Məhkəmə qərarları › İş №2-1(122)-311/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-311/2024

16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-311/2024 16.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh X6 Komandanlığının nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh X1rşı "X6 Komandanlığının xx.xx.2018-ci il tarixli, 0127 əç nömrəli əmrinin ləğv olunaraq onun məcburi buraxılmış iş müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə bərpa olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası N nömrəli hərbi hissəsinin əmrinin ləğv olunaraq onun məcburi buraxılmış iş müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə bərpa olunmağı öhdəliyinin cavabdeh N nömrəli hərbi hissənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 18 yanvar 2015-ci il tarixdə 262 nömrəli 3 illik müqavilə əsasında N nömrəli hərbi hissədə MAHHXHQ əsgər olaraq xidmətə başlamışdır. 2016-cı ildə Naxçıvan Şəhər Poliqonunda Türk Hərbi Qüvvələrinin təşkil etdiyi SVD kursunu bitirmiş, 3 illik xidmət müddəti bitdikdən sonra, yəni 2018-ci ildə yenidən 5 illik müqavilə bağlamışdır. Həmin 5 illik xidmət müddətində sadəcə işə yubanma ilə bağlı töhməti olub. Bundan əlavə heç bir nöqsana yol vermədən qanunvericiliyin tələblərinə uyğun olaraq nümunəvi şəkildə xidmət etmişdir. Xidmətə başlayanda Culfa Rayon N nömrəli hərbi hissənin Xüsusi Təyinatlı taborunun snayper qrupunda snayper kəşfiyyatçı vəzifəsinə təyin olunmuşdur. 3 illik xidmət müddəti bitdikdən sonra 2-ci 5 illik müqaviləni imzalamış, N nömrəli hərbi hissəsin özünə təyin olunmuşdur. Bir neçə ay xidmət etdikdən sonra ailə vəziyyəti ilə əlaqədar yaşayış yerinə yaxın hərbi hissəyə perovod almaq üçün N nömrəli hərbi hissəyə müraciət etmişdir. Perevod zamanı dağa təyin olunmuş, lakin yüksək yerə təzyiqi olduğundan etirazını bildirmiş və perovoddan imtina etmişdir. Bundan sonra həqiqətən təzyiqi olub-olmamağı ilə əlaqədar onu hərbi hospitala göndərmişdirlər. Yoxlanışdan keçdikdən sonra məlum olmuşdur ki, onun həqiqətən yüksəkliklə əlaqədar təzyiqi var. Həkim hərbi xidmətə yararlı olduğunu, lakin yüksək deyil, aşağı hərbi hissəyə ləyin olunmağı barədə kağız vermişdir. Buna baxmayaraq, N nömrəli hərbi hissə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e” bəndinə (xidmətə uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə qərar vermişdir. 17 sentyabr 2018-ci ildə N nömrəli hərbi hissədən azad edilmişdir. Ehtiyata buraxıldıqdan sonra 5 il ərzində dəfələrlə Orda Qərargahının qəbuluna xidmətə qayıtmaq üçün müraciət etsə də, N nömrəli hərbi hissənin komandirinin xidmətə qayıtmağı barədə rəyə vermədiyi ona bildirilmişdir. Hazırda isə pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı göstərilənlərə əsasən məhkəmədən Naxçıvan Muxtar Respublikası N nömrəli hərbi hissəsinin əmrinin ləğv olunaraq onun məcburi buraxılmış iş müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə bərpa olunmağı öhdəliyinin cavabdeh N nömrəli hərbi hissənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 29 dekabr 2023cü il tarixə təyin edilmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə müvafiq olaraq, yardım məktubları ünvanlanaraq ərizədə yol verilən nöqsanların aradan qaldırılması, cavabdeh inzibati orqanın, iddia tələbinin dəqiqləşdirilməsi üçün müddət təyin edilmişdir. 29 dekabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçı məhkəməyə yeni iddia ərizəsi təqdim edərək X6 Komandanlığının N nömrəli hərbi hissəsinin xx.xx.2018-ci il tarixli, 0/27 əq nömrəli əmrinin ləğv olunaraq onun məcburi buraxılmış iş müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə bərpa olunmağı öhdəliyinin cavabdeh X6 Komandanlığının N nömrəli hərbi hissəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənın protokol qərardadı ilə yeni iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfə yenidən yardım məktubu ünvanlanaraq, xx.xx.2018-ci il tarixli, 0/27 əq nömrəli əmrin ona məlum olduğu anı müəyyən etməyə imkan verən müvafiq sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. İddianın mümkünlüyünün yoxlanılması ilə bağlı növbəti məhkəmə iclası 16 fevral 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı vəsatət verərək iddia ərizəsində cavabdeh inzibati orqanın adında, əmrin tarixi və nömrəsində səhvə yol verdiyini bildirib, iddia tələbinin tam dəqiq ifadə olunması üçün “X6 Komandanlığının xx.xx.2018-ci il tarixli, 0127 əç nömrəli əmrinin ləğv olunaraq onun məcburi buraxılmış iş müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə bərpa olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi oxunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin protokol qərardadı ilə İddiaçı tərəfindən verilmiş vəsatət təmin edilərək İddiaçı cavabdeh X1rşı iddia tələbinin “X6 Komandanlığının xx.xx.2018-ci il tarixli, 0127 əç nömrəli əmrinin ləğv olunaraq onun məcburi buraxılmış iş müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə bərpa olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi oxunması qərara alındı. Tərəflərin izahatı: Məhkəmə iclasında İddiaçı ona göndərilən yardım məktublarından xəbərdar olduğunu, müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 İddiaçı iddia müddətini buraxması səbəbindən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: . 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.4-cü maddəsinə əsasən isə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; 24.6-cı maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarında əks olunan hüquqi mövqe aşağıdakı kimidir: 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 5.1., 5.2., 6.1., 6.2., 7., 8.5-ci bəndlərində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 3.4-cü bəndində göstərilmişdir ki, birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsi ilə də yerinə yetirə bilər. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı X6 Komandanlığının xx.xx.2018ci il tarixli, 0127 əq nömrəli əmrinin ləğv olunaraq onun məcburi buraxılmış iş müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə bərpa olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş etməklə mübahisələndirmə haqqında iddia qaldırmışdır. İnzibati məhkəmə icraatı qaydasında mübahisələndirmə haqqında iddia şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsindən (ləğv olunmasından və ya dəyişdirilməsindən) ibarətdir. İş materiallarında olan Müdafiə Nazirinin X3 Komandanının xx.xx.2018-ci il tarixli, 0127 əç nömrəli əmrdən aydın olur ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, N-cı Motoatıcı briqadanın (N nömrəli hərbi hissə) N5-ci Motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının motoatıcı manqasının komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Cavabdeh tərəfindən məhkəmə iclası zamanı təqdim edilmiş söhbət vərəqəsindən görünür ki, İddiaçı ilə 13 sentyabr 2018-ci il tarixdə aparılmış söhbət zamanı iddiaçı mövqedə xidmət etməkdə çətinlik çəkdiyi üçün xidmət yerinə getmək istəmədiyini, silahlı qüvvələrdə hərbi xidmətə qəbul haqqında bağlaşmanın tələblərini yerinə yetirməyərək təyin olunduğu mövqeyə xidmət yerinə getmədiyi üçün komandanlıq tərəfindən ona verilmiş hər hansı qərara etirazı olmadığını bildirmişdir. Həmçinin cavabdeh tərəfindən iddiaya dair məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli etirazdan aydın olur ki, İddiaçı hazırki iş üzrə iddia müddətini ötürmüşdür. Belə ki, İddiaçı xx.xx.2018-ci ildə “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılmış, lakin məhkəməyə 5 il sonra müraciət etməklə İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İddiaçı iddia müddətini buraxması səbəbindən iddiasının mümkünsüz hesab olunması ilə bağlı qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İşin hallarından məlum olur ki, iddiaçı hazırda mübahisələndirdiyi inzibati aktın, yəni əmrin ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı mübahisələndirilən əmrdən xəbərdar olmuşdur. Belə ki, həmin əmr barədə məlumatlı olmuş, iddiaçı bu əmrlə işdən azad edildiyini bilmişdir. Lakin mübahisələndirdiyi inzibati aktın ona məlum olduğu vaxtdan 5 ildən çox müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmış, bununla da qanunla müəyyən edilmiş prosessual müddəti üzrsüz səbəbdən ötürmüşdür. İddiaçı tərəfin istər məhkəməyə verdiyi izahatında, istərsə də prosessual müddətin bərpa edilməsi barədə ərizəsində istinad etdiyi əsaslar müddətin buraxılmasına haqq qazandıra və mübahisə ilə bağlı işin hazırlıq icraatına keçirilməsi üçün yetərli sayıla bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmrin ləğv edilməsi barədə iddia mümkünsüz olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan digər tələblər də, belə bir hüquqi zərurət olmadığı üçün müzakirə edilmədən mümkün sayılmamalıdır. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında iddia müddətinin tətbiqinin əhəmiyyəti barədə aşağıdakılar göstərilmişdir: Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddətləri tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Avropa İnsan Hüquqları Məhkəməsi analoji hüquqi mövqedən çıxış edərək “Miraqali Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 2021) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə İddiaçı cavabdeh X1rşı "X6 Komandanlığının xx.xx.2018-ci il tarixli, 0127 əç nömrəli əmrinin ləğv olunaraq onun məcburi buraxılmış iş müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə bərpa olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35, 38.1, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh X1rşı "X6 Komandanlığının xx.xx.2018-ci il tarixli, 0127 əç nömrəli əmrinin ləğv olunaraq onun məcburi buraxılmış iş müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə bərpa olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar