Məhkəmə qərarları › İş №2-1(122)-318/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-318/2023

29.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-318/2023 29.12.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X9 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli, 02 nömrəli qərarının ləğv edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci ilədək Culfa rayon Əmanət Bankında işlədiyi ayların sosial sığorta stajı kimi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X10 xx.xx.1992-ci il tarixli, 7 nömrəli əmr ilə gözətçi vəzifəsinə təyin edilmiş, xx.xx.1995-ci il tarixli, 21 nömrəli əmrlə işdən azad olunmuşdur. 13 fevral 2023-cü il tarixində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinə ərizə ilə müraciət edərək güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Ordubad Rayon İdarəsi həmin illər barədə arxiv arayış alıb təqdim edildikdən sonra hesablanacağı bildirilmişdir. X11 hüquqi varisi olan "xxxx" ASC-nin Culfa Filialına ərizə ilə müraciət edərək xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək X7 gözətçi vəzifəsində işlədiyi illər barəsində əmək haqqı cədvəlinin verilməsini xahiş etmişdir. 27 yanvar 2023-cü il tarixində "xxxx" ASC-nin Culfa Filialının məktubunda 1993-1995-ci illərin əmək haqqı göstərilmiş, lakin 1992-ci ilin əmək haqqı göstərilməmişdir. X11 hüquqi varisi olan "xxxx" ASC-nin Culfa Filialının 27 yanvar 2023-cü il tarixli məktubundan da görünür ki, xx.xx.1992-ci il tarixli, 7 nömrəli əmr ilə gözətçi vəzifəsinə təyin edilmiş, xx.xx.1995-ci il tarixli, 21 nömrəli əmrlə işdən azad olunmuşdur. Bunlar əmək kitabçasında qeyd olunmuşdur. İddiaçı göstərilənlərə əsasən onun xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci ilədək Culfa rayon Əmanət Bankında işlədiyi ayların sosial sığorta stajı kimi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 02 may 2023-cü il tarixə təyin olunmuş iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclasında İddiaçı iddia tələbini dəqiqləşdirdiyini bildirərək, 20 aprel 2023-cü il tarixli yeni iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmənin protokol qərardadı ilə iddiaçı tərəfindən təqdim edilmiş yeni iddia ərizəsi icraata qəbul edilmişdir. 22 sentyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə 22 sentyabr 2023-cü il tarixli ərizə təqdim edərək Naxçıvan MR İnzibati Məhkəməsinin icraatında olan 2-1(122)-318/2023 saylı iş üzrə cavabdeh inzibati orqanın da tabe olduğu Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilmiş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMF-nin Nizamnaməsinə uyğun olaraq, cavabdeh Naxçıvan MR DSMF publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinin artıq səlahiyyətli olmadığını, bu səbəbdən onun hazırkı işdə cavabdeh qismində iştirakının istisna olunduğu, ona görə iş üzrə cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilməsinə etiraz etmədiyini bildirib, eyni zamanda iddia tələbinə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli, 02 nömrəli qərarının ləğv edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması kimi baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 22 sentyabr 2023-cü il tarixli, 2-1(122)-318/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinə qarşı iddia tələbinə dair hazırki inzibati iş üzrə cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsi əsl cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsi iddiaya dair məhkəməyə ünvanlanan 17 may 2023cü il tarixli, 04/03-117 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, 02 fevral 1961-ci il tarixdə Ordubad rayonu, Azadkənd kəndində anadan olmuş İddiaçı 13 fevral 2023-cü il tarixdə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinə ərizə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. Fondun Ordubad Rayon İdarəsinin pensiya təyin edən komissiyasının 16 fevral 2023-cü il tarixli, 02 nömrəli qərarı ilə ona pensiya təyin olunmasından imtina edilmişdir. İmtinanın səbəbi iddiaçının 25 il sığorta stajına malik olmamasıdır. İddiaçı tərəfindən Fondun Ordubad Rayon İdarəsinə təqdim olunmuş 20 dekabr 1979-cu il tarixli, ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlara və idarəyə təqdim olunmuş arxiv arayışlarına əsasən o, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-ci il tarixədək (9 ay 22 gün) Culfa rayon 52 TREST-in 5 nömrəli tikinti Quraşdırma İdarəsində betonçu işləmiş, xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək (2 il 1 ay 7 gün) hərbi xidmətdə olmuş, xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək (3 il 12 gün) X6 PÇ 11 hissəsində İİ dərəcəli yol montyoru, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək (3 ay 24 gün) Dəmir yolunun Ordubad hissəsi PÇ-10-da İİİ dərəcəli yol montyoru, xx.xx.1987-ci il tarixdən xx.xx.1991-ci il tarixədək (3 il 10 ay 10 gün) Baramaaçan Fabrikində barama döyən, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək (3 ay 27 gün) Aza sovxozunda fəhlə, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək (1 il 1 ay) Culfa rayon Əmanət Bankında gözətçi, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək (11 ay) Baramaaçan Fabrikinə barama döyən vəzifəsində çalışmışdır. Vətəndaş İddiaçı əmək kitabçasındakı qeydlərə və təqdim edilmiş arayışlara əsasən 01 yanvar 2006-cı il tarixədək 12 il 5 ay 12 gün ümumi və 8 il 1 ay 16 gün xüsusi iş stajı vardır. Vətəndaş İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək (6 ay) Azərbaycan Dövlət Dəmir Yolu Naxçıvan hissəsinin 10 saylı Ordubad yol distansiyasına İİ dərəcəli yol montyoru, xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (10 il 5 ay) X6 MMC-nin İnfrastruktur idarəsinə İİİ dərəcəli yol montyoru vəzifəsində işləmişdir. Beləliklə, iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən, onun 01 yanvar 2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək X3 Sistemi proqram təminatına əsasən 10 il 11 ay ümumi və 10 il 11 xüsusi iş stajı müəyyən olunmuşdur. Ümumilikdə İddiaçı 23 il 4 ay 12 gün ümumi, 19 il 16 gün xüsusi iş stajı vardır. Beləliklə, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən tələb olunan ümumi 25 il əmək stajının olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunmasından imtina edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinə qarşı qaldırdığı iddia əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 29 dekabr 2023-cü il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 16 fevral 2023-cü il tarixli, 2 nömrəli qərarından məlum olur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən tələb olunan ümumi 25 il əmək stajının olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunmasından imtina edilmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 73/188 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1992 - xx.xx.1995-ci illər üzrə Culfa rayon Əmanət Bankında işləməsi ilə bağlı əmrlər aşağıdakı kimi olmuşdur: xx.xx.1992-ci il tarixli, 7 №li əmrə əsasən İdarənin mühafizəsini gücləndirmək məqsədilə, əmək haqqı hər ayda 350 AZN ödəmək şərti ilə gözətçi vəzifəsinə təyin edilmiş; xx.xx.1995-ci il tarixli, 1 №-li əmrə əsasən tutduğu vəzifəsindən azad edilmişdir. Digər aylar üzrə bankda məlumatlar aşkar edilməmişdir. Məktubda həmçinin İddiaçı 1993-1995-ci illərdə "xxxx" Açıq Səhmdar Cəmiyyətində işlədiyi dövrdə aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Culfa Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 88 nömrəli arayışdan aydın olur ki, İddiaçı, həqiqətən, X10 xx.xx.1992-ci il tarixli, 7 №-li əmr ilə gözətçi vəzifəsinə təyin edilmiş və xx.xx.1995-ci il tarixli, 21 №-li əmrlə işdən azad olunmuşdur. - ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən o, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-ci il tarixədək (9 ay 22 gün) Culfa rayon 52 TREST-in 5 nömrəli tikinti Quraşdırma İdarəsində betonçu işləmiş, xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək (2 il 1 ay 7 gün) hərbi xidmətdə olmuş, xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək (3 il 12 gün) X6 PÇ 11 hissəsində İİ dərəcəli yol montyoru, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı iln tarixədək (3 ay 24 gün) Dəmir yolunun Ordubad hissəsi PÇ-10-da İİİ dərəcəli yol montyoru, xx.xx.1987-ci il tarixdən xx.xx.1991-ci il tarixədək (3 il 10 ay 10 gün) Baramaaçan Fabrikində barama döyən, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək (3 ay 27 gün) Aza sovxozunda fəhlə, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək (1 il 1 ay) Culfa rayon Əmanət Bankında gözətçi, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək (11 ay) Baramaaçan Fabrikinə barama döyən, xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək (6 ay) Azərbaycan Dövlət Dəmir Yolu Naxçıvan hissəsinin 10 saylı Ordubad yol distansiyasına İİ dərəcəli yol montyoru, xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (10 il 5 ay) X6 MMC-nin İnfrastruktur idarəsinə İİİ dərəcəli yol montyoru vəzifəsində işləmişdir. - Ordubad Rayon İcra Hakimiyyətinin Azadkənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 fevral 2023-cü il tarixli, 70 nömrəli arayışdan görünür ki, Babayev X2 rayonunun Azadkənd kəndində qeydiyyatda durur və yaşayır. - Ordubad Rayon Polis Şöbəsi tərəfindən 11 mart 2013-cü il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1961-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Aza kəndində doğulmuş Babayev X2 rayonu, Azadkənd kəndində pasport qeydiyyatındadır. - Ordubad Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 166 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı 82 №-li əmrlə xx.xx.1987-ci il tarixdə Baramaçan fabrikinə barama döyən sənətini öyrənmək üçün şagird vəzifəsində işləməyə qəbul edilmiş, 132/16 №-li əmrlə xx.xx.1987-ci il tarixdə əsas işdə işləməyə keçirilmiş, 50/3 nömrəli əmrlə xx.xx.1991-ci il tarixdən işdən azad edilmişdir. Arayışda həmçinin İddiaçı 1995-1996-cı illərdə aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 10 iyul 2023-cü il tarixli, 02/364 nömrəli məktubundan aydın olur ki, X8 1992-1994-cü illərə aid arxiv sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə edilmədiyindən İddiaçı 1992-1994-cü illərdə işləməsi və əməkhaqqı alması barədə hər hansı bir məlumat Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mövcud deyil. Həmçinin, X8 sənəd materialları Culfa Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 12 iyul 2023-cü il tarixli, 04/03-168 nömrəli məktubdan məlum olur ki, xx xxxxxx 1961-ci il tarixdə anadan olmuş, Ordubad rayonu Azadkənd kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması barədə 13 fevral 2023-ci il tarixli ərizə ilə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinə müraciət etmişdir. Müraciətə baxıldıqda məlum oldu ki, İddiaçı 23 il 4 ay 12 gün ümumi və 19 il 16 gün xüsusi iş stajı var. Tələb olunan 25 il ümumi əmək stajı olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş arayışlara və X3 Sistemi proqram təminatına əsasən, onun 23 il 4 ay 12 gün ümumi iş stajı var. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti 24 avqust 2023-cü il tarixli, 15700012-602 nömrəli məktubu ilə məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(122)-318/2023 nömrəli qərardadın icrası ilə bağlı İddiaçı dair 1992-1944-cü illərə dair əmrlərin surətlərini məhkəməyə göndərmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2 və 21.2.1-ci maddələrinə əsasən bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sığortaolunanın sığorta stajına daxil edilir. - 31.2-1-ci maddələrinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur): - 13-cü maddəsinin b)bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. - 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına 2 saylı əlavənin Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı: Magistral dəmir yollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları. (23001000 - 19825) ********. 5. İpək və baramaaçma istehsalatları: baramaaçanlar (2210600a - 12819) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı: 26.5. İpək və baramaaçma istehsalatları: baramaaçanlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin: 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə”1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaların: - 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında qeydlər işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə), uyğun aparılır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarına əsasən: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; ”Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli Qanunun: 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. 2-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Cavabdehin iddiaçıya pensiya təyinatı barədə müraciətinə imtinasının əsas dəlili əmək kitabçası üzrə işlədiyi illər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin təsdiqlənməməsidir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli qərarı, məhkəməyə təqdim edilən iddaya dair etirazı, eləcə də əmək kitabçası və işdə olan digər arayışlar əlaqəli şəkildə tədqiq edildikdə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən iş stajını topladığı aydın görünür. Ona görə də, məhkəmə işin bu halı barədə əlavə şərh verilməsinə zərurət görmür. İddiaçının ümumi iş stajına gəldikdə isə, cavabdeh tərəfindən sığorta stajına daxil edilməyən digər dövrlər üzrə məhkəmə qeyd edir ki, həmin dövrlər üzrə əmək kitabçasında aparılmış qeydlər Ordubad rayon dövlət arxivinin xx.xx.2021-ci il tarixli arayışı, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli əmək haqqı barədə arayışı və "xxxx" ASCnin xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş əmrlərdən çıxarışlarla tam təsdiq edilir. Bununla da, iddiaçı 27 ildən artıq ümumi iş stajı toplamışdır. Hazırkı iş üzrə məhkəmə hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İddiaçının mübahisələndirilən dövrlərdəki əmək fəaliyyəti işə əlavə edilmiş əmək kitabçası ilə təsdiq olunur. İddiaçının əmək kitabçasında aparılmış qeydlərin həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmiş və işə baxılarkən də belə hallar müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyincə, mötəbər hesab olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs qanunun 7-ci maddəsində nəzərdə tutulan müvafiq yaşa çatmalı, 25 il sığorta stajı olmalı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmalıdır. İş üzrə müəyyən edilmiş hallarından görünür ki, əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən maliyyə sənədlərini qoruyub saxlamaq, onları dövlət arxiv idarələrinə təhvil vermək, məcburi dövlər sosial sığorta ödənişlərini ödəmək işçinin deyil, işəgötürənin vəzifəsi hesab olunduğundan sosial sığorta ödənişlərinin aparılmaması belə iddiaçının konstitusion hüququ olan sosial təminat almaq hüququnun pozulmasına səbəb ola bilməz. Həmçinin “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli Qanununa əsasən 2006-cı ilin 01 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan vətəndaşın pensiya təyinatı barədə müraciətindən imtina etməkdə haqlı olmamışdır. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli, 02 nömrəli qərarının ləğv edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı: İddia təmin edilsin. "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli, 02 nömrəli qərarı ləğv edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar