Məhkəmə qərarları › İş №2-1(122)-308/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-308/2025

10.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-308/2025 10.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin nümayəndələri X1 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyə qarşı "SSRİ Daxili İşlər Nazirliyinin 23 iyun 1986-cı il tarixli, 45 l/S nömrəli əmri əsasında xidməti göndərişlə əlaqədar Çernobil AES qəzasının aradan qaldırılmasında iştirak etdiyinə görə 30 may 1995-ci il tarixli, 015134 nömrəli qərar əsasında müəyyən edilmiş müddətsiz əlilliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron-İnformasiya sisteminin “Əlillik” altsisteminə işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı məhkəmədən ona ömürlük təyin edilmiş İİ dərəcə əlilliyin bərpa edilməsi və ona Prezident təqaüdünün verilməsi öhdəliyinin cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1985-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin göndərişi əsasında X12 məktəbinə daxil olmuş, 1986cı ildə Çernobil AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar 26 iyun 1986-cı ildə Çernobıla ezam olunmuşdur. Həmin tarixdən başlayaraq 26 iyul 1986cı il tarixədək 30 kilometrlik zona daxilində ictimai asayişin qorunması tədbirlərində xidməti vəzifəsini yerinə yetirmişdir. Bu barədə şəxsi işində qeydlər arparılmış və təhsil aldığı X13 məktəbi tərəfindən verilmiş arayışda məlumat əks etdirilmişdir. Zəhərli zonada xidməti vəzifəsini yerinə yetirərkən aldığı şüalanma və onun fəsadlarına görə 1995-ci ildə ona ömürlük İİ dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli Fərmanına əsasən xidməti işlə əlaqədar “Çernobil” qəzasının nəticələrinin aradan qaldırılması tədbirlərində iştirak etmiş hərbi qulluqçu kateqoriyasına aid olan və İİ qrup əlilliyi olan şəxslərə Prezident təqaüdü verilməlidir. O da “Çernobil” AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasıda iştirak etmiş hərbi qulluqçulardan hesab olunur və ona da Prezident təqaüdi verilməlidir. Lakin bu günədək ona Prezident təqaüdü verilməmişdir. Baxmayaraq ki, o, dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib İİ qrup əlilliyini və “Çernobil” qəzasının nəticələrinin aradan qaldırılması tədbirlərində iştirakını təsdiq edən sənədləri təqdim etmişdir. Lakin müraciətlərinə müsbət cavab ala bilməmiş, bəzi hallarda isə müraciətlərinə ümumiyyətlə cavab belə verilməmişdir. Sonuncu müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılaraq ünvanına imtina məktubu göndərilmişdir. Ünvanına göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-17-4/2-Q-802/2024 nömrəli məktubda bildirilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəsassələrinin göndərişləri əsasında qiymətləndirilir. Həmçinin bildirilmişdir ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı müvafiq qurumların hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd (məhkəmə qərarı və s.) əsas götürülür. Lakin müəyyən olunmuşdur ki, əlillik vəziyyətininin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altt sistemində ona aid məlumat və ya göndəriş aşkarlanmamışdır. Halbuki o, cavabdehə dəfələrlə ömürlük İİ dərəcə əlilliyini və “Çernobil” qəzasının nəticələrinin aradan qaldırıldması tədbirlərində iştirakını təsdiq ədən sənədləri təqdim etmişdir. Lakin müraciətlərinə mahiyyəti üzrə cavab ala bilməmiş, əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” alt sistemində ona aid məlumat və ya göndərişin aşkarlanmamasına gəldikdə isə qeyd edilməlidir ki, bu məlumatların Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” alt sisteminə yerləşdirilməsi vəzifəsi qanunla ona deyil, cavabdeh qurumun vəzifəsinə aid edilmişdir. Göründüyü kimi, cavabdeh qanuni əsaslarla ona ömürlük təyin edilmiş İİ dərəcə əlilliyini qanunsuz olaraq ləğv etmiş və ona Prezident təqaüdünün verilməsindən əsassız imtina etmişdir. İddiaçı göstərilənlərə əsasən ona ömürlük təyin edilmiş İİ dərəcə əlilliyin bərpa edilməsi və ona Prezident təqaüdünün verilməsi öhdəliyinin cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2-1(112)-6644/2024 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.6-cı maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuşdur. Məhkəmənin 15 avqust 2024-cü il tarixli, 2-1(122)-1125/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "ona ömürlük təyin edilmiş İİ dərəcə əlilliyin bərpa edilməsi və ona Prezident təqaüdünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair hazırki inzibati iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əsl cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir. Bundan sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 18 sentyabr 2024-cü il tarixli, 3-17-9-4/2-1541/2024 nömrəli və 16 oktyabr 2024-cü il tarixli, 3- 17-9-4/2-1754/2024 nömrəli məktublarla məhkəməyə ünvanlanan iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasının arxivində İddiaçı əlilliyi ilə bağlı məlumat mövcud deyil. Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan əldə edilən məlumatlara əsasən İddiaçı 2001-ci il 17 sentyabr tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuş və hal-hazırda şəxsə əmək pensiyası ödənilir. Əlavə olaraq, şəxsə 80 manat müharibə veteranlarına ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilməkdədir. Məlumat üçün bildirilir ki, şəxsin əlillik vəziyyəti Naxçıvan Muxtar Respublikasının Nazilər Kabinetinin 2020-ci il 2 mart tarixli, 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq göndəriş vermək hüququ olan dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Bildirilir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün göndərişi tibbi müəssisəsi tərəfindən Tibbi-Sosial Ekspertiza və X4 daxil edilməmişdir. Vətəndaş əlilliyinin təyin olunması üçün qeydiyyatda olduğu tibbi müəssisəsinin Həkim Məsləhət Komissiyasına müraciət etməlidir. İddiaçı əlilliyin təyin olunmasına əsas verən diaqnozu əsasında göndərişi tibbi müəssisəsi tərəfindən müvafiq elektron sistemə daxil edildikdən sonra əlilliyin qiymətləndirilməsinə qanunamüvafiq baxılacaqdır. 28 aprel 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı 28 aprel 2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "ona ömürlük təyin edilmiş İİ dərəcə əlilliyin bərpa edilməsi və ona Prezident təqaüdünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi” barədə iddia iddia qaldırdığını bildirib, iddia tələbini dəqiqləşdirərək “SSRİ Daxili İşlər Nazirliyinin 23 iyun 1986-cı il tarixli, 45 l/S nömrəli əmri əsasında xidməti göndərişlə əlaqədar Çernobil AES qəzasının aradan qaldırılmasında iştirak etdiyinə görə 30 may 1995-ci il tarixli, 015134 nömrəli qərar əsasında müəyyən edilmiş müddətsiz əlilliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron-İnformasiya sisteminin “Əlillik” altsisteminə işlənməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” kimi oxunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 28 aprel 2025-ci il tarixli, 2-1(122)-308/2025 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 10 iyun 2025-ci il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin nümayəndələri X3 və X5 etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Yazılı sübutlar: İş materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ünvan 2 ünvanında yaşayan İddiaçı ünvanlanmış 15 yanvar 2024-cü il tarixli, 3-17-4/2-Q-802/2024 nömrəli məktubdan aydın olur ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı müvafiq qurumların hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd (məhkəmə qərarı və s.) əsas götürülür. Müəyyən olunmuşdur ki, əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində ona dair məlumat və ya göndəriş aşkarlanmamışdır. Bununla əlaqədar əlillik vəziyyətin dəqiqləşdirilməsi məqsədilə ərazi üzrə xidmət göstərən Tibbi-sosial ekspert komissiyasına müraciət edilməsi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli, 10/3143 nömrəli arxiv arayışından görünür ki, sabiq polis əməkdaşı İddiaçı arxiv şəxsi işində, onun 26 iyun 1986-cı ildən 26 iyul 1986-cı ilədək X8 Stansiyasında baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması zamanı həmin stansiyanın 30 km məsafəsində xidməti vəzifələrini yerinə yetirməsi barədə qeydlər vardır. - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiasi Nazirliyi Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 28 mart 2023-ci il tarixli, 03/572 nömrəli arayışdan aydın olur ki, Babək rayon Babək şəhər sakini İddiaçı X9 Stansiyasında radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxs kimi hər il birdəfəlik 300.00 manat müavinət ödənilir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Naxçıvan Qarnizonu Mərkəzi Hərbi Həkim Коmissiyasının 18 mart 2023-cü il tarixli, 388 nömrəli qərarından məlum olur ki, Naxçıvan Muxtar Respublikası Babək rayon hərbi komissarlığı tərəfindən xx.xx.1986-cı ildə hərbi xidmətə çağrılmış İddiaçı 1986-cı ildə Çernobil faciəsinin nəticələrinin aradan qaldırılması üzrə iş dövründə aldığı, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqələndirilə bilən və xx.xx.2023-cü ildə xəstəliklərinin səbəbinin və əlilliyinin peşə xarakterinin Çernobil AESdə baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Səhiyyə Nazirliyi Babək RMX tərəfindən təyin edilmiş xəstəlik-diaqnoz: Xroniki şüa xəstəliyi. NSD kardial tip. (Naxçıvan Muxtar Respublikası DİN-nin xx.xx.2023-cü il tarixli 10/3143 nömrəli arxiv arayışı, Səhiyyə Nazirliyi Babək RMX-nın çıxarış epikrizi, Keçmiş SSRİ DİN-nin xx.xx.1986-cı il tarixli 1381 nömrəli arayış, Belarus Respublikası Polis Akademiyasının 30/2-150k nömrəli arayışı, Çernobil AES əlillik vəsiqəsinin kserosurəti, MN NQ MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir). Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır. - 116 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 29 yanvar 2024-cü il tarixli, 87 nömrəli arayışdan görünür ki, 1960-cı il təvəllüdlü İddiaçı F.Yusifov küçəsi, 71 saylı evin 803 nömrəli mənzilində qeydiyyatsız yaşayır. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Babək rayonu, Babək qəsəbə sakini İddiaçı ünvanlanmış 13 sentyabr 2024-cü il tarixli, 3-17-9- 4/2-Q-1516/2024 nömrəli məktubdan aydın olur ki, onun əlilliyi ilə bağlı məlumatlar Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasının arxivində mövcud olmadığı üçün Tibbi- Sosial Ekspertiza və X4 daxil edilməmişdir. Həmçinin, o, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə “Əlilliyin bərpa olunması və prezident təqaüdünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi ilə müraciət etmişdir. Hal-hazırda məhkəmə prosesi davam edir. Məhkəmə tərəfindən veriləcək qərara əsasən müraciətinə qanunamüvafiq baxılacaqdır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 18 oktyabr 2024-cü il tarixli, 02/996 nömrəli məktubdan məlum olur ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı əlilliyin təyin edilməsi barədə hər hansı bir məlumat yoxdur. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 12 noyabr 2024-cü il tarixli, 3-13-43/2-17057/2024 nömrəli məktubdan məlum olur ki, İddiaçı 01 mart 1982-ci il tarixdə DİO-ya xidmətə qəbul edilərək Babək RPŞ-yə polis nəfəri vəzifəsinə təyin olunmuş, xx.xx.1985-ci il tarixədək həmin vəzifədə xidmət etmişdir. xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək X14 Məktəbində təhsil almışdır. Təhsili bitirdikdən sonra xx.xx.1989-cu il tarixdə Babək RPŞ-yə azyaşlılar üzrə sahə inspektoru vəzifəsinə təyin olunmuş və 31 avqust 2001-ci il tarixədək Naxçıvan MR daxili işlər orqanlarında müxtəlif vəzifələrdə xidmət etmişdir. M.X11 Polis Məktəbində təhsil aldığı dövrdə 1986-cı ilin iyun ayının 23-dən iyul ayının 23-dək Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmişdir. Nazirliyin arxivində İddiaçı Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar İİ qrup əlil kimi pensiya alması və pensiyadan imtina etməsi barədə ərizəsi yoxdur. Lakin İddiaçı pensiya təyin edilməsi ilə bağlı arxiv şəxsi iş qovluğunda 2001-2006cı illərdə İİ qrup Çernobıl əlili kimi müavinət alması barədə qəbzlər vardır. Məktuba çağırış vərəqəsinin və qəbzlərinin surəti əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 26 noyabr 2024-cü il tarixli, 3-17-9-1/2-12478/2024 nömrəli məktubdan məlum olur ki, İddiaçı hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə 1175.25 manat əmək pensiyası, Sosial müavinətlər və təqaüdlərin təyinatı şöbəsi tərəfindən 80 manat məbləğində müharibə veteranlarına ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilməkdədir. Məlumat üçün bildirilir ki, İddiaçı 2011-ci il tarixdən 2023-cü il də daxil olmaqla Radiasiya qəzası nəticəsində zərərçəkmiş şəxslərə hər il müalicə üçün verilən müavinət ödənilmişdir. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 07 yanvar 2025-ci il tarixli, 3-13-43/2-130/2025 nömrəli məktubla İddiaçı "pensiya təyin edilməsi ilə bağlı arxiv şəxsi iş qovluğu"nda iş üçün əhəmiyyətli hesab olunan sənədlər məhkəməyə göndərilmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə göndərilmiş 16 yanvar 2025-ci il tarixli, 3-17-9-4/2-117/2025 nömrəli məktubdan görünür ki, Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasının arxivində İddiaçı əlilliyi ilə bağlı məlumat mövcud deyil. Bildirilir ki, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 2 mart 2020-ci il tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasında əlilliyin qiymətləndirilməsi Qaydası"nın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Məlumat üçün bildirilir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün göndərişi tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” (TSERAS) altsisteminə daxil edilməmişdir. Vətəndaş əlilliyinin təyin olunması üçün qeydiyyatda olduğu tibb müəssisəsinin Həkim Məsləhət Komissiyasına müraciət etməlidir. İddiaçı əlilliyin təyin olunmasına əsas verən diaqnozu əsasında göndərişi tibb müəssisəsi tərəfindən müvafiq elektron sistemə daxil edildikdən sonra əlilliyin qiymətləndirilməsinə qanunamüvafiq baxılacaqdır. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 30 yanvar 2025-ci il tarixli, 3-17-9-1/2-923/2025 nömrəli məktubla İddiaçı 820112 nömrəli pensiya işində olan sənədlərin surəti məhkəməyə göndərilmişdir. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 20 fevral 2025-ci il tarixli, 3-13-43/2-2684/2025 nömrəli məktubla İddiaçı "pensiya təyin edilməsi ilə bağlı arxiv şəxsi iş qovluğu”nda olan 30 may 1995-ci il tarixdə təkrar müddətsiz ikinci dərəcə Çernobıl əlilliyi verilməsi barədə sənədin təsdiq olunmuş surəti məhkəməyə göndərilmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 24 fevral 2025-ci il tarixli, 3-48-NDA/1-2-231/2025 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş Babək Rayon Dövlət Arxivinin 18 fevral 2025-ci il tarixli, 15 nömrəli məktubundan məlum olur ki, Babək rayon Xəstəxanasının 1994-1996-cı illərə dair sənədləri Babək Rayon Dövlət Arxivinə təhvil verilmədiyindən, vətəndaş İddiaçı Çernobil qəzasının aradan qaldırılmasında iştirak etdiyinə görə ona əlilliyinin müəyyən edilməsi məqsədilə aparılmış müayinə proseduruna dair müayinə sənədləri barədə Babək Rayon Dövlət Arxivində məlumat yoxdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən bu Qanun Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş (30 kilometrlik zona daxilində) və həmin qəza nəticəsində yaranmış zərərli təsir zonasında olmuş Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsinə yönəldilmişdir. 5-ci maddəsinə əsasən bu Qanun aşağıdakı vətəndaşlara şamil olunur:

1. Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş və ya bu xəstəliyi keçirmiş, habelə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən: a) köçürmə zonası hüdudlarında, yəni qəza mərkəzindən 30 kilometrlik radiusda olan ərazidə qəza nəticələrinin ləğvində iştirak etmiş (o cümlədən müvəqqəti göndərilmiş və ya ezam edilmiş), yaxud Çernobıl AES-in istismarında və ya stansiyada digər işlərlə məşğul olmuş şəxslər; b) köçürmə zonasında xidmət keçmiş daxili işlər orqanlarının rəis və sıravi heyətindən olan şəxslər; v) göstərilən qəzanın nəticələrinin ləğvi ilə bağlı xüsusi toplanışlara çağrılmış və uzaqlaşdırma zonasında işlərə cəlb edilmiş hərbi qulluqçular (burada və bundan sonra bu kateqoriyaya aiddirlər: zabit heyəti, gizirlər, miçmanlar, müddətindən artıq xidmət hərbi qulluqçuları, qadın hərbi qulluqçular, keçmiş SSRİ silahlı qüvvələrində, keçmiş SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin qoşunlarında, daxili və dəmiryol qoşunlarında və digər hərbi birləşmələrdə həqiqi hərbi xidmətdə olan çavuşlar, sıravi heyət və hərbi vəzifəlilər); q) zərər çəkmiş vətəndaşların qəza baş verdikdən sonra doğulmuş və Azərbaycan Respublikası vətəndaşları olan övladları,

2. 1986-1990-cı illərdə, Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin köçürmə zonası hüdudlarında ləğv edilməsində, yaxud həmin dövrdə Çernobıl AES-in istismarında və ya digər işlərdə iştirak etmiş (o cümlədən, müvəqqəti göndərilmiş, yaxud ezam edilmiş) şəxslər, habelə xüsusi toplanışlara çağırılmış və həmin dövrdə görülən işin növündən və yerindən asılı olmayaraq, göstərilən qəzanın nəticələrinin ləğvi ilə bağlı işlərin görülməsinə cəlb edilmiş hərbi qulluqçular və hərbi vəzifəlilər, habelə köçürmə zonasında xidmət keçmiş daxili işlər orqanlarının rəis və sıravi heyəti. 10-cu maddəsinə əsasən bu Qanunun 5-ci maddəsinin 1-ci və 2-ci bəndlərində göstərilən şəxslərin pensiya təminatı məsələləri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həll olunur. 11-ci maddəsinə əsasən Bu Qanunun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən şəxslərin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə, əlillik müddətsiz müəyyən edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs əlilliyi olan şəxsdir. - 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikasının Prezidentinin 15 aprel 2019-cu il tarixli, 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnamənin: - 2.1.5-ci bəndinə əsasən MEİS-in strukturuna o cümlədən “Əlillik” (TSERAS) altsistemi daxildir. - 2.3.-cü bəndinə əsasən MEİS-in strukturuna daxil olan altsistemlər vasitəsilə aşağıdakılar təmin edilir: - 2.3.5-ci bəndinə əsasən “Əlillik” (TSERAS) altsistemi vasitəsilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsinin, əlilliyi olan şəxslərin reyestrinin aparılması, eləcə də əlilliyi olan şəxslərin bərpa mərkəzlərinə qəbulunun, onlara göstərilən reabilitasiya xidmətlərinin uçotunun elektron qaydada aparılması - 2.5-ci bəndinə əsasən MEİS-də toplanmış məlumatlardan, həmin informasiyanın xarakterindən asılı olaraq, dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və ya fiziki şəxslərin bu Əsasnamənin 1.3-cü bəndinə uyğun olaraq istifadə etmək hüququ vardır. - 2.6-cı bəndinə əsasən MEİS vasitəsilə sorğu edilən məlumatların tərkibi bu Əsasnamənin 4.1-ci bəndində göstərilən dövlət qurumları ilə qarşılıqlı razılaşmalara, operatorun bu Əsasnamə ilə müəyyən edilmiş funksiyalarına və istifadəçilərin sistemdən istifadə səlahiyyətlərinə uyğun müəyyənləşdirilir. - 4.1-ci bəndinə əsasən nazirliyin müvafiq sahədə elektron xidmətlər göstərilməsi zamanı tələb olunan məlumatları ilkin mənbədən əldə etməsinin təmin olunması məqsədilə dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatları və sistemləri MEİS-ə inteqrasiya edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 64-cü maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı SSRİ Daxili İşlər Nazirliyinin 23 iyun 1986-cı il tarixli, 45 l/S nömrəli əmri əsasında xidməti göndərişlə əlaqədar Çernobil AES qəzasının aradan qaldırılmasında iştirak etdiyinə görə 30 may 1995-ci il tarixli, 015134 nömrəli qərar əsasında müəyyən edilmiş müddətsiz əlilliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron-İnformasiya sisteminin “Əlillik” altsisteminə işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İş materiallarında olan Naxçıvan MR Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş xx.xx.1994-cü il tarixli, 50/2-150K arayışına əsasən iddiaçı SSRİ Daxili İşlər Nazirliyinin 23 iyun 1986-cı il tarixli, 45 İ/s saylı əmri ilə Çernobıl AES qəzasının aradan qaldırılmasında iştirak etmək üçün 26 iyun 1986-cı il tarixdən 26 iyul 1986-cı il tarixədək həmin əraziyə ezam olunmuşdur. Naxçıvan MR Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş xx.xx.2025ci il tarixli məktuba əlavə edilmiş arayışa əsasən İddiaçı 26 iyun 1986-cı ildən 26 iyul 1986cı il tarixədək Çernobıl AES-da baş verimiş qəzanın nəticələrinin aradan qaldırılması işlərində 30 km-lik köçürmə zonasında iştirak etmişdir. Məhkəmə araşdırması zamanı məhkəmənin sorğusu əsasında Naxçıvan MR Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı pensiya təyin edilməsi ilə bağlı arxiv şəxsi iş qovluğunda olan ona Çernobıl əlili kimi 30 may 1995-ci il tarixdə təkrar müddətsiz ikinci dərəcə əlillik təyin edilməsi barədə 015134 nömrəli qərarın təsdiq edilmiş surəti və 2001-2006-cı illər ərzində Çernobıl əlili kimi müavinət alması barədə qəbzlərin surəti məhkəməyə təqdim edilmişdir. Əlavə olaraq məhkəmə araşdırması zamanı əldə edilmiş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim edilmiş yuxarıda qeyd olunan məktuba əsasən müəyyən edilir ki, İddiaçı DSMF tərəfindən 2023-cü il tarixədək radiasiya qəzası nəticəsində zərərçəkmiş şəxslərə hər il müalicə üçün verilən müavinət ödənilmişdir. X7 Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim edilən iddiaçıya məxsus pensiya işində olan sənədlərdən də İddiaçı 30 may 1995-ci il tarixdən ikinci dərəcə əlillik təyin edilməsi öz təsdiqini tapmışdır. Eyni zamanda İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Naxçıvan Qarnizonu Mərkəzi Hərbi Həkim Коmissiyasının 18 mart 2023-cü il tarixli, 388 nömrəli qərarından məlum olur ki, Naxçıvan Muxtar Respublikası Babək rayon hərbi komissarlığı tərəfindən xx.xx.1986-cı ildə hərbi xidmətə çağrılmış İddiaçı 1986-cı ildə Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılması üzrə iş dövründə aldığı, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqələndirilə bilən və xx.xx.2023-cü ildə xəstəliklərinin səbəbinin və əlilliyinin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Səhiyyə Nazirliyi Babək RMX tərəfindən təyin edilmiş xəstəlikdiaqnoz: Xroniki şüa xəstəliyi. NSD kardial tip. Xəstəlikdir, Çernobil AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır. Məhkəmə qeyd edir ki, iddiaçıya əlilliyin təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. Bu baxımdan, qanunda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan 30 may 1995-ci il tarixli, 015134 nömrəli qərar əsasında müəyyən edilmiş müddətsiz əlilliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron-İnformasiya sisteminin “Əlillik” altsisteminə işlənməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyə qarşı "SSRİ Daxili İşlər Nazirliyinin 23 iyun 1986-cı il tarixli, 45 l/S nömrəli əmri əsasında xidməti göndərişlə əlaqədar Çernobil AES qəzasının aradan qaldırılmasında iştirak etdiyinə görə 30 may 1995-ci il tarixli, 015134 nömrəli qərar əsasında müəyyən edilmiş müddətsiz əlilliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron-İnformasiya sisteminin “Əlillik” altsisteminə işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

İddia təmin edilsin. İddiaçı SSRİ Daxili İşlər Nazirliyinin 23 iyun 1986-cı il tarixli, 45 l/S nömrəli əmri əsasında xidməti göndərişlə əlaqədar Çernobil AES qəzasının aradan qaldırılmasında iştirak etdiyinə görə 30 may 1995-ci il tarixli, 015134 nömrəli qərar əsasında müəyyən edilmiş müddətsiz əlilliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron-İnformasiya sisteminin “Əlillik” altsisteminə işlənməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar