Məhkəmə qərarları › İş №2-1(122)-319/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-319/2023

03.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-319/2023 03.07.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X12 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı və cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinə qarşı “ona xx.xx.1976-cı ildən xx.xx.1982ci ilədək Hüseyn Cavid adına Naxçıvan Maarif işçiləri evində musiqi kursunda fortepiano müəlliməsi işlədiyi 1976, 1977, 1978, 1979, 1980, 1981, 1982-ci illəri əhatə edən, ümumilikdə 7 illik əmək stajı hesablanmaqla 25 ildən artıq olan iş stajını tətbiq etməklə bu hüququnun yarandığı gündən ödənilməmiş məbləğdə yenidən pensiya hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar qəbul etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.1976-cı ildən xx.xx.1982-ci ilədək Hüseyn Cavid adına Naxçıvan Maarif işçiləri evində musiqi kursunda fortepiano müəlliməsi işlədiyi 1976, 1977, 1978, 1979, 1980, 1981, 1982-ci illəri əhatə edən, ümumilikdə 7 illik əmək stajı hesablanmaqla 25 ildən artıq olan iş stajını tətbiq etməklə bu hüququnun yarandığı gündən ödənilməmiş məbləğdə yenidən pensiya hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar qəbul etmək öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1960-cı il tarixində Naxçıvan şəhərində anadan olmuşdur və hazırda Naxçıvan şəhərində yaşayır. Əmək fəaliyyətinə xx.xx.1976-cı il tarixindən başlamışdır. Həmin tarixdən Hüseyn Cavid adına Naxçıvan Maarif işçiləri evində musiqi kursunda fortepiano müəlliməsi vəzifəsində işləməyə başlamışdır. Həmin ildən xx.xx.1982-ci ilədək Hüseyn Cavid adına Naxçıvan Maarif işçiləri evində musiqi kursunda fortepiano müəlliməsi vəzifəsində işləmişdir. xx.xx.1982-ci ildən isə Naxçıvan şəhərində yerləşən 3 nömrəli tam orta məktəbdə riyaziyyat müəlliməsi vəzifəsində işləyir. 20 yanvar 2023-cü il tarixində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsi tərəfindən ona yaşa görə 353 manat 40 qəpik məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı qeyd edir ki, ona pensiya təyin olunarkən xx.xx.1976-cı ildən xx.xx.1982-ci ilədək Hüseyn Cavid adına Naxçıvan Maarif işçiləri evində musiqi kursunda fortepiano müəlliməsi işlədiyi 1976, 1977, 1978, 1979, 1980, 1981, 1982-ci illəri əhatə edən, ümumilikdə 7 illik əmək stajı hesablanmadan, 25 illik əmək stajı hesablanmaqla pensiya təyin edilmişdir. Halbuki, onun işlədiyi 7 illik əmək stajında 25 illik əmək stajının üstünə toplanmaqla 32 illik əmək stajına uyğun olaraq əmək pensiyası təyin olunmalı idi. İddiaçı hesab edir ki, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsi tərəfindən ona yaşa görə pensiya hesablanması əmək stajını düzgün hesablamadan aparılmışdır. Bununla əlaqədar olaraq “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinə müraciət etmiş, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsi tərəfindən 09 fevral 2023-cü il tarixində ona verilən 02/179 nömrəli cavab məktubunda göstərilmişdir ki, Naxçıvan Maarif işçiləri evinə xx.xx.1976-cı il tarixində işə qəbul olunmağı qeyd olunsa da, işdən azad olunmağı barədə heç bir qeydə rast gəlinmədiyindən həmin illər sığorta stajı kimi nəzərə alınmamışdır. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin cavabına öz etirazını bildirirərək qeyd edir ki, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin onun təxminən 7 illik iş stajının işdən azad olunmağı barədə heç bir qeydə rast gəlinməməsini əsas tutaraq hüququnu pozması heç cür anlaşılan deyildir. O, işçi kimi işləyib vaxtıvaxtında əmək haqqını alıb, vergini, sığortanı ödəmiş və iş stajı qanuni şəkildə əmək kitabçasında göstərilmişdir. 1977, 1978-ci illərdə işləməyini göstərən arayışlar da mövcuddur. Bu əsasla hüququ olan məbləğdə pensiyanı ödəməkdən yayınaraq ona az miqdarda pensiya ödənilməsinin heç bir qanuni əsası yoxdur. İddiaçı yuxarıda göstərilənlərə əsasən ona xx.xx.1976-cı ildən xx.xx.1982-ci ilədək Hüseyn Cavid adına Naxçıvan Maarif işçiləri evində musiqi kursunda fortepiano müəlliməsi işlədiyi 1976, 1977, 1978, 1979, 1980, 1981, 1982-ci illəri əhatə edən, ümumilikdə 7 illik əmək stajı hesablanmaqla 25 ildən artıq olan iş stajını tətbiq etməklə bu hüququnun yarandığı gündən ödənilməmiş məbləğdə yenidən pensiya hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar qəbul etmək öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsi iddiaya dair məhkəməyə ünvanlanan 16 may 2023cü il tarixli, 02/505 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1960cı il tarixdə anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin 14 fevral 2023-cü il tarixli, 21045 nömrəli qərarına əsasən 20 yanvar 2023-cü il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin müddəlarına müvafiq olaraq yaşa görə 353,40 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasının təsdiq olunmuş surətinə və Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş arayışlara əsasən onun xx.xx.1976-cı il tarixdən xx.xx.2006-cı il tarixədək 29 il 3 ay 21 gün ümumi iş stajı vardır. Lakin əmək kitabçasının doldurulması qaydaları pozulduğu və iddiaçının Naxçıvan Maarif evində 1976-1982-ci illər üzrə əmək fəaliyyəti ilə məşğul olması arxiv sənədləri ilə öz təsdiqini tapmadığı üçün iddiaçının ümumi iş stajı 29 il 3 ay 21 gündən 5 il 11 ay 21 gün azalaraq 23 il 4 ay müəyyən olunmuşdur. Beləliklə, İddiaçı hüququnun yarandığı 20 yanvar 2023-cü il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 22-1-ci maddəsinə müvafiq olaraq avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinə qarşı qaldırdığı iddia əsassız olduğundan iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 03 iyul 2023-cü il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Şahid ifadələri: X2 məhkəməyə verdiyi ifadəsində 1974-cü ildən Hüseyn Cavid adına Naxçıvan Maarif işçiləri evində işlədiyini İddiaçı isə 1976-cı ildən, 1982-ci ilə kimi Hüseyn Cavid adına Naxçıvan Maarif işçiləri evində fortepiano müəllimi kimi işlədiyini bildirdi. X1 məhkəməyə verdiyi ifadəsində 1974-cü ildən, 1981-ci ilə kimi Hüseyn Cavid adına Naxçıvan Maarif işçiləri evində təhsil aldığını, təhsil aldığı 7 il müddətində İddiaçı ona fortepiano dərsi keçdiyini bildirdi. Yazılı sübutlar: İş materiallarında olan: - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin 09 fevral 2023-cü il tarixli, 02/179 nömrəli məktubundan məlum olur ki, İddiaçı hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən 353 manat 40 qəpik məbləğində əmək pensiyası hesablanmışdır. Məlumat üçün bildirilir ki, pensiya təyinatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada (xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən) hesablanmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı əmək kitabçasında Naxçıvan Maarif evinə xx.xx.1976-cı il tarixində işə qəbul olunmağı qeyd olunsa da, işdən azad olunmağı barədə heç bir qeydə rast gəlinmədiyindən həmin illər sığorta stajı kimi nəzərə alınmamışdır. - İddiaçı məxsus əmək kitabçasında aparılmış qeydlərə əsasən o, xx.xx.1976-cı il tarixdən Naxçıvan Muxtar Respublikası Maarif işçiləri evində olan musiqi kursuna fortepiano müəllimi təyin edilmiş, xx.xx.1982-ci il tarixdən isə Naxçıvan şəhər A.S Puşkin adına 3 nömrəli orta məktəbinə riyaziyyat müəllimi vəzifəsinə təyin edilmişdir. - Hüseyn Cavid adına Naxçıvan Maarif işçiləri evi tərəfindən verilmiş 31 may 1977-ci il tarixli, 0/26 nömrəli və 25 noyabr 1978-ci il tarixli, 0-26 nömrəli arayışlardan aydın olur ki, X5 11 sentyabr 1976-cı il tarixdən Naxçıvan Maarif işçiləri evində olan musiqi kursunda fortepiano müəllimi işləmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli, 177 nömrəli arayışından görünür ki, Əhmədova X4 şəhəri, Atatürk küçəsi, ev 28A ünvanında qeydiyyatdadır. - Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən 09 mart 2013-cü il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1960-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuş Əhmədova X4 şəhəri, Atatürk küçəsi, ev 28A ünvanında pasport qeydiyyatındadır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 27 aprel 2023-cü il tarixli, 02/217 nömrəli məktubundan məlum olur ki, Hüseyn Cavid adına Naxçıvan Maarif işçiləri evinin arxiv sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı 1976-1982-ci illərdə işləməsi haqqında hər hansı bır məlumat Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mövcud deyildir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. 1 saylı Protokolun 1-ci Maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. - 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. - 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22-1.2.1-ci maddəsinə əsasən 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun: 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaların: 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında qeydlər işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının: 4.1-ci bəndinə gorə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisə mahiyyət etibarı ilə 1976, 1977, 1978, 1979, 1980, 1981, 1982-ci illəri əhatə edən iddiaçının əmək fəaliyyətinə dair əmək kitabçasında aparılmış qeydlərin onun ümumi iş stajına daxil edilməsi ilə bağlıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işəgötürən tərəfindən əmək kitabçasının doldurulması qaydalarının pozulması, qanunvericiliklə üzərinə düşən vəzifələrin tam və lazımınca yerinə yetirilməməsi, heç bir halda işçinin Konstitusiyada təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə mane ola bilməz, yəni başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. İddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu Hüseyn Cavid adına Naxçıvan Maarif işçiləri evinin arxiv sənədlərinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilməməsi məsələsinə gəldikdə isə məhkəmə hesab edir ki, həmin sənədlərin arxivə təhvil verilməsi və lazımi qaydada saxlanılmasının təmin edilməsi iddiaçının vəzifəsi olmadığından, qeyd edilən hal onun ziyanına şərh edilə bilməz. Başqa sözlə adıçəkilən müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi iddiaçının əmək kitabçasındakı həmin dövrlərə aid qeydlərin mötəbərliyini şübhə altına almağa əsas ola bilməz. Yuxarıda qeyd edilən “İnzibati icraat haqqında” Qanunun 19.1-ci bəndinin tələbinə əsasən, sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasındakı məlumatların və təqdim edilən arayışların həqiqətə uyğun olmadığını təsdiq edən hər-hansı sübut hazırkı iş üzrə mövcud deyil. Vurğulanmalıdır ki, inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunduğunu da mütləq nəzərə almalı, şəxsin etimadı qanunla qorunmağa layiq olduğu hallarda onun etimadının müdafiəsini təmin etməlidir. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Hüquqi dövlətdə publik (o cümlədən) idarəçilik hüquqi müəyyənlik və etimadın qorunması prinsipləri əsasında qurulmalı və inzibati orqanların davranışı həmin prinsiplərə uyğun olmalıdır. Nəzərə almaq lazımdır ki, dövlət şəxsin ona olan etimadını qorumaq üçün, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinin tələbləri baxımından şəxsin hüquqi vəziyyətini qorumaq öhdəliyini üzərinə götürmüşdür Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasının doldurulması qaydalarının pozulması və Naxçıvan Maarif evində 1976-1982-ci illər üzrə əmək fəaliyyəti ilə məşğul olmasının arxiv sənədləri ilə öz təsdiqini tapmaması əsasları ilə iddiaçının müraciətinin təmin edilməsindən formal səbəblərə görə imtina etməkdə haqlı olmamışdır. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinə qarşı “ona xx.xx.1976-cı ildən xx.xx.1982-ci ilədək Hüseyn Cavid adına Naxçıvan Maarif işçiləri evində musiqi kursunda fortepiano müəlliməsi işlədiyi 1976, 1977, 1978, 1979, 1980, 1981, 1982-ci illəri əhatə edən, ümumilikdə 7 illik əmək stajı hesablanmaqla 25 ildən artıq olan iş stajını tətbiq etməklə bu hüququnun yarandığı gündən ödənilməmiş məbləğdə yenidən pensiya hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar qəbul etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 14.3, 33, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1982-ci ilədək Hüseyn Cavid adına Naxçıvan Maarif işçiləri evində musiqi kursunda fortepiano müəlliməsi işlədiyi 1976, 1977, 1978, 1979, 1980, 1981, 1982-ci illəri əhatə edən, ümumilikdə 7 illik əmək stajı hesablanmaqla 25 ildən artıq olan iş stajını tətbiq etməklə bu hüququnun yarandığı gündən ödənilməmiş məbləğdə yenidən pensiya hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar qəbul etmək öhdəliyi cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar