Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-323/2022 22.12.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Sədərək Rayon Qeydiyyat Şöbəsinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, 05/15-140 saylı imtina məktubunun əsassız sayılması, Sədərək rayon Dəmirçi kənd icra nümayəndəliyində tərtib olunmuş xx.xx.1956-cı il tarixli, 68 saylı doğum akt qeydində iddiaçının "Kərimov" soyadının "Qurbanov" soyadına, doğum tarixinin "xx.xx.1956"-cı il tarixdən "xx.xx.1956"-cı il tarixə dəyişdirilməsi, ata adı və ata haqqında məlumatlarda ata adının "Hümbət oğlu" olaraq qeyd edilməsi və iddiaçının adına doğum tarixi "xx.xx.1956"-cı il olaraq İddiaçı qeydi ilə düzəliş edilmiş yeni "doğum haqqında Şəhadətnamə"nin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Sədərək Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/15-140 saylı imtina məktubunun əsassız sayılması, Sədərək rayon Dəmirçi kənd icra nümayəndəliyində tərtib olunmuş xx.xx.1956-cı il tarixli, 68 saylı doğum akt qeydində iddiaçının "Kərimov" soyadının "Qurbanov" soyadına, doğum tarixinin "xx.xx.1956"-cı il tarixdən "xx.xx.1956"-cı il tarixə dəyişdirilməsi, ata adı və ata haqqında məlumatlarda ata adının "Hümbət oğlu" olaraq qeyd edilməsi və iddiaçının adına doğum tarixi "xx.xx.1956"-cı il olaraq İddiaçı qeydi ilə düzəliş edilmiş yeni "doğum haqqında Şəhadətnamə"nin verilməsi öhdəliyinin cavabdeh Sədərək Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi İddiaçı 24 may 1956-cı il tarixdə Şərur (İliç) rayon Dəmirçi kəndində doğulmuş, Şərur (İliç) rayon Dəmirçi kəndində orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Universitetində davam etdirmişdir. Həm orta məktəbdə, həm də ali təhsil müəssisəsində təhsil aldığı müddətdə bütün sənədlərdə İddiaçı kimi qeyd edilmişdir. Son zamanlar iddiaçı doğum haqqında şəhadətnaməsini itirdiyindən təkrar doğum haqqında şəhadətnamə alınmasına zərurət yaranmışdır. Bu məqsədlə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinə və Sədərək Rayon Qeydiyyat Şöbəsinə təkrar doğum haqqında Şəhadətnamə alınmasına köməklik göstərilməsi barədə müraciət etmişdir. 20 oktyabr 2022-ci il tarixdə 6 saylı Bakı “Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05/76- 4086 saylı cavab məktubunda və Sədərək Rayon Qeydiyyat Şöbəsinin 22 noyabr 2022-ci il tarixli, 05/15-140 saylı cavab məktubunda şəxsiyyəti təsdiq edən sənədə əsasən iddiaçının soyadı “Qurbanov”, adı “Ələsgər”, ata adı “Hümbət”, doğum tarixi “24 may 1956cı il” qeyd edilsə də, Sədərək rayon Dəmirçi kənd icra nümayəndəliyində tərtib olunmuş 01 iyun 1956-cı il tarixli, 68 saylı doğum haqqında akt qeydində soyad “Kərimov”, doğum tarixi 25 may 1956-cı il , ata adı və ata haqqında məlumatlar isə qeyd edilmədiyindən doğum haqqında təkrar Şəhadətnamə verilməsindən imtina edilmiş və sənədlərdə olan ziddiyyətin aradan qaldırılması və akt qeydində ata haqqında məlumatın əlavə edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İddiaçının nümayəndəsi yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 11, 12, 33, 68 və 73-cü maddələrin rəhbər tutaraq məhkəmədən Sədərək Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/15-140 saylı imtina məktubunun əsassız sayılması, Sədərək rayon Dəmirçi kənd icra nümayəndəliyində tərtib olunmuş xx.xx.1956-cı il tarixli, 68 saylı doğum akt qeydində iddiaçının "Kərimov" soyadının "Qurbanov" soyadına, doğum tarixinin "xx.xx.1956"-cı il tarixdən "xx.xx.1956"-cı il tarixə dəyişdirilməsi, ata adı və ata haqqında məlumatlarda ata adının "Hümbət oğlu" olaraq qeyd edilməsi və iddiaçının adına doğum tarixi "xx.xx.1956"-cı il olaraq İddiaçı qeydi ilə düzəliş edilmiş yeni "doğum haqqında Şəhadətnamə"nin verilməsi öhdəliyinin cavabdeh Sədərək Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş, şifahi icraat qaydasında mümkünlük iclası 22 dekabr 2022-ci il tarixə təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Həmçinin iddiaçıya və onun nümayəndəsinə yardım məktubu göndərilərək iddia ərizəsinin iş materiallarına əlavə edilmiş etibarnamə əsasında nümayəndə olan Nümayəndə tərəfindən imzalandığı, lakin iş materiallarında Nümayəndə ilə yaxın qohumluq münasibətlərini təsdiq edən hər hansı bir sənəd əlavə edilmədiyi, həmçinin tələbin birinci hissəsində doğum tarixinin xx.xx.1956-cı il, soyadın isə Qurbanov kimi qeyd edilməsini xahiş edildiyi, lakin iş materiallarına şəxsiyyətini müəyyən edən sənədlər əlavə edilmədiyi, tələbin ikinci hissəsində ata adı və ata haqqında məlumatlarda ata adının "Hümbət oğlu" olaraq qeyd edilməsinin xahiş edildiyi, həmin mübahisənin inzibati məhkəmə icraatının predmeti hesab edilmədiyi, qeyd olunan məsələyə mülki məhkəmə icraatı qaydasında baxıldığı bildirilərək, etibarnaməli Nümayəndə ilə yaxın qohumluq münasibətlərini təsdiq edən, doğum tarixinin xx.xx.1956, soyadın "Qurbanov" olmasını təsdiq edən müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi, həmçinin iddia tələbinin dəqiqləşdirilərək daha aydın ifadə olunması məqsədilə 5 (beş) gün (məktubu aldıqdan sonra) müddət təyin edilmiş, əks halda iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh Sədərək Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, cavabdeh Sədərək Rayon Qeydiyyat Şöbəsi məhkəməyə 16 dekabr 2022-ci il tarixli, 05/13-156 nömrəli məktub göndərərək 22 dekabr 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında xidməti işlərinin çoxluğu ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirərək, işə iştirakı olmadan baxılmasını və iş üzrə qanuni qərar verilməsini xahiş etmişdir. Odur ki, məhkəmə, İPM-nin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçının, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən iddiaçının şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Belə ki, iddia ərizəsinə cavabdehin imtina məktubu, Asan Xidmətin müvafiq məktubu, etibarnamə və nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilmişdir. İddia tələbinə əsasən iddiaçı doğum akt qeydindəki soyadının, doğum tarixinin dəyişdirilməsini tələb etmişdir Lakin iş materiallarına əlavə edilmiş sənədlərdə iddiaçının soyadının "Qurbanov", doğum tarixinin "xx.xx.1956" olmasını sübut edən hər hansı sənəd əlavə edilməmişdir. Bununla da iddiaçının şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Həmçinin iddia tələbində ata adı və ata haqqında məlumatlarda ata adının "Hümbət oğlu" olaraq qeyd edilməsi xahiş edilmişdir. Cavabdehin imtina məktubundan da aydın olduğu kimi iddiaçının doğum akt qeydində ata adı və ata haqqında məlumatlar qeyd edilməmişdir. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının hansı qaydada pozulduğunu müəyyən etmək mümkün olmamışdır. Belə ki, qeyd olunan məsələyə mülki məhkəmə icraatı qaydasında hüquqi faktın təsdiqi kimi baxıldığından inzibati məhkəmə icraatının predmeti hesab edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmaqla bərabər, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını da əsaslandırmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 9.2-ci bəndində göstərilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlarda qeydə alınmalı olan hüquqlara dair maraqlı şəxslər arasındakı mübahisələrə (nikahın etibarsızlığı, atalığın müəyyən edilməsi, valideynlər tərəfindən uşağa adın verilməsi və s.) mülki məhkəmə icraatı qaydasında baxılır. Eyni zamanda, qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Belə ki, iddianın mümkünlük şərtləri ilə bağlı İddiaçı və iddiaçının nümayəndəsi Nümayəndə 09 dekabr 2022-ci il tarixli yardım məktubları göndərilmiş və müvafiq tədbirlər görülməsi məqsədilə müddət təyin edilmişdir. İddiaçının nümayəndəsi tərəfindən məhkəmənin qeyd olunan məktubu 15 dekabr 2022-ci il tarixdə imza edilərək alınmasına baxmayaraq məktubda qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün bugünədək hər hansı tədbir görülməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İddiaçıya və onun nümayəndəsinə izah edilir ki, hazırkı iddia tələbinin soyadın və doğum tarixinin dəyişdirilməsi hissəsi ilə bağlı iddiaçının şəxsiyyətini müəyyən etməyə imkan verən müvafiq sübutlarla birlikdə, hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən pozulduğunu əsaslandırmaqla yenidən məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər. Tələbin ata adı və ata haqqında məlumatlarda ata adının "Hümbət oğlu" olaraq qeyd edilməsi hissəsinə münasibətdə isə aidiyyəti üzrə mülki məhkəmədə iddia qaldırmaq hüququ iddiaçıya və onun nümayəndəsinə izah olunur. Beləliklə, məhkəmə iddianın inzibati mübahisə kimi baxılmasının yolverilənliyini araşdıraraq hesab edir ki, iddia tələbi müvafiq sübutlarla əsaslandırılmadığından İddiaçı cavabdeh Sədərək Rayon Qeydiyyat Şöbəsinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, 05/15-140 saylı imtina məktubunun əsassız sayılması, Sədərək rayon Dəmirçi kənd icra nümayəndəliyində tərtib olunmuş xx.xx.1956-cı il tarixli, 68 saylı doğum akt qeydində iddiaçının "Kərimov" soyadının "Qurbanov" soyadına, doğum tarixinin "xx.xx.1956"-cı il tarixdən "xx.xx.1956"-cı il tarixə dəyişdirilməsi, ata adı və ata haqqında məlumatlarda ata adının "Hümbət oğlu" olaraq qeyd edilməsi və iddiaçının adına doğum tarixi "xx.xx.1956"cı il olaraq İddiaçı qeydi ilə düzəliş edilmiş yeni "doğum haqqında Şəhadətnamə"nin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: İddiaçı cavabdeh Sədərək Rayon Qeydiyyat Şöbəsinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, 05/15-140 saylı imtina məktubunun əsassız sayılması, Sədərək rayon Dəmirçi kənd icra nümayəndəliyində tərtib olunmuş xx.xx.1956-cı il tarixli, 68 saylı doğum akt qeydində iddiaçının "Kərimov" soyadının "Qurbanov" soyadına, doğum tarixinin "xx.xx.1956"-cı il tarixdən "xx.xx.1956"-cı il tarixə dəyişdirilməsi, ata adı və ata haqqında məlumatlarda ata adının "Hümbət oğlu" olaraq qeyd edilməsi və iddiaçının adına doğum tarixi "xx.xx.1956"-cı il olaraq İddiaçı qeydi ilə düzəliş edilmiş yeni "doğum haqqında Şəhadətnamə"nin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmır. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-323/2022
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-323/2022
22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver