək mümkün olmamışdır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 13/23 nömrəli arxiv arayışından görünür ki, Nəsirov X1 mexanikləşdirilmiş dəstəsində işləmiş və 1988-ci ildə 9 ay, 1989-cu ildə 8 ay əməkhaqqı almışdır. 1988-1989-cu illərə dair əmr kitablarının Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinə təhvil verilmədiyi bildirilmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 13/124 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 2005 və 2006-cı illərdə Babək 2 nömrəli Üzüm emalı zavodunda işləmiş və həmin illərdə əməkhaqqı almışdır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 13/23 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 2 nömrəli Üzüm emalı zavodunda işləmiş və 1993-cü ildə 7 ay, 1994-cü ildə 11 ay, 1995-ci ildə 10 ay, 1996-cı ildə 10 ay, 1997-ci ildə 11 ay, 1998-ci ildə 9 ay, 2001-ci ildə 8 ay, 2002-ci ildə 7 ay, 2003-cü ildə 8 ay, 2004-cü ildə 11 ay, 2005-ci ildə 12 ay əməkhaqqı almışdır. 1999, 2000-ci illərə dair əməkhaqqıları və əmr kitabları Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinə verilmədiyi bildirilmişdir. - ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək (5 il 28 gün) Sumqayıt kompressor zavodunun elektrik sexində çilingər, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək (2 il 5 gün) keçmiş Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək (5 il 4 ay 21 gün) Bakı 3 nömrəli montaj idarəsində 4-cü dərəcəli çilingər, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək (1 il 8 ay 10 gün) həmin idarədən köçürmə yolu ilə Naxçıvan Səyyar mexanikləşdirilmiş dəstəsinə işə qəbul edilərək 3-cü dərəcəli montajçı, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək (2 il 2 ay 16 gün) həmin dəstədə 4-cü dərəcəli qaynaqçı, xx.xx.1991-ci il tarixdən xx.xx.2000-ci il tarixədək (8 il 6 ay 19 gün) Naxçıvan təsərrüfat hesablı Təmir-tikinti quraşdırma və sazlama idarəsində 6-cı dərəcəli qaynaqçı, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək (2 il 4 ay 11 gün) üzüm emalı zavodunda fəhlə, xx.xx.2003-cü il tarixdən xx.xx.2014-cü il tarixədək (11 il 1 ay 8 gün) Babək "xxxx" Açıq Səhmdar Cəmiyyətində fəhlə, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək (2 il 16 gün) "xxxx" ASK MMC-də qaynaqçı-çilingər, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək (1 il 1 ay 14 gün) “Şərq Qapısı” qəzeti redaksiyasında təsərrüfat müdiri vəzifələrində işləmişdir. - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1962-ci ildə Naxçıvan rayonu, Bulqan kəndində doğulmuş Nəsirov X3 şəhəri, Bulqan kəndində yaşayır. İş materiallarına əlavə edilmiş: - Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının 24 iyun 2023-cü il tarixli, 05 nömrəli arayışından görünür ki, İddiaçı Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatında 19 may 2017-ci il tarixdən təsərrüfat müdiri vəzifəsində işləyir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01 avqust 2023-cü il tarixli arayışı ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2003-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində qaynaqçı-çilingər vəzifəsində işləyərək, ümumilikdə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verən 13 il 1 ay 24 gün staja sahibdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarının “Ümumi peşələr bölməsində göstərilən əl ilə qaynaqçılar abzasına” uyğundur. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən ona pensiya təyin edilməməsinə əsas olmuş müvafiq qərarı mübahisələndirərək, həmin qərarın əsası kimi göstərilən müəyyən aylar üzrə əməkhaqqı almasının arxiv arayışları ilə təsdiq edilmədiyinin onun günahı olmadığını və kapital məsələsinin ona şamil olunmadığını bildirərək, ona pensiya təyin edilməsini tələb edir. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi müvafiq məktublardan və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatdan aydın olur ki, iddiaçının ümumi və xüsusi iş stajı tamamlanmadığından iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında müvafiq qərar qəbul edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, Bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx xxxxxx 1962-ci ildə anadan olmuş, 1979cu ildən başlayaraq əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı 60 yaşı tamam olduğundan Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması ilə bağlı müraciət etmişdir. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən tələb olunan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin şərtləri daxilində tələb olunan 25 il sığorta stajının olmadığı üçün ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Bundan sonra mübahisələndirilən qərar qəbul edilmişdir. İlk öncə qeyd olunmalıdır ki, iddiaçının tələbi və hüquqi marağı ona Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X8 hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin güzəştli şərtlərə görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli, 01 nömrəli qərarının ləğv edilməsi və ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. Məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş tələblər cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməsindən asılı olmayaraq, araşdırılması zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 7-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır:

1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddinin olması;

2. İddiaçının xx.xx.2022-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

3. İddiaçının xx.xx.2022-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının ümumi və xüsusi iş stajı ilə bağlı məsələ mübahisələndirildiyindən yuxarıda sadalanan 1-ci və 2-ci elementlərin mövcudluğunun araşdırılması zəruridir. Belə ki, iddiaçının əmək kitabçasındakı qeydlərə və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının 24 iyun 2023-cü il tarixli, 05 nömrəli arayışına əsasən o, xx.xx.2022-ci ilədək 40 ildən artıq ümumi və 12 il 6 aydan çox xüsusi sığorta stajına malikdir. Cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasında qeyd edilsə də, bəzi illər üzrə müvafiq aylarda əməkhaqqı almasının arxiv arayışları ilə təsdiqlənmədiyinə istinad edərək həmin ayların ümumi iş stajından çıxılması qənaətindədir. Bu hal isə iddiaçının ümumi iş stajının azadılmasına və qanunvericiliklə tələb edilən minimum 25 il tələbinin ödənilməməsinə səbəb olur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmək kitabçası cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Məhkəmə tərəfindən iddiaçının əmək kitabçasındakı məlumatlarının mötəbərliyi qəbul edilir. Belə ki, İddiaçı 2 nömrəli Üzüm emalı zavodunda işlədiyi 1993-cü ilə aid olan əməkhaqqı cədvəlində 5 ay, 1994-cü ilə aid olan əməkhaqqı cədvəlində 1 ay, 1995-ci ilə aid olan əməkhaqqı cədvəlində 2 ay və 1997-ci ilə aid olan əməkhaqqı cədvəlində 1 ay, 1998-ci ilə aid olan əməkhaqqı cədvəlində 3 ay, 2001-ci ilə aid olan əməkhaqqı cədvəlində 4 ay, 2002-ci ilə aid olan əməkhaqqı cədvəlində 5 ay, 2003-cü ilə aid olan əməkhaqqı cədvəlində 4 ay, 2004-cü ilə aid olan əməkhaqqı cədvəlində 1 ay əməkhaqqı alması barədə arxiv sənədlərinin təhvil verilməməsi iddiaçının əmək kitabçasındakı həmin dövrə aid qeydlərin mötəbərliyini özü-özlüyündə aradan qaldırmır. Belə ki, cavabdeh tərəfindən iddiaçının sosial sığorta stajı kimi qəbul olunmayan əmək fəaliyyəti dövrü "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun qüvvədə olduğu müddətdə əldə edildiyinə görə, cavabdehin dəlilləri də həmin Qanunun müddəaları əsasında təhlil olunmalıdır. Çünki “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin ifadə etdiyi hüquqi mövqeyə görə, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimləmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. İddiaçının ИТ-İ seriyalı, 058590 nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək (5 il 28 gün) Sumqayıt kompressor zavodunun elektrik sexində çilingər işləmiş, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək (2 il 5 gün) keçmiş Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək (5 il 4 ay 21 gün) Bakı 3 nömrəli montaj idarəsində 4-cü dərəcəli çilingər, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək (1 il 8 ay 10 gün) həmin idarədən köçürmə yolu ilə Naxçıvan Səyyar mexanikləşdirilmiş dəstəsinə işə qəbul edilərək 3-cü dərəcəli montajçı, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək (2 il 2 ay 16 gün) həmin dəstədə 4-cü dərəcəli qaynaqçı, xx.xx.1991-ci il tarixdən xx.xx.2000-ci il tarixədək (8 il 6 ay 19 gün) Naxçıvan təsərrüfat hesablı Təmir-tikinti quraşdırma və sazlama idarəsində 6-cı dərəcəli qaynaqçı, xx.xx.2000ci il tarixdən xx.xx.2002-ci il tarixədək (2 il 4 ay 11 gün) üzüm emalı zavodunda fəhlə, xx.xx.2003-cü il tarixdən xx.xx.2014-cü il tarixədək (11 il 1 ay 8 gün) Babək "xxxx" Açıq Səhmdar Cəmiyyətində fəhlə, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək (2 il 16 gün) "xxxx" ASK MMC-də qaynaqçı-çilingər, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək (1 il 1 ay 14 gün) “Şərq Qapısı” qəzeti redaksiyasında təsərrüfat müdiri vəzifələrində işləmişdir. İddiaçının əmək kitabçasındakı olan qeydlərə əsasən xx.xx.1979cu il tarixdən xx.xx.2017-ci il tarixədək 12 il 6 aydan çox xüsusi, 36 il 11 ay 27 gün ümumi iş stajı vardır. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. İddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndi iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Baxılan işdə iddiaçının əmək kitabçasında, əmək kitabçalarının doldurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericiliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi, qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir. Alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Digər tərəfdən, 2002-2006-cı illərə münasibətdə isə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Göründüyü kimi, 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. Beləliklə, qanunvericiliyə edilmiş tənzimləmələrlə 2006-cı ilin 01 yanvar tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən iddiaçının 1993- 2006-cı illərə aid işlədiyi dövr də sosial sığorta stajına daxil edilməlidir. Yuxarıda qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının 2 nömrəli Üzüm emalı zavodunda işlədiyi 1993-cü ilə aid olan əməkhaqqı cədvəlində 5 ay, 1994-cü ilə aid olan əməkhaqqı cədvəlində 1 ay, 1995-ci ilə aid olan əməkhaqqı cədvəlində 2 ay, 1996-cı ilə aid olan əməkhaqqı cədvəlində 2 ay, 1997-ci ilə aid olan əməkhaqqı cədvəlində 1 ay, 1998-ci ilə aid olan əməkhaqqı cədvəlində 3 ay, 2001-ci ilə aid olan əməkhaqqı cədvəlində 4 ay, 2002-ci ilə aid olan əməkhaqqı cədvəlində 5 ay, 2003-cü ilə aid olan əməkhaqqı cədvəlində 4 ay, 2004-cü ilə aid olan əməkhaqqı cədvəlində 1 ay əməkhaqqı almadığı dövrün pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən hüququnun yarandığı xx.xx.2022-ci ilədək 25 ildən artıq sığorta stajına malikdir. Pensiya kapitalı məsələsi ilə bağlı məhkəmə hesab edir ki, yuxarıda istinad olunan normalara görə hazırkı mübahisəyə münasibətdə pensiya kapitalı ilə bağlı iddiaçının hüququnun yarandığı günə 25 ildən artıq ümumi stajı olduğuna görə tələb irəli sürülə bilməz. Məhkəmə hesab edir ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı barədə mövcud qanunvericiliyin tələbi iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Bu baxımdan cavabdehin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı tələbi əsassızdır və iddiaçıya qarşı həmin tələbi irəli sürməklə ona əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında qərar qəbul etməkdə cavabdeh haqlı sayıla bilməz. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdeh inzibati orqanın 21 fevral 2023-cü il tarixli, 01 nömrəli qərarının ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki mübahisələndirilən qərarda cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinanın səbəbi kimi tələb olunan 25 il sığorta stajının olmaması və ya pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən əmək pensiyası təminatına imkan verməməsini göstərsə də, məhkəmədə iddiaçının 41 il 8 ay ümumi sığorta stajının olması müəyyən edilmişdir. Hətta cavabdehin mübahisələndirdiyi 13 il 4 ay iddiaçının stajı nəzərə alınmasa belə iddiaçının 25 ildən artıq ümumi sığorta stajı mövcuddur. İşin faktiki hallarından və iddiaçının əmək kitabçası ilə iddiaçının xx.xx.2022-cı ilə qədər 12 il 6 aydan artıq güzəştli iş stajının mövcud olması müəyyən edilmişdir. Belə ki, məhkəmədə iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək (2 il 2 ay 16 gün) həmin dəstədə 4-cü dərəcəli qaynaqçı, xx.xx.1991-ci il tarixdən xx.xx.2000-ci il tarixədək (8 il 6 ay 19 gün) Naxçıvan təsərrüfat hesablı Təmir-tikinti quraşdırma və sazlama idarəsində 6-cı dərəcəli qaynaqçı, xx.xx.2003-cü il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində qaynaqçı-çilingər vəzifəsində işləməsi müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Göstərilən siyahıların ümumi peşələr bölmələrində əl ilə elektrik qaynaqçıları əksini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. - 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. - 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. - 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. - 61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. - 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən də aydın olur ki, inzibati orqan tərəfindən inzibati akt qəbul edilərkən işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar əsasında yazılı şəkildə əsaslandırılmalı olduğu halda, mübahisələndirilən qərar qəbul edilərkən qeyd olunan tələbə əməl edilməmişdir. Qanunvericiliyə əsasən inzibati orqan tərəfindən inzibati akt qəbul edilərkən inzibati icraat zamanı əldə edilmiş sübutlara istinad edilməklə əsaslandırma aparılmalıdır. Lakin inzibati orqan tərəfindən mübahisələndirilən qərarda hər hansı bir sübutla əsaslandırma aparılmadığı kimi, inzibati icraat da aparılmamışdır. Cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş mübahisələndirilən inzibati akt qanunsuz sayılır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən inzibati akt qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və dəyişdirilməsini məhkəmədən tələb edə bilər. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin 21 fevral 2023-cü il tarixli, 01 nömrəli qərarı ləğv edilməli və İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilir. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin 21 fevral 2023-cü il tarixli, 01 nömrəli qərarı ləğv edilir. İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar