Məhkəmə qərarları › İş №2-1(122)-31/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-31/2023

10.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-31/2023 10.02.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X26 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şərur Rayon Nikah Evinə qarşı "Şərur rayon Cəlilkənd İcra Nümayəndəliyində aparılmış 1940-cı il tarixli, 7 nömrəli doğum haqqında akt qeydində X1 düzəliş edilərək X9 qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı cavabdeh Şərur rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X14 Şərur rayon Cəlilkənd İcra Nümayəndəliyində 07 səhifədə 1940-cı il doğum haqqında akt qeydlər kitabında qeydiyyatın düzgün olmamasının müəyyən edilməsi, akt qeydlər kitabında X1 düzəliş edilərək X9 qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum X8 07 yanvar 1940-cı ildə Şərur rayon Düdəngə kəndində anadan olmuşdur. Bu barədə qeydiyyat Cəlilkənd İcra Nümayəndəliyində 07 səhifədə 1940-cı il kitabında qeydiyyat aparılmışdır. X6 atası X22, anası isə X11 olmuşdur. X8 17 oktyabr 2005-ci ildə vəfat etmişdir. Onun mülkiyyətində olmuş Düdəngə kənd ərazisində həyətyanı torpaq sahəsi miras əmlak olaraq qalmışdır. Həmin torpaq sahəsi üzərində miras əmlakın qəbulunun aparılması üçün müvafiq dövlət orqanlarına müraciət etmişdir. Mərhum atasının doğum haqqında şəhadətnaməsi olmadığından iddiaçı Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin Qeydiyyat şöbəsinin verdiyi atası barədə çıxarışda atasının soyadı Quliyev yox, Həsənov kimi göstərilmişdir. Atasının bütün sənədlərində soyadının Quliyev olması Qeydiyyat şöbəsi tərəfindən verilmiş çıxarışda isə Həsənov kimi göstərilməsi onlara miras əmlakın qəbulunda ciddi problemlər yaratmışdır. Atasının valideynlərinin hər ikisinin soyadlarının Quliyev və Quliyeva kimi olmuş, mərhum atanın da soyadının Quliyev kimi yazılmalı olduğu halda, səhvən Həsənov kimi yazılmışdır. Şərur rayonunda aparılmış doğum akt qeydində mərhum atasının soyadında düzəlişin aparılması barədə Şərur rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etsə də, 16 noyabr 2022-ci il tarixli, 05/15-402/76 nömrəli məktubla müsbət cavab verilməyərək, belə mübahisələrin həllinin məhkəmənin qərarı əsasında aparıldığı bildirilmişdir. Ona görə də doğum akt qeydində mərhum atasının soyadında düzəlişin aparılması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı yuxarıda göstərilənlərə əsasən məhkəmədən X14 Şərur rayon Cəlilkənd İcra Nümayəndəliyində 07 səhifədə 1940-cı il doğum haqqında akt qeydlər kitabında qeydiyyatın düzgün olmamasının müəyyən edilməsi, akt qeydlər kitabında X1 düzəliş edilərək X9 qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 09 dekabr 2022ci il tarixə təyin edilmişdir. 09 dekabr 2022-ci il tarixə təyin olunmuş iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclasında İddiaçı cavabdeh inzibati orqanı və iddia tələbini dəqiqləşdirdiyini bildirərək, 09 dekabr 2022-ci il tarixli yeni iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Cavabdeh Şərur Rayon Nikah Evi iddiaya dair məhkəməyə ünvanlanan 21 dekabr 2022-ci il tarixli, 05/13-462/76 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı ərizə ilə Şərur Rayon Nikah Evinə müraciət edərək Şərur rayon Cəlilkənd İƏD üzrə Nümayəndəliyi tərəfindən X4 1940-ci il tarixli, 07 nömrəli doğum akt qeydində soyadın "Həsənov”dan "Quliyev"ə dəyişdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş "X2 qeydində dəyişiklik bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalar" a əsasən X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi kifayət qədər əsaslar olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənin yaşadıqları ərazidə Nikah Evi tərəfindən icra edilir. Doğum haqqında akt qeydində soyad "Həsənov” yazıldığından düzəliş etmək mümkün olmadığı üçün X2 qeydiyyatı Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsində həyata keçirilir. Cavabdeh Şərur Rayon Nikah Evi məhkəməyə 01 fevral 2023-cü il tarixli, 05/13- 46/76 nömrəli məktub göndərərək 10 fevral 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iş yükünün çoxluğu ilə əlaqədar iştirak edə bilməyəcəklərini bildirib işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: İddiaçı - İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şahid - X7 19 yanvar 2023-cü il tarixə təyin olunmuş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında ifadə verərək 1976-cı ildə X21 ilə evləndiyini, nikahın bağlanması haqqında şəhadətnamə və bütün digər sənədlərdə İlhamın soyadının Quliyev yazıldığını, İlhamdan qalan miras əmlakın qəbulu zamanı İlhamın soyadının Qeydiyyat şöbəsi tərəfindən verilmiş çıxarışda Həsənov yazıldığının ona məlum olduğunu, miras əmlakın qəbulu ilə bağlı vərəsələr arasında heç bir mübahisənin olmadığını bildirmişdir. Şahid - X15 həmin məhkəmə iclasında ifadə verərək mərhum ataları İlhamın soyadının Həsənov yazıldığının övladlarının heç birinə məlum olmadığını, qardaşlarının da soyadının Quliyev olduğunu, atasının 2005-ci ildə vəfat etdikdən sonra ondan qalmış miras əmlakın qəbulu üçün doğum haqqında şəhadətnamənin tələb olunduğunu, şəhadətnamə olmadığından Qeydiyyat şöbəsinə müraciət edəndə atasının soyadının Quliyev yox, Həsənov yazıldığının onlara məlum olduğunu, miras əmlakın qəbulu ilə bağlı heç bir mübahisənin olmadığını bildirmişdir. Yazılı sübutlar: - Şərur Rayon Nikah Evi tərəfindən Şərur rayon Düdəngə kənd sakini İddiaçı ünvanlanmış 16 noyabr 2022-ci il tarixli, 05/15-402/76 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş "X2 Qeydində Dəyişiklik bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalar”a əsasən X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi kifayət qədər əsaslar olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. X4 doğum haqqında akt qeydində soyadı "Həsənov" yazıldığından düzəliş etmək mümkün olmadığı üçün X2 qeydiyyatında düzəliş edilməsi məhkəmə qaydasında müəyyən edilir. Şərur Rayon Nikah Evi məhkəməyə müraciət edilməsini məsləhət görmüşdür. - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş 01 noyabr 2022-ci il tarixli doğum haqqında akt qeydindən çıxarışdan məlum olur ki, X19 07 yanvar 1940-cı il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur. Bu barədə Cəlilkənd İN-də 07 yanvar 1940-cı il tarixdə doğum haqqında akt qeydləri kitabında 07-ci səhifədə qeydiyyat aparılmışdır. - Şərur Rayon İcra Hakimiyyətinin Düdəngə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17 noyabr 2022-ci il tarixli, 568 nömrəli arayışdan görünür ki, mərhum X21 vəfat etdikdən sonra onun aşağıdakı tərkibdən ibarət ailə üzvləri vardır: X7, X16, İddiaçı, X23, X17, X12 - Şərur Rayon İcra Hakimiyyətinin Düdəngə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17 noyabr 2022-ci il tarixli, 569 nömrəli arayışdan görünür ki, İddiaçı Şərur rayon Düdəngə kəndində qeydiyyatdadır. - Şərur Rayon İcra Hakimiyyətinin Düdəngə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17 noyabr 2022-ci il tarixli, 570 nömrəli arayışdan aydın olur ki, mərhum X21 vəfat edən günədək Şərur rayon Düdəngə kəndində yaşamış və qeydiyyata durmuşdur. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxx 1971-ci il tarixdə doğulmuşdur. - İliç rayonu Cəlilkənd İN tərəfindən verilmiş 09 iyul 1971-ci il tarixli, АЗБ seriyalı, 041499 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, İddiaçı xx xxxx 1971-ci il tarixdə İliç rayonunun Düdəngə kəndində doğulmuşdur. Şəhadətnamənin ata adı qrafasında X21, ana adı qrafasında X7 göstərilmişdir. Bu barədə 14 iyul 1971-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında 147 nömrə ilə qeyd edilmişdir. - 21 sentyabr 1967-ci il tarixli, P seriyalı, 600562 nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, X21 1967-ci ildə Bakı Energetika Texnikumunu bitirmişdir. - İliç rayonu Cəlilkənd İN tərəfindən verilmiş 23 avqust 1968-ci il tarixli, АЗБ seriyalı, 064242 nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X21 ilə X3 23 avqust 1968-ci il tarixdə evlənmişdirlər. - Şərur Rayon İcra Hakimiyyətinin Düdəngə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01 noyabr 2005-ci il tarixli, AZ-İ seriyalı, 073310 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X21 17 oktyabr 2005-ci ildə Şərur rayon Düdəngə kəndində baş beyinin yeni törəməsi nəticəsində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 01 noyabr 2005-ci ildə 27 nömrə ilə qeyd edilmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı tərəf subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və X2 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 dövlət qeydiyyatı Qaydası”nın: - 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən X2 dövlət qeydiyyatı qaydasını müəyyən edir. - 1.4 bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X2 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 3-cü bəndinə əsasən X2 qeydindəki səhvlər düzəldikdə X2 qeydində dəyişikliklər aparılır. - 5-ci bəndinin İİ hissəsinə əsasən ölənlər barəsində vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir. - 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, Şərur rayon Cəlilkənd İcra Nümayəndəliyində aparılmış 1940-cı il tarixli, 7 nömrəli doğum haqqında akt qeydində X5 qrafasında yanlışlıqla “Quliyev” əvəzinə “Həsənov” yazılmışdır. Eyni zamanda məhkəmə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, cavabdeh tərəfindən 1940-cı il tarixli, 7 nömrəli doğum haqqında akt qeydində dəyişiklik edilməsinə heç bir qanuni maneə olmamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət hüququn mahiyyətini dəyişməməlidir. Cavabdehin öz imtinasına gətirdiyi arqument vətəndaşlıq vəziyyəti aktlarında dəyişikliyin olunması üçün kifayət qədər əsasın mövcud olmamasıdır. Qeyd olunan hal üzrə orqanın imtinası isə hazırkı iddianın təmin edilməməsi üçün qanuni əsas ola bilməz. Belə ki, məhkəmə araşdırması zamanı toplanmış sübutlar işin halları baxımından iddiaçının iddia tələbinin təmin edilməsi üçün yetərli dərəcədədir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh Şərur Rayon Nikah Evi tərəfindən iddiaçının tələbindən imtina edilməsi əsassız olmuşdur. Beləliklə, İddiaçı cavabdeh Şərur Rayon Nikah Evinə qarşı "Şərur rayon Cəlilkənd İcra Nümayəndəliyində aparılmış 1940-cı il tarixli, 7 nömrəli doğum haqqında akt qeydində X1 düzəliş edilərək X9 qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. Şərur rayon Cəlilkənd İcra Nümayəndəliyində aparılmış 1940-cı il tarixli, 7 nömrəli doğum haqqında akt qeydində X1 düzəliş edilərək X9 qeydə alınması öhdəliyi cavabdeh Şərur Rayon Nikah Evinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar